AXCP sədrinin sabiq müavini Sahib Kərimlidən ilginc açıqlamalar
16-10-2017, 10:34
Azərbaycan mətbuatı son günlərdə müzakirə edilən bir sıra mövzularla çalxalanır. Ölkə gündəmində hazırda hakimiyyətdə vaxtı ilə yüksək vəzifələr tutmuş, xaricdə mühacir həyatı yaşayan iki sabiq məmurun gələnilki prezident seçkilərində öz iddialarını açıqlamaları, Milli Şuranın indiyə qədər keçirdiyi iki mitinq və 28 oktyabrda keçirəcəyi aksiya, eləcə də, son zamanlar Qərbdən ölkəmizə yönəlik gələn təzyiqlər ciddi müzakirə olunur.
AXCP-nin sabiq funksioneri, siyasi ekspert Sahib Kərimli ilə bu və ya digər məsələlərlə bağlı söhbət etdik.
- Sahib bəy, əvvəlcə sizin də vaxtı ilə rəhbərlikdə təmsil olduğunuz AXCP-nin daxil olduğu Milli Şuranın 23 sentyabr və 7 oktyabr mitinqi barədə danışaq. Bu aksiyalarda Milli Şuradan daha çox hakimiyyətin qazandığı deyilir...
- Konkret olaraq, siyasi çevrədə baş verən hadisələri bir partiyanın üzərinə cəmləyib, dəyərləndirməyin tərəfdarı deyiləm. Məsələyə geniş baxmaq lazımdır. Bu gün Azərbaycanda indiki hakimiyyətə alternativ olan potensial və iradə yoxdur. Hansısa bir potensial olsaydı, hakimiyyətə qarşı ən radikal, barışmaz olan, apardığı mübarizəni qurtuluş mübarizəsi kimi bəzəyən siyasətçi cəmiyyətin geniş spektirindən dəstək alardı. Azərbaycanda idarəçilikdən narazı olanlar çoxdur. Problemlər kifayət qədərdir. Amma belə vəziyyətdə həmin etiraz aksiyaları dəstək almalı idi. İndi cəmiyyətin bu problemlərin fonunda hakimiyyətə olan münasibəti adekvat deyil. Deməli, alternativ görmür. İlham Əliyevdə islahatla bağlı siyasi iradə var. Bilir ki, şərtlər tələb edir. Amma sistem bərbaddı. Bu mənada ölkədə ciddi islahatlara ehtiyac var. Bir islahat gözləntisi cəmiyyətin alt şüurunda var. Prezidentliyə namizədlərin sayı çox ola bilər. Amma cəmiyyətin hakimiyyətə alternativ yaratması kimi hallar ortada yoxdur.
- Milli Şuranın 28 oktyabrda keçirəcəyi mitinqdən gözləntiləriniz varmı? Sizcə, proseslər artan, yoxsa azalan xətlə gedir?
- O meydanda abırına, yoluna qısılıb uzun illərdir mübarizədə olan təqribən üç minlik elektorat var. O insanları 20 ildən çoxdur ki, kütləvi aksiyalarda görürük. Orada bir qrup yeni gənc var. Amma onların yeni mütərəqqi təhsil sistemində maariflənib, demokratik islahatlar tələb edən gənclik kontingenti olduğunu demək çox çətindir. Onların ayrı-ayrı maliyyə çevrələrinin nəzarətində olan, ölkədə sistem islahatlarını arzulayan güclərin nümayəndələri olduğunu da söyləmək düzgün olmazdı. Bunlar sadəcə sosial şəbəkələrdəki çağırışlardan ruhlanıb, hər hansı bir siyasi liderə inanan 300-500 civarında gəncdir. Bu cəmiyyətin çox kiçik bir dəyişiklik üçün qeydə alınması mümkünsüz olan qüvvədir. Bu mənada aksiyaların artan xətlə davam edəcəyi inandırıcı görünmür.
- Prezidentliyə namizəd olmaq istəyən Rəsul Quliyev və keçmiş deputat Hüseyn Abdullayev Qərbdə yaşayırlar. Bu proseslərdə daim seçkilər ərəfəsində ölkəmizə təzyiqlər edən Rusiya sanki passiv görünür. Sizcə, qarşıdakı seçkilərdə Qərbin, yoxsa Rusiyanın təzyiqlərinin daha çox şahidi olacağıq?
- Bir reallıqla razılaşaq ki, Azərbaycanın siyasi hakimiyyətində Qərbin və Rusiyanın marağında olan, Qərb və Rusiyaya inteqrasiya etməyin tərəfdarı olan qüvvələr var. Bu qüvvələrin ciddi qarşıdurması var. Son olaraq, ölkə daxilində “Turan” İnformasiya Agentliyi üzərindən aparılan dava Qərbin və Rusiyanın Azərbaycanda çəkişməsi idi. Çünki “Turan” bir brenddir, standartları mənimsəyib, bəlli bir səviyyəyə çatıb. Səfirliklər və Qərb ölkələri istinad kimi “Turan”a önəm verirdirlər. Deyə bilərik ki, o standartları mənimsəyən bir “Turan” adında Qərb strukturu mövcuddur. Bu mənada Qərb üçün maraqlıdır ki, bu struktur işləsin. Unutmaq olmaz ki, Azərbaycanın yerləşdiyi regionda Qərb və Rusiya siyasi, hərbi və iqtisadi maraqlar üzərindən toqquşurlar. Onun müxtəlif formada təsirləri ortadadır. Burada mədəni və dini sahədə Türkiyə və İran arasında Azərbaycan üzərində ciddi maraqlar toqquşur. Reallıq ondan ibarətdir ki, indiki hakimiyyəti öz daxilindəki Rusiya meyilli qüvvələr diplomatik və siyasi formada Qərbə meyillənməkdə ittiham edirlər. Eyni ilə Qərbə yaxın qüvvələr də Rusiyaya yaxınlıqda təmsil olunduqları hakimiyyəti günahlandırırlar. Eyni ilə Qərbin və Rusiyanın özü də. Bu vəziyyəti tarazlaşdırmaq üçün ölkədaxili və xaricindəki bəzi qüvvələr müəyyən iddialarla çıxış edəcəklər, bəzi ölkələrin maraqları olacaqlar. Bəlkə də hazırda şimaldan “xilaskar” tipində bir namizəd tapa bilmirlər. Bu baxımdan ola bilər ki, Rusiya proseslərdə bir qədər geridə qalsın. Bu, zaman daxilində həll oluna bilər. Qərbin təsir dairəsində olan şəxslərin bu seçkilərdə namizəd olacaqları indidən bəllidir. Azərbaycan Qərb, Rusiya və digər dairələrlə münasibətlərini korlamamalıdır. Qızıl ortanı tapmaq lazımdır. Bəzən liberal çevrələr ifrata varıb, anti-Rusiya fəaliyyətlərini qabardırlar. Biz unutmamalıyıq ki, Rusiya qədim dövlətçilik ənənəsi olan, yaxın illərdə tənəzzül edən, zəifləyən bir ölkə olmayacaq. Rusiya Azərbaycanın qonşuluğunda daim nəhəng dövlət olaraq qalacaq. Bu mənada aparılan siyasət çox dəqiq olmalıdır. Biz ölkə olaraq risklər ala bilmərik. Çünki olduqca riskli bölgədə yer aldığımızı unutmamalıyıq. Biz eyni zamanda Qərb standartlarını idarəetmədə tətbiq etməli, onu mənimsəməliyik. Söhbət Qərb ölkələrinin regionda siyasi iradəsinin ifadəçisi olmaqdan getmir, söhbət Qərbin standartlarını ölkəyə gətirib vətəndaşların normal yaşayışını təmin etməkdən ibarət olan sistem qurmaqdan gedir. Cənubi Qafqazda Azərbaycan ədalətli, sivil, inkişaf etmiş bir model ölkə olması ilə Rusiyanın, Qərbin, İranın, qardaş Türkiyənin və hər kəsin ortaq istəyi, marağı halına gətirilən ümumi kurs siyasətimizin əsası olmalıdır. Bu istiqamətdə hər kəs iqtidarlı, müxalifətli fəaliyyətini bu istiqamətə yönəltməlidir. Hikkə, nifrət siyasətə daxil oldusa, uğur qazanmaq çətindir.
“Aksiyaların artan xətlə davam edəcəyi inandırıcı görünmür”
- Bəlkə Rusiya dairələri gələn ilin mart ayında keçiriləcək prezident seçkilərinə görə gözləmə mövqeyindədirlər...
- Bir şeyin yüz faiz olub-olmayacağını deyə bilmərik. Amma dünyada gedən prosesləri yaxşı bilirik. Bunun müxtəlif formada gedişlərini də yaxşı görürük. Rusiya Avropa siyasətində strukturlaşarsa, Cənubi Qafqaz da təbii ki, strukturlaşmağa çalışacaq. Bu mənada ölkəmizdə siyasi çalxantıların olub-olmayacağını deyə bilmərik. Biz ölkəmizi islahatlar yolu ilə sağlamlaşdıra bilərik. Bizim risk etmək üçün potensialımız yetərli deyil. Biz cəmiyyət olaraq, elə şeylər etməliyik, elə strukturlar yaratmalıyıq ki, milli müqavimət göstərə bilək. Baxın, Almaniya parlamentinə. Bir az təhdidlər olan kimi faşist şüarlarla çıxış edən partiya parlamentə düşdü. İnkişaf etmiş cəmiyyətlərin müqavimət göstərmək üçün potensialları var. Bir də hakimiyyətdə olanların arasında Rusiyaya və ya Qərbə rəğbəti olan, ölkə naminə bu və ya digəri ilə yaxınlığa üstünlük verən məmurla, bu istiqamətlərə agent kimi xidmət edən məmurları ayırmaq lazımdır. Milli və düşünə bilən adamlar həmişə var. Vətəndaşa münasibətdə mərhəməti ön plana çıxarmalıdır. Daha çevik idarəçiliyə ehtiyac var. Bu gün Tarix dərsliyində bu cür problem çıxır. Tarix institutundan rəy alınmalıdır. İnstitut rəy verir, amma yanlışlıq ortada qalır. Bu, Yaqub Mahmudovun rəhbəri olduğu qurum üçün ciddi yanlışlıqdır.
“Hikkə və nifrət siyasəti ilə uğur qazanmaq çətindir”
- Gələnilki seçkilərdə müxalif düşərgədən hazırda 6 namizəd var. Bu rəqəmin artacağı istisna deyil. Onların içərisində yeni qüvvələr də, ənənəvi müxalifətdən olanlar da var.
- Əgər ümumi müxalifətin böyük bir birliyi olarsa, siyasi hərarət arta bilər. Amma görünən odur ki, Azərbaycan müxalifəti keçirdiyi etiraz aksiyalarına belə bir-birini dəvət etmir. Açığı, hazırda masa üzərində olan namizədlərin seçkilərdə birləşəcəyinə və ciddi mübarizə aparacaqlarına inanmıram. Seçkilərdə iştiraklarına şərait yaradılsa, REAL hərəkatı və namizədinə müəyyən ümidlər var. Cəmiyyətə faydalılıq baxımından. Sözsüz ki, bunlar dəyişikliyə yetərli amillər deyil. Amma mən istəyirəm ki, hakimiyyət görsün ki, ölkədə ciddi hesab oluna biləcək çevrələr REAL-ın fəaliyyəti ilə maraqlanırlar. Həmçinin İlqar Məmmədovun namizədliyi siyasi mühitə kreativ yeniliklər gətirər.
- Ölkədaxili siyasi proseslərin hər birinə fikir bildirirsiz və REAL hərəkatını daha çox önə çəkirsiniz. Bu hərəkat seçkilərdə iştirak edə bilməsə, hazırkı 6 və ya digər olacaq iddiaçılar arasında seçiminiz varmı?
- REAL-da siyasi fəaliyyətimi davam etdirmək və onun namizədinə dəstək vermək niyyətim yoxdur. Sadəcə, cəmiyyətdə olan reallıqları siyasi ekspert kimi dəyərləndirirəm. İnsanlar sizin kimi tirajlı qəzetlərdə daha çox siyasi məzmunlu müsahibələri oxuyurlar. Kimsə nəticə çıxara bilər ki, mən REAL-a ciddi dəstək verirəm. Belə bir şey yoxdur. Reallıqdır ki, insanların Müsavat, AXCP kimi siyasi qurumlara axını yoxdur. Dinamizm bu dəqiqə daha çox REAL ətrafındadır. Bu hərəkatın qarşıda böyük bir yolu var. Daha çox potensialı ətraflarında birləşdirə bilsələr, gələcəyin ciddi alternativi olmağa ən yaxındılar. Bu gün namizədliyini elan edən şəxslər arasında kimi seçəcəyimlə bağlı düşünməmişəm.
- Son bir ayda Azərbaycan iqtidarına Qərbdən gələn təzyiqlər dayanmaq bilmir. Son olaraq, AŞ PA-da Azərbaycan əleyhinə qətnamə hazırlandı və diqqət çəkən odur ki, Türkiyənin ana müxalifət partiyası sayılan CHP deputatları əleyhimizə səs verdilər. Bütün bunlar nədən xəbər verir?
- Qərbin əsaslı mərkəzləri Azərbaycanda siyasi hakimiyyətlə ciddi əməkdaşlıq içindədirlər. İkinci dərəcəli qurumların təzyiqləri həmişə olub və olacaq. Nə Dəniz Baykal və CHP-çilərin mövqeyi, nə də Avropa Şurasının başlatdığı proses ciddi görünmür. Elektoratı həvəsləndirmək üçün siyasilərin əlinə verilən fürsətlərdi. \\musavat.com\\