Qılıncoynatma üzrə Rusiya millisinin baş məşqçisi: - "Heç vaxt azərbaycanlı olduğumu gizlətməmişəm"
16-10-2017, 20:30
Qılıncoynatma üzrə Rusiya millisinin baş məşqçisi, ikiqat Olimpiya çempionu İlqar Məmmədovun "Report"un Rusiya bürosuna müsahibəsi:
- İlqar müəllim, son iki aydır Azərbaycan Qılıncoynatma Federasiyasında qalmaqallar bitmək bilmir. Bu vəziyyəti necə şərh edərdiniz?
- Avqustun 17-də Azərbaycan Qılıncoynatma Federasiyasında tez-tələsik bir seçki keçirildi, özü də nə atamı (federasiyanın vitse-prezidenti Yaşar Məmmədov - red.), nə də baş məşqçini çağırdılar və bu, öz-özlüyündə nonsensdir. Atam bu hadisələrə görə çox əsəbləşirdi. Növbəti gün Bakıya getdim, atamı sakitləşdirdim və bunun uzun müddət belə davam etməyəcəyini bildirdim. Ehtimallarım tam doğruldu və ədalət bərpa edildi. Özünüz mühakimə edin: bir insan (Nazim İbrahimov - red.) 10 il federasiyaya rəhbərlik edib və bu idman növü üçün praktiki olaraq heç nə etməyib. O bu seçkilərdə yenə özünü seçdirib, rəhbər postlara özünə sərf edən şəxsləri təyin edib, amma maliyyələşmə, toplanış, yarışlar barədə yenə də bir kəlmə deməyib. Bu ilin sentyabr ayında baş tutan növbəti səfərim zamanı gənclər və idman naziri Azad Rəhimov, federasiyanın başçısı olmağa namizəd Mikayıl Cabbarov ilə görüşdüm. Qılıncoynatma idman növünün Azərbaycandakı gələcəyini müzakirə etdik. Gənclər və idman naziri həmçinin qılıncoynatmanın inkişafına dəstək verəcəyinə söz verdi. M.Cabbarova isə federasiyanın inkişafı baxımından öz düşüncələrimi çatdırdım, bu işdə Rusiyanın təcrübəsindən danışdım. O mənim vasitəçiliyim ilə Lozannada oldu, Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) rəhbərliyi ilə ünsiyyət qurdu.
- Atanızın əleyhdarları onun idmanda rəhbər işi üçün çox yaşlı olduğunu deyirlər. Belə bəyanat nə dərəcədə doğrudur?
- Məsələ yaşda deyil, işləmək istəyindədir. Yaşar Məmmədovun 82 yaşı olsa da, bu istəyi tükənməzdir. Çünki bu insan Azərbaycanda, ümumiyyətlə, bu idman növünün yaradılmasında iştirak edib. Atamı qoyaq bir kənara, Fikrət Vəliyev (millinin baş məşqçisi - red.) onları niyə qane etmirdi? Yoxsa, o da yaşlıdır? Ümumiyyətlə, rəqiblər ən azı müəyyən etik qaydalara əməl etməlidirlər. Kiməsə şər atmaq heç kimə şərəf qazandırmayıb. Ölkə rəhbərliyinə atam və Fikrət Vəliyevin federasiyadan, guya, 500 min dollar oğurladığını yazıblar, sonra da bunu etiraf ediblər. Bu, tam cəfəngiyyatdır. Çünki artıq neçə ildir heç bir maliyyələşmə yoxdur.
- Dünyanın ən titullu qılıncoynadanlarından birisiniz. Öz təcrübə səviyyənizdən Azərbaycanda qılıncoynatmanın bügünkü vəziyyətini necə görürsünüz?
- Azərbaycanda həmişə qılıncoynatma idman növü mövcud olub, amma son illər ərzində Afrika ölkələri səviyyəsinə enib. Bu fikrimə görə qoy heç kim məndən inciməsin. İndi bu idman növünü xarabalıqdan çıxarmaq lazımdır. Hər şeyə, təbii ki, uşaq idmanından başlamaq lazımdır. Çünki indiki idmançıların davamçıları olmalıdır. Xoşbəxtlikdən Mikayıl Cabbarov təhsil naziridir və vəziyyəti bilir: o, artıq, iki ildir Badminton Federasiyasına rəhbərlik edir və bu müddətdə əsaslı işlər aparılıb.
- Bir il əvvəl Azərbaycan internet seqmentində Olimpiya çempionu və yetirməniz olan Yana Yeqoryanla dostluq münasibətləriniz fəal müzakirə olunurdu. Sosial şəbəkələrdə həmvətənləriniz bu baxımdan sizə pis şey yazmayıb?
- Yaxşı ki, sosial şəbəkələrdən elə də istifadə etmirəm (gülür). Burada anlamaq lazımdır ki, məsələ Rusiyada baş verir və etnik qarşıdurma, yumşaq desək, arzuedilməzdir. İkincisi, idman həmişə siyasətdən kənar olub və onu siyasətə qarışdırmaq lazım deyil. Yananı yeniyetmə vaxtlarından tanıyıram. Azərbaycanlı ilə dostluq etdiyinə görə ona soydaşları tərəfindən böyük təzyiq olub. Amma heç kim onun hələ məşhur olmadığı, yardıma ehtiyacı olan zamanlarda federasiyadan pul götürüb onu hər cür şəraiti olan mənzillə təmin etdiyimdən danışmır. Biz heç vaxt bunu xüsusi vurğulamamışıq, çünki ölkələr və xalqlar arasındakı münasibətlərin hansı səviyyədə olduğunu başa düşürük.
Həyat yoldaşım də məşqlərdə Yanaya kömək edib. Hərçənd o, yazıldığı kimi, onun şəxsi məşqçisi deyil. Ümumiyyətlə, bütün idmançılarla yaxşı münasibətlərim var: onları doğmalar və yadlar kateqoriyasına bölmürəm. Əks təqdirdə, komanda tam dağılar. Elə olub ki, Yanaya çox ciddi və sərt şəkildə intizam tənbehi bildirmişəm və o bundan sonra ay yarım mənimlə danışmayıb.
- Bəs Rusiyada qılıncoynatma ilə məşğul olan azərbaycanlı uşaqlar varmı?
- Təəssüf ki, hələ ümidverici azərbaycanlı uşaqlar görmürəm. Əlbəttə, bir azərbaycanlı kimi, uşaqlardan birinin uğur qazanmasından çox məmnun olardım. Bizim çoxmillətli ölkəmizdə müxtəlif millətlərin yaxşı idmançıları var, niyə də azərbaycanlı olmasın? Ümumiyyətlə, milli mənsubiyyətimi heç vaxt gizlətməmişəm, amma bizim mühitdə buna siyasətdə olduğu kimi ciddi baxmırlar.
Hətta belə bir hadisə olmuşdu ki, şpaqa üzrə hazırkı dünya çempionu Tatyana Qudkova yeniyetmə olarkən mənə yaxınlaşıb tezliklə onun da Məmmədova olacağını demişdi. Amma sonradan onların işi alınmadı. Amma Kazanda onun mənə dedikləri xoşuma gəldi və doyunca güldük.
- Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətində elə də fəal iştirak etmədiyinizi bilirəm. Bəs Azərbaycan xalqının bir nümayəndəsi olaraq diasporumuzun mövcud vəziyyətini necə qiymətləndirirsiniz?
- Məhkəmənin Ümumrusiya Azərbaycan Konqresini (ÜAK) ləğv etmək barədə qərar qəbul etdiyini eşitmişəm. Bu, əlbəttə ki, çox üzücü faktdır və indi Rusiyada elə də yüksək nüfuza malik olmadığımızı göstərir. Diaspor təşkilatı təcili olaraq bərpa edilməlidir. Xeyli işlər görülməlidir. Birincisi, insanların toplaşa biləcəyi yer lazımdır. Hansısa restoran yox, mədəniyyət evi olmalıdır. Dövlət vəsait ayırarsa və zəngin Rusiya azərbaycanlıları yardım edərsə, icma üçün ayrıca ev tikmək və bununla da icarədardan asılılığı ləğv etmək mümkündür. Belə evdə təkcə tədbirlər yox, həm də tanınmış həmvətənlərimizlə görüşlər keçirmək, Azərbaycan və azərbaycanlıların müasir nailiyyətlərini görmək mümkündür. Bir zamanlar Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki pavilyonumuz mənim üçün belə yer idi.
- Rusiya və Azərbaycan yığma komandasının üzvləri arasında münasibətlər necədir? Birgə toplanışlara qatılmaq mümkündür?
- Rusiya milli komandasının üzvlərinin digər ölkələrdən olan, o cümlədən azərbaycanlı həmkarları ilə normal münasibətləri var. Bakıda Avropa Oyunları keçirilən zaman bəzi idmançılar dostlaşmağa müvəffəq olub. Birgə təlim-məşq toplanışlarına gəlincə, bu məsələ M.Cabbarovla müzakirələrdə mövzulardan biri idi. Razılaşdıq ki, federasiyada işlər düzələndən sonra müvafiq sorğular göndəriləcək, Azərbaycan və Rusiya idmançıları birgə təlim keçə biləcəklər. Bunun üçün bizdə, Moskva vilayətində "Novoqorsk" və "Yumru göl" bazaları var. Hesab edirəm ki, azərbaycanlı qılıncoynadanlara daha təcrübəli olan rusiyalı həmkarları ilə birgə məşq etmək faydalı olardı.
- Sizə Azərbaycana qayıtmaq, milli komandaya başçılıq etmək və ya başqa bir vəzifə təklif edilsəydi, reaksiyanız necə olardı?
- Belə təklifə dərhal cavab vermək çətindir. Məsələ yalnız Rusiya və ya Azərbaycan yığma komandasında deyil. Axı bütün ailənin həyat tərzini dəyişmək lazımdır. İndi əldə etdiklərimiz illərin yox, onilliklərin bəhrəsidir. Yəni bu məsələ barəsində ciddi şəkildə düşünmək lazım gələcək.
Kiçik sirr açım: hələ idmançı olarkən geri qayltmaq barədə təkliflər almışdım. Amma həmin zaman - 1998-ci ildə karyeramı başa vurmağı düşündüyümü, məndən qılıncoynadan idmançı kimi elə də çox xeyir görməyəcəklərini dedim. İdmançı qismində həyat yoldaşımı təklif etdim, onlar razılaşdılar və Yelena Jemayeva Azərbaycanın bayrağı altında çıxış etməyə başladı. O, uzun müddət Olimpiya çempionu adına real iddiaçı oldu, lakin bunsuz da onun şərəfinə Azərbaycan Dövlət Himni ən nüfuzlu qılıncoynatma yarışlarında səsləndirilib. İndi müasir Azərbaycanda onu məndən daha yaxşı tanıyırlar.