Kraliçanın otağına Azərbaycan bayrağı sancan “İngiltərə cəngavəri”: - "Yuxularımda Neftçalada oluram"
16-10-2017, 20:48
O, Papanın ayağı altına Qarabağ xalçasını sərən sənətkardır. O, Kraliça Yelizavetanın otağına Azərbaycan bayrağını sancan ilk və hələlik son vətəndaşdır. O, “Minilliyin adamı”dır. O, xristianlara Quranı İncildən yuxarıda göstərən kosmopolitdir. O, Monika Belluçinin nüde portretini çəkməyə sifariş alan azərbaycanlıdır. O, “Adəm və Həvva” mövzusunda inqilab edən yeganə rəssamdır. O, dünyada şəxsi ev muzeyi olan nadir rəssamlardandır.
Publika.az YUNESKO Rəssamlar İttifqının fəxri üzvü, azərbaycanlı rəssam Sakit Məmmədovla müsahibəni təqdim edir.
- Öncəliklə, təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik.
- Gəldiyiniz üçün siz sağ olun.
- Ənənəvi sualla başlayaq. Necə hiss etdiniz ki, sizdə rəssamlıq qabiliyyəti var?
- Oyuncağa həvəs göstərən, onunla maraqlanan bütün uşaqlar kimi mən də rənglərə, boyalara meyl göstərərək, divarları yaza-yaza başladım. Uşaqlığım dəniz sahilində keçib. Orada qumların üzərinə yazıb-pozaraq özümdə rəssamlığın bünövrəsini qoydum. Uşaqların əksəriyyətində şəkil çəkmək üçün həvəs və istedad olur. Lakin böyüdükcə çox adamda bu qabiliyyət və həvəs sönür. Məndə isə sönmədi.
Mənə qədər nəslimizdə rəssam olmayıb. Ancaq məndən sonra böyük bir rəssam nəsli yetişməyə başladı. Bilirsiniz, elə ailələr var, nə o ailənin üzvləri, nə də qohumları istəmir ki, onlarda kimsə rəssam olsun. Buna onların gözü qabağında uğursuzluğa düçar olan rəssamlar səbəb olur. Bu başqa incəsənət sahələrinə də aiddir.
Lakin elə ailələr də var, onlarda çox gözəl peşə sahibi yetişir. Ailənin davamçıları isə böyüklüyünü, hörmətini, şöhrətini görüb onun kimi olmağa can atırlar. Ancaq deyim ki, bu məşhurluq da hər adama qismət olmur...
Çünki o zirvəyə yalnız zəhmət və əziyyətlə çatmaq mümkündür. Bunun üçün yalnız istedadlı olmaq bəs etmir. Uğurun 10%-i istedadın, 90%-i zəhmətin payına düşür. Təbii, buraya insanın keçdiyi məktəbin ona bəxş etdiyi professionallığı da qatmaq lazımdır. O məktəb ki, sənətkarın ruhunu ortaya çıxarır. Onun haraya aid olduğunu göstərir. Sənətkarın ruhu da onun rənglərində gizlənir.
- Sonra gəlir həyatınızın ən anlamlı hissəsi - tələbəlik illəri...
- Bəli... tələbəlik illərim Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasında keçib. Oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra əsgərliyə getdim. Əsgərlikdən sonra isə Sankt-Peterburqda yerləşən Repin adına Rəssamlıq İnstitutuna daxil oldum. Orada Lenin təqaüdü ilə oxuyan ilk azərbaycanlı tələbə idim. Bu təqaüdü böyük araşdırma-yoxlama əməliyyatlarından sonra Moskva təyin edirdi. Təqaüdü almaq üçün hər hansı bir ictimai təşkilatın və ya partiyanın üzvü olmaq tələb edilirdi. Mən isə heç bir qurumun üzvü deyildim. İctimai fəallığımın olması üçün konsertlər təşkil etməyə başladım. Komandamızda hind, ərəb, suriyalı, iordaniyalı, misirli, əfqanıstanlı musiqiçilər var idi. Çoxu da müsəlman idi. Beləliklə, bu ansamblla birgə hər bayram bir konsert təşkil edirdik. Hətta o dərəcəyə gəlib çatmışdı ki, məsələn Suriya günü olanda da məni dəvət edirdilər. Yəni bir-birimizə çox qaynayıb-qarışmışdıq.
Yeri gəlmişkən, mən tar, saz, gitara və zərb alətlərində ifa etməyi bacarıram. Bu bacarığı da mənə pionerlər evi bəxş etdi. O vaxt çox gözəl bir pionerlər evimiz var idi. Bir tərəfində rəssamlıq dərnəyi, digərində musiqi. Rəssamlığa gedəndə musiqi tərəfə də baş çəkirdim. Musiqi ilə məşğul olduğumu heç evdə bilmirdilər. Amma musiqiyə çox həvəsim var dı. Evdə bunu biləndə mənim üçün musiqi mağazasındakı bütün alətlərdən aldılar. Kamançadan tutmuş, gitaraya qədər.
- Yəni, ailənizin dəstəyi var idi.
- Təbii ki... Bilirsiniz, mən fəhlə ailəsində doğulmuşam. Belə bir şey var də, həmişə zəhmətkeş ailələrdə böyük şəxsiyyət, tanınmış insan yetişdirməyə xüsusi maraq olur. Buna görə də uşaqlarını ya prezident, ya baş nazir olmaq məqsədilə böyüdürlər. Əslində bu çox yaxşı arzudur. Həmişə böyükdən yapışmaq lazımdır ki, heç olmasa, orta səviyyəyə gəlib çıxa biləsən.
- 1937-ci ildə Pablo Pikasso “Quernika” adlı müharibə məzmunlu əsərini çəkir. Əsər sərgiləndiyi zaman bir alman zabiti rəssama yaxınlaşaraq “bunu siz yaratmısınız” sualını verir. Pikasso isə zabitə cavabında “xeyr, siz yaratmısınız” deyir.
Bəs siz dünyada fəlakətlər yaradan liderlərə səbəb olduqları hansı böhranları çəkib göstərmək istəyərdiniz ki, baxın, bu da sizin əsərinizdir?
- Çox maraqlıdır. Bayaq pəncərənin qarşısında dayanıb gölə baxırdım. Orada balıq tutanlar mənzərəyə bir sakitlik verir, adama isə rahatlıq gətirir. Eyni zamanda da radio dinləyirdim. İçində olduğum vəziyyətin təsiri ilə ağlıma bir fikir gəldi. Mən ölmək istəməzdim, ancaq bu dünyadan getmək istəyərdim. Yer kürəsindən baş götürüb getmək istəyərdim. Hər insan yaşamaq, yaratmaq arzusundadır. Amma nəyə görə? Kimə görə? Baxırsan ki, dünyada necə dahi insanlar var. Gecəsini gündüzünə qatıb ixtiralar edib, faydalı şeylər yaradıb. Amma görürsən ki, beyinsiz, küt insanlar yaradılmış gözəllikləri “uf” demədən dağıdırlar. Bax o zaman adamın heyfi gəlir bu dünyada yaşayıb-yaratmağa. Başa düşmürəm, bir insanın necə əli gəlir bu gözəllikləri, dahiyanə yaradılışları dağıtmağa?
Təəssüflər olsun ki, indi dünya bəzi qüvvələrin əlində oyuncaq olub. Onlar da yaradılışı məhvə doğru aparmaqdadırlar. Yer kürəsi kimindir ki? Bizimdir. İnsanlarındır. Allah dünyanı gözəl yaradıb. Bizi də yaradıb ki, bu gözəllikləri nizama salaq. Ona görə bizə göz, işıq, əl, zövq və ən əsası, sevgi verib.
Lakin sevgi anlayışı insanlara getdikcə yadlaşmağa başlayıb. Yer üzündə minlərlə kobud insan doğulub-törəyib. Hardandır bu qədər küt insan? Sevgisizlikdən. Bəli. Onlar hamısı sevgidən deyil, fiziki tələbatdan doğulub. İnsanın ən özəl və məxsusi cəhəti sevəbilmə qabiliyyətidir. İnsan övladını mələklərdən də elə bu xüsusiyyəti ayırır.
Mən yaratdığım əsərləri sevən insanlara həsr edirəm. Mən dünyanı sevən, yaşamağı sevən, Allahı sevən, gözəlliyi sevən insanlar naminə yaradıram. Mən sevgini çəkməyə çalışıram, onun düsturunu rənglərimlə tapmaq istəyirəm. Rənglərlə şeir yazmaq istəyirəm.
- İnsanlara itirdikləri sevgini necə qaytaraq?
- Yanıma əsəbdən xəstəliklər tapmış insanlar çox gəliblər. Onlara isti və səmimi münasibət göstərməyə çalışıram. Saatlarla söhbət edirəm. Qalereyamı gəzdirirəm. Özlərinə problem etdikləri şeyləri adiləşdirirəm. Və hiss edirəm ki, rənglərimin arasında öz əlaclarını tapırlar.
İnsanlar əksər zamanlarda sevgini doğru anlamırlar. Elə bilirlər, sevgi yalnız bir kişi ilə bir qadın arasında olan münasibətdir. Əsl sevgi heç də bu deyil. Sevgi enerjidir. Elə bir enerji ki, insanın ruhundan doğur və qarşısındakı insanda da eynliyi tapır. Fiziki qanunlara əsaslansaq, iki insan arasındakı enerji də itmir, sadəcə bir formadan digərinə keçir. Sevgi qarşılıqlı olmalıdır. Çünki enerjinin təbiətində bərabərsizlik xüsusiyyəti yoxdur. Bu enerji insanda heç vaxt tükənmir. Ölənə qədər onunla birlikdə olur və olacaq da. Bu sevgini kəşf etmək üçün də ruhun yarını tapması lazımdır. Bizdə çox gözəl bir söz var - yarım. Yəni bir insanın yarısı. Məsələn, Hindistanda kişi evə girərkən qadın ondan soruşsa ki, gələn kimdir. O, “bizik” deyə cavab verir. Yəni, mən gəldim və evdə biz olduq. Bu söz sanskritcə “səni tamamladım” anlamına gəlir. Heç düşündünüzmü ki, Allah insanı niyə iki cinsdə yaradıb? Elə təkcə Adəmi yaradardı, o da bir formada nəslini davam etdirərdi. Yəqin ki, Allahın insanı cüt, həm də yarım yaratmasında çox böyük hikmət var. Bu hikmət də hər şeyə başlanğıc və ilham verən SEVGİDİR.
İnsanın yaradılışı zamanı ilk olaraq dinləmə duyğusu formalaşmağa başlayır. Çünki ilk duyğu orqanı kimi qulaq əmələ gəlir. Təxminən bətndəki yaşamın 22-ci günündə. Demək ki, insan eşitmək istəyir. Dünyanı və sevgini eşitmək. Necə ki, sevgidən doğulan körpə gözəl olur, eləcə də sevgidən yaranan əsər zövqlü, xoşagələn olur.
- Bəs sizin elə bir əsəriniz olubmu ki, onu bitirdikdən sonra gözəlliyinə aşiq olmusunuz. İçinizdə “tam da bu” demisiniz. Məsələn, Mikelancelonun “Musanın heykəli”ni yaratdığında verdiyi reaksiya kimi?
- Əvvəlcə qeyd edim ki, Mikelancelo dünyadan gəlib-keçmiş ən istedadlı şəxsiyyətlərdən olub. Təbii ki, hər sənətçi yaratdığı əsərini ilk başda sevir. Necə ki, anası yeni doğulmuş körpənin qoxusunu alır, elə də sənətçi yaratdığı əsərin ilk olarq qoxusunu içinə çəkir. Ancaq müəyyən müddətdən sonra əsərin sehri öləziməyə başlayır və düşünürsən ki, bundan da yaxşısını yarada bilərsən. Mikelancelo haqqında uydurulmuş “Musanın heykəlini danışdırması və ya ona çəkic atması” əfsanəsi realda baş versəydi, yəqin ki, o özünü həmin gün öldürərdi. Çünki sənətkar üçün bu sözdən sonra kariyera bitmiş hesab edilir.
Sənətşünaslar Mikelancelo haqqında çox şey yazıblar. Məsələn, onlar heykəltaraşın yaratdığı əsərlərin çox solğun olduğunu deyirdilər. Ancaq əslində belə deyildi. Heykəllərin olduğu yerdə davamlı olaraq şamlar yanırmış. Şamların buraxdığı his də zamanla daşların üzərinə hopub və rəng dəyişikliyi yaradıb. Heykəlləri təmizləmədən üzərinə laklar, qoruyucu boyalar çəkilib. Ancaq məşhur bir restavrasiyaçı əsərləri bərpa edərkən həmin boyaları xüsusi maddələrlə təmizləyib və əslində heykəllərin çox canlı rəngə malik olduğunu görüb. Beləliklə, bu haqda yazılan bütün araşdırmalar, təhlillər puça çıxıb. Bu hekayəni danışdım, çünki sənətşünasların o qədər də güvəniləcək olmadığını bildirmək istəyirəm (Gülür).
Mənim gözümdə sənətşünaslar inkişafdan qalmış rəssam kateqoriyasındadır. Sənətşünas, yəni sənətçinin bacarmadığını edən adam. Yəni adam sənətini yaradır, ortaya qoyur, onu bacarmayan sənətşünas da başqalarının etdiyini təhlil-analiz edir, onun haqqında danışır. Yaradıcı adam yaratdığını sənətşünasdan daha çox hiss edir. Çünki əsərin içində olur, özünü ona həsr edir. Məsələn, bir şairə deyə bilməzsən ki, anlat görək, nə yazmısan? Bundan kal sual, bundan absurd davranış yoxdur. Necə yəni anlat? Sənətçi, onsuz da, anlatmaq istədiyini yaratdığında deyib də.
- Opalizmi yaratdınız. Ancaq yeni yarandığından bu cərəyanı hələ də anlamayan, mahiyyətindən xəbərsiz olan insanlar var. Zəhmət olmasa, bir az da opalizm haqqında danışın.
- Opalizm fəlsəfəsi qaynağını opal daşlarından alır. Mən bütün dünyaya sübut etdim ki, heç bir rəssam rəng kəşf etməyib. Yəni dünyada bu rəng bu rəssama məxsusdur deyə, bir şey yoxdur. Bütün bu iddiaların üzərindən xətt çəkdim və araşdırma apardım. Bu zaman əslində mövcud olan bütün rənglərin Yerin dərin qatlarında yerləşən opal daşlarında olduğuna rastladım. Opal daşlarında dünyada mövcud olan bütün rənglərdən var, ancaq o rənglər hansısa süjeti əks etdirmir. Oradakı rənglər xaos kimidir. Mən də öz əsərlərimdə opal daşlarındakı xaosa nizam verdim və anlam yüklədim. Bayaq qeyd etdiyim kimi, dünyada hər şey mövcud olub. İnsan da o mövcudluğu səliqəyə salmaq üçün yaradılıb. Dünyada hər şey var. Sadəcə onları görmək lazımdır. Bir istedadlı insan gözəl bir mənzərədən, yaxud lap elə bir fəhlənin ani bir pozundan şedevr yaradır. Başqa biri isə düşünür ki, mən elə gündə 10 dəfə bu mənzərənin yanından keçirəm, bu fəhləyə salam verirəm. Bəs niyə yarada bilmirəm? Çünki hər insan yaradılışı görə bilmir. Və hər insan yaradılışa dəyər verməyi bacarmır. Rəssamın çəkdiyi bir fəhlə portretinin qiyməti 100 milyonlarla ölçülür. Halbuki, o fəhlə ömrü boyu 5 manat qazanmaq üçün nə əziyyətlər görür. Bu anormallıqdır.
- Bəs sənət bu anormallığı dəyişdirə bilmək gücünə malikdir?
- Sənətin bu gücü var. Ancaq sənətin gücü o zaman ortaya çıxa bilər ki, o, məsələn, müharibələri dayandıra bilsin. Tarixdə belə hadisələr çoxdur. İmperator Françesko təkcə Leonardo Da Vinçiyə olan sevgisinə görə bütün İtaliyaya hörmət edirdi. Təsəvvür edin, Françesko Da Vinçidən yalnız bir tərəfi zəhərli olan alma yetişdirməyi xahiş edir. O, Da Vinçidə bu bacarığın və elmin olduğuna inanırdı. Ancaq Leonardo bunu etmədi. Əgər o, imperatorun xahişini yerinə yetirsəydi, necə bir fəlakətin bünövrəsini qoyacağını çox yaxşı bilirdi. Leonardonu imperatorun qəzəbindən isə məhz onun sənəti qorudu. Bax, sənət bu qədər xeyirxah, həm də dünyəvi olmalıdır.
- Dünyəvilik demişkən, bütün əsərlərinizdən və adlarından ümumbəşəriliklə yanaşı, millilik qoxusu gəlir. Papanın portretini də çəkərkən milli irsimizdən istifadə etməkdən çəkinməmisiniz. Bu qədər bəşəriliyin içində milliliyi qoruyub saxlamaq çətin deyil?
- Mənim ruhumun ünvanı Azərbaycandır. Sənət ruhumu burada təhvil almışam. Bu vaxta qədər bir neçə dəfə ev dəyişmişəm. Bir neçə ünvana köçmüşəm. Ancaq hələ də bütün yuxularımda doğulduğum evdə, Neftçalada oluram. Çünki yuxularım da ruhumun buraya bağlı olduğundan xəbərdardır. Ancaq ruhun milliyyəti yoxdur. İnsanın sahib olduğu yeganə dünyəvi nəsnə onun ruhudur.
- Elə insanlar da var ki, burada doğulur, yaşayır. Ancaq müəyyən müddət keçdikdən, məşhurlaşandan sonra ölkəni tərk edir. Getdiyi yerdə isə vətəninə xidmət bir yana qalsın, heç milliyyətini dilinə gətirmək istəmir...
- Mən fəhlə ailəsində anadan olmuşam. Anam da evdar qadın olub. Ancaq zamanla qarşıma çox böyük şanslar çıxıb. Mən də ölkədən gedə bilərdim. Hazırda dünya mənə elə hörmətlə qucaq açıb ki, hansı ölkəyə getsəm, orada kral kimi yaşayaram. Əksər Avropa ölkələrində ən nüfuzlu mükafatlara layiq görülmüşəm. Ancaq burada qalmağı seçdim. Və sübut etdim ki, Azərbaycanda otura-otura “İngiltərənin cəngavəri” titulunu da almaq olar, Rusiyanın “Minilliyin adamı” olmaq da. Elə bilirsiniz, ağır günlərim olmayıb? O qədər problemlərim olub ki... İndi də var və getdikcə çoxalmaqda, dərinləşməkdədirlər. Mən sadəcə öz sənətimə güvəndim və təkmilləşdirmək uğrunda çalışdım. Çünki doğulandan bəri bu torpağın mineralları ilə bəslənmişəm. Getdiyim yerlərdə mən etməsəm də, mənə qarşı ayrıseçkilik edənlər çox olub. Bir dəfə Sankt Peterburqda oxuyarkən mənə Lenin təqaüdü verən müəllim bütün sinfə təkcə məni nümunə göstərdi və “siz çalışmırsınız, amma baxın onlara” dedi. Məni “onlar” qismində göstərdi və yadlaşdırdı. Elə həmin an anladım ki, nə etsən də, getdiyin hər yerdə ikincisən.
- Yəni öz yolunuzu özünüz cizdiniz.
- Hər insan öz yolunu özü cizməlidir. Kənardan heç nə gözləməməlidir. Hər şeyi dövlətdən ummamalıdır. Emalatxanasında bir dənə normal əsəri olmayan adam özünə hörmət gözləyir, qiymət verilməsini istəyir. Ancaq dəyər sədəqə deyil. Bizim mədəniyyətimizdə ancaq xəstə insanın yanına əlidolu getmək ənənəsi var...
Bəziləri də gözləyir ki, ona ölümündən sonra dəyər veriləcək, adına nələrsə olacaq. Bu ənənə 200 il bundan əvvəl ölüb artıq. İndi internet dünyasıdır, inteqrasiya dövrüdür. Bir paylaşımı bir saniyədə bütün dünya görür.
- “Minilliyin adamı”na bahalı tədbirlər, nüfuzlu dostlar, minlərlə dollar qiyməti olan əsərlər, papalar, putinlər, elizabetalar fonunda “2 manatlıq biletlər” sektorunda əyləşəcək qədər sadə həyat tərzi yaşamaq çətin deyil ki?
- Bunu etiraf etməliyəm. Sizi inandırım ki, adlarını çəkdiyiniz o mötəbər insanlardan daha azadam. Sərbəst şəkildə küçəyə çıxıram, gəzə bilirəm. Azad insanların içində oluram. Ən əsası, azad nəfəs alıram. Mənim üçün bu dünyada sərbəst gəzməkdən dəyərli bir şey yoxdur. Elə bu an istəsəm, Amerikaya uçaram, İngiltərəyə köçərəm.