“Varlığı bilinməyən partiyaların qeydiyyatı ləğv edilməlidir”
28-10-2017, 09:43
Müxalifətçi partiya sədri “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik istəyir
“Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərə hazırlıq getdiyi barədə “Yeni Müsavat”ın 3 ay öncə verdiyi xəbər rəsmi təsdiqini tapıb. YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Trend-ə bildirib ki, “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik üçün təkliflər hazırlanıb.
Komitə sədri bildirib ki, dəyişikliklər siyasi partiyalarda şəffaflığın artırılması, yəni maliyyə mənbələri və maliyyənin haraya sərf olunması ilə bağlıdır. O deyib ki, Azərbaycanda bir sıra siyasi partiyalar boş hesabat verirlər, bir sıra partiyalar isə ümumiyyətlə, hesabat vermirlər, bəziləri isə hesabatı düzgün vermirlər. Bu partiyalar barəsində məsələ hüquqi yolla tənzimlənməlidir.
S.Novruzov qeyd edib ki, təkliflər İctimai birliklər və dini qurumlar komitəsində müzakirə olunacaq: “Müvafiq strukturlarla da bununla bağlı müzakirələr aparılır, komitədə müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq”.
Hakimiyyətə qarşı sərt mövqedə olan müxalif Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında heç bir fəaliyyəti illərlə müşahidə olmayan, varlığı ilə yoxluğu bilinməyən partiyaların qeydiyyatının ləğvinin tərəfdarı olduğunu bildirib. S.Cəlaloğlu qeyd etdi ki, qanuna ediləcək dəyişiklik təklifləri partiyalara da tanışlıq üçün göndərilməlidir: “Hesab edirəm ki, maliyyə hesabatı məsələsi dövlət büdcəsindən maliyyələşən, yəni parlamentdə təmsil olunan partiyalardan tələb olunmalıdır. Qanunda bu barədə xüsusi qeyd olmalıdır ki, dövlət büdcəsindən maliyyələşən partiyalarla, parlamentdə təmsil olunmayan və dövlətdən maliyyələşməyən partiyalara eyni yanaşma tətbiq olunmasın. Dövlət partiyaya bir qəpik də olsun vəsait vermirsə, vermədiyi vəsaitin maliyyə hesabatını hansı məntiqlə tələb etməlidir? Olmayan maliyyənin hesabatı necə verilə bilər? Ona görə də mütləq bu məqam qanunda əksini tapmalıdır”.
ADP sədri eyni zamanda hesab edir ki, illərlə heç bir fəaliyyəti olmayan, adı olub özü əslində olmayan partiyaların qeydiyyatının ləğvi isə qanunda əksini tapmalıdır: “Mən də bunun tərəfdarıyam. Azərbaycanda 54 partiya Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb. Qeydiyyatda olan partiyaların yarıdan çoxu adı olub, fəaliyyəti olmayan siyasi təşkilatlardır. Onlar heç bir işlə məşğul deyillər. Bu baxımdan dünyanın çox ölkələrində iki il belə ”fəaliyyət" göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir. “Siyasi partiyalar haqqında” qanuna ediləcək dəyişikliklərdə məhz bu məqamlar konkret şəkildə əksini tapmalıdır. Konkret müddət ərzində heç bir fəaliyyəti olmayan partiyaların qeydiyyatı avtomatik olaraq qüvvədən düşmüş sayılmalıdır. Dövlət qeydiyyatından keçmiş 54 partiyanın yarıdan çoxunun adları belə, cəmiyyətə bəlli deyil, elələri var ki, heç vaxt qurultay keçirməyiblər. Bu gün cəmi 5-6 partiya az-çox fəaliyyət göstərir, Azərbaycanda və dünyada baş verən proseslərlə bağlı mövqeyini ortaya qoyur. Əgər biz bu gün 54 dövlət qeydiyyatında olan partiyadan cəmi onunun adını real fəaliyyət göstərən partiya kimi saya bilmiriksə, deməli, doğrudan da həmin 54 partiyanın təxminən 40-ının sadəcə adı Ədliyyə Nazirliyində qeydiyyatda var. Əgər bir partiyanın ki, sədri hələ bu günə qədər ağzını açıb bir hadisə ilə bağlı heç bir fikir bildirməyib, deməli yox kimidir. Ona görə də belə partiyaların hamısının dövlət qeydiyyatı ləğv olunmalıdır. Amma bu barədə qərar qəbul edilərkən az-çox fəaliyyəti olan müxalif partiyalar hədəfə alınmamalıdır. Biz də dəfələrlə bəyan etmişik ki, süni şəkildə partiya çoxluğu yaradılmamalıdır və varlığı görünməyən partiyaların qeydiyyatı ləğv edilməlidir. Artıq keçid dövrü arxada qalıb, pis-yaxşı 26 ildir Azərbaycanda siyasi həyat yaşayırıq və süni şəkildə partiya çoxluğu görüntüsünə ehtiyac yoxdur. Dövlət qeydiyyatında olan elə partiyalar var ki, özləri real həyatda olmadığı kimi sədrləri belə həyatda deyillər, ölüblər, amma adları partiya sədri kimi hələ də qalır. Belə partiyaları Ədliyyə Nazirliyinin qeydiyyatda saxlaması məntiqsizlikdir".