Əməkdar artist Fədayə ilə bağlı çağırış etdi:"Yıxılana balta çalan çox olar."
1-11-2017, 19:27
Müğənni Fədayə Laçının həbs olunması xəbəri cəmiyyətdə birmənalı qarşılanmayıb. Onun “Qoca” ləğəbli avtoritet Etibar Məmmədovla isti münasibəti ictimai qınağa səbəb olub.
Əməkdar artist Firuzə İbadova isə AzNews.az-a müsahibəsində həmkarını qınayanlarla razılaşmadığını bildirib.
- Sevgi günah hesab edilməyən bir anlayışdır. İnsan insanı sevər. Söhbət qadın-kişi münasibətindən gedir. Fədayəni qınaq obyektinə çevirmək gülüncdür. Axı o, neynəyib? Onu niyə qınamalıdırlar? Onun sevgisini günah kimi təqdim etməmək, açıb-ağartmamaq lazımdır. Yıxılana balta çalan çox olar. Hadisədir də olub...
- Yəqin ki, baş verənləri izləyirsiniz...
- Bəli, mənə pis təsir edir. Fədayə üzdə olan, sözün həqiqi mənasında, sənəti olan gənc xanımlardan biridir. Özü də yaxşı ifaçı, dəyərli səs sahibidir. Onunla bağlı yazılanları oxuduqca çox üzüldüm. Allahdan arzu edək ki, qısa zamanda qapısını açsın. Onu qınayanlar anlamırlar ki, sevgi yaşa baxmır; qəlbinə girdisə, sevirsən, gözünə heç nə, heç kim görünmür, kor, kar, lal olursan.
Bir də ki, qadın ailə qurmalıdır. Bu, onun haqqıdır. Elə qadınlar var ki, əri yoxdursa, özünə çəkilir. Bilir ki, övladı var, onu böyütməlidir. Gözünü də övladının sevgisinə dikir. Açığı, mən belə xanımlardanam. O ki qaldı Fədayənin seçiminə, bu, mənim də cavanlığımda ola bilərdi - kimisə sevə bilərdim. Məncə bəsdir, sevən qadını bu qədər qınamaq olmaz.
- Fədayəni qınayanlara nə tövsiyə edərdiniz?
- Anlamıram, Fədayə nə cinayət törədib? Sevib də... o, cinayətkar deyil, müğənnidir. Heç istəsə də cinayət törədə bilməz. Bir də ki, günahsız bəndə yoxdur axı. Kim desə mənim günahım yoxdur, yalan danışır. Hamı həyatda günah edib. Gəlin bir az humanistlik edək, əl çəkək bu qadının yaxasından. Onsuz da onun dərdi özünə yetər. Bir dərd də biz verməyək. Dövlətimiz və qanunlarımız var. Qoyun hər şey qanunla tənzimlənsin. Kaş ona qanundan kənar bir güzəşt olaydı...qadındır, yazıqdır, cavandır. Hamının səhvi olar. Heç kəs olacaqlardan sığortalanmayıb. İndi onun anasını, ailəsini düşünün, görün nə haldadırlar? Övladı var, özü də oğlan. Azca da onun gələcəyini düşünək. Əvvala istəyərdim ki, heç bu sevgi olmasın. Sevgi insanı uçuruma aparır, xətalara sürükləyir. Fağır adamdır, onun heç kəslə işi olmazdı. Başını aşağı salıb sənəti ilə məşğul olardı. Onu niyə bu yola sürüklədilər? Bəlkə elə bu yolu Fədayə özü seçdi? Hər nə isə, gərək belə hal baş verməyəydi.
- Kriminal olaylarda adı hallanan sənətçilərimizin sayı gündən-günə artır. Bu, onların sənətinə necə təsir edir?
- Sənət aləmində belə halların olması mədəniyyətə heç nə vermir. Sənətkarsansa, sənət çərçivəsində hərəkət etməlisən. Kriminal aləm səhnəlik deyil. Hərdən mənə də sual verirlər ki, siz sevmirsiniz? Cavabında deyirəm ki, mənim sevgim ölüb, torpağın altındadır. Yoldaşım rəhmətə gedib, başımı aşağı salıb uşağımı böyüdürəm. Mən də belə qadınam.
Fədayə bəlkə də mən yaşa çatanda peşman olar, özünə sual verər ki, “mən niyə sevdim?”. Bilirsiz, sevən qadın güclü olmalıdır. Həm də sevgi ilə ağıllı rəftar etməlisən. Çünki sevgi bəzən insanı intihara da aparır...