Qardaşı Frenk Elkaponeyə "od püskürdü": "Hədələdi ki, səni narkotiklə həbs etdirərəm"
3-11-2017, 14:17
Frenk Elkapone adı ilə məşhur olan azərbaycanlı biznesmen Füzuli Məmmədovun qardaşı Fərhad Məmmədov Yenicag.az saytına eksklüziv müsahibə verib
O, müsahibəsində qardaşı ilə bağlı şok iddialar səsləndirib.
– Əvvəlcə özünüzü təqdim edərdiniz…
– Mən Füzuli Məmmədovun doğma qardaşıyam. Biz 6 qardaş olmuşuq. 1990-cı ildə birlikdə biznes qurmuşuq. Qardaşlardan 4-ü rəhmətə gedib, ikimiz qalmışıq.
– Biznesiniz hansı sahəni əhatə edirdi?
– Moskvada ticarət mərkəzləri tikirdik, obyektləri icarəyə verirdik. Aramızda sənim-mənim söhbəti yox idi. Planımız o idi ki, biznesimizi gələcəkdə daha da genişləndirək. Sən demə, Füzulinin planı tamam başqa imiş. Bundan sonra qardaşlarımdan biri insult keçirtdi, digəri infarkt oldu, rəhmətə getdilər. Əslində pulu bizə başqa adam vermişdi.
– Kim?
– Bunu indi demək istəmirəm. Gələcəkdə açıqlaya bilərəm.
– Bəs, miqdarı nə qədər idi?
– 10 milyon dollar!
– Pulu verən şəxs Azərbaycandan idi?
– Bəli!
– Bəlkə, adını çəkəsiniz?
– İndi yox. Sadəcə, onu deyə bilərəm ki, Azərbaycanda vəzifəli şəxslərdən biridir.
– Buyurun, davam edin…
– Bizə 10 milyon pul verdi. Moskvada ticarət mərkəzi tikdik. Bundan sonra Frenk Elkapone bizdən ayrılmağa başladı. Başladı ki, bura mənimdir. Qardaşlarım da buna dözmədi.
– Birdən-birə niyə bu fikrə düşdü ki?
– Vallah, nə deyim. Gələcəkdə Azərbaycan prezidentliyinə namizəd olmaq bunun planlarına daxil idi. Özü üçün pul yığırdı. Bizim pulların da 90 faizini özünə götürürdü. Gələcək planlarına görə bizi məhv etmək istəyirdi. Biz də ki, gecə-gündüz işləyirdik. Özünə İtaliyada villa aldı. O, heç kimi sevmir. Yalnız özünü düşünür. Bir qardaşı mən qalmışam, mənim də əlimdən hissələrimi alıb.
– Necə alıb ki?
– Dedi ki, sənədləri imzalayın. Mən də aldanıb sənədləri imzaladıqdan sonra bizə "do svidaniya” dedi. Sizə 10 il əvvəlin söhbətini edirəm.
– İndi münasibətiniz heç qalmayıb?
– Xeyr. 2007-ci ildən münasibətimiz yoxdur. Qardaşımın biri 98-ci ildə rəhmətə gedib, digəri isə 2 il əvvəl. O biri qardaşlarım da bir az ondan əvvəl. Sonuncu dəfə keçən ilin noyabrında telefonla danışmışıq.
– Nə dedi sizə?
– Kim onun yanına söhbətə gedirsə, hərəsini bir üsulla yola salır. Kimisinə pul verir, kimisini də… Söhbəti yükunlaşdırmaq istəmir. Mən də istəyirəm ki, bütün Azərbaycan bunu bilsin. 10 il ərzində hər ay mənə 100 min dollar pul düşür. Hesablansa, gör neçə milyon edir. Bizim pulla özünü sudan quru çıxardır. Hamısı qardaşlarımın qanı hesabına qazanılan pullardır. Hamam suyu ilə özünə dost tutur. Hətta bir neçə dəfə geri çəkilməyim üçün məni qorxudub, başqaları ilə hədələyib. Adam göndərdi ki, səni narkotiklə həbs etdirərəm. Elə edərik ki, Moskvadan çıxıb gedərsən. Öz qardaşına qan udduran adamdan necə prezident olar? Qardaşına qarşı belə olan, görün xalq nələr edər.