Tanınmış futbol şərhçilərindən Qurbanovun milli yığmaya gətirilməsinə - ŞƏRH

3-11-2017, 17:20           
Tanınmış futbol şərhçilərindən Qurbanovun milli yığmaya gətirilməsinə - ŞƏRH
İdman jurnalistləri Qurban Qurbanovdan milli yığmanın baş məşqçisi kimi gözləntiləri açıqlayıblar.

Qurban Qurbanovun Azərbaycan milli komandasının baş məşqçisi postuna təyin edilməsinə tanınmış futbol şərhçiləri, idman jurnalistləri də münasibət bildiriblər.

Tanınmış idman şərhçisi, jurnalist İlqar Mikayıloğlu AzNews.az-a bildirib ki, milli yığmanın baş məşqçisi kimi Qurban Qurbanovdan uğurlu nəticələr gözləmək üçün ona sərbəstlik verilməsi əsas şərtdir:



"Qurban Qurbanov "Qarabağ" klubunun bazasında yığmanı yaratsa, Azərbaycanın bir neçə perspektivli, iddialı futbolçularını heyətə cəlb etsə, çox yaxşı bir komanda yığmaq olar. Təbii ki, belə olan təqdirdə yaxşı nəticələrdən danışmaq olar. Amma bunun üçün ilk növbədə ona azadlıq vermək lazımdır. Əksinə, diqtə etmək lazım deyil ki, yığmada filankəs oynamalıdır, filankəs oynamamalıdır. Qurban Qurbanova şərait yaratmaq lazımdır ki, öz bildiyini etsin. Çünki təcrübə göstərdi ki, o, bildiyini edəndə komanda uğura gedir".

İdmançının həm "Qarabağ" FK-na, həm milli komandamıza məşqçilik etməsinə gəlincə, İlqar Mikayıloğlu bunun müsbət amil olduğunu deyir.

"Klubun baş məşqçisi ölkə çempionatındakı bütün klubların oyununu istər-istəməz görür və özü üçün çox asanlıqla heyəti müəyyənləşdirə bilir. Əsas odur ki, onun enerjisi və yaşı buna imkan verir".

Jurnalist, məşhur futbol şərhçisi Asif Bağırov isə qeyd edir ki, Qurban Qurbanovun Azərbaycan milli komandasında nailiyyətlərə imza atması üçün ilk növbədə futbolçular yetişdirmək lazım gələcək:

"Qurban Qurbanov klub səviyyəsində Azərbaycan üçün misilsiz nailiyyətlər əldə edib. Amma yığma komanda bir qədər fərqlidir. Klubda işləyəndə futbolçular daim mütəxəssisin gözü önündə olur. Ən əsası, öz futbol fəlsəfəsinə uyğun olaraq istədiyi oyunçunu xaricdən də cəlb edə bilir. Yığmada isə bu imkan olmayacaq. Digər tərəfdən, son illərin klublarda işləyən bütün mütəxəssisləri yığmada heç də uğur qazanmayıblar. Konte misalı buna əyani sübutdur. Yuventus - əla, İtaliya millisi - biabırçılıq, Çelsi - super. Qvardiola, Mourinyo, Ançelotti və s. kimi məşqçilərin hələ də yığma komandalarda işləməməsini məhz imiclərini zərbə altına qoymaq istəməmələri ilə əlaqələndirirəm. Baxmayaraq ki, onların işləyə biləcəkləri millilərdə bir mövqeyə ən azı, 3 namizəd rahat tapılar. Biz isə məcburiyyətdən bir futbolçunu bir neçə mövqedə oynatmağa çalışırıq. Problem oyunçu kasadlığındadır. Burda isə məncə millimizə nə Qurbanov kömək edə bilər, nə də "Qurban olduğum". Çıxış yolunu burda axtarmaq lazımdır. Çox istərdim ki, proqnozlarımda yanılım, amma bu seçimdə yeganə düzgün addım Qurbanovun futbolumuzun psixologiyasını yaxşı bilməsidir. Bəlkə bunun hesabına adda-budda nəsə etmək mümkün oldu. Onu da planlı işin ayağına yox, sırf təsadüfə bağlamaq lazım gələcək. Çünki davamlı, qanunauyğunluq saya biləcəyimiz nəticələr əldə etmək üçün onillər lazımdır. Bəlkə o futbolçular hələ doğulmayıb, bəlkə o nailiyyəti əldə edəcək yığmamızın məşqçisi millinin hazırkı oyunçuları arasındadır?".

İdman jurnalisti Sənan Şəfizadənin fikrincə, "Qarabağ" futbol klubunun məşqçisinin milliyə cəlb edilməsi birbaşa ictimaiyyətin sifarişi idi:


"Hər bir məşqçi üçün milli komandanın məşqçisi olmaq şərəfdir. Qurban Qurbanov bu ada "Qarabağ"da qazandığı uğurlarına görə layiq idi. Yeni baş məşqçidən tez bir zamanda nə isə nəticə gözləmək düzgün deyil. Bu, peşəkarlıq baxımından da doğru olmazdı. Azərbaycan millisi Qurbanovla uğur qazanacaq. Ona çətin olacaq, amma qazanacaq. Əgər onun dediyi olmayacaqsa, o, bu işdə qalmayacaq. Azərbaycan millisinin 8-9 üzvü "Qarabağ" klubunun yetirməsidir. Yəni Qurban bəy onları tanıyır. Daha soruşulmayacaq ki, filankəsi niyə çağırmadınız. İndiki halda biz Qurbanova "Qarabağ"dakı kimi inanmalı və ətrafında birləşməliyik".

Qeyd edək ki, Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsi üzvlərinin qərarı ilə milli komandanın çalışdırıcısı vəzifəsinə təyin edilib.

Qurbanov növbəti üç tsikl üçün – 6 il müddətinə yığmanın baş məşqçisi təyin olunub. O, milli komanda ilə paralel “Qarabağ” və İcraiyyə Komitəsindəki işini də davam etdirəcək.

Qeyd edək ki, məşqçilik karyerasına 2006-cı ildə başlayan Qurbanov “Neftçi” (2006-2007) və “Qarabağ”ı (2008-dən) çalışdırıb. Bunadək futbolçu karyerasında bir sıra klubların formasını geyinən sabiq hücumçu millinin heyətində keçirdiyi 68 oyunda 14 qol vurub. O, yığma tariximizin ən yaxşı bombardiridi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.