İki aya 7 milyon yığan müğənni: "Acqarına sənət nümayiş etdirə bilmərəm"
6-11-2017, 11:11
Son iki ayda "Düşün məni" mahnısı ilə məşhurlaşan Elvin Mirzəzadə şou-biznesdə gündəmi ələ alıb. O, qısa zaman kəsiyində Azərbaycanın ən məşhur müğənnilərinin indiyə qədər çatmadığı rekorda imza atıb. Belə ki, Elvin Mirzəzadənin ifa etdiyi "Düşün məni" mahnısı 2 aya "Youtube" kanalında 7 milyondan çox izlənilib. Rekord vuran müğənni bunun sirlərini Sputnik Azərbaycan-a danışıb.
— Elvin bəy, müğənnilik sizin üçün nə deməkdir: maddi tələbatı ödəmək üçün məşğuliyyət, yoxsa yaradıcı iş?
— Müğənnilik istəklə olmur. Allahın vergisi olmalıdır. Mən Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişəm. Etiraf edim ki, universitetdə əlaçı tələbə olmamışam. Bəlkə də ixtisasımı sevib, yaxşı təhsil alsaydım, indi yol polisi olacaqdım. Mən isə başqa yolu seçdim. Təbii ki, 26 yaşlı gənc olaraq ailədən pul ala bilmərəm. Həm də artıq gələcəyimi qurmalıyam. Ona görə də, mən bu gün ifaçılıqdan pul qazanıram. Amma bu o demək deyil ki, ancaq pula görə oxuyuram. Təbii ki, istəyirəm konsertlərim olsun, konsertə yüzlərlə, minlərlə fanatım gəlsin. Doğrusu, hədəfim budur. Onu da qeyd edim ki, Azərbaycanda müğənnilərin qazanc mənbəyi toylar və məclislərdir. Biz də məcburuq bu yollarla pul qazanaq. Bir sözlə, mən acqarına sənət nümayiş etdirə bilmərəm. Məcburam müxtəlif məclislərdə çıxış edib pul qazanım.
— Elvin Mirzəzadə karyerasını incəsənət sahəsində quracaq, yoxsa başqa sahədə də özünü sınayacaq?
— Hələ ki, məqsədim incəsənətdir. Amma tək bununla kifayətlənən deyiləm. Qarşıma qoyduğum məqsədlər böyükdür. Sadəcə hər şeyi zamanın axınına buraxmışam. Heç vaxt ümidsizliyə qapılmaq olmaz. Mən 2011-ci ildə "Yeni ulduz" layihəsində sözün əsl mənasında parladım. Sonra "Yeni ulduz" bitdi. Bir müddət sonra əsgərliyə getdim. Bir il ərzində Elvin Mirzəzadə unuduldu. Geri dönəndən sonra işsizlik və maddi çətinliklər məni sıxmağa başladı. Özümə söz verdim ki, hər şeyə yenidən başlayacam. Öncə Qəbələdə restoranda ifa edirdim. Daha sonra problemlər yarandı və mən oradan çıxdım, Bakıya geri döndüm. Bir gün dostlarımla bir klubda oturmuşdum. Orada gitara ilə canlı ifa etdim. Klubun müdiri məni bəyəndi və günü 25 manata oxumağa dəvət etdi. Təbii, işsiz olduğum üçün razılaşdım. Bir neçə ay sonra başqa kluba günü 40 manata dəvət aldım. Daha sonra günü 80 manata işlədim. Sonralar daha bahalı məkanlarda səhnəyə çıxmağa başladım. Bu müddət ərzində yeni mahnılar da yazdırdım. Doğrudur, tanınmadığım üçün mahnılarım elə də dinlənmədi. Amma "Düşün məni" rekordları qırdı.
— "Düşün məni" 2 aya 7 milyonluq rekordu qırıb. Necə oldu ki, bu mahnını oxudunuz?
— May ayının sonları idi. Yenə də dostlarımla kiçik kafedə oturmuşduq. 16 yaşlı bir oğlan "Düşün məni" mahnısını oxudu. Çox bəyəndim və müəllifin kim olduğunu soruşdum. Elməddin Səfərli adlı 18 yaşlı gəncin mahnısı olduğunu dedilər. Elməddindən mahnını aldım. Beləliklə, mahnını oxuyub "Youtube"-a yerləşdirdim. 9 günə yarım milyon, 11 günə 1 milyon baxış oldu. Bir aya 5 milyon, iki ayın tamam olmasına az qalıb və 7 milyon dinlənib. Elə müğənni var ki, illərdi səhnədədir, heç ümumi mahnılarına baxış bu qədər deyil.
— Bu mahnıdan sonrakı məşhurluq sizə pul qazandırıb?
— Əlbəttə. Çox məşhurlaşmışam. Televiziyalar, radiolar özləri artıq məni dəvət edir, mahnımı efirlərdə səsləndirirlər. Eyni zamanda, toylara dəvət edənlər çoxalıb. Hətta Yeni il gecəsi Almaniyada konsert vermək təklifi də almışam. Eyni zamanda, Gürcüstandan konsert təklifi var. Türkiyə və Qazaxıstan ifaçılarından duet təklifləri gəlib.
— Deyilənə görə, müğənnini önə çəkən sponsordur. Sizə sponsorluq təklifi ediblər?
— Ətrafımda mənə təmənnasız kömək etmək istəyən dostlarım çoxdur. Sadəcə, mən istəmirəm. Hər şeyi zamana buraxmaq istəyirəm. Pul hər kəsə lazımdır. Şou-biznesə pul qoymaq lazımdır. Amma o pulu kim verir, nə üçün verir və sabah mən insanların gözünə düz baxa biləcəyəmmi kimi suallar yaranır. Çox şey puldur, amma hər şey deyil. Mənim üçün şərəf, qeyrət önəmlidir. Qurunun oduna yaş da yanır. Bəzi sponsorlu müğənnilərə görə biz də sosial şəbəkələrdə tənqid olunuruq.
— Bir mahnı ilə iki aya qazanılan məşhurluğun cəmi iki ay da ömrü ola biləcəyindən qorxmursuz?
— Unudulmaq… Qismətimdə varsa, daha da seviləcəm və uğur qazanacam. Allah qismətimə nə yazıbsa, o da olacaq. Hər şeyi zamana buraxmışam.