Konstitusiya Məhkəməsi: Konstitusiyadakı “hər kəs” ifadəsi nəinki vətəndaşları, eyni zamanda əcnəbiləri özündə ehtiva edir

11-11-2017, 09:31           

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbəri Rauf Quliyevin Trend-ə müsahibəsi

- Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 22 il ötür. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin nümayəndəsi kimi fikirləriniz maraqlıdır. Bu əlamətdar günün bizim üçün əhəmiyyətini hansı formada ifadə etmək mümkündür?

- Azərbaycan xalqının israrlı tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtmış Ulu Öndər Heydər Əliyev müstəqil dövlətin ən mühüm amillərindən biri olan yeni qanunvericilik sisteminin yaradılmasına böyük diqqət yetirdi. Mövcud qanunlar müasir, demokratik dəyərlər və ideyaların tələblərinə artıq cavab vermirdi. İslahatlar təxirəsalınmaz xarakter alıb və bu islahatları xalqın iradə ifadəsi hesab edilən Konstitusiyanı qəbul etmədən reallaşdırmaq mümkün deyil.

22 il bundan əvvəl Ümummilli Lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradılıb və bu Komissiyanın gərgin əməyi nəticəsində Əsas Qanunun layihəsi hazırlanıb. Konstitusiya layihəsi ilk dəfə 1995-ci il oktyabrın 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olunub və cəmiyyətin demək olar ki, bütün təbəqələri fikir mübadiləsinə cəlb edilib. Əsaslı müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib.

Konstitusiya qəbul edildiyi zaman üçün kifayət qədər mütərəqqi sənəd olmasına baxmayaraq, cəmiyyətin inkişafı, yeni-yeni münasibətlərin yaranması müvafiq islahatların aparılmasını, o cümlədən Əsas Qanunun təkmilləşdirilməsini şərtləndirib. Bu məqsədlə 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərində ümumxalq səsvermələri - referendumlar keçirilərək, Konstitusiyanın mətninə bir sıra mühüm əlavə və dəyişikliklər edilib.

Məlum olduğu kimi, son referendum 2016-cı il sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilib. Referenduma çıxarılmış əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının müdafiəsi təminatlarının artırılması, daha da səmərəli dövlət idarəçiliyi mexanizminin formalaşdırılması, həmçinin icra intizamının, iqtisadi idarəetmənin təkmilləşdirilməsini nəzərdə tutub.

- Qeyd etdiyiniz kimi, dövrün və yeni demokratik dəyərlərin tələblərinə uyğunlaşmaq məqsədilə Konstitusiyada əks olunmuş müddəalar zaman-zaman xalqın iradəsi ilə əlavə və dəyişikliklərə məruz qalıb. Bəs bütün bu proseslərdə Konstitusiya Məhkəməsinin rolu hansı formada xarakterizə olunur?

- Əsas Qanunun dövlətin ali məqsədlərinin təmin olunması - insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi üzrə tətbiqi fəaliyyətində, təbii ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi özünəməxsus rol oynayır. Bildiyiniz kimi, Konstitusiya Məhkəməsi 1998-ci ildə yaradılıb, səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır və fəaliyyətini Konstitusiyanın aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurur.

Konstitusiyanın müvafiq müddəalarına uyğun olaraq, Azərbaycan Respublikasının Ali Qanununa dəyişiklik yalnız referendum yolu ilə edilə bilər. Konstitusiyanın 153-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti təklif verdikdə Konstitusiya Məhkəməsinin rəyi alınır.

Eyni zamanda qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi fəaliyyətinin xarakterinə uyğun olaraq icraatına qəbul edilmiş sorğulara, müraciətlərə və şikayətlərə baxır. Bu baxış isə yalnız məsələnin mahiyyəti çərçivəsində mümkündür.

Verdiyiniz sualın kontekstində qeyd etmək istərdim ki, Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri Konstitusiyanın və qanunların şərhidir. Bu cür rəsmi şərh Konstitusiyada əks olunan normaların təcrübədə daha düzgün tətbiq olunmasına imkan yaradır.

Fəaliyyətə başladığı gündən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 363 qərar qəbul edilib. Qəbul edilmiş qərarların hər birinin məzmunu ictimaiyyət üçün tam açıqdır və Məhkəmənin rəsmi internet səhifəsindən qərarların tam mətnini əldə etmək olar. Bu qərarlara diqqət yetirsək, aydın görmək olar ki, toxunulan məsələlərin hər biri dövrün və ən əsası da Konstitusiyada əks olunmuş prinsip və təminatlarına müvafiq olaraq qəbul edilməklə, ictimai münasibətlərin tənzimlənməsi sahəsində yekun-həlledici xarakterə malikdir.

- Konstitusiya şikayətləri əsasında qəbul edilmiş qərarların say nisbəti nə qədərdir?

- Məhkəmə qərarlarının təqribən 40%-ə yaxını konstitusiya şikayətləri əsasında qəbul edilmişdir. Bu da təbiidir, çünki Konstitusiyamızın 130-cu maddəsinin V hissəsinə əsasən hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər. Lakin Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmə tərəfindən baxılmış işin faktiki hallarını araşdırmır.

Artıq qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsinə şikayət vermək Əsas Qanunda təsbit edilmiş hüquqdur. Bu hüquq 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə və ümumxalq səsverməsi - referendum nəticəsində qəbul edilmiş mühüm konstitusiya təminatıdır. Həmin təminat bir çox mütərəqqi Avropa, Amerika və Asiya ölkələrinin konstitusiyalarında nəzərdə tutulub və bizim hüquq sisteminin nə qədər qabaqcıl, demokratik və müasir olduğunun vacib amillərindən biridir.

Konstitusiyanın müvafiq maddəsində işlədilən “hər kəs” ifadəsi nəinki vətəndaşları, eyni zamanda əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri özündə ehtiva edir.

Burada başqa bir məqama da diqqət yetirilməlidir. Söhbətin əvvəlində qeyd etdiyim kimi, hər bir şəxs qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə aktlarından şikayət verə bilər. Lakin bu elə anlaşılmamalıdır ki, şəxs istədiyi məsələyə dair şikayətlə Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Konstitusiya şikayəti yalnız və yalnız həmin aktların şəxsin Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarını aşkar pozduğu hallara münasibətdə mümkündür.

- Sonuncu sualım İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərlə və Konstitusiya Məhkəməsinin Avropa Məhkəməsinin presedent hüququna istinadlarla bağlıdır.

- Bildiyiniz kimi, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə uyğun olaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr kimi hüquq sisteminin ayrılmaz tərkib hissəsidir. Həmçinin prosessual qanunvericiliyə uyğun olaraq hər bir vətəndaş öz hüquqlarını beynəlxalq məhkəmələrdə də təsdiq və müdafiə edə bilər.

Avropa Məhkəməsinin fəaliyyətinin hüquqi əsasını təşkil edən müvafiq Konvensiya Azərbaycanda kifayət qədər yüksək hüquqi statusa malikdir, qanunvericilik sisteminin iyerarxiyasında isə hüquqi qüvvəsinə görə yalnız Konstitusiya və referendumla qəbul edilmiş aktlardan geri qalır. Bütün bunlar hüquqi reallıqdır və vətəndaşlarımızın hüquqlarının dövlətin təmin etdiyi bütün səviyyələrdə qorunmasının göstəricisidir. Mən “dövlətin təmin etdiyi” ifadəsini bir daha təkrar etmək istəyirəm, çünki Avropa Məhkəməsinə müraciət etmək hüququ Azərbaycan vətəndaşı üçün məhz Azərbaycan dövləti tərəfindən, müvafiq Konvensiyaya qoşulmaqla və digər hüquqi-diplomatik addımlarla təmin edilib.

“Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamının 4-cü bəndində Konstitusiya Məhkəməsinə və Ali Məhkəməyə tövsiyə edilib ki, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının əksəriyyətində Avropa Məhkəməsinin presedentlərinə istinadlar edilib.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əksini tapan hüquqi mövqelər ilk növbədə Əsas Qanunun prinsip və dəyərlərinə əsaslanır və onlar öz növbəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilmiş bir çox əsas prinsiplərlə üst-üstə düşür. Bununla da Konstitusiya Məhkəməsinin Plenumu daha əsaslandırılmış qərar qəbul etmək məqsədilə həm adıçəkilən Konvensiyaya, həm də insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində digər çoxtərəfli beynəlxalq müqavilələrə istinadlar edilməsinə xüsusi önəm verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.