Siyavuş Novruzovun saxta veteran vəsiqələrinə dair açıqlaması rezonans doğurdu

11-11-2017, 10:10           
Siyavuş Novruzovun saxta veteran vəsiqələrinə dair açıqlaması rezonans doğurdu
Rey Kərimoğlu: “Eləsi var ki, telefon və ya işıq dirəyi basdırıb, cibində veteran vəsiqəsi gəzdirir”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun “Yeni Müsavat”a verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlər rezonans doğurub.

Deputatların maaşlarının artırılması ilə bağlı gündəmə gələn YAP funksioneri fikirlərinə aydınlıq gətirmək üçün qəzetimizə açıqlamasında Azərbaycanda 90 min nəfərin cibində müharibə veteranı vəsiqəsi gəzdirdiyini bildirib.

Onun fikirləri birmənalı qarşılanmamaqla yanaşı, saxta müharibə veteranı statusu qazananların məsələsini bir daha gündəmə gətirib.

Deputatın müzakirələrə səbəb olan açıqlamasını təqdim edirik: “Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.

Əslində S.Novruzov fikirlərində bəzi həqiqətləri dilə gətirib. Ölkəmizdə 90 min müharibə veteranı statusu qazananların buna necə nail olması suallar doğurur.

“Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu dedi ki, Azərbaycanda rəsmən 49 minə yaxın müharibə veteranı var. Bura əsasən Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin (DTX) tərkibində olan döyüşçülər daxildir: “Digər tərəfdən əgər müharibə veteranlarının sayı şişirdilibsə, bunun günahı o zamankı müharibə batalyonlarında deyil, aidiyyəti strukturların daxilində olan komissiyalardadır. Məhz onların rüşvətxorluğu, yaratdıqları korrupsiya hallarına görə mövcud vəziyyət yaranıb. Bəli, mən də razıyam, müharibə veteranlarının sayında şişirdilmə var. Dəfələrlə bununla bağlı müraciətlər etmişik. Hətta cənab nazirimiz Zakir Həsənov Müdafiə Nazirliyinə rəhbərlik etməyə başlayanda ona açıq məktub yazmışam. O məktub bu dəqiqə də saytlarda var. Orada da veteranların vəsiqələrini ala bilməmələrini yazmışam. Həqiqi veteranlar kənarda qalıb, dələduzlar, yaramazlar pul verərək, arayış alıb müharibə veteranı statusu daşıyırlar. Bu da yenə deyirəm, 90 min deyil, 49 min civarındadır. Doğrudur, o vaxtlar batalyonlarda sənədləşdirmədə problemlər olub. O zaman ordu təzə yaranırdı, dövlət yeni qurulurdu, onun üçün də belə problemlər var idi. Bunu heç kəs inkar etmir. Amma faktdır ki, bu gün bəzi şəxslər rüşvət vermə yolu ilə veteran statusları alıblar. Məsuliyyət isə dövlət qurumlarının boynundadır. Zəhmət çəkib əvvəlcə o rüşvətxorluğun qarşısını alsınlar. Komissiya yaradırlar, nə üçün ora müharibə veteran təşkilatlarının, Qarabağ qazilərinin, şəhid ailələrinin nümayəndələrini daxil etmirlər? Belə olsa, şəffaflıq yaranacaq, əsl həqiqətlər üzə çıxacaq. Şəffaflıq olmadığından belə problemlər yaranır. Siyavuş müəllimin Əfqanıstan müharibəsinin iştirakçıları barədə dediklərinə nəsə deyə bilmərəm. Bilmirəm ki, sovet qoşunlarından orada nə qədər iştirak edib. 49 min müharibə veteranının içərisində bir neçə mini şişirdilmə ola bilər. Onun hamısı haqqında da eyni sözü demək olmaz. Lap beş mini şişirdilmə ola bilər, amma yerdə qalanları döyüşüblər axı. 12 min civarında Qarabağ əlilli var, ondan da bir az çox şəhid ailəsi var. Bütövlükdə hesablayanda döyüşçülərin sayını təxmini 60 min rəqəmində qeyd etmək olar. Veteran statusunu və digər arayışları verən Siyavuş müəllimin təmsilçisi olduğu iqtidarın qurumlarıdır. Həqiqi döyüşən insanlar var ki, bu günləri də veteran statusu ala bilmirlər. Siyavuş Novruzov məsələyə toxunmaq istəyib, lakin rəqəmləri qarışdırıb. Biz ”Qarabağ Qazilər" Birliyi və eləcə də, digər təşkilatlar səviyyəsində bir neçə dəfə onunla görüşmüşük. Siyavuş müəllim ictimai birliklər, veteran təşkilatları üzrə Milli Məclisdə fəaliyyət göstərən komissiyadadır. Biz görüşlərdə hər kəsə aid olan məsələni daim qaldırmışıq. O vaxt veteranlar üçün qaz, işıq, suda nəzərdə tutulan güzəştlər ləğv ediləndə müavinət təyin edildi. Görüşdə bunun artırılmasının vacibliyi də önə çəkildi. Siyavuş müəllim çox güman ki, bu insanlara dəstək naminə bu fikirləri deyib, lakin rəsmi rəqəm 90 min deyil. Görünür ona kimsə rəqəmləri bu şəkildə verib. Bunu aidiyyəti qurumlardan da öyrənə bilərsiniz".

R.Kərimoğlu döyüşlərdə az insanın iştirakından da söz açdı: “Ümumiyyətlə, Qarabağ döyüşlərində açıq hərbi əməliyyatlarda iştirak edən insan az olub. Amma cəbhəyə ezamiyyətə gedən, birbaşa əməliyyatda iştirak etməyən xeyli insana da veteran statusu verilib. Məsələn, ezamiyyətə olan polislər olub ki, cəbhə xəttindən 30-40 kilometr aralıda pasport rejimini yoxlayıb. Və ya Bakıdan və digər rayonlardan göndərilən ərzaq yardım maşınlarını müşayiət ediblər. Bu gün onlar da veterandır. Bəli, Qarabağ döyüşündə polislərimizin xüsusi xidməti olub. Döyüşüblər, şəhid olublar, Qarabağ əlili olanları var. Amma ezamiyyətə gedib, cəbhə xəttindən 40 kilometr kənarda xidmət keçənlərlə onlar arasında fərq qoyulmalıdır. Biri gedib Ağdamın həmin vaxt heç mərmi üzü görməyən ərazisində telefon və ya işıq dirəyi basdırıb. O da indi cibində veteran vəsiqəsi gəzdirir. Axı o, döyüş görməyib! Bu məsələlər ciddi şəkildə araşdırılmalıdır, bir təsnifatı olmalıdır. Döyüşən və arxa cəbhədə xidmət edənlər bilinsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.