Fəzail Ağamalıdan gündəmi silkələyəcək sensasion açıqlamalar - “Millət vəkili öz övladını xilas etmək üçün...”

15-11-2017, 12:44           
Fəzail Ağamalıdan gündəmi silkələyəcək sensasion açıqlamalar - “Millət vəkili öz övladını xilas etmək üçün...”
Musavat.com Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə söhbət edib.

Bu ilin aprelindən səhhətindəki problemlərlə əlaqədar tez-tez xaricə gedərək müalicə alan və mətbuata çıxmayan, yalnız üç ay öncə 70 illik yubileyi ilə bağlı qəzetimizə geniş müsahibə verən Fəzail bəy artıq ölkəyə qayıdıb. Deputatla son aylarda baş verən və mətbuata yansıyan hadisələrlə bağlı söhbət etdik:

- Fəzail bəy, Allah şəfa versin, artıq səhhətiniz düzəlib. Mətbuata çıxmadığınız son 7 ayda barənizdə ən müxtəlif iddialar səsləndi...

- Keçən dəfə ad günümlə bağlı sizə verdiyim müsahibədə mətbuatda olmadığım 4-5 aya dair fikirlərimi dəyərli oxuculara çatdıra bildik. Son üç ayda isə bir proseduradan keçməli idim və ona görə də sentyabrın axırlarında xaricə getdim. Artıq vətəndəyəm, hər şey keçmişdə qaldı. Özümü indi yaxşı hiss edirəm. Gündəmdə olmadığım son 7 ayda başlıca niyyətim dincəlmək idi. Sonradan müalicəyə ehtiyac duydum. Hər şey müsbət nəticə ilə sonuclandı. Bundan sonra siyasi proseslərdə əvvəlki kimi yenə də aktiv olacam. Bəzi mətbuat orqanları var ki, onlarla dostluğumu bundan sonra da qoruyacam.

- Ölkə daxilində gedən prosesləri izləyirdiniz?

- İmkan daxilində izləyirdim. Yanında telefonun varsa, dünyanın istənilən yeri ilə əlaqə qurmaq, xəbərləri izləmək imkanın var. Bu baxımdan ölkəmdə gedən prosesləri, baş verən hadisələri hər an izləməyə çalışırdım.

- Hazırda əsas gündəmdə olan məsələlərdən biri də gələn ilki prezident seçkiləridir. Artıq bəzi iddiaçıların adları məlumdur. Bu şəxslər və bir il öncədən başladılan seçkilərlə bağlı müzakirələr haqqında nə deyə bilərsiniz? Hakimiyyətə güclü alternativ yarana bilərmi?

- Əslində bu Azərbaycanda demokratiyanın göstəricilərindən biridir. Hər bir ölkə vətəndaşı ona verilmiş hüquqdan istifadə edərək, iddiasını ortaya qoyur. Amma niyyət ifadə etmək başqa, reallıq isə tam başqadır. Gedən proseslər onu göstərir ki, prezident seçkilərində özünü sınamaq istəyənlər yetərincə olacaq. Lakin bunların Azərbaycanda xoşagəlməz hadisələrə rəvac verməyəcəyinə ümid edirəm. Qarşıdan gələn seçkilərdə yeganə şansı, seçilmək imkanı olan siyasətçi, dövlət xadimi kimi İlham Əliyevi görürəm. İlham Əliyev bu gün Azərbaycanda böyük nüfuza malikdir. Əhalinin mütləq əksəriyyəti İlham Əliyevi dəstəkləyir. Ölkə başçısı aparmış olduğu siyasətlə, ölkə daxili və xarici siyasətdə gördüyü işlər, bütövlükdə onun fəaliyyəti xalqımızın etimad bəslədiyini sübut edir. Xalqımızın Azərbaycanı necə görmək istəkləri İlham Əliyevin fəaliyyətində birbaşa görünür. Faktiki olaraq, cənab prezidentin xalqımızın görmək istədiklərini reallaşdıra bilir. Bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi beynəlxalq nüfuza malikdir. Bütün bunlar 2003-cü ildən bu yana ölkə başçısının söykənmiş olduğu Heydər Əliyev siyasətinin təməl prinsipləri ilə birbaşa bağlıdır. Buna alternativ fikir daşıyıcısı, siyasətçi, seçkilərdə uğur qazanacaq bir şəxsi görmürəm.

“İlham Əliyev amilinin olduğu bir zaman kəsimində tamamilə əminəm ki, Mehriban xanım prezidentlik uğrunda marafona qoşulmayacaq”

- Fəzail Ağamalı bu dəfə də namizəd olmayacaq?

- Biz partiya olaraq, öz ənənələrimizə sadiq qalacağıq. Növbəti ildəki seçkilərdə də Azərbaycana rəhbərlik edəcək yeganə layiqli namizəd kimi İlham Əliyevi görürük. Partiya olaraq, onun namizədliyini müdafiə edəcəyik.

- Amma belə iddialar səslənir ki, seçkilərdə hakimiyyət daxilindən sürpriz bir namizəd çıxa bilər, xüsusilə, bu iddialar I vitse-prezident təyinatından sonra daha çox səslənir...

- Bu yanaşmalar yetərincə ciddi əsaslara malik deyil. Təbii ki, Mehriban Əliyeva artıq güclü siyasətçi və dövlət xadimi kimi böyük nüfuz qazanıb, istər ölkə daxilində, istərsə də xaricində. Lakin unutmaq olmaz ki, Azərbaycan Konstitusiyası İlham Əliyevə yenidən namizədliyini irəli sürmək və seçilmək hüququ verir. Bu baxımdan güman etmirəm ki, İlham Əliyev namizədliyindən imtina etsin. İlham Əliyev amilinin olduğu bir zaman kəsimində tamamilə əminəm ki, Mehriban xanım prezidentlik uğrunda marafona qoşulmayacaq. Burada Mehriban xanımın fəaliyyətini bəyənən xoşməramlı insanların olması ilə bərabər, təbii ki, heç də xoş olmayan niyyətləri olanlar da bunu qabarda bilərlər. Çünki bir komanda daxilində iki nəfərin qarşı-qarşıya qoyulması əlbəttə doğru deyil. Mehriban xanımın Azərbaycan xalqı içərisində böyük rəğbətə və nüfuza malik olduğunu hər kəs bilir.

- İddiasını irəli sürənlər sırasında 10 il öncə Milli Məclisdə sizinlə əlbəyaxa olan və bundan sonra həbs edilən, ardınca da, xaricə qaçan Hüseyn Abdullayev də var. Onun namizədliyi barədə nə deyə bilərsiniz?

“Hüseyn Abdullayevə xalqımız tərəfindən etimad göstərilmə ehtimalı sıfıra bərabərdir”

- Əgər qanunlarımız imkan verirsə, o da iddiasını irəli sürə bilər. Eyni zamanda, onun hərəkətlərində və davranışlarında hər hansı bir cinayət tərkibi yoxdursa, bu proseslərə qoşula bilər. Onun bu niyyətini mən top-tüfənglə qarşılamaq niyyətində deyiləm. Amma o əgər seçkilərə qoşulsa, öz namizədliyini irəli sürüb qeydə alınsa, namizəd kimi seçki prosesində iştirak etsə, ona xalqımız tərəfindən etimad göstərilmə ehtimalı sıfıra bərabərdir. Tam məsuliyyətlə deyirəm ki, Hüseyn Abdullayevin nə intellekti, nə təcrübəsi, nə də Azərbaycan xalqı içərisində olan nüfuzu imkan vermir ki, o olduqca ciddi və məsuliyyətli bir vəzifəni özündə ehtiva edən prezidentlik kürsüsünə sahib ola bilsin. Əminəm ki, əgər Hüseyn Abdullayev qeydə alınsa, namizədlər sırasında ən az səs alan olacaq.

- Ayaması “Qusqa” olan H. Abdullayevdən başqa, digər bir mühacir - Milli Məclisin sabiq rəhbəri Rəsul Quliyev də iddiaçıdır...

- Rəsul Quliyev bundan əvvəlki seçkilərdə də öz iddiasını irəli sürüb, iştirak etmək niyyətini ortaya qoysa da, o, Amerikadan Azərbaycana gəlib çıxa bilmədi. Bir dəfə cəhd etdi, onda da Azərbaycanın hava məkanından geri qayıtdı. Hətta ölkəmizin hava limanına belə daxil ola bilmədi. Digər tərəfdən Azərbaycan qanunlarına görə, ölkə prezidentliyinə namizəd o şəxslər ola bilər ki, son 10 ildə Azərbaycanda yaşasın. Rəsul Quliyev isə 20 ildən çoxdur ölkədə yaşamır. Azərbaycan qanunları Rəsul Quliyevin prezident seçkilərinə qatılmasına imkan vermir. Eyni zamanda, Rəsul Quliyev və Hüseyn Abdullayev haqqında müəyyən cinayət işi açılıb və onların Azərbaycana gəlişi barələrindəki cinayət işinə aydınlıq gətirilməsi ilə başlaya bilər. Ya bu cinayət işi üzrə istintaqın aparılması, ya da cinayət işinin ləğvi aktualdır. İndiki vəziyyətdə isə onlar barəsindəki cinayət işinin geri götürülməsi perspektivi görünmür. Bir də iddiaçılar barəsində onu deməyi lazım bilirəm ki, iddiaçıların birinin digərinə qarşı etik normadan kənara çıxmasını qəbul etmirəm, buna münasibətim son dərəcə pisdir. İndiki iqtidara təhqir, söyüşlə fikir ifadə etmək prezident arzusunda olan şəxslər üçün qəbul edilən deyil. Namizəd özünün yüksək intellekti, milli-mənəvi dəyərlərə söykənərək özünün əxlaqı ilə seçilməlidir. Xalq da bu cür münasibəti pis qarşılayır. Belə şəxslərin iddiasını irəli sürmələri belə yersizdir. Bu cür təhqirlə, əxlaqsız fikirlərlə hakimiyyət uğrunda mübarizə aparmaq bütün normalara ziddir. Öz rəqiblərinə qarşı əxlaqı münasibətlərini yüksək səviyyədə sərgiləyən ölkə başçısı bu baxımdan nümunədir. Namizədlər bu nümunəni özləri üçün örnək götürməlidirlər.

- Ölkədə olmadığımız vaxt barənizdə ən müxtəlif iddialar yayıldı ki, onlardan biri daha ciddi idi. Noyabrın 3-də İstanbulda keçirilən əməliyyat zamanı həbs edilən Rövşən Lənkəranskinin qardaşı, sizin də qohumunuz olan Namiq Canıyev üçün Türkiyəyə getdiyiniz deyilir...

- Mən Rövşən Lənkəranskinin yas mərasimində iştirak etmişəm, fotolarım da var. Burada qəbahət heç nə görmürəm. Qohum kimi onun yasında iştirakı borc bildim. Amma onun qardaşı ilə bağlı Türkiyədə olmağım kökündən yanlışdır. Bunun heç bir əsası yoxdur. Mən Türkiyədə cəmi bir neçə gün qalıb, oradan başqa ölkəyə getmişəm. Sadəcə fantaziyası geniş olan, məni istəməyən ayrı-ayrı qüvvələr bu cür yanlış fikirləri mətbuata ötürməklə haqqımda xoşagəlməz fikir formalaşdırmağa çalışırlar. Hətta bəzi saytlar ölüm xəbərimi belə aprel ayında ölkəyə yaydılar. Halbuki o zaman istirahətdə idim. Bu cür insanlara demək istəyirəm ki, 70 yaşlı bir kişinin xəstələnməsi əcəba, qəbahətdirmi? Burada qeyri-adi nəsə ola bilərmi? Mən də insanam, səhhətimdə problemlər yarana bilərdi və yarandı da. Barəmdə yayılan xəbərləri, iddiaları birmənalı şəkildə təkzib edirəm.

“Azərbaycan qanunları Rəsul Quliyevin prezident seçkilərinə qatılmasına imkan vermir”

- Ötən ay oğlunuzun avtomobili ilə adam vurduğu barədə xəbərlər də yayılmışdı...

- Bu xəbərlər məni daha çox narahat etdi, böyük təəssüf hissi yaratdı. Guya oğlum Yalçın maşınla kimisə vurub. Sonradan bəlli oldu ki, burada çox ciddi yanlışlığa yol verilib. Qəza törədənin yaşı və maşınla bağlı məlumatlar yanlış idi. Həmin vaxtı Yalçının oğlu, yəni nəvəm Türkiyədə universitetə qəbul olmuşdu və Yalçın da onun işləri ilə bağlı Türkiyədə idi. Bunu edən kim idi? Həmkarım Fəzail İbrahimlinin oğlu idi. Onun oğlu həqiqətən qəza törədib, adam vurub. Bunlar olan şeydir. Allah hər kəsdən uzaq eləsin. Kim indi bundan sığortalanıb? Yaxşı ki, həmkarımın oğlu vurduğu adamı xəstəxana aparıb, bədbəxt hadisə də baş verməyib. Oğlumun adını bu cür hallandırmaq məndə çox təəssüf hissi yaratdı. Araşdırmalarımız nəticəsində məlum oldu ki, bunu edən Fəzail İbrahimli olub. Oğlum Yalçın olduqca ciddi həyat tərzi keçirir. Siz bir jurnalist kimi ölkəmizdəki fəal, tanınan insanların mütləq əksəriyyətinin hətta ailə üzvləri haqqında belə məlumatınız var. Digər oğlum Elçin haqqında bəzi məlumat hər kəsdə ola bilər. Çünki mətbuata çıxıb, müsahibələr verib. Amma Yalçın qapalı bir həyat keçirir. Onu kim tanıya bilər? Bunu ancaq tarix fakültəsini bitirən, tarix üzrə elmlər namizədi olan həmkarım Fəzail İbrahimli tanıya bilər. Öz oğlunu Yalçının adı ilə dəyişdirərək, düşünülmüş şəkildə övladımı gündəmə gətirmək çox böyük namərdlikdir. Bu namərdlik məni narahat etdi. Mən heç bir halda belə etməzdim.

“Rövşən Lənkəranskinin qardaşı ilə bağlı Türkiyədə olmağım kökündən yanlışdır”

Baxın görün, millət vəkili öz övladını xilas etmək üçün başqa bir millət vəkilinin övladını nahaqdan gündəmə gətirirsə, onda ayrı-ayrı jurnalistlərin Fəzail Ağamalı haqqında demiş olduqları fikirlərə hansı qınağı edə bilərəm? Bu cəmiyyətin bir bəlasıdır. Çox yaxşı ki, bu cür hallar epizodikdir. Jurnalistlər içərisində də bu cür yanlış fikirləri gündəmə gətirmək halları olduqca məhduddur. Həmin portala məlumat klinikadan ötürülüb. Görünür, onların arasında əməkdaşlıq var. Portal da məsələni ən azından, dəqiqləşdirə bilərdi. Fəzail Ağamalı və onun ailəsi haqqında istənilən jurnalistlə məlumatı dəqiqləşdirmək çətin deyildi. Təəssüf ki, bu olmadı. Heç bir şəxs üçün belə halın yaşanmasını istəmirəm. Mətbuat unutmamalıdır ki, hər hansı bir yanlış fikir ailədə stress, problemlər, əsəbilik yaradır.

- Fəzail İbrahimli ilə üz-üzə gələndə ilk sözünüz nə olacaq?

- Onunla hələ üzləşməmişəm. Sadəcə olaraq ona nə deyim? Görünür, bu onun həyat tərzidir. Fəzail İbrahimli üçün kiminsə kölgəsinə sığınmaq halları adi bir şeydir. Hər halda o iki gün ərzində təkzib edə bilərdi ki, gedən fikirlər yanlışdır. Amma bu cəsarəti özündə tapa bilmədi. Özlərinin dilindən dedikləri kimi, mətbuata da deyə bilərdi ki, həmin şəxs təsadüfən yıxılıb, oğlum da götürüb xəstəxanaya aparıb. Bir söz deyim, düz yolda ayağı ilişib yıxılan adam xəstəxanalıq olar? Bu təkzibi də vermədi, sadəcə susdu. Vurulan şəxs nə üçün şikayətçi olub-olmadığı məsələnin başqa tərəfidir. İstəməzdim ki, onun oğluna da hər hansı bir ciddi problemlər yaransın. Onunla üz-üzə gələndə düşünürəm ki, nə deyəcəm.

“Millət vəkili öz övladını xilas etmək üçün başqa bir millət vəkilinin övladını nahaqdan gündəmə gətirirsə...”

- İndiyə qədər onunla aranızda hər hansı bir soyuqluq olubmu?

- Xeyr. Onunla məsafəli münasibətdə olmuşuq. Vaxtı ilə eyni kafedrada fəaliyyət göstərmişik. Oradan bir-birimizi tanımışıq. Bu məsafəli münasibətin ciddi əsasları var, biz tamam fərqli insanlarıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.