Təhlükə: Türkiyə bu məqamlarda ciddi səhv edir - Politoloq

18-11-2017, 10:32           

Türkiyənin ABŞ və Qərb dövlətləri ilə münasibətlərinin pozulmasının səbəbləri ilə bağlı politoloq Qabil Hüseynlinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Türkiyənin Rusiya ilə yaxınlaşması, Qərblə NATO-dan uzaqlaşmağa başlaması nəyə səbəb ola bilər?

- Bu, çox ağrılı məsələdir. Çünki Türkiyənin ABŞ-la münasibətləri getdikcə pozulur. Amma bu prosesin dayandırılması, tərəflər arasında isti münasibətlərin yenidən yaradılmasına cəhd etmək, Türkiyə-ABŞ münasibətlərini əvvəlki səviyyəsinə qaytarmaq heç cür mümkün olmur. Bu fonda Türkiyənin Rusiya ilə yaxınlaşması və Rusiya ilə əlaqələrini genişləndirməsi daha çox qıcıq oyadır. Fikrimcə, Türkiyənin birdən-birə NATO aləmindən, Qərb dünyasından qopması çox riskli məsələdir. Bunun ölkə üçün arzuolunmaz və ağır nəticələri ola bilər. Məsələn, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun ABŞ-ın Türkiyənin silah tədarükünü gecikdirdiyinə görə artıq yeni alternativlər axtarışında olması ilə bağlı çıxışı düzgün hesab edilə bilməz. Artıq bu iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində müəyyən addımların atılması lazımdır. Əlbəttə ki, burada tək Türkiyəni günahlandırmaq düzgün olmaz. ABŞ da müəyyən məsələlərdə qoluzorluluq etməyə, öz iradəsini diqtə etməyə çalışır. Eyni zamanda Türkiyə tərəfi də bəzən siyasi etik normalara uyğun olmayan bəyanatlar verir.

- Qabil bəy, maraqlı məqam ondan ibarətdir ki, Ərdoğanla Putinin son Soçi görüşündən həm sonra, həm də əvvəl bəzi türk siyasətçilər Rusiya-Türkiyə dostluğu barədə bəyanatlar verdilər. Bunlar sırasında hətta Qərbdən tam uzaqlaşmağın gərəkliyi haqda təkliflər də oldu. İndiki dönəmdə belə bəyanatlara ehtiyac varmı?

- Bu görüşdən sonra bəzi AKP nümayəndələri Rusiya və Türkiyə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi barədə gerçəkliyi əks etdirməyən bəyanatlar yaydılar. Bütün bunlar ABŞ-Türkiyə, Qərb-Türkiyə münasibətlərinə ciddi ziyan vurur. Türkiyənin sabiq prezidenti Abdullah Gül isə birdən-birə Avropa ilə danışıqlarla vaxt itirməyin lazım olmadığını və əlaqələri kəsməyin tərəfdarı olduğunu söyləyir. Əlbəttə ki, dövlət adamı belə bəyanatlar verməməlidir. Unutmaq olmaz ki, Türkiyənin bu gün sənaye cəhətdən inkişaf etmiş dövlətlər sırasına qoşulmasında Avropa və Almaniyanın xüsusi rolu var. Avropa ilə əlaqələr Türkiyəyə hər zaman xeyir verib. Hazırda Türkiyə AB-yə namizəddir və danışıqlar prosesi davam edir. Birdən-birə bu danışıqlar prosesini dayandırmağın tərəfdarı olan ağsaqqallar və dünyagörmüşlər meydana çıxıb. Onlar dövlətin xarici siyasətini təhlükə altına alan bəyanatlarla çıxış edirlər. Bunlar yolverilməz addımlardır. Çünki dövlətin siyasəti bütün dövlətlərlə münasibətlərini yaxşılaşdırmağa və dövlətin mövcudluğu üçün daha əlverişli və optimal şərait yaranmasına yönəldilməlidir.

- Sizcə, Qərblə münasibətlərin pozulmasında günah Ankaranındırmı?

- Əlbəttə yox, mən ABŞ-ın mövqeyini müdafiə etmək fikrində deyiləm. Çünki ABŞ da Türkiyə üçün kifayət qədər təhlükəli hesab olunan kürdlərə dəstək verir və bu cəhətdən onun fəaliyyəti qınanmalıdır. Amma unutmaq olmaz ki, bu şəraitin yaranmasında Türkiyədəki müəyyən dairələrin də fəaliyyəti var. Xüsusilə Türkiyənin dünyəvi, hüquqi dövlət çərçivəsindən uzaqlaşması Türkiyə üçün arzuolunan hal deyil. Bu məsələdə də yana doğru əyilmə var. Məsələn, Türkiyənin Baş naziri Binəli Yıldırım dinin bölünməsi, şiə-sünni ayırımına yol açan açıqlamaları ilə diqqət çəkir. Baş nazir məzhəblərə müdaxilə etməməli, bu yöndə ehtiyatlı olmalıdır.

- Türkiyə bundan sonrakı dönəmdə kimi seçəcək: Rusiyanı, yoxsa NATO-nu?

- Əlbəttə, Türkiyə-ABŞ, Türkiyə-NATO münasibətlərini sıradan çıxarmağa çalışan qüvvələr var. Bu qüvvələr içərisində Rusiya sözsüz ki, birinci yeri tutur. Çünki Ərdoğanın Soçiyə səfərindən sonra bəzi rus ekspertlər öz çıxışlarında səbirsizliklə Türkiyənin NATO-dan çıxacağı günü gözlədikləri ilə bağlı fikirlər səsləndirməyə başlayıblar. Zənnimcə, bu, Türkiyənin xarici siyasəti üçün arzuedilən istiqamət deyil. Türkiyə həm Rusiya ilə münasibətlərini yaxşı saxlamalı, həm də uzun müddət mənsub olduğu NATO ilə münasibətlərini korlamamalıdır. Digər tərəfdən, Türkiyə ordusunda olan bugünkü silahların, ağır texnikaların bir çoxu ABŞ-da istehsal olunan, yaxud da ABŞ-ın göndərdiyi materiallar əsasında Tükiyədə yığılan döyüş texnikasıdır. Yəni ABŞ kifayət qədər Türkiyənin ayağa qalxmasında, hərbi cəhətdən qüvvətlənməsində rol oynamış dövlətlərdəndir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.