Gülənin Azərbaycandakı ən böyük əməliyyatı - Sensasiya

23-11-2017, 08:42           
Gülənin Azərbaycandakı ən böyük əməliyyatı - Sensasiya
Fətullah Gülən uzun illər özünün yaratdığı sistem sayəsində Türkiyənin müxtəlif orqanlarına sızmağa müvəffəq olub. Dövlətin içində dövlət yaratmağı bacaran bu şəxs indiyə qədər bir sıra cinayətin, əməliyyatın müəllifi hesab edilir. Türkiyə ilə bərabər Azərbaycanda da müəyyən təsir imkanları olan “Gülən sistemi”nə son zamanlar böyük zərbə vurulub.

Adi bir mollanın necə böyük kəşfiyyat şəbəkəsi yaratması, onun arxasında kimlərin dayandığı və hansı məqsədlə istifadə etdildiyi barədə Avropa.info saytının baş redaktoru, tanınmış jurnalist Ruslan Bəşirlinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Ruslan bəy, adi dini icma lideri olan Fətullah Gülən qısa müddətdə Türkiyədə böyük bir qruplaşmanın rəhbərinə çevrilməsinə, FETÖ-nun qardaş ölkədə bu dərəcədə özünə yer etməsinə səbəb nə idi? Fətullah Gülən 80-ci illərdən sonrakı dönəmdə Türkiyədə niyə bu qədər önəmli simaya çevrildi?

- Proses 80-ci illərdən başlamayıb. 1960-cı illərdə Türkiyədə solyönlü təşkilatlar, xüsusilə kommunizm güclənməyə başladı. Bu dövrlər SSRİ-nin ən güclü zamanları idi və həmin dövrlərdə bir sıra ölkələrdə, o cümlədən Türkiyədə də öz idelogiyalarını yayırdılar. ABŞ bundan narahatlıq keçirirdi. Bu səbəbdən də 60-cı illərdə daha çox sağ cərəyanları kommunizmə qarşı qoymağa başladılar. Bu konteksdə əsasən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin millətçilərdən və dini qurumlardan istifadə etmək planları var idi. Prosesə MKİ rəhbərlik edirdi və həmin dövrdə dindarların əksəriyyətində ABŞ-a qarşı antipatiya formalaşmışdı. Bu səbəbdən dindarların böyük bir qismini ələ almaq mümkün olmadı. Bir hissəsi isə MKİ-nin oyunlarına alət oldu. Həmin dövrdə Fətullah Gülən Ərzurumda bir məsciddə imam idi. Arxiv sənədlərindən də məlum olur ki, Gülən kommunizmə qarşı olan məhəlli təşkilatlardan birinə rəhbərlik edib. Gülənin MKİ ilə də tanışlığı buradan başlayıb. Ondan sonrakı dövrdə Fətullah Gülən MKİ-nin köməyi ilə böyük bir kütləni öz arxasıyla apara bildi.

- Ortada MKİ-yə çalışan bir dini lider və kommunizmlə bərabər Qərbə sevgisi olmayan bir cəmiyyətin olduğunu deyirsiniz. Maraqlıdır, Gülən öz tərəfdarlarının sırasını genişləndirmək prosesini necə gerçəkləşdirdi?

- Bunun bir sıra səbəbləri var. Çünki təsəvvüfə meyillilik Türkiyədə daha güclüdür və Fətullah Gülən də bu məsələdən geninə-boluna istifadə etməyə başladı. Amma Gülənin Türkiyədə qazandığı bütün uğurlar MKİ-nin əli ilə olub. 80-ci illərdə Fətullah Gülən daha çox iş adamlarını müxtəlif yollarla prosesə cəlb etməyə başladı. Burada da müxtəlif variantlar var idi. Onların ən çox istifadə etdikləri üsul isə iş adamlarını Əl-Qaidə ilə bağlılıq adı altında şantaj etmələri idi. Bundan başqa, onları ailə üzvlərinə ziyan verməklə qorxudurdular. Amma bunların arasında Fətullah Gülənə həqiqətən inananlar da vardı. Onlar əsasən “mülayim islam” deyilən bir proyekt irəli sürürdülər. Öncədən deyim ki, “mülayim islam” adı ilə hər hansı bir şəxs fikir irəli sürürsə, deməli, o şəxsə ABŞ hansısa vasitə ilə təsir etməyi bacarıb. Bununla bağlı bütün layihələr ABŞ-dan gəlir. Fətullah Gülən bundan başqa “dinlərarası dialoq” fikirləri ilə də çıxış edib. İlk baxışdan bu fikirlər yaxşı görünür. Lakin bu fikirlərin arxa planına baxmaq lazımdır. Bu “dinlərarası dialoq” Türkiyənin milli və dini kimliyini dəyişmə planı idi. FETÖ-nun Türkiyədə qılıncının dalının da, qabağının da kəsən vaxtlarında çoxlu sayda keşiş və rabinlər qardaş ölkəyə gətirildi. Həmin keşiş və rabinlərin Qara dəniz sahillərində milli azlıqlar arasında dini və etnik qarşıdurma çıxarmaq istədikləri üzə çıxdı.

FETÖ bununla da kifayətlənmirdi. Fətullah Gülən Qərbdə daha çox uğur qazanmaq və müəyyən pozuculuq fəaliyyəti ilə də məşğul olmaq üçün kökündən yanlış olan daha bir məsələ irəli sürdü. O, “Lə ilahə illəllah” deməyin yetərli olduğunu, Məhəmməd peyğəmbərin Allah rəsulu kimi tanınmasına o qədər də ehtiyac olmadığını deyirdi. FETÖ fikirini belə izah edirdi ki, guya bununla islamı Qərb dünyasında təbliğ etmək istəyir. Halbuki, “Lə iləhə illallah” kəlməsi və Məhəmməd peyğəmbərin Allah rəsulu olmasını təsdiqləmək bir-birinə sıx bağlıdır və Məhəmməd peyğəmbəri Allah rəsulu kimi qəbul etmədən islam olmaz. Təəssüf ki, bir qism insan Gülənin bu kimi təxribatlarına aldandı.

90-ci illərdən başlayaraq, Gülən tək Türkiyədə deyil, həm də digər postsovet ölkələrində, Afrikada, Yaxın Şərqdə, Pakistan, Hindistan kimi ölkələrdə öz dəsti-xəttini yaymağa başladı. Gülənin məktəblərinin açıldığı, şəbəkəsinin genişləndiyi ölkələrin siyahısına baxsaq, görərik ki, onların mütləq əksəriyyəti təhsil səviyyəsinə görə Qərbdən aşağı olan ölkələrdir. Avropada Gülənin o qədər təsir imkanları ola bilməzdi. Fətullah Gülənə daha çox islam ölkələrinə, postsovet məkanına və Yaxın Şərqə nüfuz etmək tapşırılmışdı. Gülənin təhsil layihəsi bu ölkələrdə digərlərindən güclü və cəlbedici görünürdü. Bu səbəbdən də onlar cəmiyyətə nüfuz edə bildilər.

- Gülən fəaliyyətinin ilk zamanlarında həm də nurçuluğun əsas aparıcı simalarından sayılırdı. Hətta indiyə qədər Azərbaycanda gülənçi və nurçu anlayışları eyniləşdirilir. Gülən nurçular sırasından niyə çıxarıldı?

- Səid Nursi öz tərəfdarlarına siyasətlə məşğul olmağı qadağan edib. Gülənin Səid Nursi haqqında yaxşı fikirlər söyləməsinin də səbəbi var. Çünki Türkiyədə Səid Nursiyə qarşı hər zaman hörmət olub. Gülən Səid Nursi haqqında mənfi fikir söyləsə, bu, onun ətrafından bəzi insanların ayrılmasına səbəb ola bilər. Ancaq tarixə baxsaq, nurçuların əsas özəyi olan sunqurçular gülənçilərlə münaqişəli bir vəziyyət yaşayıblar. Onlar Fətullah Gülənə qarşı olublar. Fətullah Gülən 90-cı illərdə “Taşhiyyə” əməliyyatı ilə nurçuların əsas rəhbərlərini Əl-Qaidə ittihamları ilə həbs etdirdi. Nəzərə almaq lazımdır ki, bu adamlar heç vaxt siyasətlə məşğul olmayıblar. Bu əməliyyatları İstanbul polisində antiterror idarəsinin rəisi olan, FETÖ-nun əsas simalarından biri, hazırda həbsdə olan Əli Fuad Yılmazər həyata keçirmişdi. Həmin şəxs özü də hazırda həbsdədir. Daha sonra “Taşhiyyə” əməliyyatında həbs olunan nurçular bəraət qazandı.

Bunların ayrılma məsələsinə gəlincə, gülənçilər və nurçular əsas məsələlərdə daban-dabana bir-birinə ziddirlər. Fətullah Gülən heç vaxt öz partiyasını yaratmayacağını bildirsə də, bütün partiyalara, dövlət idarələrinə, dövlətin, ordunun içinə adamlar yerləşdirib və siyasətə də müdaxilələr edib. Nurçular da bunu bilib və hər zaman Fətullah Güləndən uzaq durublar. Onun bir MKİ proyekti olduğunun fərqində olublar. Heç vaxt onu dəstəkləməyiblər.

- Gülənçiləri ən çox deşifrə edən məşhur türkiyəli yazar Əhməd Şıx (Ahmet Şık) “İmamın ordusu” kitabında gülənçilərin orduya sızma prosesinin 80-ci illərdən başladığını yazır. Ordu ilə bərabər gülənçilərin ən çox sızdığı yerlər polis və ədliyyə sahəsidir. Məgər Türkiyə kimi böyük dövləti onların bu sızmalarının qarşısını almaq üçün o qədərmi gücsüz idi?

- Tək bu dövlət qurumları deyildi. Gülənçilər hətta Milli İstehbarat Təşkilatına (MİT) da sızmışdılar. Bu prosesin qarşısını almaq çox çətin idi. Bu proses hətta 80-ci illərdən də əvvəl başlayıb. Bunu o dövrün dövlət rəsmiləri (istər Turqut Özal, istər Bülənt Əcəvit, istərsə də digərləri - R.Bəşirli) bilirdi. Sadəcə olaraq, onların bunun qarşısını almağa gücü çatmırdı. Çünki qarşılarında ABŞ kəşfiyyatını görəcəklərindən əmin idilər. Rəcəb Tayyib Ərdoğanı bu məsələdə digərlərindən daha üstün və qətiyyətli hesab edirəm. Çünki bu prosesi qorxmadan, çəkinmədən o başlatdı. Amma Ərdoğanın özünün də hakimiyyətinin ilk dönəmlərində çəkindiyi məqamlar olub. Bu, ilk növbədə, Türkiyənin Qərbdən daha çox asılı olduğu və ordunun, dövlət strukturlarının bir çoxunun ABŞ-ın diqtəsi ilə hərəkət etdiyi dövrləri əhatə edir. Lakin Rəcəb Tayyib Ərdoğan dövlətin içindəki nüfuz agentlərini böyük anlamda zərərsizləşdirdikdən sonra FETÖ-ya qarşı mücadiləyə başladı və bu proses davam edir.

Bir məsələni deyim: Fətullah Gülənin özünün bir videosu var. Ondan soruşurlar ki, siz Ərdoğanla görüşmüsünüzmü? O, deyir ki, Ərdoğan Ərbakan hocadan (Nəcməddin Ərbəkan – red.) ayrıldığında bir dostuyla mənim yanıma gəldi və görüşdük. Mən onlara dedim ki, siz hakimiyyətə gələ bilməyəcəksiniz, sizin hakimiyyətə gəlmək imkanlarınız yoxdur. Ondan sonra Ərdoğan liftdə yanındakına “hakimiyyətə gələndə ilk olaraq, bunlardan başlayacağıq” deyib. Onun yanındakı şəxs isə Baş nazirin keçmiş müavini Bülənt Arınç idi. Yəni bu şəxs Ərdoğana ən yaxın şəxs idi. Amma Gülənin bu məsələni bilməsi onu göstərir ki, bu söhbəti ona Bülənt Arınç çatdırıb. Yəni bu adamlar Ərdoğanın da yanına sızmışdılar. Tam məsuliyyətimlə deyə bilərəm ki, Ərdoğan hər zaman Fətullah Gülən şəbəkəsinə qarşı olub.

Başqa bir məsələni deyim: Azərbaycanda iş adamı Hüseyn Böyükfırata qarşı gülənçilər 2001-2002-ci illərdə cinayət işi qaldırdı. Bu, gülənçilərin Azərbaycanda həyata keçirdikləri ən böyük əməliyyat idi. H.Böyükfırat milli görüş tərəfdarlarındandır və təbii ki, AKP iqtidarı ilə yaxın münasibətdə idi. Lakin Bakıdakı gülənçilər iş adamından “haqq” tələb edirdilər. Böyükfırat isə bütün hədələrə rəğmən onların istəklərini geri çevirmişdi, sonuna kimi də onlara tebe olmadı. Bu səbəbdən də gülənçilər Bakıda ona qarşı cinayət işi başlatdılar. Həmin vaxt Azərbaycana dönəmin Türkiyə XİN rəhbərinin səfəri gözlənilirdi. AKP iqtidarı bu səfər zamanı H.Böyükfıratı da bura gələcək olan nümayəndə heyətinə saldı. Bu, gülənçilərə ilk zərbə idi. Onlar Böyükfıratı həbs etdirə bilmədilər. Şükürlər olsun ki, Azərbaycanda FETÖ-nun siyasi qolu böyük ölçüdə məhv edildi. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi nəticəsində baş verdi. Çünki onlar Azərbaycan üçün də bir təhlükə idi.

Təsəvvür edin, CHP-də, MHP-də, AKP-də, polisdə, orduda, MİT-də, bütövlükdə dövlətin bütün strukturlarına sızmış kripto (gizli, şifrəli – red.) bir terror təşkilatından söhbət gedir. Hər bir qurumun özünə xas xüsusiyyəti olur. FETÖ-nun özəlliyi onun kripto olmasıdır. Əvvəllər bunun öhdəsindən gələ bilmirdilər. Çünki onun arxasında MKİ dayanırdı. Yəni o dövrün dövlət adamları Amerika ilə bu qədər açıq münaqişəyə getmək istəmirdilər. Onlar daha çox FETÖ ilə uzlaşma yolunu seçmişdilər...

- Amma AKP hakimiyyətinin əvvəlində olan uzlaşma birdən-birə pozuldu. Bir zamanlar Gülənlə yaxın olan partiya qəfildən Gülənin düşməninə çevrildi. Niyə Gülən qəflətən Ankaranın əsas hədəfi oldu?

- Öncədən qeyd etdiyim kimi, şəxsən Ərdoğanın FETÖ-ya, Fətullah Gülənə münasibəti hər zaman mənfi olub. Ərdoğan FETÖ-nu Türkiyənin inkişafında, müstəqil siyasət yürütməsində başlıca maneələrdən biri hesab edib. Lakin bu proses Türkiyə ilə Amerika arasında bir çox məsələlərdə ciddi fikir ayrılığı yaranandan sonra daha da gücləndi. Bu fikir ayrılığı da Ərəb baharından qaynaqlanırdı. Ərəb baharını ABŞ Türkiyə ilə razılaşdırmışdı. Məqsəd belə idi ki, Ərəb baharı olacaqdı və Yaxın Şərqdə olan bir çox tiranlar, diktatura rejimləri dəyişəcəkdi, bunun yerinə siyasi islam hakimiyyətə gələcəkdi. Bu səbəbdən də Misirdə uzun müddətdən sonra Müsəlman Qardaşları ilk keçrilən seçki ilə hakimiyyətə gəldilər. Bu tipli layihələr digər ölkələrdə də həyata keçirilməyə başladı. Lakin sonrakı dövrdə ABŞ gözlənilmədən bu plandan imtina etdi. Bu planın həyata keçirilməsində Türkiyənin və ABŞ-ın öz məqsədləri var idi. Türkiyə bununla ABŞ-ın razılığı ilə Yaxın Şərqdə nəzarəti əlinə keçirmək istəyirdi. Görünən budur ki, ABŞ-ın niyyəti isə Yaxın Şərqdə xaos yaratmaq imiş. Türkiyə qısa zaman ərzində ABŞ-ın niyyətini başa düşdü. Ondan sonra bu planı ABŞ-la birgə hazırlayan Əhməd Davudoğlu istefaya göndərildi. Çünki onun təklif etdiyi layihə məhv olmuşdu. Misirdə, Tunisdə, Liviyada qurulmuş siyasi islama əsaslanan hökumətlər ABŞ tərəfindən devrildi və yerinə yenidən diktatorlar gətirildi. Suriyada isə ABŞ-ın razılığı ilə artıq İran da məsələyə qarışıb. Bilirik ki, hansı bir əraziyə İran müdaxilə edirsə, həmin bölgədə məzhəb savaşı qaçılmaz olur. Bunun ikinci bir variantı yoxdur. İraq və Suriyaya ABŞ-ın razılığı ilə girən İran bu əraziləri məzhəb savaşının meydanına çevridi. ABŞ-a da bu lazım idi.

Artıq Türkiyə tədricən müəyyən məsələlərdə bəzi dövlətlərlə uzlaşmağa başladı. ABŞ-la isə münasibətlər daha da şiddətləndi. Çünki ABŞ-ın ən önəmli layihələrindən biri bölgədəki kürd separatçılarına, PKK/PYD-yə bir dövlət qazandırmaq idi. İŞİD məsələsi də bu səbəbdən ortaya atılmışdı. İŞİD-in fəaliyyətinə nəzər yetirdikdə, onun əsasən hansı dövlətin işinə yaradığına baxmaq lazımdır. Rakkada BBC-nin çəkdiyi bir video-görüntü yayıldı. Həmin videoda İŞİD Rakkanı PKK/PYD-yə təhvil verir. Təsəvvür edin ki, Türkiyənin nəzarətində olan müxalifətin aldığı torpaqları İŞİD qan gücü ilə işğal edib, ABŞ-ın nəzarətindəki PKK/PYD-yə peşkəş edirdi. Bölgədə İŞİD-in ABŞ üçün xidməti onun istəklərini həyata keçirmək olub. Türkiyə ilə ABŞ-ın arasında münasibətlərin pisləşməsində PKK/PYD məsələsinin daha çox rolu oldu.

Türkiyə İŞİD və PKK ilə bərabər, Gülənlə də savaşır. Ərdoğan Gülənlə savaşda ilk olaraq, Gülənin bir sıra məktəblərini bağlatdırdı və bu proses getdikcə qızışdı. 15 iyul hadisələri isə bu proseslərin pik nöqtəsi idi. Türkiyədə hazırda Fətullah Gülən camatına böyük zərbə vurulub. Amma unutmaq olmaz ki, onlar gizlidirlər və hələ də öz fəaliyyətlərinə davam edirlər. Artıq belə bir mənzərə yaranıb: ilanı başından vurublar, amma onu hələ tam olaraq öldürə bilmirlər. FETÖ-nun yayıldığı ölkələrdə də bu təşkilatın fəaliyyət sahəsi daralıb. Azərbaycanda da FETÖ məktəbləri dövlətin nəzarətinə keçdi. Əslində bu çox önəmli məsələdir. Amma bu proses uzun çəkəcək. Hazırda onlar Azərbaycanda daha çox biznes sahəsində fəaliyyət göstərirlər. Türkiyədə isə polisdə, MİT-də FETÖ-çular böyük ölçüdə təmizlənsə də, orduda və ədliyyə sistemində hələ də mövcuddurlar. Orduda generallar səviyyəsində FETÖ-çular artıq yox səviyyəsindədir. Amma aşağı səviyyələrdə isə onlar hələ də qalmaqdadır.

Ardı var...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.