Deputat Vahid Əhmədov:“Neftin qiyməti kəskin düşə bilər” – MÜSAHİBƏ

28-11-2017, 07:42           

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov BBC-yə müsahibəsində dövlət büdcəsi və iqtisadi məsələlər barədə danışıb. O, 2018-ci il büdcə layihəsini "normal" qiymətləndirir. Əsas gözləntisi isə Rəqabət Məcəlləsinin qəbul olunması ilə bağlıdır.

teref.az müsahibəni oxucularına təqdim edir:

– Vahid müəllim, 2018-ci ilin büdcəsi sizi qane edirmi?

– Büdcənin gəlir və xərc hissəsində 4 milyard manata yaxın artım var. Əsas bizi narahat edən məsələ əsaslı vəsait qoyuluşu idi, burda iki dəfə artım var. Büdcənin 30 faizi sosial xərclərdir. Bu mənada büdcə 2017-ci ildən müəyyən qədər fərqlidir. İndiki şərait üçün, dünyada gedən siyasi-iqtisadi böhranların fonunda normal büdcə sayıla bilər.

– Ekspertlər manatın devalvasiyasından sonrakı illərlə müqayisədə 2018 büdcəsini "qənaətcil" saymırlar, hesab edirlər ki, hökumət xərcləri, xüsusilə, əsaslı vəsait qoyuluşunu planlayarkən, neft gəlirlərinin yüksək olduğu illərdəki kimi davranıb…

– İstənilən büdcə xərclərinə nəzarət mexanizmi yoxdursa, "qənaətcil" olmayan büdcə sayıla bilər. Bunu ona görə deyirlər ki, əgər bu il üçün Neft Fondundan 6,1 milyard manat transfer edilmişdisə, gələn il üçün 9,2 milyard manatın transferi nəzərdə tutulur. Mən bunu Milli Məclisdə də qaldırdım ki, artım bizi narahat edən məsələdir. Çünki biz getdikcə, Neft Fondundan daha az transfer etməli, qeyri-neft sektorunu inkişaf etdirməliyik. Ancaq büdcədə neftin bir barelinin 45 dollar götürülməsi normaldır. Mənə elə gəlir ki, il ərzində nefrin bir bareli orta hesabla 50-55 dollar civarında olacaq.

O ki qaldı qənaət məsələsinə, burada əsas büdcənin şəffaflıq məsələsidir. Büdcə xərclərinə nəzarət edən Hesablama Palatası var. Əsas odur ki, şəffaflıq qorunsun, bu mexanizm işləsin.

– Demək olarmı ki, artıq iqtisadi böhran arxada qaldı?

– Bunu mən deyə bilmərəm. Bu, neftin qiymətindən asılıdır. Neftin qiyməti kəskin düşə bilər. Onun deyim ki, manatın qorunması, idxal-ixrac əməliyyatlarında müsbət saldo əsaslı vəsait qoyuluşunun artırılmasına təsir etdi. Bizi əsas maraqlandıran qeyri-neft sektoruna yatırım qoymaqdır ki, dünya bazarında neftin qiyməti düşsə də, bu, Azərbaycan iqtisadiyyatına təsir eləməsin.

– İqtisadiyyatın müxtəlif sahələrində yol xəritələrinin qəbul olunmasına baxmayaq, hələ də büdcədə qeyri-neft sektorunun payı hissediləcək dərəcədə artmır.

– Razıyam, amma yol xərtələri qəbul edilsə də, icra edilsə də, nəticə üçün vaxt lazımdır. İndi bir kənd təsərrüfatı sektorudur ki, müəyyən canlanma var. Ancaq bütün dünyada aqrar sektor dotasiya ilə işləyir. Sənaye parklarının isə inkişaf etməsi üçün vaxt lazımdır.

– Bir-iki il əvvəl bəzi dövlət struklarının ixtisarından söhbət gedirdisə, 2018-ci ilin büdcəsində dövlət qurumlarının saxlanma xərcləri bir necə milyon artırılıb. Bəzi dövlət qurumlarının ixtisarı ilə bağlı məsələnin arxa plana keçdiyini sanmaq olarmı?

– Müxtəlif illərdə dövlət strukturlarında ixtisarlar aparılıb, birləşmələr olub, ya yeni qurumlar yaradılıb. Bu proses davam edir və bunu dövlət başçısı özü nəzarətdə saxlayır. Biz bu dəqiqə çalışırıq ki, əsas Rəqabət Məcəlləsi qəbul edilsin. Bu Məcəllə qəbul ediləndən sonra azad rəqabəti təmin etmək üçün bir qurum yaradılmalıdır. Bu yaxınlarda Prezident Aparatında, Nazirlər Kabinetində bəzi ştatlar ləğv edildi, sayı azaldıldı, bəzi şöbələr ləğv edildi.

– Onda məntiqlə, dövlət strukturlarının saxlanması xərcləri az da olsa azaldılmalıydı…

– Struktur dəyişikliyi olanda müəyyən yeni idarələr də yarana bilər. Məsələn, Nəqliyyat Nazirliyi ləğv edildi, amma Bakı üzrə Nəqliyyat Departamenti yaradıldı. Buna adi baxmaq lazım deyil. Mən ümumiyyətlə, struktur dəyişikliyi aparılmasının tərəfdarıyam. Bizdə nazirliklər də çoxdur, komitələr də. Bu proses getməlidir, amma proses elə getməldiir ki, cəmiyyətdə problemlər yaratmasın.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.