Rusiyadakı diaspor rəhbəri od püskürdü: - “Bizə düşmən lazım deyil!..”
28-11-2017, 11:54
Rusiya Federasiyasında bu yaxınlarda ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yerinə yeni strukturun yaradılacağı barədə qurumun sədri Fazil Qurbanovla geniş müsahibə “Yeni Müsavat”ın ötən saylarında dərc olunub. ÜAK-ın Rusiya paytaxtı üzrə icraçı direktoru, Azərbaycan mədəniyyətinin dirçəlişi və inkişafı fondunun direktoru Şamil Tağıyev da virtualaz.org-un Moskva bürosuna bu barədə danışıb.
O, Rusiyanın regionlarından olan Azərbaycan icmaları rəhbərlərinin Ümumrusiya Azərbaycan Konqresinin prezidenti akademik Fazil Qurbanova məktub ünvanladıqlarını və ona yeni yaranacaq təşkilata rəhbərlik etməyi təklif etdiklərini təsdiqləyib: “Onu son qurultayda seçiblər. Amma əlbəttə, yeni təşkilatı nəzərə alaraq, yeni qurultay olacaq, yeni seçkilər keçiriləcək. Ancaq səmimi deyəcəyəm, Fazil Qurbanova alternativ tapmaq çətindir. O, həyatının çox hissəsini Moskvada yaşamış nüfuzlu insandır. Ona görə də yeni təşkilat qarşısında diaspora başçısının seçimi ilə bağlı məsələ yalnız formal cəhətdən durur”.
Ş.Tağıyev qeyd edib ki, yeni təşkilat ÜAK-ın bazasında yaradılacaq. Amma ümid edir ki, yenilənmələr də olacaq: “Çalışacağıq ki, peşəkarları cəlb edək. Çünki diaspora ilə iş yalnız restoranlarda konsertlərin və ya tədbirlərin keçirilməsi deyil. Bu, qeyri-formal diplomatiyadır və bununla onu bilən insanlar məşğul olmalıdır”.
Yeni təşkilatın necə adlanacağına gəlincə, Ş.Tağıyev bildirib ki, hələlik ad təsdiq edilməyib: “Amma ”köhnə-yeni" rəhbərlik onun tərəfdarıdır ki, əvvəlki ad-ÜAK saxlanılsın. Bu mümkündür, axı əvvəlki Ümumrusiya Azərbaycan Konqresi artıq mövcud deyil, deməli, ÜAK-ı hüquqi cəhətdən yenidən qeydiyyatdan keçirmək olar".
“Sizdə yeni ÜAK-la Rusiya rəsmi strukturları arasında problemlər yaranacağı baxımından qorxu yoxdur ki” sualına cavab verərkən Ş.Tağıyev deyib: “Əgər təşkilat Ədliyyə Nazirliyi vasitəsilə qeydiyyatdan keçəcəksə, onda hər şey yaxşı olacaq”.
Qəti qərarın nə vaxt qəbul ediləcəyinə gəlincə, Ş.Tağıyev bir daha vurğulayıb ki, yeni təşkilatın yaradılması haqda qəti qərar artıq qəbul edilib: “Amma köhnə ÜAK-ın ləğvi ilə bağlı texniki detallar var. Ona görə də təşkilatın qeydiyyatı yarım ildən bir ilə qədər çəkə bilər. Axı bu, federal səviyyəli strukturdur. Düşünürəm ki, hansısa nüansları Diasporla İş üzrə Azərbaycan Dövlət Komitəsi ilə də razılaşdırmaq lazım gələcək. Bir daha vurğulayıram, biz kadrların tərkibinin ən azı 80 faiz yenilənməsinə ümid edirik ki, yeni təşkilat köhnə ÜAK-ın taleyini təkrarlamasın”.
Ş.Tağıyevin dediklərindən aydın olur ki, ÜAK-ın ləğvi və yeni təşkilatın yaradılması məsələsi Rusiya hakimiyyətinin siyasi iradəsinə bağlı məsələdir. Xatırladaq ki, F.Qurbanov bizə müsahibəsində məsələnin bu həddə çatmasında köhnə rəhbərliyin də günahkar olduğunu, hüquqi tələblərə həssas yanaşılmadığını, buna görə də məhkəmə qərarından Avropa Məhkəməsinə şikayət etməyin faydasızlığını söyləmişdi. Ancaq Ş.Tağıyev məsələdə prezident Putinin mövqeyinin önəmli olduğuna diqqət çəkib. Bu, belədirmi?
Məsələ ilə bağlı ÜAK sədri Fazil Qurbanova müraciət etdikdə əsəbi şəkildə bunları bildirdi:
- Bu barədə yazılanları mən də oxudum. Ancaq o adam özündən belə sözlər deyib. O adamın ÜAK-ın adından danışmağa ixtiyarı yoxdur. Ona heç kim ÜAK-ın adından danışmaq səlahiyyətini verməyib. Bilmirəm onu qızışdıran kimdir? Qabaqlar Moskva vilayətində işləyirdi, indi onun heç bir səlahiyyəti də yoxdur.
- Deməli, burada Rusiya prezidentinin icazəsinə ehtiyac yoxdur, eləmi?
- Təbii ki. Bu, Putinin səlahiyyətində olan məsələ deyil axı. Bu, diaspora təşkilatıdır, hüquqi məsələdir və məsələyə Ədliyyə Nazirliyi baxacaq. Putinin adını niyə hallandırır? Bu, əslində aranı qızışdırmaqdır. Şamil belə şeyləri özündən çıxarıb. Bir də təkrar edirəm, ona heç kim səlahiyyət verməyib. İxtiyarı olmadığı halda, durub böyük-böyük danışıb.
- Fazil bəy, belə demək olarmı ki, ÜAK adından danışmaq səlahiyyəti yalnız sizdədir?
- Əlbəttə. Mən kiməsə danışmaq səlahiyyəti verməmişəm. Üstəlik də, mən Putinlə danışmamışam. Bu, nə məsələdir? Yenə deyirəm, bu, aranı qızışdırmaqdır. Bəzi adamlar istəyirlər ki, belə bir təşkilat olmasın. Belələri müxalif qüvvələrdir.
- Ötən həftə qəzetimizə demişdiniz ki, növbəti həftənin ilk günləri yeni təşkilatla bağlı yekun qərarınız olacaq. Varmı qərar?
- Mən elə o işlərlə məşğulam. Elə sizinlə danışarkən ofisimizə gedirəm. Belə özbaşına söhbətlərə də cavabım olacaq. Səlahiyyəti olmayan adamlardır belə sözləri yayanlar. Xəbər Putinə çatsa, deyəcək bunlara bax, gör nələr danışırlar. Bu söhbətlər məqsədli şəkildə ortaya atılır. Özü də mən bilirəm bunları kimlər edir.
- Bu qənaətə gəlmək olarmı ki, bəzi azərbacanlılar da ÜAK-ın yenidən toparlanmasına qarşıdır?
- Bəli, bəli. Bəzi qüvvələr var. Deyirlər almanı qurd içindən yeyər. Bizə düşmən lazım deyil, düşmən elə öz içimizdədir.
- “Biz kadrların tərkibinin ən azı 80 faiz yenilənməsinə ümid edirik ki, yeni təşkilat köhnə ÜAK-ın taleyini təkrarlamasın” deyib. Bu barədə nə deyə bilərsiniz?
- Xahiş edirəm, yazarsınız ki, onun heç bir səlahiyyəti yoxdur. O, heç kimdir. ÜAK-ın adından danışan adam gərək əvvəlcə məndən soruşsun. Ancaq o, heç vaxt görsənməyib.
- Amma açıqlamasından belə görünür ki, sizi müdafiə edənlərdəndir. Bildirib ki, Fazil Qurbanova alternativ görmürəm.
- Yaxşı, onda yazın ki, əgər dediyin kimi, mənə alternativ yoxdursa, onda niyə mənim adımdan danışırsan? Saymamazlıqdır axı bu. Deməli, sən məni saymırsan da. Kim sənə səlahiyyət verib ki, bu təşkilatın adından danışırsan? Mən gəlmişəm bu təşkilatı saxlayım... Camaat bilir ki, mən can-başla işləyirəm. 70-ə yaxın regiondan yazıblar ki, Fazil müəllim, biz sizə inanırıq, sizinlə birgə getmək istəyirik. İndi bu gəlib belə sözlər deyib. Bu, ocağa yağ tökməkdir. Onun səlahiyyəti yoxdur belə sözlər desin.
- Deməli, ümumi mövqe budur ki, siz hüquqi yolla işinizi davam etdirirsiniz və Rusiyanın siyasi mövqeyini gözləmirsiniz?
- Bəli, burada Putinin icazəsinə ehtiyac yoxdur. Heç bu məsələ ilə bağlı Putinin icazəsi var, ya yoxdur, söhbəti olmayıb.
- Yeni ofisiniz sizi qane edirmi?
- Bəli. Moskvada yerləşir. Hotelin birinci mərtəbəsində yaxşı ofisimiz var, təmir etmişik, avadanlıqlar yığmışıq. Son bir-iki iş qalıb, onlar da yekunlaşacaq. Amma artıq köçmüşük yeni ofisə.
- İmkanlı azərbaycanlılardan sizə bu işdə kömək edən oldumu?
- Bəli. Əlbəttə, imkanlı iş adamları bizə arxadır, onların da xeyli köməyi oldu.