Vahid Əhmədovdan İvanka Trampın vəsf etdiyi Qubalı qız haqqında ilginc açıqlama...
29-11-2017, 17:01
Vahid Əhmədovdan İvanka Trampın vəsf etdiyi Qubalı qız haqqında ilginc açıqlama...
Qubadan seçilmiş millət vəkili Vahid Əhmədov ABŞ prezidentinin xanımı İvanka Trampın Hindistanda keçirilən bir beynəlxalq konfransda fəxrlə təqdim etdiyi azərbaycanlı qız Reyhan Camalova ilə bağlı Moderator.az-a açıqlama verib.
Millət vəkilinin bildirdiyinə görə Reyhan Camalova onun seçildiyi Qubanın Alpan kəndindəndir:
"Bəzən deyirlər ki, dünya hansısa məşhur alimin əməyini məhz müsəlman olduğuna görə düzgün qiymətləndirmir və hətta son dövrlər Nobel mükafatının müsəlman dünyasından olan alimlərə qəsdən verilməməsi barədə mediada, cəmiyyətdə çoxsaylı müzakirələrin şahidi oluruq. Təbii ki, dünya bütün mənalarda ikili standartların əsirinə çevrilib və bu cür iddialarda da həqiqət payı var. Amma gördünüz ki, Qubanın bir dağ kəndində doğulmuş 15 yaşlı Reyhan sözün həqiqi mənasında dünyaya səs salmağı bacarıb. Kim bilir, bəlkə sabah elə onun özü bəşəriyyəti xilas edəcək, dünyanı bir əsrdir ki, təlatümdə saxlayan enerji müharibələrindən qurtaracaq bir kəşfə imza atacaq. O zaman onun adı təkcə Nobel mükafatıçısı kimi deyil, insanlığı xilas edən bir xilaskar alim kimi də tarixə düşəcək. Açığı, mən çox qürur duydum və Reyhanın bu uğuru məni xeyli kövrəltdi. Gənclərimizə demək istəyirəm ki, istetad heç zaman itmir və inadklarlıq, təşəbbüskarlıq göstərən hər kəs gec-tez özündən söz etdirə biləcək. Reyhanın bu uğuru bir daha göstərdi ki, azərbaycanlılar dünyanın ən istedadlı xalqları sırasındadır və dünyanı heyərtləndirməyə qadir istedadlı insanlarımız az deyil. Bir daha bütün Quba camaatının timsalında xalqımızı təbrik edirəm, Reyhana uğurlar arzulayıram. Hamımız intizarla ondan yeni-yeni möhtəşəm uğurlar gözləyirik".
Xatırladaq ki, İvanka Tramp Hindistanda keçirilən sammitdə çıxışı zamanı Azərbaycandan olan gənci ayağa qaldıraraq onun istedadını dünyaya bəyan edib:
“Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx!”.
Beynəlxalq tədbirdə azərbaycanlı qızın layihəsi haqqında da məlumat verilib.
Layihəyə görə, tədqiqatlar göstərir ki, dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o zaman ondan potensial enerji kimi istifadə etmək olar. Bu problem həll etmək üçün, Reyhan, öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji isehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıblar. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisini yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Reyhan və onun mentoru Leyla Tağızadənin səfərini və Qlobal Sahibkarlıq Sammitindəki iştirak xərclərini bütövlükdə öz üzərinə götürüb. ABŞ Səfirliyi mədəniyyət və professional mübadilə proqramları, həmçinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi vasitəsi ilə Azərbaycanda sahibkarlara güclü dəstək göstərir. Qadın və qızlar lazımı təcrübə və imkanlar əldə etdikləri zaman onlar maliyyə baxımından azad olur və özlərinə güvənirlər.
ABŞ Səfirliyi Reyhanın uğurunun dəstəklənməsində iştirak etməkdən və onun müstəsna nailiyyətlərinin işıqlandırmaqdan məmnundur.
Onu da bildirək ki, Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir.
GES-2017 innovatorları, xüsusən də qadın innovatorları gücləndirmək və onların ideyalarına dəstək göstərmək üçün bir mühit yaradacaq. İki gün yarım ərzində şəbəkələşmə, mentorluq və seminarlar vasitəsilə sahibkarlar öz təşəbbüslərini tərtib etmək, tərəfdaşlıq qurmaq, maliyyələşmə təmin etmək, yenilik etmək və hədəf müştərilərini tapmaq – cəmiyyətləri dəyişəcək yeni məhsullar və xidmətlər yaradır.