“NATO Türkiyənin hava məkanını müdafiəsiz qoydu” - Ekspert
30-11-2017, 16:44
“Türkiyə, Rusiya və İran strateji müttəfiq deyillər”
Amerika-Azərbaycan İnkişafa Yardım Fondunun baş eksperti Aleksey Sinitsın Yenicag.ru-ya açıqlamasında Rusiya, Türkiyə və İran prezidentinin son görüşünü, həmçinin, Səudiyyə Ərəbistanında həyata keçirilən islahatları dəyərləndirib.
Sinitsının sözlərinə görə, prezidentlərin üçtərəfli Soçi görüşündən eyforiyaya düşməyə ehtiyac yoxdur. Ekspert qeyd edib ki, hazırda Türkiyə ilə Suriya prezidentlərinin görüşü üçün zəmin yoxdur:
“Açığı, mən prezidentlərin Soçi görüşü ilə bağlı beynəlxalq media ilə xarici diplomatların gərginlik yaradan eyforiyasını bölüşmürəm. Maraqlıdır ki, ilk olaraq CNN Soçi görüşünü antiHitler koalisiyası liderlərinin Yalta görüşü ilə müqayisə etdi. Təbii ki, Soçi danışıqlarında Suriyanın bütövlüyü və federativ dövlətə çevrilməsi məsələsi müzakirə olundu.
Ancaq bu görüş heç də “Qaliblərin qurultayı” sayıla bilməz. Düzdür, İŞİD məğlub olub, ancaq hələ məhv edilməyib. Ondan başqa, İdlib və digər bölgələr üzərində nəzarət İŞİD-dən heç də az radikal olmayan “Həyat Təhrir əş-Şam” qruplaşmasına məxsusdur.
Hazırda Türkiyə ilə Suriya prezidentləri arasında danışıq predmeti yoxdur. Yəni “Türkman məsələsi” artıq gündəlikdən çıxıb. Çünki Latakiya türkmanları Dəməşqlə anlaşaraq, hakim rejimə qarşı loyal mövqe tutublar. Digər detallara gəldikdə isə Türkiyə rəhbərliyi də dəfələrlə bəyan edib ki, siyasətdə daimi heç nə yoxdur.
Ankara bununla demək istədi ki, onun üçün əsas problem Bəşər Əsədin hakimiyyətdə qalması yox, kürd məsələsidir. Ancaq kürdlər Dəməşq rejiminə qarşı müxalifətdədirlər. Türkiyə “Suriya Kürdüstanı”nın gələcəyi üçün Vaşinqton və Moskva ilə razılığa gəlməlidir. Konkret danışsaq, hazırda Türkiyə və Suriya prezidentlərinin görüşü üçün zəmin yoxdur”.
Ekspert regionda cərəyan edən son proseslərin gedişində xeyli yaxınlaşan Rusiya, Türkiyə və İranın strateji müttəfiq olduqlarını şübhə altına alıb:
“Bu ölkələr əlbəttə ki, strateji müttəfiq deyillər. Mən onları hətta taktiki yox, “situativ tərəfdaş” adlandırardım. Deyim ki, hətta NATO-nun timsalında da görürük ki, hərbi-siyasi ittifaqlar hazırda müəyyən konseptual böhran keçirir.
Gəlin xatırlayaq ki, 2015-ci ilin noyabrında Türkiyə ilə Rusiya arasında məlum “təyyarə böhranı” yarananda, NATO özünün Nizamnaməsi çərçivəsində Ankaraya hərbi dəstək vəd etmədi.
Hətta Alyansın Türkiyə ərazisində yerləşdirilmiş “Patriot” zenit-raket kompleksləri də təcili surətdə ölkədən çıxarıldı. Bununla da Türkiyənin hava məkanı müdafiəsiz qaldı. Şübhə yoxdur ki, prezident Ərdoğan bu demarşı unutmadı və ona görə də Rusiyadan C-400 komplekslərinin alınmasına qərar verdi”.
Mənə görə, hazırda dünyada sadəcə, bir strateji ittifaq mövcuddur – ingilisdilli ölkələr olan ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyadan ibarət olan ittifaq. Bu dövlətlər bütün məsələlərdə vahid mövqedən çıxış edirlər”.