Polis istəməsə belə vətəndaş öz bildiyini edir - Vaqif Əsədov
1-12-2017, 10:13
"YPX ilə bağlı videoları hər gün rəhbərliyə məruzə edirəm"
Sosial şəbəkələrdə yol polislərindən narazılığını bildirmək üçün onların videosunu çəkib paylaşanlara tez-tez rast gəlirik. Bir çox hallarda bu videoları çəkənlər onu sosial şəbəkədə paylaşacaqlarını yol polislərinə bildirirlər. Bəzi istisnaları çıxmaq şərti ilə əksər hallarda yol polisləri bu çəkilişlərə maneçilik törətmirlər. Onu da bildirək ki, belə videolara cəmiyyət də həssas münasibət nümayiş etdirir. Əksər hallarda yayılan videolara şərh yazılır, paylaşılır və s. Yəqin hər kəsə maraqlıdır, bəs bu videolar sosial şəbəkələrdə paylaşılandan sonra Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılırmı?
Deyək ki, haqlı olduğunu düşünən vətəndaş bu videonu ictimailəşdirir, ancaq rəsmi ərizə və yaxud şikayət məktubu ilə Yol Polisi İdarəsinə müraciət etmir. Bu halda da həmin videolarla bağlı araşdırmalara başlanılırmı? Bununla bağlı yeniavaz.com saytının suallarını Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov cavablandırıb.
- Vaqif müəllim, sizin özünüz də yəqin ki, yol polisi-sürücü münasibətləri ilə bağlı sosial şəbəkələrdə yayılan videoların çoxunu izləyirsiniz. Sosial şəbəkələrdə vətəndaşlar tərəfindən yayılan həmin videolarla bağlı tədbir görülürmü, yoxsa yayılması çox da önəmli deyil?
- Əvvəla, haqlı olduğunu demək təbii ki, vətəndaşın öz düşüncəsidir. Vətəndaş özünü haqlı hesab edirsə, əlindəki o şəkil və video ilə aidiyyəti üzrə müraciət etməlidir. Sosial şəbəkələrdə yaymaqla əlavə araşdırma üçün bizə şərait yaradır. Qanun nə deyir? Qanunda deyilir ki, sosial şəbəkələrdə və yaxud texniki vasitələrin göstəriciləri əsasında sürücü-yol polisi münasibətləri ilə əlaqədar, yaxud törədilən xətalarla əlaqədar hər hansı bir video yayılırsa, dərhal araşdırma aparılmalıdır və aparılır. Bununla əlaqədar tədbir də görülür. Yəni siz istəsəniz də, istəməsəniz də bu bizim funksional vəzifəmizdən biridir. Şəxsən mən sosial şəbəkələrdə sürücü-yol polisi münasibətləri ilə bağlı video, sujet yayılırsa, dərhal bu barədə rəhbərliyə yazılı məruzə edirəm. Mənim məruzəm əsasında rəhbərlik göstəriş verir, dərkənar qoyur, aidiyyəti üzrə araşdırma aparılır.
- Vətəndaş düşünür ki, videonu yayacaqsa, məsələ ictimailəşəcək və problem həll olunacaq.
- Demək olar ki, hər gün bir sujet yayılır və hamısına da cavab veririk. Əslində isə belə deyək, həmin videoların sosial şəbəkələrdə yayılmaması, vətəndaşın dərhal aidiyyəti üzrə bizə müraciət etməsi daha yaxşı haldır. Vətəndaş özünü haqlı hesab edir? Özünü haqlı hesab edən vətəndaş nə çəkibsə çəksin, onsuz da polis istəməsə belə vətəndaş bildiyini eləyir. Polis də müdaxilə etmir, vətəndaş çəksin. Özünü haqlı hesab edirsənsə, buyur, çək. Ancaq mən bir polis polkovniki, sürücü kimi hesab edirəm ki, bunu sosial şəbəkələrdə yaymaq yaxşı hal deyil. Bunu ictimailəşdirmək nə deməkdir? Bunu nə üçün eləyirsən? Mən düzü, bunu başa düşə bilmirəm. Əlində materialın var, buyur. Əgər hər hansı bir ərazidə yol polisi əməkdaşı sənə qarşı xoşun gəlməyən bir hərəkət edibsə, əlində materialın varsa, dərhal həmin ərazinin yol polisinə müraciət elə və əmin ol, sənin iştirakınla, səni razı salacaq dərəcədə işə baxılacaq. İnanın, bunu sizə tam məsuliyyətimlə deyirəm.
- Vaqif müəllim, bəzən elə videolar da yayılır ki, nə baş verdiyini tam anlamaq olmur, sanki hansısa hissəsi kəsilir və yayana sərf edən formada təqdim edilir.
- Bəzi vətəndaşlar sosial şəbəkələrdə videonu istədikləri kimi verirlər, yəni müəyyən yerini kəsir, hansı tərəfi sərfəlidirsə, orasını verirlər. Biz də məsələni araşdıranda hərtərəfli araşdırırıq. Sürücü və yol polisi arasında olan münasibətlərin videosu, səs yazısı bizdə də olur. Siz bu barədə bilirsinizmi? Yol polislərində həm diktofon, həm də videogörüntü var. Həm görüntü maşınla çəkilir, həm də yol polislərinin üzərində səsyazan var. Bilirdinizmi bu barədə? Vətandaş gedir sosial şəbəkələrdə yayır ki, filan yol polisi - nömrəsi bu, nişanı bu - mənə qarşı haqsızlıq elədi. Təbii ki, biz yol polisini çağıranda, özümüzdə olan vasitələrin köməyi ilə araşdırma aparanda görürük ki, xeyir, heç də belə deyil. Maşın necə hərəkət eləyib, bu maşın necə saxlanılıb, yol polisi sürücüyə necə yaxınlaşıb, necə özünü təqdim eləyib, sürücü ona nə cavab verib, bunların hamısını üzə çıxarırıq. Əgər həqiqətən də polis əməkdaşının buraxdığı səhv varsa, sizin istəyinizdən asılı olmayaraq, o cəzasını alır.
- Hər gün orta hesabla sizə belə videolarla bağlı nə qədər müraciət olur?
- Təxminən gün ərzində 20-25 nəfər bununla əlaqədar müraciət eləyir. İnanın ki, onların arasında özünün dedikləri ilə bizim göstərdiyimiz faktları gördükdən sonra utananlar, üzr istəyənlər də olur. Hər gün yazılı və yaxud şifahi orta hesabla bizə 20-25 müraciət daxil olur. Vətəndaş bizə yaxınlaşır ki, yol polisi əməkdaşı məni söydü, təhqir elədi və bu da görüntü. Biz deyirik indi gəlin bizim görüntümüzə baxın. O görüntü ilə bu görüntünü tutuşduranda vətəndaş öz səsini eşidir, öz görüntüsünü görür və müraciət edənlərdən 17-18-i deyir ki, daha lazım deyil, mən şikayət eləmirəm. Məsələn, vətəndaş deyir ki, yol polisi əsəbiləşdi, axı o da insandır. Başa salırıq ki, bəs bütün gün ayaq üstə, qar, yağış, siz də onu başa düşün. Yol polisi deyir ki, sənəd verin, vermirsiniz. O zaman yol polisi post-patrul çağırır, əlavə qüvvə çağırır və yenə sənəd vermirsiniz. Məcbur qalıb sizi təsirli tədbir görmək üçün aidiyyəti üzrə aparırlar. Orada sənədi verirsiniz, deyirsiniz ki, polis bağışla, bilmədim. Belə şey olar? 2 saat ərzində sənədi vermirsiniz, sonra da deyirsiniz ki, yol polisi mənə belə dedi.
- Son illər videoçəkilişlə bağlı müraciət edənlərin sayı artır, yoxsa azalır?
- İnkişaf etmiş ölkələrdə bilirsiniz də polis-sürücü münasibətləri ilə bağlı qanunvericilik necədir. Sürücü yol polisi demədən yerə düşmür, sükan arxasında əli görünməlidir, sənədlər təqdim edilməlidir, polisin bütün qanuni tələbləri sözsüz-söhbətsiz, müzakirəsiz yerinə yetirilməlidir. Bizdə isə deyir ki, sənəd vermirəm, sən niyə məni saxladın. Lakin aparılan təbliğat getdikcə öz nəticəsini verir. Vaxtilə "əlimdə fakt var" deyib gün ərzində orta hesabla 50-55 müraciət edən vətəndaş olurdusa, indi onların sayı 20-25-ə düşüb. Bunun səbəbi odur ki, şikayət edən vətəndaşların iştirakı ilə onlara texniki vasitə ilə əldə edilmiş görüntülər göstərilir və əsl həqiqət ortaya çıxır. Bəziləri başa düşürlər ki, daha yalan deməyin yeri yoxdur, gedir və gəlmir, üstəlik, təbliğat da aparır ki, artıq elə bir texnika var ki, yalan danışmaq mümkün deyil.
- Yol polisləri ilə də bununla bağlı söhbət aparılırmı?
- Açığını deyim, heç vətəndaş şikayət etməsə belə, biz dövlət yol polisinin hər bir nəfərinin iş fəaliyyəti zamanı onun bütün hərəkətlərini əldə etdiyimiz texniki vasitələrlə izləyirik. Yol polisi dislokasiyadan kənara çıxdısa, qeyri-qanuni hərəkət etdisə, heç vətəndaşın şikayət etməsə belə, tədbir görürük. Bundan əlavə, 8 saatlıq iş rejimi qurtarır, bizdə idarədə aidiyyəti üzrə belə deyək, əməkdaşlar var. Məsələn, ilk növbədə komandir öz şəxsi heyətini günün axırında işi ilə bağlı yığır, müzakirələr aparır. Həmçinin qərargah var, orada da videokameraların köməkliyi ilə hər bir patrul avtomobilinin hərəkəti və hərəkəti zamanı xəta törədibsə, yəni əsassız qayda pozubsa, aşkar etdikdə sənədləşdirilir. Gün ərzində hansısa yol polisi əməkdaşı xidmət zamanı xəta törədibsə, cəzasını alır.
Hər gün təlimat da olur. Əməkdaşlar işə getməzdən əvvəl 30 dəqiqəlik təlimat olur. Bu təlimatda həm fərdi olaraq, həm də ümumi olaraq lazımi sözlər deyilir.
- Yalan videolar yayılanda həmin vətəndaşlara qarşı tədbir görülürmü?
- Yalan videoların yayılması əslində elə o vətəndaşın özünün haqqında xoşagəlməz informasiyaların yayılmasına səbəb olur. Təsəvvür edin, vətəndaş özünə sərf eləyən hissəni saxlayır, qalanı hissələri kəsir və videonu yayır. Belə videolar haqqında biz informasiya veririk, deyirik əslində hadisə belə olub. Məsələn, bu yaxınlarda bir xanım guya ona qarşı haqsızlıq edilməsi barədə "facebook" səhifəsində paylaşmışdı. Bu məsələ ictimailəşdi, biz də üzə çıxartdıq videonu və dedik buyurun, baxın. Görün bu xanımın danışığı ilə real video üst-üstə düşürmü? Belə hesab edirlər ki, bu məsələlərin sosial şəbəkələrlə ictimailəşdirilməsi onların xeyrinə məsələni həll edəcək. Əgər video montaj olunubsa, hadisə başqa cür təqdim edirilirsə, xeyir, elə olmur. Belə olduğu halda biz də məcburuq ki, hər şeyi açıb ortaya qoyaq, necə olubsa onu göstərək. Bu videoları ortaya qoyanda, yayanda kimin kim olduğu üzə çıxır. Sizin vasitənizlə bunu edənlərə belə şeyləri məsləhət görmürəm. Həm də bu məsələ qanunvericiliklə həll olunmalıdır. Buyur, nə çəkirsən çək, amma aidiyyəti üzrə də məlumat ver, şifahi və ya yazılı göstər. Qanun da bunu tələb edir. Birgə araşdıraq və qanuni tədbir görək.