Türkiyə üçün plan hazırlanıb: ermənilər cənubdan girəcək və...

6-12-2017, 09:37           
Türkiyə üçün plan hazırlanıb: ermənilər cənubdan girəcək və...
Jurnalist Leyla Vəkilli uzun illər Parisdə yaşayıb, fəaliyyət göstərib. Çətin və bir o qədər də maraqlı ömür sürən Leyla xanım doğma Azərbaycana ilk dəfə 79 yaşında – 2011-ci ildə gəlib. Daha çox Səməd Vurğunun şəxsində məşhurlaşmış Vəkilovlar nəslinin nümayəndəsi olan jurnalist xanım 1920-ci ilə qədər Tiflisdə prokuror işləmiş Həsənalı Sultan Vəkilovun qızıdır. Leyla xanım Vəkilli 2017-ci il noyabrın 26-da vəfat edib.

Kult.az Leyla Vəkillinin 2011-ci ildə “SalamPress” qəzetinə verdiyi müsahibəni təqdim edir:

- Leyla xanım, mümkünsə, əvvəlcə özünüz haqda məlumat verin.

- Mən Leyla Vəkilliyəm, Vəkilovlar nəslinin nümayəndəsi... Atam Həsənalı Sultan Vəkilov Naxçıvan bölgəsində, Dərələyəz qəzasının Çivə kəndində anadan olub. İlk orta təhsilini İrəvanda gimnaziyada alıb, sonra Rusiyada ali hüquq təhsili görüb. Tiflis şəhərinə qayıdıb, orada Mariya adlı bir gürcü xanımla ailə qurub. Tiflisdə hansısa məsul vəzifədə çalışıb. Hazırda onun sənədləri arasında diplomatik pasportu qalmaqdadır. 1920-ci ildə Qafqazda sovet rejimi qurulduqdan sonra Türkiyəyə mühacirət edib. Atam Türkiyəyə mühacirət edəndə həyat yoldaşı Mariya onunla getməkdən imtina edib. Elə orda da bir Krım türkü olan xanımla - anam Safiyə ilə evlənib. Ardınca Fransaya köçüb və mən Parisdə dünyaya gəlmişəm. Sonra yenidən Türkiyəyə qayıtmışıq.

- Atanız Türkiyədə nə işlə məşğul olurdu?

- Ticarətlə. Sənədləri Tiflisdə qaldığından, hüquqşünas olduğunu təsdiqlədə bilməyib. Ona görə ticarətlə məşğul olurdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Daxili İşlər nazirinin müavini olmuş Şəfi Rüstəmbəyli ilə ailəvi münasibətimiz çox yaxın idi. Demək olar ki, atamla Şəfi əmi hər gün bir yerdə olurdular. Şəfi əminin bir ara İstanbulun mərkəzində bir dükanı vardı. Daha sonra atam həsir işinə girişdi. Çevrəmizdə olan azərbaycanlıların sayı çox deyildi. Şəfi Rüstəmbəyli ilə Xoyski ailəsi yaxınlıq edirdik. Bir Muğanlar ailəsi də vardı.

- Muğanlar kim idi?

- Azərbaycan ailəsiydi. Bakıda bu adda bir bank görəndə ani donub qaldım. Beləcə mən bir azərbaycanlı çevrəsində böyüdüm. Amma rusca da bilirəm.

- Ruscanı harada öyrənmişdiz?

- Evdə. Atam öyrətmişdi. Mən 6 yaşında olanda atam “Bukvar” adlı bir kitab almışdı. Deyirdi, bir dil bir insandır, iki dil iki insandır...

- Rus dili nəyinizə lazım idi?

- Atam belə istədi. O, rus dilini və rus ədəbiyyatını çox sevirdi. Atamın böyük dərdi Stalin idi. Hər cümə axşamı bizim evdə azərbaycanlı ailələri - onların arasında Türkiyədə böyük rəssam kimi tanınmış, nənəm Şirin xanım Səfiyevanın əmisi oğlu İbrahim Səfi də vardı - bu mövzuda danışırdılar. Biri-birilə Azərbaycanda baş verənlərlə bağlı xəbərləşirdilər. Hətta xəbər olmayanda da nəsə tapıb danışırdılar...

- Neçənci ildə anadan olmusunuz?

- 1932-ci ildə.

- Ailədə neçə övladıydız?

- Təəssüf ki, tək... İstanbulda fransız liseyində oxudum. Notrdam liseyi 1 nömrəli məktəb idi. Həm türkcə, həm fransızca, qismən də ingiliscə öyrədirdilər. Ümumiyyətlə, tədrisin səviyyəsi çox yüksək idi. Oranı 1952-ci ildə bitirdim, sonra Parisə getdim.

- Niyə Parisə?

- Fransızca danışır, fransızca oxuyurdum. Bizimkilər də elə hey Paris-Paris deyirdilər. Düzdür, bir ara atam hüquqşünas olmağımı istədi, amma mən istəmədim. Ona görə Parisdə sosiologiya üzrə universitet təhsili aldım. Atamdansa mənə bir virus keçdi - siyasət... Hüquqla bağlı ali mətbuat kursu bitirdim. Bundan sonra jurnalistika ilə məşğul oldum.

- Türkiyə ilə əlaqələr kəsildimi?

- Yox. İldə iki dəfə Türkiyəyə gəzməyə gəlirdim. Amma həmişə Türkiyədə baş verənləri izləyirdim. Hər şeyi izləmək, təqib etmək kimi bir xəstəliyim var... Qəzetçilikdə məni ən çox maraqlandıran mövzu nədən müsəlman ölkələrinin geridə qalması məsələsi idi. Daha çox bu mövzularda yazmağa başladım. İlk illər azad jurnalist kimi fəaliyyət göstərirdim. Ayrı-ayrı mövzu dalınca gedib, iki-üç həftəyə bir yazı hazırlayırdım, xəbər agentlikləri də onları məndən satın alırdı. Sonra türklər Parisdə “Sipa-press” adlı bir xəbər agentliyi qurdular. 184 ölkədə bürosu vardı. Məni də əməkdaşlığa dəvət etdilər. “Sipa-press”in rəhbəri mənim yaxın dostum idi. Orda beynəlxalq mövzulara baş vurdum - Afrikaya, Latın Amerikasına, Fələstinə getdim, Nikaraquadan tutmuş Əlcəzairə kimi çox yerdə oldum. Hətta Əlcəzairdə yaralandım da...

- Necə oldu bu?

- Maşın qəzasına düşdüm. Elə sürətlə getdik ki, maşını divara vurduq.

- Hara tələsirdiniz?

- Dedilər, Çe Qevara gəlib... (Leyla xanım argentinalı marksist-inqilabçı və siyasətçi Ernesto Çe Gevara ilə 3 saatlıq görüşdə iştirak edib – red.)

- Ümumiyyətlə, Çe Qevara haqqında nə düşünürsünüz?

- Böyük idealist idi, röyaları çin çıxmadı. Belə xəyallarla uzağa getmək olmazdı - bunu bu yaşımda, bu yaxınlarda düşündüm. 60-cı illərin əvvəllərində, onda hələ atam ölməmişdi, Türkiyəyə gəlmişdim. Taksim meydanında İşçi Partiyasının böyük bir mitinqi gedirdi. Gördüm, atam mitinqdə çıxış edir. “Burda neynirsən ata?”, - deyə soruşdum. “45 ildir bunları gözləyirəm” – dedi – “Mən İşçi Partiyasına səs verəcəm”. Mat qaldım.

- Atanız solçuydu, eləmi?

- Hər ikimiz solçuyduq.

- Nədən Türkiyədə işləmədiniz?

- Doğrusu, Fransada işləyib-yaşamaq daha rahat idi, həm də yaxşı pul verirdilər. Bir ara Türkiyədə fəaliyyət göstərmək istədim. “Cümhuriyyət” qəzetinə getdim, “arxiviniz varmı”, - soruşdum. “Yoxdur”, - dedilər. Onda yox idi, indi var, amma zəifdir. Mənə Nazim Hikmətlə də görüş qismət oldu. 1962-ci ildə Parisə gəlmişdi. Mənə Bakıdan və Səməd Vurğundan danışdı. Onda bilmirdim ki, Səməd Vurğun da Vəkilovlardandır.

- Atanız sizin Türkiyədə yaşamağınızı istəmirdi?

- Yox, qorxurdu...

- Nədən?

- Nə bilim... Hər halda Parisdə yaşamağımı istəyirdi.

- Atanız Azərbaycan haqqında nə düşünürdü?

- Daha çox ermənilərə nifrət edirdi. Mən də onun kimiyəm. Atam Azərbaycana dönə bilmədiyinə görə həmişə qüssə çəkirdi. Yaxınlarını, qohum-əqrəbasını xatırlayırdı. Mən özüm də uzun illər Vəkilovları aramışam.

- Azərbaycan haqda nə düşünürsünüz?

- Mən Bakıda şok yaşadım - çox gözəl şəhərdir. Baxanda çox böyük pullar olduğunu düşünürsən. Türkiyədə Azərbaycan televiziyalarını izləyirəm. Məni buraların klassik musiqisi çox təsirləndirir. Ötən il Azərbaycandan Türkiyəyə millət vəkilləri gəlmişdi, onların çıxışları da xoşuma gəldi. Bir sözlə, Azərbaycanda bir hərəkətlilik var. Zəngin ölkədir, ancaq kaş böyük ölkələrin iştahına keçməsin.

- Dediniz ki, müsəlman ölkələrinin nədən geri qalması problemini düşünürsünüz. Cavabınız varmı?

- Müsəlman ölkələrinin geri qalmasının çox səbəbləri var - tarixi, kültürəl... Bundan başqa, müsəlman aləminin məruz qaldığı basqıları da qeyd eləməliyik. İmperialist ölkələr müsəlman aləminə istismarçı mövqedən yanaşdı, onlara talançı gözü ilə baxdı. Günümüzdə də eyni proseslər gedir. Misal üçün, Liviya olayı nədir? Liviyada 5-6 milyon insan yaşayır. Orda təkcə neft yoxdur, qumun altında su da var. Böyük zənginlikdir. Nə üçün Liviyaya Amerika deyil, Fransa hücum elədi? Çünki Obama ilə Sarkozi bazarlıq etdi. Dedi, mənim bu saat pul-param yoxdur, əsgərim Liviyaya girmək istəmir, hücuma sən başlayacaqsan. Sarkozi dedi, oldu, amma əvəzində sən də Beynəlxalq Valyuta Fondunun prezidenti Dominik Stross Kana tələ quracaqsan. Prezident seçkisində Stross Kanın Sarkozinin yerinə seçilmək imkanları böyük idi. Eyni zamanda Sarkozi Liviyanın bütün neftinə sahiblənəcəyini düşünür. Baxaq, görək nə olur... Hələ məsələ tamamlanmayıb. Misir həmişəki Misirdir, amma Yəməni əldən verməzlər. Bu ölkə İranın ərəb dünyasına yolunu kəsmək üçün təbii bir maneədir.

Suriyanı sünni, şiə və kürdlərdən ibarət 3 hissəyə bölmək istəyirlər. Çünki ortada Böyük Kürdüstan yaratmaq və Türkiyə Cümhuriyyətinin türk dövlətləri ilə əlaqəsini kəsmək planı var. Bu halda şimaldan ermənilər də burunlarını göstərəcəklər. Hələlik proses gedir, izləyək görək nə ilə qurtaracaq.

- Erməni problemi haqda fikriniz nədir?

- Fransa, Amerika, İngiltərə, Rusiya oynamasaydı, bəlkə Ermənistanın Türkiyə və Azərbaycanla münasibəti yoluna qoyulardı. Mənim anladığım bir şey var: Avropa və Avropa mənşəli dövlətlər, başqa sözlə, xristian dünyası islam ölkələrini heç zaman qəbul etməyib. Həmişə Ermənistan kimi kiçik xristian ölkələrini şahmat taxtasında piyada fiqur kimi oynadıb. Bəlkə də Amerikada, Fransada ermənilərin yüksək səviyyədə təşkil olunmuş qurumları olmasaydı, vəziyyət belə mürəkkəb olmazdı. Buna görə problemin çözümü zor...

- Leyla xanım, söhbətin əvvəlinə dönək. Gec də olsa vətənə, qohumların yanına gəlmisiniz...

- Bizim evdə Vəkilovlar söhbəti həmişə, sabahdan axşama qədər danışılırdı. Bir ömür əmilərimin, qohumlarımın həsrəti ilə yaşamışam, daim onları düşünmüşəm, məndə atamdan başqa bir qohumumun şəkli belə, yox idi. Mən Aygün xanımdan (hazırda evində olduğu, onu Bakıya dəvət etmiş qohumu Aygün İbrahimağa qızı Vəkilovanı nəzərdə tutur-Q.Y.) ilk emaili bu il mayın 26-da aldım, ardınca Səməddən (qohumu Səməd Vəkilovu nəzərdə tutur - Q.Y) məktub gəldi, o mənə əmilərim İlyas və Qəzənfər Vəkilovların, Aygünün şəkillərini göndərmişdi. Həyəcandan o qədər ağladığım yadıma gəlmir. Günlərlə şəkillərə baxıb göz yaşı tökdüm. Bakıya gəldim. Daha heç nə istəmirəm. 79 yaşlı bir xanımın nə arzusu ola bilər ki?!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.