Qüdrət Həsənquliyev: "Parlamentin yarısının dəyişəcəyini gözləyirəm" - MÜSAHİBƏ

15-08-2015, 15:07           
Qüdrət Həsənquliyev: "Parlamentin yarısının dəyişəcəyini gözləyirəm" - MÜSAHİBƏ
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev APA-ya müsahibə verib.

Strateq.az müsahibəni oxuculara təqdim edir:



- Partiyada seçkiyə hazırlığınız necə gedir? Seçkidə iştirak etmək barədə qərar vermisiniz?

- Əlbəttə, qərar vermişik. Biz, ümumiyyətlə, birləşdirici qurultay keçirəndən qərar vermişik ki, bütün seçkilərdə siyasi partiya iştirak eləməlidir. Yalnız öz namizədlərimizlə çıxış etməyimiz vacib deyil. Partiyalardan ibarət blokda da iştirak edə bilərik. Amma bütün hallarda siyasi partiya seçkilərdə iştirak etməlidir.

Seçkilər platformanı daha geniş auditoriyaya çatdırmaq imkanı verir. Parlament seçkiləri ilə bağlı namizədlərimiz 80 dairədə müəyyənləşib, iş davam edir. İdarə Heyətində qərar qəbul olunacaq. Sonra təbliğat kampaniyasına start verilməsini gözləyəcəyik və öz platformamızı çap edib yayacağıq.

-Partiyanızın üzvü olmayan, lakin cəmiyyətdə tanınmış şəxslərin namizədliyini dəstəkləmək planınız var?

- Bəli. Hakim partiya istisna olmaqla bitərəflərin və digər müxalif partiyaların namizədlərini dəstəkləyə bilərik. Məsələn, hansısa dairədə öz namizədimiz olmayacaqsa, bizimlə əməkdaşlıq edən digər partiyanın namizədini dəstəkləyəcəyik, daha şanslı namizədin xeyrinə öz namizədimizi geri də çəkə bilərik. Bu, əlbəttə seçki prosesində məlum olacaq.

- Azərbaycanda seçkilərlə bağlı artıq “boykot” çağırışını səsləndirənlər də var. Onlar hesab edir ki, seçkilərdə iştirak etməyin əhəmiyyəti yoxdur. Buna münasibətiniz necədir ?

- Azərbaycanda seçkilər majoritar sistemlə keçirilir, amma biz proporsional seçki sisteminin tərəfdarıyıq. Bəzi partiyalar bilirlər ki, seçkilərdə heç bir uğur qazanmaq şansları yoxdur, ona görə də indidən seçkiləri “boykot” edəcəklərini bəyan edirlər. Bu yolla hakimiyyətlə hansısa bazarlığa gedə biləcəklərini düşünürlər. Beynəlxalq təşkilatların vasitəçiliyi ilə hansısa dairədən iqtidarın öz namizədi ilə çıxış etməməsinə nail olub, parlamentdə təmsil olunmalarına şərait yaradılmasını istəyirlər. Hesab edirəm ki, bu “boykot” çağırışları daha çox bazarlıq niyyəti daşıyır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də bir müddət əvvəl keçən seçki ilə bağlı açıqlamasında bildirmişdi ki, bəzi beynəlxalq təşkilatlar onunla görüşündə həmin partiyaların belə istəyini çatdırıblar. Amma təcrübə göstərir ki, Azərbaycan siyasi mühitində “boykot” heç vaxt özünü doğrultmayıb, heç bir təsir imkanına malik olmayıb.



- Bu seçkidə Milli Məclisin palitrasının dəyişməsini gözləyirsinizmi? Ümumiyyətlə, ciddi dəyişikliyə ehtiyac olduğunu düşünürsünüzmü?

- Mən hesab edirəm ki, seçkidən seçkiyə Milli Məclisin işgüzarlığı, daha hazırlıq parlamentin formalaşması zəruridir. Ona görə ki, dünyada rəqabət getdikcə güclənir. Parlament həm də hakimiyyətin bir qolu kimi ölkəni dünyada təmsil edir. Bu baxımdan parlamentdə hazırlıqlı adamların olması tələb olunur. Milli Məclis çoxlu beynəlxalq təşkilatlarda təmsil olunur, ora çox hazırlıqlı adamları göndərmək lazımdır. Ona görə də çox ümid edirəm ki, növbəti parlamentimiz indikindən də güclü olacaq. Seçiciləri də indidən çağırıram ki, onlar namizədlərə səs verərkən parlament üzvlərinə “asfalt çəkən”, “su borusu təmir etdirən” şəxs kimi baxmasınlar. Onları səs verdikləri millət vəkilinin parlamentdə seçicinin rifahının yaxşılaşdıracaq qanunların qəbulunda, beynəlxalq təşkilatlarda ölkəni təmsil etmə qabiliyyətini nəzərə alsınlar.

Bundan başqa, seçicilər iqtidardan razı olsalar belə, ölkənin problemlərinin birinin də müxalifətin zəif olması ilə bağlılığını nəzərə almalıdırlar. Bu seçkilərdə müxalifətə, layiqli müxalifətə səs verəcəklərinə ümid edirəm. Bu isə parlament idarə olunmasında müxalifətin iştirakı demək olacaq. İndiki parlamentdə nəinki vitse-spiker, komitə sədri, hətta komitə sədrinin müavini səviyyəsində də müxalifət təmsil olunmur. Çox təəssüf ki, Azərbaycan parlamenti Cənubi Qafqazda fraksiyası olmayan yeganə parlamentdi. Düşünürəm ki, bu seçkidə olacaq dəyişikliklər bizim parlamentin imicinin dəyişməsinə də imkan verəcək.

Eyni zamanda parlamentə yeni üzlərin, xüsusilə hazırlıqlı gənclərin gəlməsinə ehtiyac var. Ölkədə bir neçə bu cür hazırlıqlı qəzet redaktoru, agentlik direktoru, qeyri-hökumət təşkilatının təmsilçisi var ki, onlar parlamenti layiqincə təmsil edəcək hazırlıqlı şəxslərdir. Məncə, seçicilərimiz də bu seçimlərində dünyada ölkəmizi layiqincə təmsil edə biləcək belə şəxslərə üstünlük verməlidirlər. Reallığı deyək, elə media rəhbərləri var ki, onlar bəzi siyasətçilərdən çox hazırlıqlıdırlar. Ad çəkmək istəmirəm, amma ümumiyyətlə qəzet oxumayan, medianı izləməyən partiya sədrləri, funksionerləri var. Media rəhbərləri, QHT təmsilçiləri isə işləri tələb etdiyi üçün informasiyalıdırlar, beynəlxalq tədbirlərdə tez-tez təmsil olunurlar və uğurlu millət vəkili kimi də fəaliyyət göstərə bilərlər.

Burda xüsusilə mən bir məsələyə də toxunmaq istəyirəm. Parlamentə seçiləcək, xüsusilə beynəlxalq təşkilatlarda təmsil olunacaq şəxslərin xarici dil bilmələri əlbəttə yaxşı olar. Amma məncə bu əsas məsələ olmamaqdır. Mən NATO PA-nın iclaslarında iştirak edirəm. Avropanın bir çox ölkələrinin nümayəndə heyətləri belə özləri ilə tərcüməçi gətirirlər. Əsas məsələ xarici dildə danışmaq deyil, nəyi, necə danışdığını bilməkdir.



- Proqnozunuz necədir? Neçə faiz dəyişiklik gözləyirsiniz parlamentdə?

- Mən həmişə nikbin yanaşıram. Bu dəfə də seçkilərdə ciddi dəyişikliklər gözləyirəm. Parlamentinin yarısının dəyişəcəyini gözləyirəm.

- ATƏT-in seçkiqabağı müşahidə missiyası artıq Azərbaycandadır. Sizin də onlarla görüşünüz olub. Sizcə, Beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in bu seçkiyə münasibəti necə olacaq?

- Mən eynilə ATƏT təmsilçiləri ilə görüşdə də dedim ki, Azərbaycanda ATƏT və ədalət anlayışlarının bir yerdə səslənməsi insanlar təəccüblənir. Ona görə ki, bizim 20 faiz torpaqlarımız Ermənistan tərəfdən işğal olunub, 1 milyondan artıq qaçqınımız var, bu problemin həlli ilə məşğul olan ATƏT hələ də işğalçıya öz adını deməyib, ədalətli mövqe ortaya qoymayıb. İşğal faktına bu müddət ərzində ATƏT yalnız seyrçi olub.

Buna baxmayaraq, siyasi institut olaraq ATƏT-in Azərbaycandakı seçkiləri müşahidə etməsi vacib məsələdir. ATƏT ölkədə qiymətləndirmə apararkən onu da nəzərə almalıdır ki, Azərbaycan qərb strukturlarına inteqrasiya edib, amma Şərq mentalitetinin daşıyıcısıdır. Bu gün Şərq ölkələrində, keçmiş sovet ölkələrində baş verənlər Azərbaycan xalqını da narahat edir, çəkindirir. ATƏT seçki qiymətləndirməsini gələcək əməkdaşlığa zərər vurmadan aparmalıdır.

ATƏT-ə iqtidarla müxalifətin zəif olmasının səbəbləri barədə müzakirələr aparmağı təklif etdim. Məsələn, ölkədə proporsional seçki sisteminin tətbiq olunmasına ehtiyac var. Bu çoxpartiyalı sistemin inkişafına təkan verə bilər. İqtidarla belə qlobal məsələlərin müzakirə olunmasına ehtiyac var.

O ki qaldı beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətinin dəyişməsinə, buna inamım azdır. Bunun əsas səbəbi Ermənistanın bizim torpaqlarımızı işğal etməsi və o beynəlxalq təşkilatların, onlara himayədarlıq edən ölkələrin də Ermənistanla eyni din həmrəyliyindən çıxış etməsi, bəzi hallarda ayrı-ayrı təşkilatların, siyasətçilərin isə erməni diasporundan asılı vəziyyətdə olmasıdır. Onlar "insan hüquqları" adı altında Azərbaycana təzyiq etmək istəyirlər. Ona görə də Azərbaycana nə vaxtsa Ermənistandan yaxşı qiymət verəcəklərini düşünmürəm. Amma bu qətiyyən Azərbaycanın Qərblə əməkdaşlığı kəsməli olması anlamına gəlməməlidir. Əksinə, biz işləməliyik. Qərb ölkələrinin ictimaiyyətinə onların siyasətçilərinin erməni diasporunun təsirində olması barədə həqiqətləri çatdırmalıyıq. Eyni zamanda diasporu gücləndirməliyik.

- İqtidarla müxalifət arasında bir ara intensiv dialoqlar keçirilirdi. Seçkiqabağı belə bir dialoq ola bilərmi?

- Mən bu dialoqun davam etməsini çox istəyərdim. Seçki qabağı belə görüşün keçirilməsinə ehtiyac var. Hesab edirəm ki, bu görüş bizə seçkiləri qarşılıqlı anlaşma şəraitində keçirməyə təkan verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.