Əli Həsənov: "Aqil Ələsgər uzun müddət təqiblərə məruz qalıb, mübarizə aparıb"
10-03-2018, 19:42
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan jurnalistlərinin VII qurultayında çıxış edib.
teref.az yenicag.az-a istinadən xəbər verir ki, Əli Həsənov onu təbrik edən hər kəsə təşəkkür edib:
"Mənim haqqımda deyilən xoş sözləri hakimiyyətin ünvanına deyilmiş kimi qəbul edirəm. Burada səsvermə keçirildi. Bunun haqqında mənfi fikir söyləyənlər də olacaq. Ancaq onlara fikir verməyin. Onlara Azərbaycan jurnalisti kimi cavab verin. Mən sizi özünüz kimi olmağa çağırıram. Heç bir kənar təsir altına düşməyin”.
Aqil Ələsgərin səsləndirdiyi milli dəyərlərin qorunması üçün Mətbuat Şurasına edilən təklif haqqında isə Əli Həsənov bunları qeyd edib:
"Aqil Ələsgər uzun müddət təqiblərə məruz qalıb, mübarizə aparıb. Son zamanlar səsini çox yaxşı mənada ucaldıb. O, bildirdi ki, milli mənəviyyatımızı qorumalıyıq. Bu fikir çox dəyərlidir. Ana dilimizin saflığını pozurlar. Bəli, Mətbuat Şurası buna qarşı olmalıdır. Bununla bağlı ciddi iş görülməlidir. Xahiş edirəm, qarşıdan gələn fəaliyyətinizdə Aqil Ələsgərin təklifini diqqətdə saxlayasınız”.
Reket jurnalistika ilə bağlı danışan Əli Həsənov deyib ki, bundan danışanda ürəyim ağrıyır:
"Mənim haqqımda da Prezident Administrasiyasına şikayətlər edilir ki, mən onların çörəyini kəsirəm. Mən heç kimin çörəyini kəsmirəm, sadəcə olaraq, onları doğru yola çağırıram. Reket jurnalistlərin çoxu istedadlıdır. Onlar elə yerdən tuturlar ki, məmurun pul verməkdən başqa çarəsi qalmır. Biz onları doğru yola səsləyirik”.