Sosial problemlərdən də yan keçməyəcəyik- MİRŞAHİN AĞAYEV ÖTƏN HƏFTƏYƏ BELƏ YEKUN VURDU

26-03-2018, 13:18           

REAL TV-nin rəhbəri Mirşahin Ağayev ötən həftənin yekunları ilə bağlı növbəti şərhini verib.

Gununsesi.info həmin materialı təqdim edir:

Nə istəyirlər bizdən və ya bizi niyə zəiflətmək istəyirlər?



Bu həftə dünya və Azərbaycan üçün olduqca maraqlı olub. Putin Rusiyanın Prezidenti seçilib. Tramp gah onu təbrik etməyib, gah təbrik edib, Afrin dönüb olub, türk əskəri, Afərin!

Novruz bayramı gəlib. Azərbaycan prezidenti ölkənin birinci bayram tonqalını alovlandırıb. OPEK-in Baş katibi Azərbaycanın beynəlxalq neft siyasətindəki yüksək rolundan danışıb.

Britaniya-Rusiya münasibətləri o qədər gərilib ki, dövlətlər bir-birinin diplomatlarını ölkələrinin ərazisindən çıxarıblar. Fransanın paytaxtında terror baş verib. Birləşmiş Ştatlar Çinə sanksiya tətbiq edib.

Əslində bu hadisələrin hər biri haqqında ətraflı danışmaq olar və yəqin lazımdır da. Çünki Türkiyənin Suriyada – Afrində əldə etdiyi uğur Ankaranın regionda yeni söz sahibi iddiasında davamlı və əzmkar olmasından xəbər verir. Yəni bu gün Prezident Ərdoğan Birləşmiş Ştatlar kimi bir dövlətin bütün dilxorluğu və hətta bəzi hallarda açıq narazılığına baxmayaraq öz yolundan dönməmək nümunəsi göstərdi.

Bizdən ötrü isə Rəcəb Tayyib Ərdoğan həm də bir millətin iki dövlətindən birinin rəhbəridir və bu bir millətin bir Qarabağı da var. O Qarabağ ki, Ərdoğan onu Türkiyənin maraqlarından heç vaxt ayırmayıb…

Gərginləşməkdə davam edən London-Moskva münasibətləri isə bir-iki nəfərin zəhərlənməsindən daha ciddi təhlükəli gələcək barədə düşünməyə əsas verir. Rusiya faktiki olaraq kimyəvi silahdan istifadə etməkdə ittiham olunur. Yadınızdadırsa, Bəşər Əsəd də kimyəvi silah tətbiq etməkdə günahlandırılmışdı və o zaman rəsmi Dəməşqin bunu edə biləcəyinə birmənsalı şəkildə yalnız Rusiya inanmırdı. İndi Bəşər Əsəd və Putinin adını Qərb mətbuatı yenidən yanaşı çəkməyə başlayıb.

Doğrudur, Rusiya ona ünvanlanan ittihamları rədd edir, amma situasiya da kifayət qədər ciddidir və biz bundan sonrakı prosesləırin daha, özü də təhlükəlicəsinə maraqlı olacağını təxmin edirik. Hər halda Putinin güclü və ağıllı dövlət başçısı olduğunu Britaniyada yaxşı başa düşürlər və onlar belə bir iddia ortaya atıblarsa, deməli arxada nəsə olmalıdır. Elə Almaniya kansleri və Britaniya baş nazirinin baş-başa verib ümumi dil tapması da iki yaşlı qadının mətbəx söhbəti deyil. Mey və Merkel eyni mövqedədirlər. Putin Rusiyası yeni prezident dövrəsinə alman-ingilis tandemi ilə qalmaqalla başlayır.

Birləşmiş Ştatların Çinin simasında özünə ən ciddi rəıqib görməsi də təzə xəbər deyil. Amma Trampın Birləşmiş Ştatlar tarixində ən proqnozlaşdırılmaz dövlət başçısı kimi tanınması vəziyyətə xeyli intriqa qatır. Tramp bir əli ilə Şimali Koreya rəhbərinin əlini, o biri ilə isə Çinin boğazını sıxmağa hazırlaşır. Gərginliyi gözləyək.

Azərbaycanın paxıllığını çəkirlər! Azərbaycanı başqa dövlətlərin gözləri götürmür! Azərbaycana qarşı ikili standartlar tətbiq edilir! …tez-tez eşitdiyiniz fikirlərdir… Hətta bu iddialar bəzən lağa da qoyulur. Bilirsiniz niyə? Ona görə ki, çox deyilib və səbəbi izah edilmədən: Balam, axı Azərbaycan niyə ikili standartlarla rastlaşmalıdır? Niyə bizim inkişafımıza mane olmalıdırlar? Niyə dövlət rəhbərliyi bir qayda olaraq Azərbaycanın ayağının altını qazmaq istəyən ayrı-ayrı dövlətlərin təşəbbüs və tələlərini zərərsizləşdirməklə məşğul olur? Və ümumiyyətlə bizi niyə istəməyən qüvvələr olmalıdır? Nə istəyirlər bizdən və ya bizi niyə zəiflətmək istəyirlər? Bu suallara cavab verməyə çalışaq. Bəri başdan deyim ki, Azərbaycanın qüdrətlənməsini doğrudan da istəməyən qüvvələr var və onlar çoxdur. Bəs niyə axı?

Səbəb! Birinci səbəb budur ki, Azərbaycan müstəqil dövlətdir. İkinci səbəb isə budur ki, Azərbaycan müstəqil müsəlman dövlətidir. Kiçik bir ölkə olsa da artıq müxtəlif regional maraqlara təsir göstərə biləcək gücə və nüfuza malikdir. Sovet İttifaqından ayrılmış başqa respublikalardan fərqli siyasət yürüdür. Bütün risklərə baxmayaraq ən qeyri-populyar qərarlarını belə müstəqil verir. Dünya qaydalarını müəyyənləşdirən dövlətlərin isə öz ssenariləri var və əksər hallarda onların planları Azərbaycanın hədəfləri ilə üst-üstə düşmür. Dini zəmində toqquşmalardan, vətəndaş müharibələrindən, tar-mardan, bir-birilə müharibədən başı açılmayan əksər müsəlman dövlətləri üçün artıq müəyyən şablon yaradılıb. Müsəlman dövlətisənsə iqtisadi vəziyyətin mütləq bərbad olmalıdır. Ərazində mütləq müharibələr baş verməlidir. Əhalin səfil-sərgərdan olub dünyaya səpələnməlidir. Bir sözlə orta statistik müsəlman dövləti beynəlxalq dilə məhz bu şəkildə çevrilir. Dağınıq, pinti, dəvəsi ölmüş, yaxud öldürülmüş ərəb.

Və belə bir fonda müsəlman dövləti olan Azərbaycan ümumislam məkanı üçün qurulmuş trafareti dağıdır. O, güclü dövlətlərin hərbi poliqonuna çevrilən, daşı daş üstdə qalmayan, səfalət və didərgin həyatı ilə beynəlxalq ovqatda bir yazıqlıq hissi yaradan əksər müsəlman dövlətlərinə qətiyyən bənzəmir. Qlobal layihələr çəkir, onları icra edir. Bəzi beynəlxalq strateji proyektlərdə əsas söz sahibinə çevrilib. Tərkib hissəsi və beşiyi olduğu Şərq mədəniyyətini qərb mədəniyyətinə mükəmməl bir tərzdə qovuşdurmağı bacarır. Avropanın ən nüfuzlu musiqi festivalını udur, həmin müsabiqəni Bakıda ən yüksək səviyyədə təşkil edir. Avropa Oyunlarını qəbul edir və bu yarışlarda elə həmin Avropanı geridə qoymağı bacarır. Eyni zamanda İslam ölkələrinin oyunlarını müvəffəqiyyətlə keçirir, Formula-1 yarışlarını, Avropanın nüfuzlu siyasi toplantılarını qəbul edir və s.

Azərbaycan regionun iqtisadi və mədəni mərkəzi olub. Bu ölkədə tolerant birgəyaşayış modeli mövcuddur. Bütün bunlar Azərbaycanın geosiyasi portretini cazibədar edir. Bu portret beynəlxalq səhnənin mizanını müəyyənləşdirənlərin müsəlman dövlətləri üçün hazırladığı dağıdıcı, cahil, geridə qalmış, avam, davakar ərazi-əhali sintezi anlayışını alt-üst edir. Qlobal dekoratorlara görə, müsəlman dövləti Azərbaycan kimi ola və görünə bilməz, yaxud olmamalı və görünməməlidir.

Azərbaycanın müstəqilliyi, bu kiçik respublikaya öz misilsiz qüdrətləri fonunda adi bir torpaq və insan topası tək baxan meqamenecerlərə dünya sahmanını absolyut olaraq öz altına tərtib etməyə mane olur. Elə buna görə də bütün qlobal problemlərdə tam əks qütblərdə olan Rusiya, ABŞ, Fransa kimi dövlətlərin mövqeləri istisna olaraq Qarabağ məsələsində tam uyğunluq təşkil edir. Elə buna görə də Azərbaycana təzyiqlər edilir ki, Qarabağ məsələsində güzəştə getsin. Əslində isə tələb olunan güzəşt deyil. Tələb olunur ki, Qarabağ Ermənistana sadəcə təhvil verilsin. Bunun ardınca isə Azərbaycanı nəyin gözlədiyini təsəvvür etmək belə çətindir. Azərbaycan getdikcə güclənir. Transmilli layihələr, Avropa və Asiyanı birləşdirməyi hədəfləyən meqamarşrutlar onun strateji əhəmiyyətini 1-ə yüz artırır. Neftdən sonraya hesablanmış addımlar daha güclü və dinamik Azərbaycan vəd edir.

Bütün təzyiqlər də Azərbaycanın zəiflədilməsinə, ələbaxan, tabe və iradəsiz bir dövlətə çevrilməsinə nail olmaq üçündür. Bəzən biz Azərbaycan hakimiyyətinə Qarabağı 25 ildir ki, ala bilmədiyinə görə tənqid edirik. Amma bir faktı unuduruq. Axı Qarabağı elə 25 ildir ki, Azərbaycandan ala da bilmirlər. Bu qədər qüdrətli dövlətin birlikdə təşəbbbüs və cəhdlərinə baxmayaraq kiçik, amma ağıllı Azərbaycan dövləti Qarabağı rəsmən özündə saxlayır, əldən verməyə bilir və hər dəfə elə ona təzyiq edən dövlətlərin dilindən arayış alır ki, ərazi bütövlüyümüzü tanıyırlar. Qlobal dekoratorlar isə heç də problemli, doğrudan yardıma ehtiyacı olan, zəif, humanitar kömək üçün dilənən ölkələrə dırnaqarası imdad əlini uzatmır. Dırnaqarası Ərəb baharı məhz sabit, dövləti idarətmənin özünəməxsus modelini tətbiq edərək pis, yaxşı öz əhalisinə gün ağlamağı bacaran ölkələrin başına gəldi. Hamısında da eyni ssenari tamaşalaşdırıldı.

İnkişafının ən pis dövrünü yaşamayan Misir, vətəndaşını normal maddi vəziyyətdə saxlayan Liviya, kiçik, dünyəvi və rahat respublika kimi mövcud olan Tunis məcrasından çıxarıldı. Nəticədə nə baş verdi? Liviya artıq parçalanıb. Dəvəsi ölmüş ərəb artıq Qəddafinin oğlunun Prezidentliyə namizədliyini irəli sürür. Elə Misir də marşal Sisisnin simasında hakimiyyətdə Hüsni Mübarəkçiliyi bərpa etdi. Belə ölkələrdə gec də olsa anladılar ki, xaricdən onlara tank və top lüləsində ixrac edilən demokratiya yalnız aranı qarışdırmaq və ərəb səhrasını super dövlətlərin hərbi-siyasi, iqtisadi-diplomatik potensialını sınaqdan çıxarmaq üçün geniş ərazi və əhali əldə etmək məqsədi güdürmüş. Necə deyərlər onlar Əzrayıldan bala payı gözləməyi ağıllarına belə gətirmirlər.

Dünya fırlanır. Kim deyərdi ki, Qəddafinin devrilməsi əməliyyatında xüsusi qəddarlığı ilə seçilən Sarkozi bir gün həbs ediləcək. Hələ sırağagün Liviyaya demokratiya daşıyan bir qasidin zərfindən maraqlı kağızlar çıxır. Bütün bunları ona görə deyirəm ki, mövsümi inqilab eyforiyalarına ağılla nüfuz edək. Bütün son diversiya-inqilab əməliyyatlarının sonu ən yaxşı halda çox pis nəticə ilə bitib və xalqlar yaxşıca unudulmaqda olan köhnəyə, tabesizlik göstərməyə təhrik olunduqları liderlərə qayıtmağa məcbur olublar.

Bu gün azərbaycanlı qaçaqların ətrafı məlumatsız şəbəkəpərvərə hesablanmış dəliqanlı müraciət və çıxışları da əslində bir nümunə olaraq təzə deyil. Ola bilər ki, bu müraciət və çıxışlar naşılıq, savadsızlıq, dünya siyasətini, bu və ya digər polittexnoloqun planlarını bilməməkdən irəli gəlir. Baxmayaraq ki, bu ehtimal bütün mümkün fərziyyələrin içində ən az inandırıcısıdır. Çünki sosial şəbəkəni siyasi şəbəkəyə çevirmək öz maraqlarını təmin etmək məqsədilə bu və ya digər ölkədə cəhənnəm odabaşılığı edənlərin sınaqdan çıxardığı üsullardandır. Amma narıncı və yaşıl inqilab seriyalarının da məhz Azərbaycanda iflasa uğradığını və xalqımızın sabitliyə istinad edən ümumi əhval-ruhiyyəsini nəzərə alsaq, dövlət üçün heç bir ciddi təhlükənin olmadığını dərhal başa düşmək olar.

Əslində hər şey ona hesablanmışdı ki, bu ilin payızında keçirələcək Prezident seçkisi ərəfəsi ölkədə vəziyyət dramatikləşdirilsin, sosial zəmində problemli olan insanların narazılığı siyasiləşdirilsin. Amma İlham Əliyev seçkinin vaxtını dəyişməklə həm də Azərbaycan üçün hazırlanmış planları pozdu. Siyasi düşüncə qaçaqmalçılarının öz yüklərini Azərbaycana keçirmək üçün vaxtı demək olar ki, qalmadı. Belə olan halda əsəbləri davam gətirməyən qaçaqlar sadəcə söyməyə, çevrilişə dəvət edən çağırışlara başladılar.

Ümumiyyətlə bir ölkədə sabitliyi pozmağı planlaşdıran maraqlı qüvvələr həmin ölkənin dayaqlarını hədəfə alırlar. Ona görə də Prezident, Əskər, Polis və Dini rəhbəri gözdən salmağa çalışırlar. Azərbaycana da eyni yanaşma var. Fikir verirsinizsə, qaçaqlar Azərbaycanı bütöv bir vücud kimi saxlayan məhz bu institutları şəbəkə vasitəsilə terror edirlər. Qəzəb, üfunət, kin, nifrət və barşımazlıq püskürən bu səslər keçirilməsinə 10-15 gün qalmış prezident seçkisində veriləcək səslərlə müqayisədə əlbəttə milyon dəfələrlə azdır. Azərbaycan rahat və abad ölkədir. Buranın insanları öz sabit və oturuşmuş mühitindən mütləq əksəriyyət olmaqla razıdır. Seçkiyə də gedəcək. Layiq bildiyini Prezident də edəcək. Sonra evlər də, yollar da tikəcək, toy da edəcək, yas da. Yeni tikilən mənzillərə də köçəcək. Rastlaşdığı adi qayğıları həll də edəcək. Həbsxanaya övladına bağlama da aparacaq. Başlıcası budur ki, övladını əskər də verəcək, qazi də, şəhid də. Şəhid məzarı başında Azərbaycan bayrağını öpəcək də. Müstəqil Azərbaycan dövlətinin bayrağını.

Əlbəttə o ideal respublika deyil. Bu ölkədə həllini tapmamış o qədər problemlər var ki… Qazla da, suyla da, işıqla da, səhiyyə ilə də, təhsillə də, məhkəmə ilə də, təqaüdlə də… Amma belə qayğıları tərəzinin bir, dövlət müstəqilliyini isə başqa bir gözünə qoymaq olmaz. Şam oyuna dəymir! Bir sual da verim. Sonuncu dəfə Qarabağ barədə nə zaman düşünmüşük? Sizə elə gəlmir ki, bütün bu demokratiya-diktatura demoqoqiyası, təhdid-təhqir çağırışları məhz ona görədir ki, fikrimiz yayınsın, Qarabağı düşünməyək. Deyəsən çoxdandır efirdə yoxuq və kiməsə elə gəlir ki, ay aman əla fürsətdir, gəlin mövzunu dəyişək. Başlayaq yenə demokratiyadan, söz azadlığından. Bəh-bəh. Az.Tv demişkən, Poeziya buketi-nəğmə çələngi. Yox aşnalar, bir az tələsmisiniz. Biz yerimizdəyik. Və həmişəki kimi o fikirdəyik ki, Qarabağ mövzusu bütün məsələlərdən öndə olmalıdır. Söz azadlığından da, Demokratiyadan da. İnsan haqlarından da. Çünki Azərbaycanın ərazi bütövlüyünün pozulmuş həddə qalması həm söz azadlığı, həm demokratiya, həm də insan haqlarının artıq təhqir olunmasıdır.

Biz deyirik: əvvəl Qarabağ, sonra … və başqaları. Ona görə də Prezident seçkilərində İlham Əliyevin namizədliyini ardıcıl, möhlətbəmöhlət dəstəkləyənlərin məntiqini anlamaq çətin deyil. Yəni Ermənistan heç vaxt, ondan ötrü nisbətən daha əlverişli potensial prezidentə, onunla biabırçı danışıqlara gedə biləcək təcrübəsiz bir başqasına bel bağlamasın. Hə, Azərbaycan Almaniyaya, Fransaya, Britaniyaya, Niderlanda oxşamır. Amma axı kim demişdi ki, onlara oxşamalıdır. Bu ölkənin öz qayda və qanunlar, əxlaq və xasiyyətlər sistemi var. Bu ölkənin, burada yaşayan insanlarının yalnız bu ölkəyə məxsus yaşayış tərzi və vətəndaşlıq anlayışı var. Ağlı başında olan hər bir azərbaycanlı belə düşünə bilər və buna görə onu qınamağa lüzum yoxdur.

Bəzən Amerika Birləşmiş Ştatlarından hansısa rüblük cədvəl göndərirlər və orada da qeyd olunur ki, məsələn, insan azadlıqları fənni üzrə – qeyri-kafi. Və o saat da bu ölkənin tərcüməçi siyasətçiləri həyəcanlanırlar ki, batdıq. Amma heç kimin ağlına da gəlmir ki, Amerika Birləşmiş Ştatlarının dünyada ən yaxşı və yaxın dostlarından biri bir neçə ay əvvəl qadınlara sürücülük haqqı vermiş Səudiyyə Ərəbistanıdır. O Səudiyyə Ərəbistanı ki, bir kişinin Allah da bilmir ki neçə arvadı var… Bu ölkədə kraldan, şahzadələrə qədər hər kəs var… Amma nədənsə Birləşmiş Ştatlar demokratiyanı bu Ərəbistana yox, Liviyaya soxuşdururdu?! Deməli məsələ demokratiyada filanda deyil, maraqlardadır. Azərbaycan isə öz maraqlarını nəzərə alaraq fəaliyyətində müxtəlif idarəçilik metodlarının ondan ötrü ən əlverişlilərinin sintezini tətbiq edir. Ona görə də bu ölkədə Avropanın ən nümunəvi ölkələrindən fərqli olaraq terror baş vermir, vətəndaş qarşıdurması yoxdur, orda-burda asfaltı dağıdanlar, yolları korlayanlar bombalar, raketlər deyil, ağırtonnajlı maşınların sürücülərinin diqqətsizliyidir. Burada çadırları hökumət yalnız o zaman qurur ki, təbii fəlakət haranısa qəfil yaxalayır və sakinlər müvəqqəti olaraq həmin çadırlara köçürülür. Daha əlisilahlı beynəlxalq terrorçular və onların yerli əlaltılarının təhdid və nişangahı altında yox.

Bu gün regionda 3 güclü dövlət artıq etiraf olunub. Rusiya, Türkiyə və İran İslam Respublikası. Azərbaycanın bu qrupu öz hesabına 4-lüyə çevirmə istiqamətində apardığı siyasət isə təbii ki, ona və bunu arzulamayanlara problemlər yaradır. Buna görə də Azərbaycan vaxtaşırı təzyiqlərlə üzləşir. Bəzən Rusiya ilə, bəzən İran ilə, bəzən də Türkiyə ilə yaxınlaşmasına görə. Bakının qarşısına bu yaxınlarda çıxan yeni opponent isə ranqına və rənginə görə bir başqadır. Şəbəkəçilər. Həsən Bəy Zərdabinin irsi Zukkerberqin irsi ilə mübarizəyə tam hazır deyil. Klassik mətbuat prinsiplərinə tabu kimi yanaşan, klaviaturadan ən yaxşı halda diyircəkli qələm kimi istifadə edən, ən müasir texnologiyaları öz mühafizəkar təbiətinə uyğunlaşdıran yerli zərdabilər əslində öz abır-həyalarının girovuna çevriliblər. Şəbəkə qaçaqları isə daha sərbəstdirlər, onların fəaliyyətini məhdudlaşdırmaq Azərbaycanda qəbul olunmuş qaydalara görə alınmır. Baxmayaraq ki, qaçaqların virtual üsulla ölkə ərazisinə keçirdikləri bütün şüur və ağız məhsulları əslində qanunla qadağandır. Söyüş və təhqirlərə adət-ənənə, zorakı yolla hakimiyyəti dəyişməyə çağırışlara qanun yol vermir.

Özü də maraqlıdır ki, kofe və dialekt sözlərinin Azərbaycan dilinə tərcüməsinin yan-yana tələffüzünü təhqir hesab edən bu qabaqdan və ya qıraqdan gəlmişlər özlərinin ağzından çıxan, dəxli yoxdur, kişi və ya qadın başlanğıcına mənsub olmasına baxmayaraq – hər növ murdarçılığın mahiyyətinin üstündən sükutla keçirlər. Bu adamlar olsa-olsa liviyalı bin Xaledin, suriyalı Abd er-Reisin, misirli Əl-Davinin adicə oxşarları olduqlarını anlasalar bəlkə də özlərini belə aparmazlar. İnanmaq çətin olsa da bəlkə də cəlb olunduqları yolun hara apardığını anlamadıqlarını güman etdiyim üçün bildirməliyəm ki, müxtəlif ölkələrin eyni məzmunlu yoldaşlarını indi, sonradan peşman olmuş ərəb ölkələri interpol vasitəsilə axtarırlar. Bax onlar da bir zamanlar sosial şəbəkələrdə guya demokratiyaya carçılıq edir, keçmiş vətənlərini təhdid və təhqir hədəfinə çevirirdilər. Yəni bu gün Azərbaycanın üzləşdiyi söyüş və təhdid düşmənçiliyi dünyada təzə deyil, problemə hər dövlətin öz eksklüziv yanaşması var. Məsələn, belə videomüraciətlər Qətərdə ümumiyyətlə cazibədar olmadı. Azərbaycan isə göründüyü kimi, yalnız ictimai qınaq və öyüd-nəsihət yolu tutur. Doğrudur. Eşitmişik ki, səfirliklərimiz də bu prosesə cəlb olunub, amma necə, hələ ki təfərrüatlar bəlli deyil.

Vaxtınızı bir az da alım.
Gəlin bir düşünək. Nə əcəb bu qaçaqlar Ernənistan rəhbərliyini yox, Azərbaycan rəhbərliyini biabır etmək yolu tutblar? Ola bilər, bəlkə nə vaxtsa Sarkisyana, Xocalı soyqırımına aid də nələrsə təşkil ediblər? Amma axı belə ardıcıl Youtube fırtınası qoparmayıblar. Dayanmadan, durmadan Azərbaycan Prezidentini, dövlətin ayrı-ayrı yüksək çinli məmurlarını terror etdikləri kimi ardıcıllıq və kəskinlik nümayiş etdirməyiblər? Sarkisyanın brilliant biznesini, Saakyanın əmlakını axtarışa çıxmayıblar? Bu qaçaqlar kimi daha qatı düşmən sayırlar: Azərbaycanın Ali Baş komandanını, yoxsa aqressor Sarkisyanı, işğalçı Koçaryanı, qiyamçı Saakyanı. Arşın Malçı kimi Niderlandın, Almaniyanın küçələrini dolaşaraq bağıran bu adamlar fərqindədirlərmi, nəyi, kimi, haranı satırlar?!
Məncə, bu artıq mənəviyyat və əxlaq məsələsidir. Söhbət təkcə ağzını heç cür yuma bilməyən Orduxan kimi qürbət dərbədərindən getmir. Bu adam hələ də başa düşə bilmir ki, Azərbaycanda özünə arzuladığı qədər tərəfdar toplamaq üçün onun intellektual imkanları olduqca aşağıdır. Görürsünüz? Mən bütün bu dediklərimi çalışdım heç bir sərt ifadə işlətmədən çatdıram. Amma açığı elə buna görə də narahatam. Əmin deyiləm ki, fikirlərimi Orduxan öz əzələsi ilə başa düşsün. Amma ümidimi də itirmirəm, məsləhət görürəm ki, çoxlu kitab oxusun, onda ən azı başa düşəcək ki, Şarikov kimdir, nəçidir… Və professor o məşhur əməliyyatı apararkən nəyi nəyə, kimi kimə dəyişmək istəyib?!

Tamaşaçılarıma isə, ümid edirəm ki, illərlə sınaqdan çıxarılmış videomüraciət texnologiyasının əsl mahiyyətini anlamaq üçün bəzi faydalı məlumatlar verə bildim. Azərbaycana, onun Ali Baş komandanına, bu saat müharibə vəziyyətində olan ölkənin əskər və zabitlərinin, generalitetinin rəhbərinə yönəlmiş hücumun sözlə, ya silahla baş verməsindən asılı olmayaraq, fərqi yoxdur, mahiyyəti birdir. Təcavüz! Təcavüz faktı varsa mütləq müdafiə etməliyik. Və vətəni müdafiə edən əskər vətəni müdafiə edir. O bu vəzifəni yerinə yetirərkən düşünmür ki, hansısa icra başçısı rüşvət alır, yaxud onun səngərdə növbə çəkdiyi müddətdə kim kimin evinə oğurluğa girir, ya qətl törədir. Əskər sadəcə Azərbaycanı qoruyur.

Ona görə də hər bir azərbaycanlı ölkəyə təbliğat diversiyası ilə soxulan hər kəsin qarşısında özünü bir əskər kimi hiss etməlidir. Müdafiə zamanı ölkədəki bütün neqativ halları unudaraq. Əlbəttə, qüsurlara, çatışmazlıqlara heç kəs göz yummaq niyyətində deyil. Rüşvətdən də, korrupsiyadan da, islahatları zəruri edən səbəblərdən də danışılmalıdır. Və danışılacaq da. Amma bunu düşmən kimi yox, dövləti, vətəni, xalqı sevən biri kimi etməliyik. Çatışmazlıqları hər bir sahənin birinci şəxsləri ilə müzakirə edəcəyik. Azərbaycan bizimdir. Onu eyibli görmək heç kimin arzusu deyil. Amma biz bu ölkənin üzərinə cəllad qılıncı ilə yox, cərrah bıçağı ilə getməliyik.

Dünya isə dəyişir. Rusiyada Prezident seçkiləri oldu. Rusiya dəyişmədi. Ermənistanda Prezident seçkiləri oldu. Ermənistan dəyişməyəcək. Azərbaycanda da Prezident seçkisi olacaq. Bütün işıq gələn və it hürən yolların cırtdanlarına baxmayaraq burada da yol dəyişməyəcək. Xalq əslində hər dəfə seçkidə Prezidenti seçmir. Həm də özünü seçir və hər şeydən də görünür ki, o bu dəfə də özünə xəyanət etməyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.