Uduzsaydıq... - Qurban Qurbanov
28-03-2018, 00:12
Belə bir oyununun, sürətin, mübarizənin olmasını çox istəyirdik. Çünki futbolçularımız belə oyuna öyrəşməlidirlər. Oyundan razı qaldım. Qalib gələ də, uduza da bilərdik. Amma matçın gedişatı məni razı saldı. Hətta uduzsaydıq da, razı qalacaqdım.
Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsində Makedoniya yığması ilə 1:1 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra CBC Sport-a açıqlamasında deyib.
46 yaşlı mütəxəssis Belarus yığması ilə Bakıdakı yoldaşlıq görüşü ilə müqayisədə daha yaxşı təsir bağışladıqlarını bildirib: "Makedoniya millisi çox ciddi rəqibdir. Belarusla Bakıdakı görüşdə təkbətək mübarizələrdə geri qalırdıqsa, bu gün bu amil məni razı saldı. İstədiyimiz futbolu olmasa da, istədiyim mübarizəni gördüm. Diqqət, konsentrasiya daha yaxşı idi".
Baş məşqçi Azərbaycan futbolu tarixində ilk dəfə tətbiq olunan VAR sisteminə də münasibətini açıqlayıb: "Münasibətim normaldır. Penalti bizim əleyhimizə olsa da, qərar ədalətli oldu. VAR olmasaydı, bəlkə də onların haqqına girəcəkdik".
Sonda Qurbanov millinin toplanışını da dəyərləndirib: "Hazırlıq prosesi pis alınmadı. Futbolçularla çoxlu görüşlərimiz, toplantılarımız oldu. İstədiklərimin çoxunu meydanda gördüm. Bakıda ola bilsin, həyəcan çox idi. Bu gün isə düşündüklərimi meydanda gördüm. Futbolçularımız sonadək fiziki cəhətdən dözdülər"