"11 il 3 aylıq “oboxeyis” idarəetməsi bu məktəbi darmadağın etdi" - TƏBRİK...
28-03-2018, 10:32
"İndiki DTX, hesab edin ki, sıfırdan olmasa da, ona yaxın yerdən yenidənqurma ilə məşğuldur və özünüz də hiss edərsiniz ki, artıq bu təşkiatın adı çirkli məsələlərdə hallanmır"
Bu gün Dövlət Təhlükəsizlik orqanları peşə bayramlarınmı qeyd edir.
Bu münasibətlə Moderator.az-ın əməkdaşı təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıın fikirlərini öyrənib:
- 99 il əvvəl Azərbaycanın xüsusi xidmət orqanları yaranıb və 28 mart təhlükəsizlik orqanlarının peşə bayramıdır. Bu həm də Sizin gününüz, peşə bayramınızdır, deyilmi?
- Sualınızda bir qədər şübhə çaları hiss etdim. Sanki, mənim bu günü qəbul etməyə də bilərəm. Əlbəttə, mənim də peşə bayramımdır. Müstəqil dövlətimizin xüsusi xidmət orqanının yaranma günü bizim günümüz, bizim peşə bayramımızdır.
- SSRİ zamanında KQB - də xidmət edənlərin bəzən 20 dekabrı - “çekist gününü” qeyd etdiklərini eşitmişəm, ona görə sualım belə səsləndi.
- Burda da bir qəbahət yoxdur, hətta xidmət illərinin hamısı SSRİ zamanına təsadüf edən keçmiş əməkdaşların 20 dekabrı yad etməsi, o demək deyil ki, vətəninə, müstəqilliyə sadiq deyil. Bu, ideoloji və ya sovet nostalgiyası yox, keçmiş əməkdaşların peşəsinə, keçdiyi yola sadiqliyi, öz şəxsi bioqrafiyasına normal münasibətidir. Keçmiş iş yoldaşlarımdan, çox nadir hallarda olsa da, 20 dekabrda da təbrik zəngləri gəlib, amma 28 mart bizim əsl peşə bayramımızdır, mənim üçün daha əlamətdardır.
- Təhlükəsizlik orqanlarının tarixindən soruşmayacam. Bunu internetdən də öyrənmək olar. 20 dekabrın verdikləri ilə 28 martın bəxş etdiklərini heç müqayisə etmisinizmi? Siz hansında özünüzü rahat hiss etmisiniz - 20 dekabrda, yoxsa 28 martda?
- Əvvələn deyim ki, bunlar heç müqayisəyə gəlməz. 28 mart Vətənimin müstəqilliyi, bir dövlət olaraq yaranması, imperiyadan qurtulmasının nəticəsidir. Müstəqil dövlətin yaranmasını, millətin azadlığını heç nə ilə müqayisə etmək olmaz, hətta fərdi qaydada məhrumiyyətlər yaşansa da. O ki, qaldı özünü rahat hiss etməyə, buna daha çox maddi və mənəvi prizmadan yanaşmaq olar. 14 ilə yaxın xidmətimin cəmi 4 ili müstəqillik illərinə düşür. 10 ilə yaxın Sizin dediyiniz kimi 20 dekabra-SSRİ zamanına aiddir. Müstəqilliyin ilk illərində və ondan əvvəlki dörd ildə-yəni 1988-ci ildən başlayaraq ölkədə faktiki olaraq müharibə gedirdi və xidmət illərimin yarısı gərgin siyasi, hərbi proseslərin, hadisələrin içində keçib.
İmtiyazlara qalsa, əlbəttə 20 dekabrın üstünlükləri çox idi. Mən birillik Minsk Ali Kursunu bitirib Gəncəyə gələndə şəhərin mərkəzində bir otaqlı mənzillə təmin olundum. Evlənən kimi, yenə şəhərin mərkəzində iki otaqlı mənzil verdilər. Şəhər kənarında kiçik də olsa torpaq sahəsi də verildi. Maaşımız da o dövr üçün çox normal idi. Başqa imtiyazlar da vardı. İstirahət evlərində məzuniyyət zamanı pulsuz dincəlmək, yol pulunun dövlət tərəfindən verilməsi, müalicə və sairə.
- Bəs, müstəqillik illərində - 28 martda nə əldə etdiniz?
- Azərbaycan Respublikasının vətəndaşı oldum. Bilirsiniz bizim üçün, yəni 180 il Rusiya imperiyasının müstəmləkəsi olan Azərbaycan üçün müstəqilliyin qazanılması, dövlət olmamız heç bir maddiyatla ölçülə bilməz. Bundan ötrü can qurban vermək lazımdır.
- Anlayıram, bu mənim üçün də aydındır. Amma, yenə də...
- Onda belə deyək: 20 dekabrda əldə etdiyim bütün maddiyyatı müstəqillik dövründə satıb yaşamaqla məşğul olmuşam. 20 dekabrın verdiyi evləri satıb, kirayədə qalırıq.
- Yəni müstəqil dövlət - 28 mart Sizə heç nə vermədi.., maddi cəhətdən..
- Yox. 1994-cü ildə Bakıya xidmətə dəvət edən o vaxtkı nazir Namiq Abbasov paytaxtda evimin olmadığını bilirdi. Söz verdi ki, tezliklə ev verəcək, növbəyə götürdülər, amma bir ildən sonra mən istefa verdim. Vəssalam.
- Peşmansınız?
- Nəyə? İstefa verib ev ala bilmədiyimə? Siz nə danışırsınız? İmtina etməyi bacarmaq mənəviyyat məsələsidir, maddiyat yox.
- Amma, “ehtiyac qul edir qəhrəmanı da”, onsuz da olmur axı?
- Əlbəttə, olmur. Amma, minimumla da xoşbəxt olmaq mümkündür. O sözləri Səməd Vurğun bəlkə də özü üçün demişdi. O dövrün siyasi ab –havası o qədər sərt idi ki, böyük mənəviyyat və istedad sahibləri zülmün qarşısında geri çəkilməyə məcbur olublar. Görünür şair də dözə bilməyib, nəyəsə razılıq verəndə ürəyindən bu sətirlər keçib. Əslində qul oldunsa qəhrəman olmursan.
- Yaxşı, başqa müqayisə aparaq: 20 dekabrla müqayisədə bizim xüsusi xidmət orqanının peşəkarlığı, ümumi səviyyəsi necədir?
- Burda birmənalı cavab vermək çətindir. Nəzərə alın ki, Azərbaycan SSR DTK-sı SSRİ DTK-nın strukturu idi. Sovet DTK-nın adı dünya çapında olan bir təşkilat olub, bu gün də onun varisi FTX və XKX dünya səviyyəsində bir xüsusi xidmət orqanıdır. 70 il biz də o məktəbin üzvü olmuşuq. Deməli, məktəb qalır. Vəzifələr, metodlar, miqyas fərqli olsa da. Sadəcə 11 il 3 aylıq “oboxeyis” idarəetməsi bu məktəbi darmadağın etdi. İndiki DTX, hesab edin ki, sıfırdan olmasa da, ona yaxın yerdən yenidənqurma ilə məşğuldur və özünüz də hiss edərsiniz ki, artıq bu təşkiatın adı çirkli məsələlərdə hallanmır. Keçmiş nüfuzunu bərpa etməklə yanaşı, islahatların aparılması, bütün istiqamətlər üzrə ölkənin təhlükəsizliyini təmin etmək, əməliyyat şəraitinə uğurla nəzarət etmək, beynəlxalq terrorizmin, radikal islamın, separatçılığın, ümumiyyətlə dövlət təhlükəsizliyini təhdid edən bütün halların qarşısını almaq istiqamətində hələ xeyli işlər görülməlidir və mənə də çatan məlumatlara görə bu yöndə iş aparılır. Bildiyiniz kimi xüsusi xidmət orqanımız kataklizmlər yaşayıb. Siz deyən kimi keçmiş imperiya orqanı ilə təzə-təzə möhkəmlənməyə başlayan bir xidməti müqayisə etməyimiz doğru olmaz.
- Yəni biz kiçik dövlətik və təşkilatımız da iddialı ola bilməz?
- Xeyr. Bir tarixi faktı deyim. İsrail 1948-ci ildə yaranıb. İsrail xüsusi xidmət orqanları-istər Mossad, istər Şabak dövlətin yarandığı ilk illərdən dünya səviyyəli təşkilatlardır. Əsas məsələ dövlətin apardığı siyasət və xüsusi xidmət orqanı qarşısında qoyduğu vəzifədir. Təşkilat o vəzifələrə uyğun hərəkət etməklə formalaşır. Dövlətin taixi, yaşı, böyük-kiçikliyi, professionallıq üçün vacib şərt deyil.
- Ermənistan düşmən dövlətdir. Sizcə düşmən dövlətlə, konkret olaraq işğal olunmuş Qarabağda bizim xüsusi xidmət orqanları lazım olan işləri görürmü? Siz bu sahədə tələb olunan işdən razısınızmı?
- Əgər o işlər görülürsə də mən bunu bilmirəm, bilsəm də demərəm. Yox, görülmürsə də yenə heç nə deyə bilmərəm. Sadəcə, mənim narazılığım o olub ki, bizim xüsusi xidmət orqanı və Müdafiə Nazirliyi birgə xüsusi təxribat dəstəsi yaradıb, işğal altında olan yerlərdə qanunsuz məskunlaşmanın qarşısını almaq məqsədilə, yeni yaradılan infrastrukturları məhv etməli idi.
- Bəs, əksinə, düşmənin, ümumiyyətlə xarici kəşfiyatın fəaliyyətinə qarşı, qısası casuslara qarşı necə, fəaliyyət qənaətbəxşdirmi?
- Açığı, Sizin narahatçılığınızı başa düşürəm, amma bu suala da birmənalı cavab vermək mümkün deyil. Siz hətta bu sualı orda işləyən rəsmi əməkdaşa versəniz də konkret cavab ala bilməzsiniz. Əks-kəşfiyyat tədbirləri görülür və casus yaxalamaq, ifşa etmək asan iş deyil. Yadınızdadır, az qala hər ay mətbuatdan oxuyurduq ki, MTN neçə kiloqramsa narkotik tutub. Casusu ifşa etmək yaxalamaq, belə asan məsələ deyil və uzun çəkən prosesdir. Axı qarşı tərəf də peşəkardır. Hər halda bu istiqamət Təhlükəsizlik xidmətinin ən çox diqqət yetirdiyi sahədir.
- Keçmiş şöbə rəisi, Qarabağ müharibəsi veteranı, bu günkü təhlükəsizlik məsələləri üzrə ekspert kimi Sizi peşə bayramı münasibətilə təşkil olunmuş rəsmi tədbirlərə dəvət etsələr gedərsinizmi?
- İndiyədək belə bir hadisə baş verməyib. Açığı gözləmirəm və heç kimi də qınamıram. Bu, önəmli deyil.
- O zaman peşə bayramı münasibətilə biz Sizi təbrik edirik.
- Təşəkkür edirəm. Mən də peşə bayramı münasibətilə Dövlət Təhlükəsizlik Xidmətinin bütün əməkdaşlarını, eyni zamanda bu peşənin bütün keçmiş əməkdaşlarını təbrik edir, gələn il 100 illik yubileyi dövlətimizin təhlükəsizliyi adına uğurla qarşılamağı arzu edirəm.