Söyüşləri ölkə daxilindən kim idarə edir? – Şok açıqlama
28-03-2018, 20:30
Son vaxtlar xaricdə yaşayan və artıq adları hamıya bəlli olan dəstə üzvlərinin sosial şəbəkələr vasitəsiylə “söyüş layihəsi” adı altında başlatdığı antiazərbaycan kampaniyası, sözügedən layihənin məqsədləri ilə bağlı hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun Axar.az-a müsahibəsini təqdim edirik:
- Sahib müəllim, “söyüş layihəsi” adı altında başlayan çirkin kampaniyanın arxasında dayanan məqsədlərlə bağlı ictimai mesajlarınız diqqət çəkir. Bu kampaniyanın arxasında kimlər və nələr dayanır?
- Əslində, sosial şəbəkələr vasitəsiylə Avropadakı bəzi mənəviyyatsız 5-6 insanın “söyüş layihəsi” adı altında həyata keçirdiyi kampaniyalar antiazərbaycan xarakteri daşıyır və dövlət əleyhinə yönələn çirkin prosesin bir elementidir. Mən bu prosesə ayrı-ayrı görkəmli şəxsləri, dövlət xadimləri və prezidenti təhqiretmə kampaniyası kimi deyil, daha geniş kontekstdə baxıram. Bu proses əslində böyük kampaniyanın tərkib hissəsidir və bu gün başlamayıb, sözügedən kampaniya məqsədli şəkildə təşkil olunmuş və müxtəlif mərkəzlərdən, o cümlədən ermənilərə bağlı olan müəyyən qüvvələr tərəfindən idarə olunur. Bu şəbəkənin üzvləri hələ bir neçə il öncə Avropaya saxta sənədlərlə gedən insanları səfərbər etməyə başladılar. Ümumiyyətlə, çoxməqsədli bu layihənin əhəmiyyətli hissəsi isə Azərbaycanda hazırlanmışdı. Xaricdə yaradılan şəbəkənin tərkibinin çox hissəsi azərbaycanlılardan ibarət olsa da, onların bir hissəsi hazırda Azərbaycanda fəaliyyət göstərir. Bu da əlbəttə ki, həmin şəbəkənin bir layihəsidir. Bu şəbəkənin “görkəmli” nümayəndələrinin kimlərdən ibarət olduğu bəllidir. Şəbəkəni idarə edənlərin bir hissəsi hazırda Moskvada, digər bir hissəsi Haaqa, Praqa və Almaniyada, başqa bir bir hissəsi isə Avropa İttifaqında, Avropa Şurasında, ATƏT strukturlarında və BMT-də keçirilən tədbirlərdə təmsil olunurlar. “Daha elit” hissə isə ermənilərin təşkil etdiyi əlavə tədbirlərdə Azərbaycan əleyhinə çıxış edir. Bir qism isə müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının yaratdığı “araşdırıcı” mərkəzlərlə əməkdaşlıq edir, yalan laboratoriyalarında antiazərbaycan materilaları hazırlamaqla məşğul olur. Nəhayət, başqa bir qism ideoloji təxribatla məşğul olaraq, Avropada və başqa yerlərdə KİV-lər yaradıb. İrəvanda separatçı radio, Meydan TV, Obyektiv TV və müxtəlif KİV-lər bu hissənin fəaliyyətinin bariz nümunəsidir. “Söyüş layihəsi” də bu gün həmin şəbəkənin fəaliyyətinin bir növüdür. Ona görə də məsələyə sadə prizmadan yanaşmağın tərəfdarı deyiləm ki, onlar yalnız öyrədilmiş müəyyən adamlardır və belə bir çirkli işlə məşğuldurlar. Çünki bu layihə bitsə də, yeniləri ortaya çıxacaq.
- Bəs, Azərbaycana qarşı başladılan bu kampaniyanın məqsədi nədən ibarətdir?
- Məqsəd təbii ki, Azərbaycanın Avropa İttifaqı və dünyanın digər aparıcı ölkələri ilə əməkdaşlığına mane olmaqdır. Bilirsiniz ki, iri transmilli layihələr yalnız Azərbaycanın iradəsi ilə gerçəkləşmir, burada başqa dövlətlər də iştirak etməli və bəzən xarici banklar da maliyyələşməni həyata keçirməlidirlər. Əsl məqsəd məhz bunların qarşısını almaq, ölkəmizin beynəlxalq təşkilatlardakı nüfuzunu aşağı salmaq və Azərbaycanın oradakı təmsilçiliyinə mümkün hallarda xitam vermək, beləliklə də Ermənistanın Dağlıq Qarabağı işğal faktını “legitimləşdirmək” siyasəti həyata keçirməkdir. Yəni beynəlxalq aləmdə süni surətdə Azərbaycanın nüfuzu aşağı salındıqca, işğalçı Ermənistanın şansları genişlənir. Həmin “azərbaycanlılar” da məhz bu məqsədlə səfərbər ediliblər. Bu, uzağa gedən bir layihədir və “söyüş aksiyası” da onun bir tərkib hissəsidir. Bu kampaniya Azərbaycan dövlətinin simvollarına və ölkənin siyasi rəhbərliyinə qarşı aksiyadan da geniş bir məqsəd güdür. Təəssüf ki, belə bir geniş şəbəkənin yaranmasına ölkə daxilində şərait yaradanlar var. Onlar nəinki xaricdə, hazırda ölkə daxilində də bu çirkin fəaliyyətlərindən əl çəkmirlər. Təəssüf doğuran həm də odur ki, bəzən bu şəbəkəyə bilmədən də qoşulanlar olur. Kimsə hakimiyyətdən qisas almaq üçün şəbəkənin üzvü olmaya-olmaya oraya qoşulur və dəstək verir. Məsələn, siyasi məhbus “müdafiəsi” altında aksiyalar keçirilir və bunu da eyni şəbəkə təşkil edir. Bəzi insanlar isə bilməyərəkdən həmin aksiyalarda iştirak edirlər. Ona görə də hesab edirəm ki, bu sarıdan məlumatlandırma aparanda şəbəkəni, onun nüvəsini və onun başında duranları ifşa etmək lazımdır, nəinki 5-6 məsuliyyətsiz gədə-güdəni.