"Qarabağ məsələsində Azərbaycanı ən çox Pakistan dəstəkləyir" - Səlim Müslümov

28-03-2018, 23:55           
"Qarabağ məsələsində Azərbaycanı ən çox Pakistan dəstəkləyir" - Səlim Müslümov
Qardaş Pakistan İslam Respublikası dövlət müstəqilliyinin 78-ci ildönümünü qeyd etməkdədir. Bu məqsədlə Pakistanın Azərbaycandakı səfirliyi bayram təntənəsi ilə müşayiət olunan rəsmi qəbul keçirib. Dövlət və hökumət rəsmilərinin, diplomatik korpus nümayəndələrinin, jurnalistlərin və bütün səviyyədə ictimai xadimlərin qatıldığı bayram şənliyini giriş sözü ilə Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand açaraq, ölkəsinin müstəqillik tarixindən, Pakistan xalqının onillər ərzində qazandığı uğurlardan danışıb.

Diplomat bildirib ki, Pakistanla Azərbaycan arasında strateji əlaqələr mövcuddur. Ölkəsinin Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olduğunu vurğulayan səfir deyib ki, Pakistan Qarabağ məsələsində Azərbaycanı birmənalı şəkildə dəstəkləyir. Eləcə də Azərbaycan Kəşmir probleminin həlli məsələsində İslamabadın mövqeyindən çıxış edir.
Əmək və Əhalinin Sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, dünyanın ikinci iri müsəlman ölkəsi olan Pakistanla əlaqələr Azərbaycan üçün çox önəmlidir. "Pakistan bizimlə həmrəylik əlaməti olaraq, Ermənistanı müstəqil dövlət kimi tanımır", - deyən nazir əlavə edib ki, İslam Əməkdaşlıq Təşkilatında Qarabağ məsələsində Azərbaycanı ən çox dəstəkləyən Pakistandır. Eyni zamanda, Kəşmir məsələsində də Pakistanı ən çox Azərbaycan dəstəkləyir.
Bir az da Pakistan barəsində maraqlı məlumatlara nəzər salaq.
Pakistan Cənubi Asiyada yerləşir, cənubda Ərəbistan dənizi, qərbdə Əfqanıstan və İran, şərqdə Hindistan və şimal-şərqdə Çinlə həmsərhəddir. Ölkəyə Pakistan adı 1933-cü ildə siyasi fəallardan Çudhari Rəhmət Əli tərəfindən verilib. Bu ölkənin adının tam açılışı beş vilayətin adının baş hərfindən ibarətdir - “p” - Pəncab, “a” - afqan, “k” - Kəşmir, “s” - Sind, “tan” isə Bəlucistan deməkdir.

Pakistan dövləti 1947-ci ildə İngiltərədən istiqlaliyyət qazanan Hindistanın dini müstəvidə parçalanması nəticəsində, 1947-ci il avqustun 14-də elan edilib. 1956-cı il martın 23-də Pakistan federativ respublika elan olunub. O vaxt tərkibinə iki vilayət - Qərbi və Şərqi Pakistan daxil idi. Ölkədəki qeyri-sabitlik 1958-ci il oktyabrın 8-də hərbi çevrilişə gətirib çıxarıb. 1962-cı il martın 1-də Pakistan prezident respublikası oldu və ilk prezident vəzifəsinə Əyyub xan seçilib. 1965-ci ildə Hindistanla Pakistan arasında Kəşmir uğrunda hərbi münaqişə baş verib. Amma 1966-cı ildə SSRİ-nin vasitəçiliyi ilə Daşkənddə keçirilən Hindistan və Pakistan başçılarının görüşü münaqişənin dinc yolla nizama salınmasına dair razılıqla bitib. 1969-cu il martın 25-də Pakistanda yaşanan yeni hərbi çevriliş nəticəsində hakimiyyətə general Yəhya xan gəlib. 1970-ci ildə Pakistanın tarixində ilk dəfə keçirilən parlament seçkilərində əksər səsi ölkənin şərqində Xalq Liqası Partiyası, qərbində isə Pakistan Xalq Partiyası qazanır. Xalq Liqası partiyası Şərqi Benqaliyaya muxtariyyət verilməsi tələbini ortaya atır. 1971-ci il martın 26-da Şərqi Pakistanda Banqladeş Xalq Respublikası elan olunub. 1971-ci ilin dekabrında isə Hindistan-Pakistan müharibəsi başlayır. Müharibədən sonra Yəhya xan istefa verir və Pakistan Xalq Partiyasının lideri Zülfüqar Bhutto olmaqla mülki hökumət iqtidara gəlir…
1976-cı ildə general Ziya-ül-Həqq hərbi çevriliş edərək hakimiyyəti ələ keçirir. 1988-ci ilin avqustunda Ziya-ül-Həqq təyyarə qazasında həlak olandan sonra Bənazir Bhutto baş nazir vəzifəsini tutub. 1990-cı ildə prezident Qulam İshaq xan Bənazir Bhuttonu vəzifədən kənarlaşdıraraq, parlamenti buraxıb. Doqquz il sonra ölkədə Pərviz Müşərrəf hakimiyyətə gəlir və 2001-ci ildə rəsmən prezident seçilir.Amma o da vəzifəsində sonadək otura bilmir. 2008-ci il sentyabrın 9-da Asи́f Əlи́ Zərdа́ri seçki yolu ilə prezident kürsüsünü ələ alır və beş il bu postda oturur. Hazırda Pakistana prezident Məmnun Hüseyn başçılıq etməkdədir.



796 min kvadratkilometrdən artıq ərazisi olan Pakistanda bu gün 200 milyon insan yaşayır. "Ethnologue report for Pakistan"a görə, ümumilikdə ölkə ərazisindəki etnik qruplar 72 dildə danışırlar ki, onların ən böyükləri pəncablılar, puştunlar, Sindhilər, seraikilər, bəluclar, brahuilər, həzaralar, qucaratlılar, nuristanlılar, parslar, ərəblər, çinlilər, özbəklər, türkmənlər, uyğurlar və sairdir.
Pakistanın yeraltı sərvətləri çox zəngin deyil. Daha çox təbii qaz və dəmir filizi mövcuddur. Bundan əlavə, müəyyən miqdarda kömür, neft, xromit, əhəngdaşı və gips var. Ölkə iqtisadiyyatında əkinçiliyin payı çox yüksəkdir. Əkili sahələrin təxminən yarısı düyü və buğdadır. Bundan başqa arpa, qarğıdalı, darı, pambıq və sair də yetişdirilir. Çay, tütün, şəkərqamışı, meyvə və tərəvəz də əkilir.
Sənayesi orta səviyyədə olub, son zamanlar inkişaf edir. Ən əhəmiyyətli sənaye sahəsi toxuculuqdur. Digər sənaye qolları; kağız, taxta-şalban, sement, kauçuk, kimyəvi maddələr, gübrə, şəkər, siqaret, qida maddələri və əczaçılıq məhsullarıdır. Çalışan əhalinin, təxminən, 16 faizi sənaye sahəsində məşğuldur. İxracatın həcmi idxalatının üçdə ikisinə yaxınlaşıb. Ticarətini daha çox Səudiyyə Ərəbistanı, Yaponiya, ABŞ, Küveyt, Çin və Türkiyə ilə edir. Xaricə pambıq və pambıq məhsulları, yun parçalar, düyü, dəri və kimyəvi maddələr satılır.
Pakistan atom reaktorlarına sahibdir. Nəqliyyat daha çox quru yoluna əsaslanır. Quru yolları 112 min, dəmiryolları isə 13 min kilometrdir. Əhəmiyyətli aeroportlar Lahor, Ravalpindi, Peşavər və Quruçudadır.

Azərbaycanla Pakistan arasında qardaşlığa söykənən sıx əlaqələr mövcuddur. Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkədir. 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. Dağlıq Qarabağ məsələsində Pakistan Azərbaycanı müdafiə edir və hətta İslamabad indiyədək Ermənistanı müstəqil dövlət kimi tanımır. BMT qətnaməsinə əsaslanaraq Azərbaycan da Pakistanı Kəşmir probleminin həllində dəstəkləyir.
Pakistanın keçmiş prezidenti Sərdar Faruq Əhməd xan Leqari 1995-ci ilin oktyabrında Azərbaycana, Azərbaycan Prezidenti Heydər Əliyev isə 1996-cı il aprel ayında Pakistana səfər edib. 2004-cü il 8-10 iyul - Pakistan prezidenti Pərviz Müşərrəf Azərbaycana gəlib, 2005-ci il 12-13 aprel darixlərində isə prezident İlham Əliyev Pakistana rəsmi səfər edib. 2012-cı il 13-16 oktyabr tarixlərində Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycana işgüzar səfərə gəlib. Son olaraq isə Pakistan yeni prezidenti Məmnun Hüseyn martın 11-də Azərbaycanda səfərdə olub.
Eləcə də 2008-ci ildə Pakistan Senatının sədri M.Sumro Azərbaycana, 2013-cü ildə isə Milli Məclisin sədri Oqtay Əsədov Pakistana işgüzar səfər edib. Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əliağa Hüseynovdur.
Həftə içi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.