Aqil M.Quliyev: "Amaliya Pənahovanı filmə çəkirəm"

3-04-2018, 15:40           

Tanınmış rejissor Aqil M.Quliyev "Ölkə.Az”ın suallarını cavablandırıb.
- Aqil bəy, istərdim ki, söhbətimizə yaradıcılığınızdakı yeniliklərlə başlayaq...
- Şükür Allaha ki bir neçə sahədə işləyirəm. Bura həm prodüserlik, həm aktyorluq, həm də rejissorluq daxildir. Hazırda prodüser layihəm olan "Ər arvad" layihəsi ATV kanalında 2016-cı ildən yayımlanır. Həmin layihənin təkmilləşdirilməsi üzərində çalışıram. Bu günə qədər iki rejissorla işlədik. Bir müddət öncə rejissor kürsüsünə özüm oturdum.
- Həmin rejissorların işi qane etmədi?
- Bu bir fabrikdir, konveyerdir. Hər rejissorun öz işi, öz baxışı var. Rejissor Elman müəllimlə çalışdıq, sifarişi çıxdı, getdi. Müasir televiziya da "sitkom" fabrikdir və aktyordan başqa istənilən şəxsi dəyişə bilərsən.
- Aktyor Elcan Rəsulov müsahibəsində bildirmişdi ki, nə zaman tələbatın olmadığını, keyfiyyətin aşağı düşdüyünü hiss etsək, layihə dayandırılacaq.
- Hazırda layihənin reytinqi anonssuz səkkizdir.
- Ssenari qıtlığı hiss edirsinizmi?
- Ssenari üzərində Tural Sevdimalı öz heyəti ilə işləyir.
- Bir müddət də meyxanaçı Vüqar ssenarilərinizi yazırdı...
- Bəli, o da olub. Müxtəlif müəlliflərə müraciət edirik. O barədə tamamilə açığıq. Bir az da istiqaməti dəyişdik. İndi hər seriyamızın öz mövzusu olur. Belə demək mümkünsə, işi yaxşı mənada bir az qəlizləşdirdik ki, inkişaf olsun.
- Mən bunu ona görə soruşurdum ki, özünüz rejissor kürsüsünə nə səbəbə keçmişdiniz?
- Bəli, yenilik və inkişaf üçün keçdim. Yeddi il üzərində çalışdığım "Şaman" adlı layihəm var.
- Adətən işlərinizi gec təhvil verirsiniz...
- Bu, kinodur. Belə etməyim mənim işimə, rejissor adına olan münasibətimdir, eqoizmimdir, super eqomdur. Adını nə qoyursunuz, qoyun. Mən istəmirəm öləndən sonra haqqımda desinlər ki, bu da belə də, danışdı getdi. İstəyirəm haqqımda desinlər ki, kişidir, elədi getdi. Mənimçün çəkdiklərimin sayı da önəmli deyil.
- Bir az da filmdə danışaq...
- Qədim türk mifologiyası üzərində qurulan əhvalatdır. Filmdə müasir həyat da olacaq, qədimlik də var. Əfsuslar olsun ki, bizim toplumun qədim türk mifologiyasından - Tanrıdan, Yerlik xandan, Humay anadan xəbəri yoxdur.
- Belə anladım ki, filmdə paralellər var.
- Təbii ki, dövrlərin paraleli olacaq.
- Ssenari müəllifi kimdir?
- Ssenarini özüm yazmışam. Filmdə Azərbaycanın iki xalq artisti-Amaliya Pənahova və Yuri Baliyev (Yuri Baliyev bu müsahibədən bir neçə gün sonra vəfat edib-İ.V.) çəkilir. Yaxın günlərdə montaj prosesi başlayır.
- "Şaman"ın təqdimatı nə vaxt olacaq?
- Bu mövsüm komediyalarla doludur. Ola bilsin ki, "Şaman" filmi 2019-cu ilin əvvəlində təqdim olunsun.
- Sizcə, komediya filmlərinin bolluğunda ciddi bir filmlə ortaya çıxmaq risk deyil?
- Təbii ki, riskdir. Komediya filmlərində prosedur başqa cürdür. Filmə on manat ayırırsan, deyirəm ki, film təqdim edilsin, sən pulunu çıxar, əlavə də beş manat götür, sonra da nə qalsa, mənimdir. Amma biz yarı yolda gördük ki, pul yoxdur, digər işlərimizdən qazandıqlarımızı bu filmə qoyduq. Bir az pul qazandıq, iki-üç gün çəkiliş etdik dayandıq, sonra yenə qazandıq və çəkdik. Çox inadkar insanam. 2004-2005-ci illərdə məhz bu studiyada (Müsahibə "Space" telekanalında Kamran Həsənlinin aparıcısı olduğu "Onda başladıq" verilişinin pavilyonunda götürülüb- İ.V.) burada Faiq Ağayevin on dörd dəqiqəlik "Yalan" klipini təhvil verdim. Düzdür, mənə "çox sağ ol" deyən olmadı. Halbuki klipin xərclərinin yarıdan çoxunu özüm çəkmişdim. Bu işi öz iddiama, öz hikkəmə çəkmişdim. "Yalan"a sponsorun ayırdığı büdcə beş min idi. Ancaq oradakı məkanlar xeyli xərc edir. Əsas odur ki, istədiyimi etdim. "Şaman"da da eynilə edirəm.
(Söhbətin bu yerində Aqil M.Quliyev "Kamran, uzağa getmə" deyərək Kamran Həsənlini çağırır)
İstəmirəm ki, sabah Kamran kimi işini bilən, milliyətçi insan sabah məni çağırıb "səndən başqa şey gözləyirdik" deməsin. Doğrudan da Kamran məndən başqa şey gözləyir.
- Aqildən hə.
- Kamran bilir ki, "Ər arvad"ın prodüseriyəm. Heç bayaq adını da çəkmədi. Çalışırıq ki, keyfiyyətli olsun. Keyfiyyət məsələsi tərbiyə, özün haqqında olan super eqoya dayanır. Hər bir insanın prioritetləri var. Son on ildə hamı-müğənnilər, biz və bütün millət üçün pul prioritet oldu. Bu, daha çox sənət adamlarına aiddir. Biz cavan olanda baxırdıq ki, filankəs filan şey oxudu, filankəs filan şikəstəni ifa etdi. Yadımdadır ki, dayımgil Qarabağdan kaset gətirmişdilər. Alim Qasımov toyda bir muğam oxuyur. Həmin muğamı da Xan Şuşinskidən sonra heç kim oxumayıb. İyirmi uşaq yığışıb kasetə necə heyrətlə baxırdıq. O vaxt yayda nənəmgilə Tərtər tərəfə gedirdik. Ana tərəfim Qarabağın Zır kəndindəndir. Avtobusa oturduq, əsgər gedən uşaqlar idi. Biri saatlıq yolumuz vardı. Biri oxudu, biri muğam dedi, oxumaq bitdi, bunlar başladı şeirlə "atışmağa". Şeir də şeir idi ha. Biz o idik. Sənətkar, sənətçi olmaq fəxr idi. Ona görə də keyfiyyətə işləyirdik ki, biz gedəndən sonra adımızı tarixə yaza bilək.
- Bəlkə sosial şəbəkələr, dünyaya açılmağımız bu duruma düşməyimizin səbəbidir?
- Suala sualla cavab verə bilərəmmi?
- Buyurun.
- Azərbaycanda internet var?
- Bəli, var.
- Pornoqrafiya var internetdə?
- Yəqin ki.
- Hər bir insan pornoqrafiyaya baxmır ki.
- Demək istəyirsiniz ki, bu, hər kəsin şəxsi seçimidir?
- Tamamilə doğrudur. Kamran müəllim də deyir ki, bu, şəxsi seçimdir. Komediyanı çəkə də bilərsən, çəkməyə də. Məsələn, yaxşı ki, biz Cəfər Axundzadəyə inandıq. Deməli, bu əclaf Azərbaycandan gedib, iddialı qayıdıb ki, nəsə edəcəyəm. Qardaş, bu uşaqlar iddialıdır. O, təkcə pul qazanmaq istəsəydi, "Kəklikotu"nu qırx günə yox, iyirmi günə çəkərdi. Bağda bir səhnə var idi. Həmin səhnə iki günə çəkildi. Nigar Camalın dava səhnələrinə üç-dörd gün vaxt sərf olundu, əlavə pul çıxdı.
- Yəni, "Kəklikotu"nu sənətə aid etmək olar?
Kamran Həsənli:
- O qədər də deyil.
- Burada nisbət söhbəti var da. Yaxın vaxtlarda bir söz eşitdim. Yola verməyin yeni adı-sulamaq. O ifadəni deyən insana hörmətlə yanaşıram, kiçik qardaşımdır, prodüserdir.
Kamran Həsənli:
-Yola vermək də heç bir dilə tərcümə olunmur ha.
- Səhnəyə çıxıram pianino ifa etməyə və işi də bacarıram. Baxıram ki, Çaykovskidən nəsə çalsam, zal başa düşməyəcək. Amma başqa şeylə yola verirəm. Əgər sən bunu bacarırsansa, niyə vermirsən?
- Birdən zal dinləməsə, durub getsə?
- Bu artıq sənin seçimindir.
Kamran Həsənli:
- Aqil, orada bir məqam var. Sən o vaxta qədər Çaykovskini, Bethoveni, Motsartı çalmısansa, tamaşaçın səndən məhz onu gözləyir.
- Mənim filmimə gələn camaat indiki komediyalara gedib dincəlmək istəyən adamlar olmayacaq. "Şaman"a gələn insanlar məndən başqa şey gözləyirlər. Məsələn, Kamran gələcək ki, görüm Aqil nə edib? Aqilin savadı da var, kəlləsi, iddiası, hikkəsi, sənətə hörməti də öz yerində. İndi görək Aqil nə çəkib? İxtiyarı da var ki, məndən daha hündürə tullanmağı tələb etsin.
- Aqil bəy, sizcə şəxsləri, fərdləri düşünüb iş görmək nə dərəcədə doğrudur?
- Şəxsləri yox. Məni tanıyan əlli sənətçi var. Bu gün belə danışmağımın yarıdan çoxu özümü onların gözündə gördüyümdür. Yəni, nə olduğumu onların gözündə görürəm. Məsələn, Eldar Quliyev bir il bizə dərs keçib. Rəhmətlik Aydın Dadaşov bir dəfə mənə ən böyük komplimentlərdən birini dedi. Söylədi ki, sən mənim tələbələrimin pik nöqtəsisən, səndən çox şey gözləyirəm. Pis iş görsəm, onun ruhu qarşısında necə cavab verim? Deyirdi ki, səndə Əjdər İbrahimovun yolunu görürəm. Yükü çiynimə qoyurdu. Bax, bizim belə müəllimlərimiz olub.
- Hər halda potensialı görüblər ki, o yük məhz sizin çiyninizə qoyulub.
- Yəqin ki.
- Gəncliyində yazdığı şeirdən, romandan imtina etmiş şairlər, yazıçılar olub. Sizin indiki ampluanıza, nüfuzunuza sığışdırmadığınız işləriniz var?
- Bəli, var.
- Çəkildiklərininizdən?
- Çəkildiklərimdən yoxdur. Çünki seçirəm, sonra çəkilirəm. Ola bilsin ki, kliplərdən xoşuma gəlməyənlər var. Ancaq yenə də imtina etmərəm. Çünki həmin işin də mən görmüşəm. Bəlkə də maddiyyata aldanıb çəkmişəm. Bizim əsas işimiz həmişə reklam olub. Yoxsa acından ölərdik. Təbii ki, indiki şüurumla bir çox layihələrə girməzdim.
- "Şaman" filmini yaradıcılığınızın pik nöqtəsi hesab edə bilərik?
- Bu, həm də bir hesabat filmidir. 1996-cı ildə diplom almışam, 1997-ci ildən müstəqil rejissor kimi işə başlamışam. Əgər iyirmi il millət mənə rejissor Aqil M.Quliyev deyibsə, bunun hesabatı olmalıdır da.
- Sizə elə gəlmirmi ki, sizin səsiniz çəkdiklərinizdən daha məşhurdu?
- O da ola bilər.
- Necə düşünürsünüz, aktyor kimi potensialınız rejissorluğunuzdan geri qalırmı? Başqa sözlə desək, aktyor kimi daha uğurlu ola bilərdinizmi? Hətta 1996-ci ildə çəkildiyiniz "Leyli və Məcnun"da Məcnunu canlandırmısınız.
- Bəli, həmin obrazı 1996-cı ilin Novruz bayramı ərəfəsində oynamışdım.
- Deməli, tanınmağınızda, sənətə gəlişinizdə aktyorluğun birbaşa rolu var. Məsələn, "Bəyaz həyat" filminə də çəkilmişdiniz...
- Populyarlığım qarışıq məhsuldur. Bura həm səs, həm sima, həm reklam siması olmağım daxildir. Elə insan var ki, səsimi, bəziləri sənətimi sevir. Mənim yeganə qazancım bilirsiniz nədir? Bu, heyrətamizdir. Məsələn, ucqar dağ kəndinə gedirsən. Heç kimə sübut etmək lazım deyil ki, bura nəyə görə gəlmisən. Hamı bilir ki, sənət adamısan, nəsə çəkəcəksən, nəyəsə çəkiləcəksən. Ən böyük qazancım budur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.