“Radikalizmin yayılmasında “Quran”dakı bəzi ayələrin rolu danılmazdır” - MÜSAHİBƏ
31-08-2015, 20:45
Respublikaçı Alternativ Hərəkatının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli Modern.az saytında yayımlanan “Siyasətçi və din” rubrikasının qonağı olub.
- İqtisadiyyat humanitar elmlərlə və riyaziyyatın birləşdiyi sahədir. İqtisadçılar elmi araşdırmalara daha çox vaxt sərf edirlər. Buna görə də ilk sualımız əbədi mübahisə predmetinə çevrilən elm-din kontekstində olacaq. Dinlə elmin konstruksiyaları bir-birindən fərqlənir. Lakin bəzi dini çevrələr dini elm kimi qələmə verirlər. Sizcə, din həqiqətən elmdirmi?
- Əslində, dində elmdən qaynaqlanan elmi qanunlar var. Amma din tam olaraq elm kimi cəmiyyətə yansımayıb. Dinin tarixinə baxanda görürük ki, elm daha çox dini ocaqlarda formalaşıb.
XVIII-XIX əsrə qədər bütün elmi ixtiralar, elmi kəşflər, elmlə məşğul olan insanların qorunması din xadimlərinin köməyi ilə olub. Məsələn, orta əsrlərdə, Avropada inkvizisiya olan zamanlarda din xadimlərinin bir qismi bu prosesdə çox aktiv rol alırdılar. Digər bir qrup dini kəsim isə elm adamlarını qoruyurdular.
Hətta bəzi elm adamları kilsələrdə, monastrlarda gizlədilib ki, inkvisiziyasının qurbanı olmasınlar. Yəni dinlə elm arasında daim bir bağ olub. Amma bu, bir-birinə yardım etmək səviyyəsində idi. Lakin çox təəssüf ki, dində həmişə doqmalar önə çıxdığı üçün daim elmi nəzəriyyələri qəbul etməyiblər. Elə bu günün özündə ən böyük problemlərdən biri də odur ki, dini cərəyanlar, dini elmlər Çarlz Darvinin təkamül nəzəriyyəsini qəbul etmir. Amma Darvinin nəzəriyyəsi elmi bir yanaşmadır və dünya tərəfindən qəbul olunur. Təzadlar olsa da, etiraf etmək lazımdır ki, dinlə elm arasında bir bağ var.
- Darvinin təkamül nəzəriyyəsinin üzərinə gələcəyik. Bu mövzuya keçməzdən öncə elm-din bağlılığına dair mən də fikir bildirmək istərdim. Belə düşünürəm ki, din sırf əxlaq kodekslərini, ictimai norma və münasibətləri özündə cəmləşdirən ideyalar aləmidir. Elmin isə predmeti bununla paralel olaraq, araşdırmalara, eksperimentlərə söykənir. Buna görə də elm-din bağının qırıldığı və böyük mübahisələrə səbəb olan məqamlar az deyil. Yəni, məncə, tam da birmənalı demək olmaz ki, dinlə elm bir-birinə qırılmaz tellərlə bağlıdır. Razısınız?
- Bəli, sizinlə təbii ki, razıyam. Bağın olmasını mən sözün birbaşa mənasında qeyd etmədim. İslam dünyasında XII-XIV əsrə qədər çox ciddi elm adamları ancaq dini çevrələrdən çıxıblar.
Yəni, dini təhsil almadan elmlə məşğul olan mütəfəkkirlər yox idi. Onlar din xadimi kimi İslam dinini öyrənirdilər, həm də bununla paralel olaraq kimya, fizika, astronomiya, fəlsəfə ilə məşğul olurdular. Bu tendensiya o cümlədən xristianlıqda da müşahidə edilib. Xristian dünyasında da ilkin təhsil dini təhsil olub. Sonradan dini təhsildən çıxan insanların bir qismi elmin digər sahələrini inkişaf etdirmək üçün dindən və dini çevrələrdən uzaqlaşmağa məcbur olublar. Çünki dini doqmalar elmi doktrinaları inkişaf etdirməyə imkan verməyib. Buna görə də, dinlə elmin bağlılığı təhsillə əlaqədardır.
- Dinin elmdəki rolundan danışarkən fikrinizi fərdlər üzərində bildirdiniz. Məsələn dediniz ki, xristianlıqda elə dindarlar olub ki, elm adamlarını qoruyublar. Bu, həm də insanın xarakterindən irəli gələn məsələdir. Bu baxımdan bu sualı vermək istəyirəm: sırf səmavi hesab edilən dinlərin elmə münasibəti hansı səviyyədədir?
- Çox maraqlı və daim mübahisə doğuran bir məqama toxundunuz. Bununla bağlı, çoxlu sayda kitablar yazılıb, araşdırmalar ortaya qoyulub. Bəzi hallarda elmin inkişafı üçün dini oynadığı rol danılmazdır, bəzi hallarda isə ideoloji, doqmatik yanaşma elmin inkişafına mane olub. Lap keçmişə çox da getməyə ehtiyac yoxdur. XIX-XX əsrin elmin və dinin bir-biri ilə mübarizəsini götürsək, görəcəyik ki, genetika elmi din tərəfindən çox aqressiv qarşılanırdı. Dini çevrələr genetikanın bir elm kimi öyrənilməsini Allahın yerdəki işinə müdaxilə kimi qiymətləndirirdi.
Belə təzadlar, müdaxilələr daim olub. Amma görünən də odur ki, elm inkişaf etdikcə, elmin gətirdiyi nailiyyətlər gözlə görünəcək dərəcədə insanlara xidmət etdikcə, geri çəkilmələr də hiss olunur. İndi dünyada genetika elmini şübhə altına qoyan din xadimlərini barmaqla saymaq olar.
Artıq din xadimləri də anlayırlar ki, genetikanın inkişafı xəstəliklərlə mübarizədə, sağlamlıqla bağlı irəliləyişin əldə olunmasında çox mühüm rol oynayır. XXI əsrin pəncərəsindən baxdıqda görürük ki, artıq elmi nailiyyətlər dini dairələr tərəfindən daha az mübahisə predmetinə çevrilib. Amma bir şey də var. Dini-doqmatik yanaşmalar bu gün də mövcuddur.
Həm iuadizmdə, həm xristianlıqda, həm də müsəlmanlıqda dinin ilkin versiyası kimi ayaqda qalması üçün ortodoksallığa xidmət edən qruplar var. Amma halbuki, İslam dinində “Quran”dakı ayələrlə yanaşı, peyğəmbərin hədisləri də populyardır. Məsələn, “doğumdan qəbir evinə qədər elmlə məşğul olmaq lazımdır”, “bir gün elmlə məşğul olmaq 60 il ibadətə bərabərdir” kimi yaxşı hədislər var. Bu onu göstərir ki, peyğəmbərlərin özləri də elmə, biliyə çox ciddi önəm vermiş insanlar olub. Amma sonradan bəzi doqmatik yanaşmalar təəssüf ki, həm elmin inkişafına, həm də elmdən bəhrələnərək, dinin daha yaxşı izah olunmasına maneə törədib.
- Elm həm də məntiq, real faktlar, sadə dillə desək, həqiqətlər üzərində qurulur. Bəs həqiqət və məntiq arasında olan məsafədə din hansı mövqedə dayanır?
- Din mütləq məntiqi, mütləq həqiqəti yazılan müqəddəs kitablarda görür. Dinə görə mütləq həqiqət o kitablarla yerə nazil olub. Kompleks yanaşdıqda isə məntiq başqa yanaşmalara üstünlük verir.
Məntiq daha çox sübuta, elmi əsaslandırmaya söykənir. Bu mənada məntiqlə həqiqətin dini nöqteyi-nəzərdən müəyyən dərəcədə ziddiyyətli olduğunu görürük. Çox təəssüf ki, XXI əsrdə bəzi təbiət hadisələrini, insan beyninin məhsulu olan elmi kəşfləri, dini kitablarda yazılıbmış kimi izah etməyə çalışanlar da var. Halbuki, din o qədər təmiz, saf bir sahədir ki, onun sübuta ehtiyacı olmamalıdır. Amma gördüyümüz odur ki, bəzi cahil insanlar sübut etməyə çalışırlar ki, Allah mövcuddur.
Hər hansı yarpağın, meyvənin üzərində yazılan ərəbcə “Allah” kəlməsini bir sübut, lütf, ilahi gücün olması kimi təqdim etmək, cahillikdən başqa bir şey deyil. Mütləq həqiqət olmadığı kimi, mütləq məntiq deyilən bir şey də yoxdur. Hər bir insanın bazasını elm, bilik təşkil etməlidir. Çox maraqlıdır ki, elmli insanların sayı artan cəmiyyətlərdə suallar da çoxalır. Hansı cəmiyyətlərdəki elm, bilik səviyyəsi yüksəlir, orada doqmalara qarşı haqlı suallar meydana çıxır. Amma bunu din xadimləri çox aqressiv qarşılayır.
- Təbiətdə baş verən proseslərə dini və elmi çevrələr tərəfindən müxtəlif cür şərh verilir. Məsələn, İslamda, bu proseslərin Allahın iradəsi və hikməti ilə baş verdiyi vurğulanır. Panteistlər isə düşünür ki, belə bir proseslərin arxasında ali bir şüur dayanmayıb, təbiət özü bu nəticələrin səbəbidir. Ateistlər isə məlumdur. Siz daha çox hansına inanırsınız?
- Mən ateist deyiləm, deistəm. Çünki bəzi məsələlər var ki, onu məntiqlə, elmlə də izah etmək mümkün deyil. Mən inanıram ki, bu kainatda ali bir şüur var, ali bir qüvvə var. İnsan fiziologiyasından tutmuş, təbiətdəki müəyyən hadisələrə qədər elə şeylər var ki, izaholunmaz həddədir.
Bu da yerdəki həyatın yaradılmasında ali, ilahi bir qüvvənin rolunu qaçılmaz edir. Mən düşünürəm ki, dini doqmalardan uzaq durulsa və bütün dinlər sevə-sevə öyrənilsə, insanlar şəxsiyyət, mərhəmətli biri kimi daha yaxşı formalaşarlar. Amma bu elmdən kənarda qalmaqla öyrənilməməlidir. Çünki elmdən kənar sırf dini təhsil insanları fanatizmə sürükləyir. Söhbət bütün dinlərdən gedir.
- Dinə görə təbiət, bütün kainat məqsədli şəkildə dizayn olunaraq yaradılıb və heç bir qüsurdan söhbət gedə bilməz. Bilirsiniz ki, dini dünyagörüşünün fəlsəfi dildə adı teizmdir. Deizm isə yalnız yaradan, ali bir fövqəltəbii güc məsələsində dinlə razılaşır. Amma həmin böyük qüvvənin dünyanı, kainatı yaratdıqdan sonra onun sonrakı proseslərə müdaxiləsini inkar edir. Bu mənada, Tanrı ilə bağlı fərqli prizmalardan eyni nəticə hasil olsa da, din, inanc məsələsində hər iki dünyagörüşünün düşüncəsi toqquşur. Buna görə də deizm teizmin əksidir. Əks olan bir şeyin qarşısına isə “a” şəkilçisi artırılır. Məsələn, “ a normal”. Deizm də teizmi qəbul etmədiyi üçün teizmin önünə bir “a” hissəciyi artıra bilərik. Sizcə, buradan məntiqi olaraq deizmin ateizm olması nəticəsini çıxarmaq olarmı?
- Bəzən siz dediyiniz kimi qələmə verirlər. Öz şəxsi təcrübəmdən çıxış edərək deyə bilərəm ki, adam dinləri daha çox oxuduqca, dini bilikləri daha dərindən öyrəndikcə, dünyanın yaradılışının tək bir amildən asılı olması ehtimalını şübhə altına qoyur. Bu gün İsveçrədə çox maraqlı bir eksperiment aparırlar. Dünyanın yaradılışının necə olmasını müəyyən etmək üçün kollayder eksperimentindən istifadə edirlər. Böyük bir kollektorun içərisində həyatın yaranmasının teoriyasını öyrənməyə çalışırlar. Bir neçə ildən sonra təcrübənin nəticələri insanlar üçün əlçatan olacaq. Çox maraqlıdır ki, bu prosesin öyrənməyin özü insanlığa xeyir verir.
Eksperimentlər get-gedə atom hissəciklərinin parçalanması nəticəsində alternativ enerji mənbələrinin ortaya çıxması ehtimallarını çoxaldır. Bu isə insanlıq tarixi üçün çox böyük bir addımdır. Mən düşünürəm ki, bir neçə ildən sonra insanlıq enerjini tamamilə fərqli mənbələrdən alacaq.
Adamları tükənməz enerjiyə çatmaq arzusu getdikcə reallaşmağa başlayacaq. Daha insanlar, təkcə, neft, qaz kimi təbii resurslardan deyil, elmin də gətirdiyi nəticələrdən ilhamlanaraq, bir zərrəciyin enerjisini insanlığa xidmət edəcək şəkildə dizayn edə biləcəklər. Bütün bunlar müsbət tendensiyalardır.
Amma sırf dini doqmatik yanaşma olsaydı, bu gün İsveçrədə o labarotariya olmazdı. Bəzən elm dini qadağalara baxmayaraq irəli getməli və arxası ilə də insanlığı aparmalıdır. Din isə bayaq dediyiniz kimi, insanın mənəviyyatı ilə məşğul olan sahədir. Din siyasətə, elmə qarışanda ciddi fəsadlar törədir. Bəziləri insanla Allah arasında vasitəçi rolunu oynamağa çalışırlar. Bu da çox zaman böyük ictimai problemlərə gətirib çıxarır. İnsanla Yaradan arasında bir vasitəçiyə ehtiyac yoxdur.
- Və dində bu vasitəçilərin ən ali statusda olanı peyğəmbərlərdir...
- Sonuncu peyğəmbər, Məhəmməd peyğəmbərə qədər bu, belə olub. Lakin sonuncu peyğəmbərdən sonra da, insanlarla Allah arasında vasitəçilik etməyə cəhd göstərən din xadimləri olub. Xristianlıqda çox populyar və yayılmış metod ondan ibarətdir ki, keşiş insanı qəbul edir, onu dinləyir və günahlarını bağışlayır.
Əslində günahların bağışlanması ünvanı Tanrıdır. Yalnız Tanrı günahları bağışlaya bilər. Amma keşiş burada bir vasitəçi rolunu oynamağa çalışır. Söhbət belə bir vasitəçilikdən gedir.
Bu heç bir zaman yaxşı nəticələr doğurmur. Belə hal İslamda da var. Bəzi din xadimləri dini öz bildikləri kimi təftiş edir və insanları yanlış yönləndirir. Onlar Allahla insan arasında bağı özləri vasitəsi ilə qurulması fikrini aşılamağa çalışaraq güclərini və nüfuzlarını artırmaq niyyətini güdürlər. Bu, illərə davam edib. Həm məscidlərdə, həm də kilsələrdə insanların inanclarını sömürərək, bunu qazanc mənbəyinə, biznesə çevriblər.
- Məşhur ateist alim Riçard Doukinz deyir ki, elm bəzi suallara cavab tapa bilmir, lakin buna baxmayaraq araşdırmalarını davam etdirir. Və bildirir ki, indidən yekun bir nəticə qaçılmazdır ki, bu da inanclarda olan və obraz halına salınan Tanrının yoxluğudur. Yəni məncə, bu o deməkdir ki, Tanrının var olmamasının mexanizmləri elmi araşdırma və faktlarla sübuta yetiriləcək. Bu barədə siz nə düşünürsünüz?
- Çox maraqlı bir məqama toxundunuz. Sualınızı dinləyərkən bir məqamın üzərindən keçmək istəməzdim. Avropa kinematoqrafçıları və “Hollivud” tərəfindən çəkilmiş bir neçə filmdə Tanrının obrazını yaratmağa çalışıblar. Bu barədə onlarla kitab da yazılıb. Bəzən Tanrı yaşlı, nurani bir kişi kimi təqdim olunub.
Bəzi filmlərdə isə Tanrı gənc bir xanım obrazında olub. Bunlar fikir fırtınası yaratmaq üçün çox maraqlı təqdimatlardır. Amma əslində, mənə görə insan Tanrının hansı obrazda olmasını düşünməməlidir. Çünki bu haqda düşündükdcə, daha çox suallar meydana çıxır.
Bu suallara cavab tapılmayanda isə məyusluq yaranır. Tanrının hansı formada olması o qədər də önəmli deyil. Önəmli olan Tanrının çatdırmaq istədiyi fəlsəfədir. İnsanlığa, saflığa çağıran mesajlar daha önəmlidir, nəinki onun hansı obraz tərəfindən verildiyini düşünmək. Təbii ki, mən ateistlərin düşüncə tərzinə tam hörmətlə yanaşıram və onları da qəbul edirəm. Eyni zamanda inanclı nsanların da düşüncəsinə, hisslərinə hörmət edirəm. O vaxta qədər ki, onlar öz dünyagörüşlərini mənə zorla qəbul etdirməyə çalışırlar. Buna qədər hörmət duyuram və aramızda olan o xətti çox gözəl görürəm.
- Kitab rəfinizdə Karl Marksın əsərlərini görürəm. Siz də bilirsiniz ki, Karl Marka hər şeyin bazisinin kapital olduğunu bəyan edirdi. Digər sahələri isə bu bazisdən doğan üst qurum kimi xarakterizə edirdi. Yəni, iqtisadiyyat, siyasət, din və s. bu bazis üzərində qurulub. Özünüz də iqtsadçısınız, buna görə də istəyərdik elə iqtisadiyyatın dində oynadığı rol barədə fikirlərinizi eşidək.
- Hər üç səmavi dinin yaranma coğrafiyasına baxsaq, görürük ki, bunlar bir-birinə yaxın məkanlardır. Hər üç dinin yarandğı yer ticarətin keçdiyi yollar üzərində olub. Yəni, bu dinlərin yaranma mənbəyi dünya ticarətinin şah damarını təşkil edən zona olub. Məncə, bütün bunlar təsadüfi deyil. Ticari yolların Ərəb yarımadasından, İsrail ərazisindən, Yerusəlimdən (Qüds) keçdiyi sahələr, buradan Avropaya uzanan yollar mənə elə gəlir ki, hər üç səmavi dinin yaranmasında və inkişaf etməsində mühüm rol oynayıb.
Dinin özü də bir iqtisadiyyatdır. Məsələn, Səudiyyə Ərəbistanı təkcə, Mədinə və Məkkə şəhərlərindəki dini məkanların ziyarətindən hər il 30 milyard dollara yaxın vəsait qazanır. Bunu özü də dinin iqtisadiyyat yaratmasına xidmət edir. Din iqtisadiyyatın çarxların dönməsi və iqtisadi münasibətlərin bərqərar olması üçün bir vasitəyə çevrilib. Çox maraqlıdır ki, keçmişdə Həcc ziyarətləri dinin və ticari əlaqələrin yayılması üçün çox vacib atribut və elementə çevrilmişdi. Əslində çox gözəl düşünülmüş bir piar aksiya idi. İnsan ziyarət üçün 6-7 ay yol getdikcə, yerli vəziyyətlə tanış olur və ticarət əlaqələrini necə quracağı haqqında ilkin təsəvvürlərə malik olurdu. Tacirlər keçdikləri məmləkətlərdən hansı xeyir götürə biləcəklərini düşünürdülər. O cümlədən də Yerusəlimə Avropadan gələn turistlərə də bunu şamil etmək olar.
- “Tövrat”ı, “İncil”i və “Quran”ı oxumusunuz. Maraqlıdır, bu kitablarda hansı fərqləri sezmisiniz?
- Xristianlığın 10 əsas prinsipi insanlara daha cəlbedici gəlir. Çünki orada “sənin bir üzünə tüpürürlərsə, o birini çevir ki, cavab verməyəsən” kimi bir tolerant yanaşma var. Yəni, bu cür tolerantlıq nümunələri insanlara daha xoş görünür. Təbii ki, “Tövrat” və “Quran” da insanlığa çağırış edən həddindən artıq çoxlu məqam var. Sadəcə müəyyən fərqlər var. “Tövrat” səmavi dinlərin ilk kitabı olduğu üçün orada radikalizm daha çox olub. Çünki bunun başqa yolla yayılması ehtimalı yox idi. Səmavi dinin sürətlə yayılması üçün radikallığa ehtiyac var idi.
Ali şüurun ikinci eksperimentini götürsək, deyə bilərik ki, Tanrı insanları bir az başqa yolla doğruluğa səsləmək üçün “İncil”i göndərdi. Buna görə də “İncil”i ideyaları daha yumşaq şəkildə dizayn olundu və insanlara çatdırıldı. Halbuki, “İncil”in özündə də ciddi problemlər var. Çünki, bu kitabın bir neçə versiyası mövcuddur. Bu variantlardan hansının daha səhih və doğru olması isə mübahisələrə səbəb olur. İslam dinində də mübahisə doğuran məqamlar var. Elə şeylər var ki, qadınla, cihadla bağlı mübahisələrə səbəb olur.
Bunun da radikal olmasının səbəbi ali şüurun, Tanrının ikinci eksperimentinin alınmamasından doğan bir nəticədir. Məncə belə düşüncə yaranıb ki, yumşaq yolla da dini insanlara başa salmaq çətindir. Təəssüf ki, bu radikalizm bu günə qədər gəlib çıxdı.
Təəssüf ki, radikalizmin yayılmasında “Quran”da olan bəzi ayələrin də rolu danılmazdır. Mənim üçün ən problemli məsələlərdən biri qadınlara münasibətlə bağlıdır. “Quran” hətta qadının döyülməsini belə əmr edir. Bu isə mənim üçün qəbuledilməzdir.
- “Quran”ın təhrif olunmaması və dəyişilməməsi kimi klassik düşüncə doğrudurmu?
- Çox güman ki, tarixi şərait elə gətirib ki, lap sonuncu səmavi din gələn ərəfədə insanların yazı-pozu qabiliyyəti də daha da çoxalmışdı. Ona görə də oxuduqlarımızdan belə anlayırıq ki, Məhəmməd peyğəmbərə vəhy olunan ayələrin həmən köçürülməsi və qeyd olunması daha sistematik bir hal alıb. Buna görə də sonradan ayələrin kitab şəklində toplanması “Quran”da dəyişikliklərin olmadığı anlamına gəlir. Amma XXI əsrin pənəcərəsindən baxdıqda başqa cür düşünmək üçün əsaslar yaranır.
Çünki ərəb dilinin qrammatikası çox qəlizdir. Bəzi məsələlər var ki, ayələr qeyd olunarkən və əldən-ələ keçirilərkən bunu həyata keçirən şəxslər öz şərhlərinə də üstünlük veriblər. Bəzən bir-birinə ötürülən materiallarda materialı hazırlayan insanların daxili hissləri bura qarışıb.
Bəlkə də, bütün bunlar həmin adamların pis əməli deyil. Bəlkə də bunlar xoş niyyətlə edilib. Ancaq bəzən elə olur ki, insanların fikirləri ilahidən gəldiyi ehtimal olunan ayələrə müdaxilə kimi qiymətləndirilə bilər. Buna görədir ki, indinin özündə də mübahisələr davam edir. Bu günün özündə də fərqli “Quran” məktəbləri mövcuddur. Hətta şiəliyin və sünniliyin özlərinin də bir neçə qollar var. İslam dinində bir çox problemlər öz həllini tapmalıdır.
Orta əsrlərdə kilsənin inkviziyasının tüğyan etdiyi bir zamanlarda xristianlıqda islahata meylli protestantizm cərəyanı yarandı. Bu, Şimali Avropa ölkələrində yayılmağa başladı. Protestantlar “İncili” təhrif etmədilər. Sadəcə onu başqa cür qavradıqlarını elan etdilər.
Bununla da katoliklərdən aralandılar. Bu baxımdan görürük ki, indi Şimali Avropa ölkələrinin cəmiyyəti daha çox inkişaf ediblər, nəinki katolik Avropasının. Xristianlıqda baş verən islahatın nəticəsində protestantlar ortaya çıxdı.
Protestantlar azad ticarətə, azad düşüncəyə, azad sözə çox böyük önəm verən bir qrup idi. Bu qrup daha çox populyarlıq qazandı. Bundan sonra isə katoliklərlə protestantlar arasında rəqabət yarandı. Bu isə, katolikləri də islahat aparmağa məcbur etdi. Çünki protestantlar o qədər məşhurlaşdırmışdı ki, katoliklər bu mübarizədə uduzacaqlarını anlayırdılar. XIX -əsrin 40-cı illərində Roma Papası ilk dəfə idi ki, protestantlarla rəqabətli mühitin olmasını qəbul etdi. Roma Papası qadının da bir insan olmasına dair indiki dillə desək, fətva verdi. O vaxta qədər katoliklər qadını şeytanın nümayəndəsi hesab edirdilər.
Təəssüflər olsun ki, bu tendensiya İslam dinində baş vermədi. Müsəlman dünyasında təriqətlər rəqabəti başqa yöndə axtarmağa başladılar. Bəzi doqmaları dağıtmaqdansa, təriqətlərarası mübarizələri qızışdırdılar. Müsəlman təriqətləri bir-birinin ideyalarını Allahsızlıq və kafirlik kimi tanıdılar. İslamda rəqabətli mühit alınmadı. Nəticədə isə İslamda reformlar baş tutmadı.
- Dinin, iqtisadi, sosioloji, əxlaqi tərəflərini ətraflı şərh etdiniz. İndi keçək, söhbətimizin əvvəlindəki Darvin məsələsinə. Darvin özünün nəzəriyyəsində canlıların təkamül yolu ilə yarandığını iddia edir. Bu iddia ilə Darvin özünəqədərki bütün dini inanc sistemlərinin rasional olması ideyasını ciddi şəkildə şübhə altına qoydu. Məncə, rasional düşünsək və hisslərlə danışmasaq, bunun daha doğru elmi nəzəriyyə hesab etmək olar.
- Təkamül nəzəriyyəsindən danışarkən insanlar nədənsə sırf insan amili üzərində fokuslaşırlar. O saat bilmədən insanların meymundan yaranması kimi bir fikir irəli sürürlər. Halbuki, təkamül bu deyil. Təkamül nəziyyəsi, odur ki, bu gün gördüyümüz heyvanlar, bitkilər və insanlar təkamül yolu keçərək müasir şəkillərini alıblar.
Yəni, məsələn kərtənkələ təbii poseslərdən, böyük bir təkamüldən keçərək müasir formasını alıb. Dindarların, ikinci gülməli bir “arqumenti” budur ki, əgər insan meymundan əmələ gəlibsə, bəs niyə indiyə qədər meymun insana çevrilməyib. Bu, yanlış fikirdir. Çünki təkamül milyonlarla il ərzində baş verib. Ola bilər ki, 20-30 min ildən sonra insanın qanadı olsun. Bəlkə də insan elə bir təkamül prosesindən keçəcək ki, uça biləcək.
Təkamül birillik, beşillik proses deyil. Buna görə də təkamül nəzəriyyəsinə inanmayanlar ortaya alternativ bir rasional, fundamental, oturuşmuş arqument qoya bilmirlər.
Onların dəlilləri yalnız dini kitablar və dini doqmalardır. Darvinin təkamül nəzəriyyəsinin əksini, elmi şəkildə sübut edən bilən normal bir nəzəriyyə olmayıb.
- Darvin sensasiya yaradan “Növlərin mənşəyi” adlı əsərində düşüncələri alt-üst edən iddia ortaya atsa da, bu nəzəriyyənin çatışmazlıqlarını da etiraf edirdi. Belə ki, bu kitabın “Nəzəriyyənin çətinlikləri” hissəsində təkamülü sübut edən ara keçid formalarının, fəsillərinin olmamasını qüsur kimi xarakterizə edirdi. Amma nəzərə alaq ki, o dövrdə elmi-texnoloji resurslar çox məhdud idi və Darvin xromosomların, molekulyar bilogiyanın nə olduğunu bilmirdi. Ancaq bütün bunlar, hələ həmin nəzəriyyənin irrasional dayaqlar üzərində olması anlamına gəlməməlidir. Bəziləri ara keçid formalarının guya olmamasına görə Darvin nəzəriyyəsinin süquta uğradığını deyir. Halbuki, Riçard Doukinz özü ara keçid fosillərinə aid bir neçə nümunə göstərir.
- Darvinin yanaşmasında hansısa çatışmazlıqların olması hələ bu teoriyanın süquta uğraması yox, elmin daha da inkişaf etməsinə şərait yaratmaqdır. Çində son zamanlar çox müxtəlif heyvan növlərinin genlərinin bir-birinə calaq olunması ilə hər rəngdə bir heyvan yarada bilirlər. İnsan elmi, ağlı bunu edə bilirsə, təbitə də belə bir şeyi min illər ərzində həyata keçirir.
Darvinin fikirlərinə molekulyar elmin gətirdiyi yanaşma təkamül nəzəriyyəsini daha da bərkidir. Gen manipulyasiyası bir az təhlükəli məsələdir. Amma buna baxmayaraq yenə də gen dəyişikliyi edilir. Darvinin nəzəriyyəsinin sonu çatmayıb, əksinə son elmi nəticələr, elmi təcrübələr Darvinin yanaşmasının davamıdır. Bir daha deyirəm ki, Darvinin nəzəriyyəsinə ciddi cavab verə biləcək bir elmi nəzəriyyə yoxdur.