Hafiz Hacıyev özünü partladacağını bəyan etdi

3-09-2015, 10:39           
Hafiz Hacıyev özünü partladacağını bəyan etdi
“Sabah Allah eləməmiş ona bir şey olsa, birinci mənim başımı kəsəcəklər!”


Hafiz Hacıyev və rəhbərlik etdiyi Müasir Müsavat Partiyası 1 noyabr parlament seçkilərində iştirak edib-etməmək məsələsində problem yaşayır. Sentyabrın 1-də qurumun rəhbərliyinin və rayon təşkilatlarının sədrlərinin seçkilərlə bağlı toplantısında qalmaqal yaşanıb. Vəziyyət o dərəcədə gərginləşib ki, partiyanın deputatlığa iki keçmiş namizədi arasında əlbəyaxa dava düşüb. Bu barədə “Yeni Müsavat”a Hafiz Hacıyev özü məlumat verib. Onun dediyinə görə, indiyə qədər keçirilən parlament seçkilərində rəhbərlik etdiyi partiyanın parlamentə buraxılmaması üzvlər arasında artıq seçkidə iştirak etməyin mənasız olduğu qənaəti yaradıb: “Partiyada seçkidə iştirak etmək istəyən nümayəndələrimiz də çoxdur. Ancaq bir çoxları da hesab edirlər ki, illərdir keçirilən bütün seçkilərdə iştirak edirik, üç dəfə prezident seçkilərində iştirak etmişik və əziz qardaşım İlham Əliyevə, dövlətçiliyə qarşı olanlarla mübarizə aparmışıq, düşmənlər qazanmışıq, lakin qarşılığında bizim partiyanın namizədlərindən heç birinin qələbəsi tanınmayıb, ona görə də seçkiyə getmək lazım deyil. 1 sentyabrda keçirdiyimiz toplantıda da bu cür müzakirələr getdi və partiyanın sədr müavinləri arasında əlbəyaxa dava düşdü. Onlar deyirlər ki, biz dövlətçiliyə xidmət ediriksə, bizim xidmətlərimiz nəzərə alınmalıdır. Mən onların bu dedikləri qarşısında aciz qaldım. Bir anlaşılmamazlıq var, məsləhətləşmələrimiz davam edir, bir qəti qərara gələcəyik. Seçkidə iştirak edəsi olsaq və şəxsən mən namizədliyimi verməli olsam 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd olacağam. Ona görə ki, həmin dairənin ərazisində bizim qohumlar, həmyerlilər, partiyamızın fəalları çoxdur. Seçkidə iştirak etmək təkcə mənim özümdən də asılı deyil. Müəyyən gözləntilərimiz var. Üç prezident seçkisində iştirak etmişik, dövlətçiliyin qorunmasında həyatlarını riskə qoyan insanlar var, gecə-gündüz qınaq obyekti olmuşuq, bizə söyüblər, bizi təhqir ediblər. Mənim bir sifətim var, deputat olsam da, olmasam da İlham Əliyevi ömrümün sonuna qədər müdafiə edəcəyəm”.

“Bilsinlər ki, seçkilərdə İlham Əliyevə haradan xəyanət əli uzansa Hafiz Hacıyev o əlləri kəsəcək, başqa cür gücüm çatmasa, özümü partladıb onları da partladacağam. Mən buna qədər gedəcəyəm.”


H.Hacıyev hakimiyyət daxilində bir sıra məmurların dövləti, prezidenti sevmədiyini və onlara qarşı mübarizə aparacağını bəyan etdi: “Bu gün hakimiyyətin daxilində müəyyən qüvvələr var ki, bizim dövlətçiliyi, prezidenti müdafiə eləməyimizi qəbul etmirlər, bizi sıxışdırırlar. Biz də hər saat dərdimizi prezidentə çatdıra bilmirik. Məni hakimiyyətin daxilində sevməyən insanlar var. Onlar prezidenti də sevməyən insanlardır. İstəyirlər ki, prezidentlə mənim aramda narazılıq yaratsınlar. Mən buna getməyəcəyəm. Azərbaycanı tərk etməli olsam da İlham Əliyevə qarşı addım atmayacağam. Bu gün Azərbaycanı, dövlət başçısını sevən insanların çoxu kənarda qalıb. Dövləti, prezidenti sevməyən bir qrup məmur onunla xalqın arasında sədd yaratmaq istəyirlər. Həmin məmur təbəqəsi çalışır ki, ancaq öz qohumları, şirkətlərinin idarəçiliyini tapşırdıqları adamlar, yatıb-durduqları məşuqələri deputat mandatı əldə etsin, xalqın, prezidentin yanında olan vətənpərvər insanlar isə kənarda qalsın. Mən bu cür məsələləri dilə gətirirəm. Buna görə mən əzab çəkirəm, cəza çəkirəm, ac-susuz qalıram. Bəs, yaxşı kim desin, mən deməyim, sən demə, kim desin?! Bu ölkəni qoymaq olmaz ki, bir dəstə məmur fəlakətə sürükləsin. Mən dövlətçilik yolunda ömrümü qoydum. Mən görürəm ki, əziz qardaşım İlham Əliyevə bu məmurlar təbəqəsi yanlış informasiya çatdırırlar, ölkədəki vəziyyət barədə onu yanlış məlumatlandırırlar. Mən bunu görüb susa bilmərəm. Axı sabah Allah eləməmiş ona bir şey olsa, birinci mənim başımı kəsəcəklər!”

H.Hacıyevin sözlərinə görə, ölkədə bir qarışıqlıq düşsə, vəziyyət bir balaca dəyişsə həmin məmurlar deyəcəklər ki, bütün günahlar prezidentdədir: “Rəhmətlik Heydər Əliyevin arxasınca Kremlə ərizə yazan, telerqam vuran insanlar sabah İlham Əliyevə qarşı da buna bənzər xəyanəti edəcəklər. Mən bir daha xəbərdarlıq edirəm, bunlar xalqdan oğurladıqları pullara arxalanmasınlar, düşünməsinlər ki, İlham Əliyevə qarşı xəyanət etməkdə davam edəcəklər. Özlərini yığışdırsınlar, bu ölkə yiyəsiz deyil. İmkan versinlər parlament seçkilərində prezident öz istədiyi kimi hərəkət etsin, seçkilər demokratik keçirilsin! Bilsinlər ki, seçkilərdə İlham Əliyevə haradan xəyanət əli uzansa Hafiz Hacıyev o əlləri kəsəcək, başqa cür gücüm çatmasa, özümü partladıb onları da partladacağam. Mən buna qədər gedəcəyəm. İmkan versinlər prezident islahatlara getsin. Məni öldürmək istəyirlərsə, gəlib vurub öldürsünlər, mən bu mövqeyimdən əl çəkən deyiləm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.