Ekspert özəl təhsil müəssələrinin bağlanacağına işarə vurdu
9-09-2015, 15:34
Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hal-hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib. Təhsil Nazirliyi tərəfindən universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.
Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev universitetin bağlanması səbəbi ilə bağlı deyib ki, müraciətin əsas səbəbiuniversitetdə təhsil alan tələbələrin sayının azlıq təşkil etməsidir. Azərbaycan üçün xarakterik hal olmayan bu proses ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Qeyd edək ki, cari ildə bu ali məktbə tələbə qəbulu həyata keçirilməyib.
Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşərkən təhsil eksperti Vurğun Əyyub deyib ki, Azərbaycanda ali məktəblərə müraciət edənlərin sayında olan azalmalar bir çox yerlərdə müşahidə olunur: “Həm özəl ali təhsil müəssisələrində, həm dövlət ali məktəblərində təhsil alan tələbələrin sayında azalmalar müşahidə edilir. Düşünürəm bu bir neçə səbəbdən baş verir. Təbii ki, ilk səbəb kimi ölkədə iqtisadi durumun ağırlaşmasını göstərmək olar. Azərbaycanda əhalinin gəlir səviyyəsinin azalması və qiymətlərin artması vəziyyəti ağırlaşdırıb. Bu baxımdan ali məktəblərə ödənişli yerlərə düşən şəxslər zəruriyyət üzündən təhsil almaqdan imtina edirlər. Ümumiyyətlə ödənişli təhsilə üz tutanların sayı azalıb. Bu günlərdə ali məktəblərə daxil olan 1000 tələbənin qeydiyyatdan keçməməsi ilə bağlı məlumat yayıldı. Onların arasında ödənişli təhsil alanlar üstünlük təşkil edirdi. Düşünürəm ki, bu tendensiya davam edəcək”.