"Allahverdinin ölüsündən də qorxurlar."
10-09-2015, 10:12
Bu dəfə “Cəbhə xətti”mizdə: “Cəhbə xətti” layihəsinin budəfəki qonaqları Milli Qəhrəman Allahverdi Bağırovun qardaşı, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı Eldar Bağırovun ailəsidir.
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda böyük işlər görmüş Eldar Bağırovun bacısı və həyat yoldaşı onunla bağlı xatirələrini Axar.az-la bölüşüb. Söhbət əsnasında onlar Eldar Bağırovun qətlindən tutmuş Allahverdi Bağırovun qəhrəmanlıq yoluna qədər bir çox mövzulardan danışdılar.
Bacısı Almaz xanım söhbətə gileylə başladı: “24 ildir ki, biz ölmüşük, mən qaralardan çıxmıram. Gəlib qapımızı açan yoxdur. Eldar təkcə deputat deyildi, həm də bu millətin qəhrəman oğlu idi. Sizə və Axar.az saytının rəhbərliyinə təşəkkür edirəm ki, belə bir dəyərli mövzu ilə bağlı bu qapıya gəlmisiniz”.
Almaz xanım dərin bir köks ötürüb qardaşları haqda danışmağa başladı: “Eldar 1953-cü il dekabrın 20-də anadan olub. Ailənin 9-cu uşağı idi. Allahverdi isə 1946-cı il aprel ayının 22-də doğulub. Atamızın vüqarı, anamızın sevinci, hamımızın and yeri idi onlar. Allahverdi BDU-ya sənəd verdi, hüquqşünas olmaq istəyirdi. Bir dəfə qəbul da olmuşdu. Onlar əvvəldən əyilməz uşaq idilər. İstər futbol komandasında, istər şəhərdə. Atamız bizi çox məğrur böyütmüşdü. Eldar da elə atam kimi yiyəsizə yiyə duran idi. Eldar hər zaman sözün deyən ağsaqqal kimi idi, ona görə də döyüşlər başlayanda onun bir çağırışına hamı yığışdı. İlk dəfə Ağdamdan Bəxtiyarla Əli şəhid olandan sonra Eldar camaatdan pul yığdı. Onların ailələrinə köməklik elədilər. Sonra başladılar gecələr postlara çıxmağa. Onun səsinə səs verən dəstələr yarandı. Bütün Azərbaycandan yığışdılar çağırışına. Artıq ciddi müharibə başladı. Hücumlar artdı”. Babam bunu deyib, özü də rəhmətə gedib “Bizim ailəmiz o vaxt – 1918-ci ildə Qubadlı rayonunda erməni-müsəlman davasından sonra köçüb gəlib Ağdama. Atamın dayısı atamızı və bacılarını götürüb Ağdamın Şelli kəndinə gətirib. Uşaqları qoyub qayıdıb Qubadlıya. Orda atamızın anası Zeynəb nənə şəhid olub, babamız da ağır yaralı olduğu halda dayımın gəlib çatmağına sevinib ki, nə yaxşı gəldin, nigaran idim ki, meyitin ələ keçəcək. Bunu deyib özü də rəhmətə gedib. Bibilərim 13-14 yaşında imiş. Dayım xurcunun bir gözünə atamızı, o biri gözünə Sayalı bibimi qoyub aparırmış, o biri bibilərim də atın yanı ilə gedirmişlər. Həmişə erməni-müsəlman davası bizim evimizdə belə xatırlanır. Atamızın yadına düşəndə ağlayardı. Sonradan haradasa 1958-ci ildə Qubadlıya gedib ata evlərini soraqlayanda həmin yerin univermaq olduğunu görüblər...”
Bu sənədləri Ayaz Mütəllimova təqdim elədi və...
“1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyalarından biri idi. Onda Eldar da gəlmişdi. Haqverdi adlı sürücüsü var idi. Zəng elədi ki, Haqverdiyə deyim, maşını qoysun həyətdə. Özü başqa maşınla gəlsin. O maşınla gəlməsin. Məni güdürlər. Özümüzkülər onu güdürdü. O vaxt Ayaz Mütəllimov demişdi ki, yetim oğlansan, get otur yerində. Siyasət sənlik deyil. Bu da 7 erməni sovet sədrindən imzalı sənəd almışdı. O sənəddə deyilirdi ki, biz Azərbaycan dövlətini istəyirik. Həm də onlar o kəndlərdən çıxırdılar. Həm yazmışdılar, həm də boyun almışdılar ki, bunun üstü açılsa, ermənilər nəslimizi kəsəcəklər. Bu sənədləri yazılı, möhürlü Ayaz Mütəllimova təqdim elədi, axşam sessiyadan çıxanda Eldarı vurdular. Gəlib bura, bacısı gil evdə olmayıblar. Qayıdanda vurulmuşdu. Sürücüsü yanında olub. Gah dedilər ki, maşında adam olub. Maşında da silah götürmək üçün əlini atıb qabaq dolabı açıb. Həmin yer qan idi”. Amma mən bilən, onun silahı yox idi. Sonra dedilər ki, maşının içində əlbəyaxa olublar. Dizi dəymişdi. Bir də alnı əzilmişdi. Eldar vurulanda bacım gilə gəldik. Dedim, yaralıdır, daha niyə oturmuşuq? Gedək xəstəxananın qabağına. Heç kimə baxmadım, evdən qaçdım. Çıxdım gəldim yolda Allahverdi məni tutdu. Dedi, getmə. Çığırdım. Ağzımı tutdu. Məni evə göndərdi ki, mən gətirəcəm onu”.
“Qarakənd” olayından əvvəl İsmət Qayıbov dedi ki...
“20 noyabrda Qarakənd faciəsindən – vertolyot vurulmamışdan əvvəl biz bacılarımla getdik İsmət Qayıbovla görüşməyə. Çünki parlamentdə İsmət Qayıbov qardaşımın ölümü ilə bağlı demişdi ki, nəsil davasıdır. Biz də dedik ki, niyə elə demisiniz? Axı bu nəsil davası deyildi. Dedi, araşdıracağıq. Elə bizim yanımızdan keçib getdilər vertolyota. Həmin gün də vertolyot vuruldu. Ondan sonra başlandı ordu təşkil olunmağa. Ondan əvvəl də yığılmışdı, əslində. Şirin Mirzəyev, Eldar özü çoxlu cəbhəçi uşaq yığmışdılar. Ümumiyyətlə, Qarabağda döyüşənlərin 90 faizi cəbhəçi idi. Eldarı, döyüşü, vətəni sevən igidlər Bakıdan, rayonlardan gəlmişdi”. Qətldə sürücünün də əli var “Düşünürük ki, bu qətldə sürücünün də əli var idi. İzi azdırmaq üçün onun yumşaq ətinə güllə dəymişdi. Güllə dəyirdi başından dəyərdi, yuxarıdan dəyərdi... Sürücü ssenari danışdı o vaxt. “Biz gələndə maşının qabağını kəsdilər, dayandırdılar, onda atdılar“, – dedi. Amma maşının özündə güllə izi yox idi. O işi dərin təhqiqat da aparmadan bağladılar. Bacımın oğlu polis idi. Yolda bunları görüb, maşını saxlatdırib ki, dayanın, məni də götürün. Sürücü götürməyib. Bir az aralanandan sonra güllə səsi gəlib. Sürücü də evə sürməyib, maşını qaçırdıb. Onda da tıxac-filan yox idi, neçə saatdan sonra çatdırmışdı xəstəxanaya. Yəni çatdırmaq istəməmişdi. Həmin sürücü bu yaxınlarda avtoqəzaya düşüb öldü”.
Onu həmin sənədə görə vurdular “Onun ölümünü məncə, Ayaz Mütəllibov sifariş vermişdi. Bu, elə xırda məsələ deyildi. Sənəd də üstündə itdi. Tapılmadı. Allahverdi axtardı, İsgəndər axtardı, tapılmadı. O, çox vacib sənəd idi. Ermənilərin yeddi kəndinin sovet sədrlərinin yazdığı o sözlər idi. Həmin sənəd də itdi. O, sənədi hökumətə təqdim edib deməli idi ki, bunları qoruyaq”.
Heydər Əliyev kömək etmişdi
"Eldar öz pulu ilə o vaxt Naxçıvandan biri 100 minə avtomat, pulemyot alıb gətirmişdi. Heydər Əliyevin əliylə keçirmişdilər silahları. Heydər Əliyev o vaxt çox kömək etdi bu məsələlərdə. Sonralar həmin avtomatların birini 26 mindən aldılar”.
Həyat yoldaşı Solmaz xanım Eldar Bağırovun cəbhədə yatdığını deyir: “1981-ci ildə məktəbi bitirəndən sonra Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutu adlanan indiki İqtisad Universitetinə qəbul oldum. Ağdamda işləmədim, çünki Eldarın xoşu gəlmirdi. Bilmirəm, səbəb nə idi, amma qoymurdu işləməyə. Qısqanc adam da deyildi. Sadəcə, xoşu gəlmirdi. İstəmirdi. Elə vaxt idi ki, onda uşaqlar da balaca idi. Körpəli olduğuma görə heç mən də iş arzulamırdım. Döyüş vaxtlarında özü də çox narahat, yorğun olurdu. Günlərlə gələ bilmirdi evə. Bilirdik ki, döyüşdən gəlib. Çox vaxt cəbhədə olurdu. Son vaxtlar adyal da aparmışdı özü ilə. Elə cəbhədə yatırdı. Evə də gələndə toz-torpağın içində, yorğun olurdu”. Eldar hamıya yardım edirdi “Eldar həqiqətən xalqının övladı idi. Kimin necə yaşadığını, hamısını bilirdi. Əsgər yoldaşlarının hamısının ailəsinə kömək edirdi. Bir bayram olanda hamısının qapısını açardı, evinə bazarlıq göndərərdi. Xəstəsi olana yardım edərdi. Erməni davası düşən gündən bütün Ağdamda olan yaralıları şəxsən Eldar müalicə etdirib. Dərmanı alıb, qan lazımdır, qan tapıb vurdurub”.
Rus generalları ilə əlbəyaxa olmuşdu
“Eldara çox deyirdik ki, bu yol qorxuludur, sənin körpə balaların var. Deyirdi ki, nə olacaq, mən şəhid olacam, balalarım gedəndə deyəcəklər, Eldar Bağırovun balasıdır. Mən alçaqlıq eləmirəm ki. Şəhid olandan sonra Allahverdinin qabağına çox keçdik. Qarabağda üçrəngli bayrağı ilk dəfə Eldar qaldırmışdı. O vaxt rus hərbçiləri Ağdamda idi. Bax onda da ruslar tökülüb gəlmişdilər. Demişdi ki, çıxın endirin, görüm necə endirirsiniz. Həmin vaxt orada rus generalları ilə əlbəyaxa olmuşdu. Polyaniçko ilə üz-üzə gəlmişdi bayrağın üstündə”.
4 erməninin başına oyun açmışdı
“Şükür Rzayev var idi, o vaxtkı Respublika prokuroru. 1990-cı ildə onu ermənilər əsir götürmüşdü. Onu heç kim ala bilmirdi, Eldar aldı. “Şuşada 4 erməni polis kimdir ki?” - deyib erməninin üstünə getmişdi. Başlarına oyun açmışdı. Ondan sonra da yolda gedənin, avtobusdan götürülənlərin, kəndlərdə götürülənlərin hamısını ermənidən Eldar alırdı”.
Əgər Eldar o yola getməsəydi...
“İlk dəfə cəbhə yığılanda Allahverdinin “Ağdam” restoranı var idi. Aşağısı da böyük çayxana idi. Orada yığılırdı əhali. Allahverdi də istər-istəməz orda idi. Həm də o qədər bir-birinə bağlı qardaş idilər ki. Mehriban, bir birindən ötrü canını qurban verən. Əgər Eldar o yola getməsəydi, Allahverdi də getməzdi. Elə bil ki, Allahverdi Eldarın yolunda canını qurban verdi”.
Allahverdinin ölüsündən də qorxurlar
“Ümumiyyətlə, cəbhə 10 dəqiqəlik bir yığıncaq eləmədi. Bu gün də o təzyiq bizim üstümüzdədir. Yəni qoyulan icra başçıları da, onun köməkçiləri də sağlığında Allahverdidən qorxduqları kimi bu gün ölüsündən də qorxurlar. Şəhid adından da qorxurlar. Niyə kiminsə adını birinci deyirlər, Allahverdinin adını sonra? Allahverdi ilə Eldarın elədiklərini kim eləmişdi? Bircə adamın o zəhmətə heyfi gəlir ki, niyə şəhid adı da verilmir? Heç olmasa, adlarına küçə oldu. O vaxt “Lenin” olan küçə “Eldar Bağırov“ küçəsi, “Maksim Qorki” küçəsi də “Allahverdi Bağırov” küçəsi adlanır”.
Almaz xanım Eldar Bağırovla bağlı xatirələrini danışır:
“Bir dəfə 5 yaşı olanda çıxıb evin üstünə. Atam rəhmətlik qoz, nar tökərdi evin üstünə. Eldar nar yeyib, yuxulayıb qalıb orda. Anamgil axtardı, tapa bilmədi onu. Qapıdan çıxmayan uşaq tapılmırdı. Qıvrımsaç, qəşəng də uşaq idi. Heç yerdə tapa bilmədik. Nərdivan qoyub çıxmışdı. Onu da götürüblər. Qaranlıq düşəndə ayılıb, düşmək istəyəndə çağırmışdı. O qədər sevindik ki, tapılmağına. Çöldə nə qədər ötkəm olsa da, evdə həlim idi. Evə gələndə o qədər abırlı, ismətli, mədəni idi ki, onun çöldə bu qədər sərt olduğunu düşünmək olmurdu. Özü də heç nə eləməzdi. Bircə şilləsinə dözə bilməzdilər, silkələnib durardılar. Dünyada kimsə vəzifədədir, kimsə rəisdir – ikinci kəlmə deməyə qoymazdı. Bir dəfə polis rəisi restoranda aşağı-yuxarı danışmışdı. Eldar onu o qədər döymüşdü ki, adamı təcili yardımla aparmışdılar”.
Ölümünü uzun müddət gizlətdik
“Eldarın ölümünü gizlədirdik. Nigar 4-cü sinifdə oxuyanda bildi. Özü də o, dil açanda “ata” yox, “papa” yox, “dədə” dedi. Eldarın özünün də xoşu gəlirdi. Nigar deyərdi ki, dədəm cəbhədədir. Müəllimi rəhmətlik Əli müəllim bilirdi Eldarın yoxluğunu. “Atan harada işləyir”, – deyə soruşmamış bu uşaq durub eyni sözü deyirdi: “Atam cəbhədədir”. Haradasa 4-cü sinifdə oxuyanda bildi ki, atasını itirib. İndi mənim bircə arzum var: Eldara şəhid adı versinlər. Gənclərimizə də sözüm odur ki, kişi kimi yaşasınlar. Dünyada oğulun dəlisinə qurban olum. Ağıllısı ağıllıdır. Dünyada oğuldan qiymətli nə var? Eldarla Allahverdi ilə alınmaz dağ idim...”