Eldar Namazov: “Həm hakimiyyətdə, həm müxalifətdə nəsillərin dəyişməsi başlayıb”
8-06-2018, 09:39
“Vaxtilə Azərbaycanda çox ümid bəslədiyim bir gənc təhsil naziri təyin olunanda bu məni çox narahat etdi, amma indi...”
Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov dünyada, regionda və ölkəmizdə baş verən siyasi proseslərlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.
(əvvəli burada)
- Bəs biz hərbi əməliyyatlara başlasaq, buna Rusiya və Qərb dünyasının reaksiyası necə olacaq?
- Rusiyanın və Qərbin buna imkan verməyəcəyi barədə deyilənlər əsassızdır. Bütün dünya başa düşür ki, nə qədər Qarabağ konflikti mövcuddur nə Ermənistanda, nə də Azərbaycanda lazımi islahatlar aparmaq çox çətin olacaq. Ona görə də bu konflikt öz həllini tapmalıdır ki, tərəflərin öz daxilində islahatlar keçirməyə imkanı yaransın.
- Bu konfliktin həlli nə cür olacaq?
- İki yol var: bəri başdan deyim ki, bu yollardan biri-Azərbaycanın öz torpaqlarından imtina edib kapituliyasiya sazişi imzalamalıdır ki, nə xalq, nə hakimiyyət bunu qəbul etməz. O biri yol isə Azərbaycan ordusunun hərbi əməliyyatlara başlayıb torpaqlarımızı azad edərək Ermənistanın sülhə məcbur olunmasıdır. Başqa yol yoxdur. Bu mənada da əgər kimlərsə, hansısa siyasi qüvvələr Ermənistanda demokratik islahatlar keçirmək istəyirlərsə, bizim bu prosesə ən böyük köməyimiz ondan ibarət ola bilər ki, Azərbaycan ordusu əməliyyat keçirib Qarabağ münaqişəsi adlı problemə son qoysun. Yalnız bu münaqişəyə son qoyulduğu halda hər iki ölkə öz daxilində islahatlarla məşğul olmağa başladı.
- Eldar müəllim, Paşinyandan söz düşmüşkən, sizcə Paşinyan hökumətinin indiki davranışları, tutduğu kurs onun sonunu necə göstərir? Bu proseslər davamlı olacaq, yoxsa Rusiya onu hakimiyyətdən uzaqlaşdıracaq və daxildə əks-inqilab başlayacaq? Paşinyandan Dağlıq Qarabağ probleminin həllinə dair hansısa formada müsbət nəsə gözləməyə dəyərmi?
- Ermənistan hazırda çox zəif bir durumdadır. Aprel döyüşlərindən sonra Ermənistan ordusunun Azərbaycan ordusundan qat-qat zəif olduğu ortalığa çıxıb. Orada faktiki olaraq inqilab baş verir. Buna kimsə inqilab, kimsə də dövlət çevrilişi deyə bilər. Reallıq budur ki, sabit hakimiyyət yoxdur, yaxın zamanlarda da sabit hakimiyyət qurulmayacaq. Ən azından növbədənkənar parlament seçkiləri keçirilməyənə qədər bu olmayacaq. Bu proseslərin içərisində Serj Sərkisyan hakimiyyəti çox ciddi müqavimət göstərir. Səhnədən gedən bu hakimiyyət yenidən iqtidara qayıtmağa cəhdlər edəcək. Demək, bundan sonra vəziyyət daha da gərginləşəcək. Belə bir məqamda Paşinyan Dağlıq Qarabağ məsələsi ilə bağlı Sərkisyandan daha sərt bəyanatlar verəcək. Geopolitik durum da, güclərin balansı da bizim xeyrimizə dəyişib, torpaqlarımızı işğal edən ölkənin də daxilində sabitlik pozulub. Bu hal getdikcə güclənəcək. Ona görə də belə məsələlərdə biz milli maraqlarımızı hər şeydən üstün tutub hərəkət etməliyik.
- Bayaqdan sizi dinləyirəm, danışıqlar aparılmalıdır fikirlərini səsləndirmədiniz. Daha çox hərbi əməliyyatlara üstünlük verdiniz. Demək, belə bir əminlik yaranıb ki, artıq Ermənistanla danışıqlar aparmağa dəyməz?
- Sizin qəzetə təqribən bir il öncə bu mövzuda müsahibə vermişdim. Cavabımın bu hissəsini siz başlığa da çıxarmışdınız. İndi də 90% əminəm ki, bu məsələ müharibə yolu ilə öz həllini tapacaq. Hələ Serj Sərkisyan hakimiyyətdə olduğu dönəmdə bu qənaətə gəlmişdim. Aprel döyüşlərindən sonra Ermənistan daxilində çox ciddi çaxnaşmalar var idi. Ondan sonra Ermənistanın hakim elitası o qənaətə gəldi ki, torpaqların azad olunması ilə bağlı heç bir güzəşt ola bilməz. Əgər Rusiyanın tanınmış ideoloqlarından biri Aleksandr Duqin deyirsə ki, Serj Sərkisyan beş rayona razı idi, lakin bu çevriliş oldu. Belə fikirlər düşünürəm ki, bizim başımızı qatmaqdan başqa bir şey deyil. Birmənalı olaraq erməni tərəfi yalnız Azərbaycan ordusunun gücü qarşısında hansısa güzəştlərə gedə bilər. Ola bilsin ki, ortaq bir variant olsun. Çünki ikinci bir əməliyyat ola bilər ki, bununla Azərbaycan ordusu bəzi rayonları azad edə bilsin. Bununla on illərlə şovinist, psixoz altında formalaşan Ermənistan cəmiyyəti başa düşsün ki, Azərbaycan torpaqları ya sülh yolu ilə azad olunacaq, ya da ordumuz əməliyyatları davam etdirib o torpaqları azad edəcək. Başqa yollarla onları başa salmaq mümkün deyil.
- Hərbi əməliyyatlar başlayarsa, Rusiyanın mövqeyi necə ola bilər? Hətta deyirlər ki, hərbi əməliyyatlar başlasa, Qərb Azərbaycana müəyyən şanslar da yarada və nəticədə bir mərhələyə qədər ordumuz irəliləyə bilər.
- Rusiyada neçənci dəfədir ki, bir şəxs prezident seçilir və bu prezidentin də dəst-xətti, qonşu ölkələrə yanaşması hər kəsə, o cümlədən, bütün dünyaya bəllidir. Bu gün Paşinyanın nazir təyin etdiyi şəxslər yarım il, yaxud bir il öncə əllərində Putinə ana söyüşü və digər ağır təhqirlər olan plakatlarla küçələrə çıxırdılar. Bu şəxslər birbaşa ABŞ fondlarında çalışan Rusiyanın əleyhdarlarıdır. Təsəvvür edin ki, belə şəxsləri indi Ermənistanın Təhlükəsizlik Şurasının baş katibi, hansısa bir nazir, Prezident Aparatında mühüm postlara təyin edirlər. Bunları biz biliriksə, o şəkilləri görürüksə, bunu Kreml görmür? Buna görə hesab edirəm ki, Ermənistanda yeni hakimiyyətə gəlmiş qüvvələrlə Kreml arasında uzunmüddətli əməkdaşlıq mümkün deyil. Ona görə sizin dediyiniz rəylərdə həqiqət faktları kifayət qədər böyükdür. Bu amili mütləq nəzərə almalıyıq.
- Azərbaycandakı prezident seçkilərindən sonra bir sıra təyinatlar olub, nazirlər, komitə sədrləri dəyişib. Gedən prosesləri izləyirsiniz? Əvvəllər siyasi aktivliyinizlə seçilən şəxslərdən olmusunuz. Son dövrlərdə siyasi fəaliyyətiniz varmı? Hansı fəaliyyətlə məşğulsunuz?
- Ölkə daxilində gedən prosesləri çox ciddi şəkildə izləyirəm. Onu deyə bilərəm ki, həm hakimiyyət, həm də müxalifət daxilində nəsillərin dəyişməsi mərhələsi başlayıb. Hakimiyyət tərəfindən həyata keçirilən son təyinatlar daha çox gənclərin irəli çəkilməsi əsasında reallaşır. Müxalifətin içərisində də yeni qüvvələr meydana çıxır, yeni gənc nəsil öz liderliyini təsdiq etmək üçün fəaliyyət göstərir. Bu proseslərin hər ikisini müsbət sayıram, alqışlayıram. Hesab edirəm ki, Azərbaycan siyasətinə yeni nəfəslər gəlməlidir. Bizim payımıza düşən odur ki, öz biliklərimizi, təcrübəmizi ehtiyac olarsa, həmin gənclərlə bölüşək, məsləhətlər verək, onların uğur qazanmaları üçün dəstək olaq. Hesab edirəm ki, bizim nəsil insanlar proseslərdə öz yerləri üçün yox, bu proseslərin uğur qazanması üzərində düşünməlidir. Öz fəaliyyətimə gəlincə, yaxınlarda 90-cı illərin əvvəllərində yaratdığımız Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin fəaliyyətini bərpa etdim. Artıq həmin mərkəzin araşdırmaları əsasında bu müsahibələri verirəm. Dağlıq Qarabağ, Azərbaycanın xarici siyasəti və digər bu kimi məsələlərlə bağlı sənədlər hazırlayırıq.
- Müxalifət düşərgəsində keçmiş dostlarınızla, müttəfiqlərinizlə əlaqələriniz qalırmı?
- Tədbirlərdə görüşəndə, əlbəttə, salamımız olur, fikir mübadiləsi də aparırıq. Amma mənim yanaşmam bugünkü günlə bağlı deyil. İstefa ərizəmi yazıb vəzifədən gedəndən sonra təqribən beş dəfə prezident və parlament seçkiləri olub. Bu seçkilərdə yalnız namizəd kimi 2005-ci ilin parlament seçkilərində iştirak etmişəm. Qalan vaxtlarda kiməsə dəstək vermək, kömək göstərmək mövqeyindən çıxış etmişəm. Son dəfə seçki prosesində İlqar Məmmədov, Erkin Qədirli, Bəxtiyar Hacıyev kimi gənclərə və yeni qüvvələrə dəstək vermişdim. O zaman hakimiyyət düşərgəsində gənc kadrlar çox az idi. İndi isə vəziyyət bir qədər dəyişib. Bu baxımdan hakimiyyət düşərgəsində olan gənclərin də uğur qazanmasında maraqlıyam. Bir misal çəkim, vaxtilə Azərbaycanda çox ümid bəslədiyim bir gənc təhsil naziri təyin olunanda bu məni çox narahat etdi. Çünki bu nazirlik çox mürəkkəb bir sahədir. Düşünmürdüm ki, onun uğur qazanması üçün Təhsil Nazirliyi mühüm rol oynasın. Amma indi təyin olunduğu vəzifə onun üçün daha uyğundur. Çünki bu sahə üzrə uzun müddət çalışıb, beynəlxalq təşkilatlarda fəaliyyət göstərib. Düşünürəm ki, hazırda onun çalışdığı sahə Azərbaycanın inkişafı üçün çox mühümdür. Çünki Azərbaycanda demokratik quruluş qurmaq üçün orta sinif formalaşmalıdır. Bu sinfin formalaşması üçün də vergi və gömrük sahəsində ciddi islahatlar aparılmalı, orada korrupsiya aradan qaldırılmalı, şəffaflıq təmin olunmalıdır. Azərbaycanda orta sinfin formalaşmasının qarşını alan vergi və gömrük sahələrindəki soyğunçuluq idi. İndi belə gənc kadrlara bu problemləri həll etmək üçün mandat verilirsə, onlara yalnız uğur diləyə bilərəm.