“Bəzi məmurlar bu məsələdə Prezidentin yanında deyil” - Qaçqınlar Cəmiyyətinin sədri
20-06-2018, 20:26
Bu gün Ümumdünya Qaçqınlar Günüdür. Modern.az Azərbaycanda qaçqınların vəziyyəti ilə bağlı Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli ilə həmsöhbət olub.
- Bildiyiniz kimi, bu gün Ümumdünya Qaçqınlar Günüdür. Ümumiyyətlə, Azərbaycanda nə qədər qaçqın var?
- Haqlısınız, hər ilin 20 iyun tarixi bütün dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyunu Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Azərbaycan əhalisinin adambaşına görə dünyanın ən çox qaçqını olan ölkələrindən biridi. Bizdə əhalinin az qala beşdən biri qaçqındır. Yəni təxmini hesablamalara görə, Azərbaycan əhalisinin hər beş nəfərindən biri qaçqındır. Bunların təxminən 500 mini Qərbi Azərbaycan qaçqını, 1,5 milyonu isə Qarabağ məcburi köçkünləri, Ahısxa türkləri və digər ölkələrdən gələnlərdir. Görürsünüzmü, mən hər dəfə “təxmini” deyirəm. Çünki dövlətimiz, xalqımız, insanlarımız 30 ilə yaxındır bu tarixi faciəni yaşayır, amma Azərbaycanda heç kəs ortaya çıxıb dəqiq deyə bilməz ki, bu dəqiqə Azərbaycanda neçə nəfər qaçqın var. Məsələn, götürək elə Qərbi Azərbaycan qaçqınlarını. Rəsmi statistikaya görə 1988-1991-ci illərdə Qərbi Azərbaycandan 49.928 ailədə 250 min nəfər qaçqın gəlib və indi bu qaçqınların sayı 350 min nəfərə çatıb. Birincisi, hanı o ailələrin, o qaçqınların siyahısı, kim ortaya qoya bilər? Heç kim! İkincisi, 1988-1991-ci illərdə biz Qərbi Azərbaycandan gələndə burada Azərbaycanın heç 6 milyon əhalisi yox idi, indi bu əhali təxminən iki dəfə artıb, amma bəs necə oldu ki, qaçqınların sayı cəmi 40 faiz artdı? Bilirsiniz bunun adı nədir? Tarixi taleyimizə biganəlik!
- Əziz müəllim, Azərbaycan qaçqınlarının hüququ kifayət qədər qorunurmu?
- Azərbaycanda, yoxsa dünyada?
- Hər ikisində…
- Azərbaycanda məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli istiqamətində dövlət səviyyəsində, demək olar ki, xüsusilə son illərdə çox böyük işlər görülüb. Təsəvvür edin, 100-ə yaxın qəsəbə və yaşayış kompleksi tikilib istifadəyə verilib. Bu, bəlkə də bütün dünyada analoqu olmayan bir işdir. Bu, ulu öndər Heydər Əliyevin qaçqınlarla, məcburi köçkünlərlə bağlı yeritdiyi siyasətin nəticəsidir. Prezident İlham Əliyev bu siyasəti bu gün uğurla davam etdirir. Amma bir çox məmurlarımız bu məsələdə cənab prezidentin yanında deyillər. Xüsusilə Qərbi Azərbaycan qaçqınları ilə bağlı yeridilən siyasət bizi qətiyyən təmin etmir. Belə demək mümkünsə, bu gün Azərbaycanda Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə heç bir dövlət qurumu məşğul olmur. Ulu öndər vaxtilə Qərbi Azərbaycan qaçqınları ilə bağlı fərman imzalayıb və birmənalı şəkildə göstərib ki, Qərbi Azərbaycan qaçqınları öz qaçqınlıq statuslarını saxlayırlar, amma hansı dövlət qurumuna müraciət edirsənsə, cavab alırsan ki, siz artıq qaçqın deyilsiniz. Vətəndaşlıq haqqında qanunda birmənalı şıkildə yazılır ki, məcburi köçkünlərə aid bütün güzəştlər 1988-1991-ci illərdə Ermənistandan gələn qaçqınlara da şamil edilir, amma hamı bilir ki, 2001-ci ildən Nazirlər Kabineti bu güzəştləri rəsmi şəkildə ləğv edib. Maraqlıdır, qanun güclüdür, yoxsa Nazirlər Kabinetinin qərarı? Bu adamlar yaddan çıxarır ki, həmin qanunun altında Heydər Əliyevin, Prezident İlham Əliyevin qolları var və bu 1anun bu gün – 20 iyun 2018-ci il tarix üçün hələ də qüvvədədir. O ki qaldı dünyaya… Əgər Qərbi Azərbaycan qaçqınları BMT-nin siyahısına daxil deyilsə, onların hüquqları dünyada necə qoruna bilər. Bu məsələdə də günah Azərbaycan hökumətinin boynuna düşür. Bu insanlardan soruşmadan onlara ucdantutma Azərbaycan vətəndaşlığı vermək, onların Ermənistan pasportlarını əllərindən almaq tarixi səhv, bəlkə də düşünülmüş milli xəyanət idi…
- Əziz müəllim, dediyimiz kimi, bu gün Ümumdünya Qaçqınlar Günüdür, bununla bağlı hansısa tədbirlər keçirirsinizmi?
- Xeyr, biz o qədər “qürurlu” xalqıq ki, nəinki qaçqınlarla bağlı tədbir keçirmirik, az qalırıq qaçqınlarımızın sayını dünyadan gizlədək. Məsələn, 1988-1991-ci illərdə Qərbi Azərbaycandan 250 min azərbaycanlının qaçqın düşdüyünü on illərdir dünyadan gizlətmişik, indi deyirsiniz bunu dünyaya car çəkək?!..