"Bu, Azərbaycan kişisinə yaraşan addım deyil ki, kiməsə geyiminə görə müdaxilə etsin"

22-06-2018, 10:08           
"Bu, Azərbaycan kişisinə yaraşan addım deyil ki, kiməsə geyiminə görə müdaxilə etsin"
Bir neçə gündür ki, metroda "şortik" geyinən qızla çevrədəkilərin mübahisəsi və ardınca yayılan intihar xəbəri medianın gündəmini zəbt edib. Belə hadisələrin gündəmə gəlməsi cəmiyyətin əsas təbəqələri tərəfindən qınaqla qarşılanır. Bir qrup hesab edir ki, cəmiyyətin fəal təbəqəsi və əlaqədar təşkilatlar daha çox intihar hallarının qarşısının alınması yollarını axtarmalıdır.

“Azəri Türk-Qadınları Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı Moderator.az-a açıqlamasında bildirdi ki, bugünkü gənclik kitab oxumur və ancaq telefonla baş qatır. Bütün bunların həyata keçməsi üçün təhsil önəmlidir:

“Bilirsiniz, insanların geyiminə və həyat tərzinə qarışmağa kimsənin haqqı yoxdur. Amma hər halda bura Azərbaycandır və biz müsəlman ölkəsiyik, həm də Azərbaycan Avropanın bir parçasıdır. Kimisə geyiminə görə ittiham edib dünyanı Azərbaycanın üstünə güldürmək olmaz. Onda belə çıxır ki, bizim ölkədə insan hüquqlarına hörmət yoxdur. Bu, dünyanı Azərbaycana qarşı qaldırmaqdır. Lakin geyinən-keçinən də bunu nəzər almalıdır. Hər yerin öz geyimi var. Bu, Azərbaycan kişisinə yaraşan addım deyil ki, kiməsə geyiminə görə müdaxilə etsin. Biz hansı dövrdə yaşayırıq ki, insanlara geyiminə görə müdaxilə edək?”

T.Rüstəmxanlı cəmiyyəti ciddi hadisələrin müzakirəsinə səslədi:

“Geyimə görə kiməsə müdaxilə edən insanlar cəmiyyətin daha ciddi hadisələrini müzakirə etməlidirlər. Gənclərimizi özünə qapanıqlıqdan, öz içinə dönüklükdən xilas etmək lazımdır. Bu məsələlər üzərinə gedib müzakirələr olunmalıdır. Bütün bunlar isə ailədən başlayır. Gənclərin əlindən telefonlar düşmür, biri götürüb kitab oxumur. Ziyanlı videolara baxırlar. Cəmiyyət və toplum olaraq belə şeyləri müzakirə etməliyik. Görün bu gənclərdən kimsə anım günlərindən başqa işğal olunan torpaqlarımız haqda nəsə fikir yürüdürlərmi? Bu ildönümləri isə təşkilatlar vasitəsi ilə həyata keçirilir. Azərbaycanın əleyhinə bütün dillərdə ermənilər təbliğat aparırlar. Gənclərimizi bu istiqamətdə yönlədirmək lazımdır. Bu isə təhsillə və ailədəki uşağın yetişdirmə səviyyəsindən asılıdır. Bunlar hamısı bir-birinə zəncirvari şəkildə bağlıdır. Cəmiyyətimizin mənəvi dəyərlərimizə hörmətlə yanaşması lazımdır. Bununla bağlı seminarlar və konfranslar təşkil oluna bilər. Azərbaycanın ziyalıları məktəblərdə şagirdlərlə görüşlər keçirməlidirlər. Əvvəllər belə görüşlər keçirilirdi, amma təəssüflər olsun ki, indi bunların heç biri yoxdur. Bütün bunlar isə gənclərimizi belə bir vəziyyətə gətirib çıxarır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.