“Özünə hörmət edən televiziya falçılardan şou düzəltməz” – Ekspertdən və MTRŞ-dan AÇIQLAMA
5-07-2018, 19:05
“Cəmiyyəti, insanları falçı səviyyəsinə gətirib çıxarmaq, insanların ayağını real həyatdan üzmək, şou yaratmaq, yəni bu cür davranışları təlqin etmək yolverilməzdir”.
2015-ci ilin sonlarında dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qərar layihəsi hazırlanmışdı. Komitə sədri Mübariz Qurbanlı qərar layihəsinin Nazirlər Kabinetinə təqdim olunacağını, bu qərarın qüvvəyə minməsi ilə eyni zamanda falçılıqla məşğul olanların da fəaliyyətinin qadağan olunacağını açıqlamışdı.
Lakin televiziya kanallarında falçılıqla məşğul olan şəxslər verilişlərə qonaq, ekspert qismində dəvət olunur, onların fikirlərinə, fəaliyyətlərinin təbliğinə yer verilir.
Sözügedən məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) nümayəndəsi Toğrul Məmmədov Primetime.az-a açıqlama verib. T.Məmmədov açıqlamasında bildirib ki, məsələ ilə bağlı kanallara təlimat verilib:
“Keçən həftə efirin monitorinqi zamanı müəyyən olunub ki, “Xəzər” və “ARB” televiziyasında falçılar verilişə dəvət olunub. Başqa vaxtlarda, bu həftəni də nəzərə alsaq, falçıların efirə dəvət edilməsi tendesiyası mövcud deyil. Şura tərəfindən də kanalların hamısına tövsiyyə edilib ki, belə hallar yolverilməsin. Reklam haqqında qanuna əsasən, kütləvi müalicə seanslarına, hipnoz metodlarıynan psixi və bioenerji təsirlərinin müalicəvi xassələrinə yol verilməməlidir. Əgər falçı verilişə dəvət edilirsə, əlbəttə ki, onun efirdə reklamı həyata keçirilir. Bununla bağlı təlimatlar verilib. Hazırda vəziyyət qənaətbəxşdir, falçıların efirə dəvət edilməsi ilə bağlı hal mövcud deyil. Bundan sonra da olmayacağına inanırıq. Əgər olarsa, tədbir görüləcək. İlkin olaraq şifahi şəkildə televiziya kanalına irad bildirilir. Analoji hal təkrarlandıqda artıq inzibati metodlara keçilir”.
Mövzu ilə bağlı əməkdar jurnalist və teletənqidçi Qulu Məhərrəmli Primetime.az-a açıqlama verib. Q.Məhərrəmli hesab edir ki, özünə hörmət edən televiziya, özünə hörmət edən veriliş bu cür mövzulara müraciət etməli deyil:
“Cəmiyyətə heç bir faydası olmayan bu cür adamları çıxarıb şou göstərirlər, elə düşünürlər ki, kimsə çıxıb orada qalmaqal yaradacaq bununla da onlara gələn reklam təkliflərinin sayı artacaq. Cəmiyyəti, insanları falçı səviyyəsinə gətirib çıxarmaq, insanların ayağını real həyatdan üzmək, şou yaratmaq, yəni bu cür davranışları təlqin etmək yolverilməzdir. Faktiki olaraq, bu, televiziyaların yayım siyasətinin bir istiqamətinə çevrilib. Hesab edirəm ki, sistemli və əsaslı dəyişiklik aparılmasa, televiziyalarda, televiziyanın missiyasına, cəmiyyət içərisindəki roluna lazımi diqqət yetirilməsə, elə belə olacaq. Saytlar da özünü yoracaq, biz də özümüzü yoracağıq, amma heç bir faydası olmayacaq. Bu, artıq bir siyasətdir və televiziyanı idarə edənlərin şüuruna hopub”.
Jurnalistin sözlərinə görə, televiziya öz imkanlarından düzgün şəkildə istifadə etmir:
“Televiziyanın rəhbərləri, prodüserləri, redaktorları, rejissorları, müəlliflər, mövzunu seçən insanlar var ki, buna nəzarət etməlidirlər. Yəni bu, kollektiv məsuliyyətdir. Birinci növbədə televiziyanın məsuliyyətini müəyyənləşdirən adamlar bunun üçün məsuliyyət daşıyırlar. Televiziyadan doğru istifadə etmirlər. Halbuki cəmiyyətin, millətin strateji inkişafı, düşüncəsi, sabahı, bu gün həyatımızdakı problemlərlə və s. bağlı yaxşı materiallar hazırlaya bilərlər. O qədər mövzular var ki, çox böyük maraq doğura bilərlər. Bu mövzulara toxunmaqdansa, falçının, ektrasensi bu tip adamları çağırırlar və bunun üzərində şou qururlar. Görünür ki, bu həm də bir zövq və səviyyə məsələsidir”.