ABŞ-da təhsilini yenicə bitirib ölkəyə qayıdan kimi həbs olunan Emin Aslanov: “...həbsi bu formada çox da gözləmirdim”

5-07-2018, 22:20           

30 sutkalıq həbs müddəti bitdiyindən iyulun 4-də azadlığa çıxmış hüquq müdafiəçisi Emin Aslanov deyir ki, rəsmi ittihamı polisə müqavimət olsa da, ona istintaqda fəaliyyəti ilə bağlı suallar verilib.

BBC News Azərbaycanacaya müsahibəsində Emin Aslanov həbsinə güman etdiyi səbəblərdən danışıb:

- Emin bəy, sizin həbsinizlə bağlı nə baş verdi?

- Məni həbs etdilər və əslində bu risk var idi. Mən hüquq müdafiəçisi olmuşam, hüquq işləri ilə məşğul olmuşam, bir neçə dəfə Avropa Məhkəməsinə işlər yazmışam. Düşünürdüm ki, buna görə mənə yaxınlaşarlar, nəsə deyərlər. Amma həbsi bu formada əslində çox da gözləmirdim. Həbsim mənim üçün də bir az təəccüblü oldu. Amma olan oldu, tamamilə qeyri-qanuni həbs olundum. Düşünürəm ki, həbsim keçmiş fəaliyyətimə görə oldu.

- Sizin rəsmi ittihamınız polisə müqavimətdir. Bəs sizə istintaqda hansı sualları verirdilər?

- Ümumilikdə, Meydan TV ilə bağlı suallar verildi. Onlar üçün maraqlı olan o idi ki, mən oranın əməkdaşıyam, yoxsa yox. Bildirdim ki, mən Meydan TV-nin əməkdaşı deyiləm, iki il əvvəl orda yazılarım olub, amma artıq yazmıram. Onlar da deyirdi ki, bəli, biz bilirik.

- Əgər özləri də bilirdilərsə, onda niyə orda idiniz?

- Əslində bu çox maraqlı bir şeydir, onlar hər şeyi məndən çox bilirlər. Mən də deyirdim ki, siz Meydan TV haqqında məndən çox bilirsiniz, mən nə bilirəm ki, sizə də nəsə deyim?

- Başqa suallar verilirdimi?

- Mənim hüquq fəaliyyətimlə bağlı suallar verildi. Daha sonra, ABŞ-da təhsilimlə bağlı suallar verirdilər ki, necə oxumusunuz, harda oxumusunuz, niyə qayıtmısınız, məqsədiniz nədir?

- Sizin ölkəyə qayıtmağınız niyə təəccüb doğurur?

- Bilmirəm. Mən bir müddət də Gürcüstanda işləmişəm, ola bilsin ki, onlar üçün mənim Gürcüstandakı fəaliyyətim də maraqlı idi. Mən Gürcüstanda Hollandiyanın NİMD təşkilatında işləyirdim. Bununla bağlı da suallar verirdilər.

- Bir neçə il əvvəl bəzi QHT-lərlə bağlı cinayət işləri açılmışdı, siz o zaman zərərçəkən, şahid və ya digər qismdə istintaqa cəlb edilmidinizmi?

- Xeyr, mən heç bir istintaqa cəlb olunmamışdım. Heç bir formada mənə müraciət etməmişdilər. Mən o müddətdə Gürcüstana getdim, çünki bizim ofis orda yerləşirdi və orda işləməyə başlamışdım.

- Əslində sizin adınız geniş çevrəyə məlum deyildi. Məhz həbsinizdən sonra sizi tanımağa başladılar. Sizi daha çox "kölgədə qalan" hüquq müdafiəçisi kimi qiymətləndirirdilər.

- İşlədiyim qurum və təşkilatların işçisi olmuşam, birbaşa qurumların təmsilçisi olmamışam. Media tərəfdən də fəaliyyətim zəif olub, amma mən hüquq müdafiəçisiyəm və öz işimlə məşğul olmuşam. Biz insanların çoxunu virtual olaraq tanıyırdıq. Əslində mən tam olaraq öz işimlə məşğul olmuşam, siyasi şərhlərim olmayıb, hansısa məsələ ilə bağlı çox nadir halda münasibət bildirmişəm.

- Həbsdə olarkən dişinizin qırılması ilə bağlı xəbərlər yayıldı və DİN bununla bağlı təkzib yayıb.

- Mənim dişim qırılmayıb, sadəcə dişimdən müalicə aldığım üçün plombu düşdü. Mən, sadəcə bunu demişdim və bu formada məlumat yayıldı. Saxlanılan andan azad edilənə qədər mənə qarşı heç bir fiziki zorakılıq olmayıb.

- Bəs mənəvi və ya psixoloji təzyiqlər olubmu?

- Mənəvi-psixoloji təzyiq desək, "Banotdeldə" ab-hava özü elədir. Amma orda da fiziki zorakılıq yox idi. Sadəcə dindirmə aparılırdı və vəkilsiz olduğunuz üçün artıq özünüzü tək hiss edirsiniz. Bu, psixoloji çətinlik yaradır. Adam özünü müdafiəsiz hiss edir. Çöldə nə baş verdiyini bilmirsən, insanlar səni axtarır, narahat olursan və düşünə bilmirsən. Çalışırsan ki, verilən suallara elə cavab verəsən ki, problem olmasın. Orda mənəvi-psixoloji təzyiq hiss edirsən. Saxlanan andan qanunsuz saxlanırsan, ona görə bu, özü bir təzyiq sayıla bilər.

- Siz ailənizə və yaxınlarınıza yerinizlə bağlı məlumat verməyi təkid edirdinizmi?

- "Bandotdeldə" olduğum müddətdə onlara dedim ki, insanlara məlumat verim. Əslində məsələ həm də bu idi ki, mən Azərbaycana təzə gəlmişdim və zəng edəcəyim adamların çoxunun nömrəsini əzbərdən bilmirdim. Artıq növbəti gün məni məhkəməyə aparanda dedim ki, telefonum sizdədir, verin, nömrələrə baxıb zəng edim. Bunu təmin etmədilər. Ancaq birinci instansiya məhkəməsindən sonra adamlar xəbər ala bildi.

- Vəkillə təmin olunmuşdunuzmu?

- Vəkil dövlət tərəfindən təyin olunmuşdu. Əslində mənim həbsim vəkilin özü üçün də təəccüblü idi. Məhkəmədə çıxış edirdim, o deyirdi ki, axı bu insan polisə müqavimət göstərə bilməz, söyüş söyə bilməz, axı bu niyə belə oldu?

- Sizcə, baş verənlərin birbaşa səbəbi Meydan TV ilə əməkdaşlığınız, hüquqi fəaliyyətiniz, ABŞ-da təhsiliniz, yoxsa Gürcüstanda işləməyiniz idi?

- Yəqin ki, bunların dördü də səbəb idi. Fikrimcə, hər birindən qismən olmaqla hamısı həbsim üçün səbəb idi.

- Həbsinizlə bağlı şikayət etmisinizmi?

- İnzibati qaydada həbs olunmağımla bağlı Avropa məhkəməsinə müraciət edəcəm.

- Bu olanlardan sonra planlarınız nədir?

- Hazırda uzun müddət ailəvi işlərlə məşğul olacam. Bundan başqa, hüquqşünas olduğum üçün də adi qaydada hüquq fəaliyyəti ilə məşğul olacam. Uzunmüddətli perspektivlərdən danışsam, xaricdə doktorantura təhsili almaq istəyirəm.

ABŞ-da təhsilini yenicə bitirib ölkəyə qayıtmış gənc hüquqşünas Emin Aslanov bir neçə gün sonra, iyunun 4-də Bakının Dənizkənarı Bulvar ərazisində mülki geyimli şəxslər tərəfindən "naməlum istiqamətə aparılmış", daha sonra barəsində "polisin qanuni tələblərinə qəsdən tabe olmamaq" maddəsinə əsasən, 30 sutka həbs almışdı.

Emin Aslanov saxlanarkən bununla bağlı onun yaxınlarına məlumat verilmədiyindən hadisə geniş ictimai əks-səda doğurmuş, cəmiyyətdə tanınmış 130-dan çox şəxs yaydıqları müraciətdə hüquq-mühafizə orqanlarının rəhbərlərindən onun harada saxlanması barədə dərhal məlumat verilməsini, təqsirkar şəxslərin cəzalandırılmasını tələb etmişdilər.

Məsələyə Ombudsman Aparatı da qarışmış, araşdırma apardıqdan sonra Emin Aslanovun hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlandığını bildirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.