Professor: “Paşinyanla Elçibəyi müqayisə etmirəm, amma...” - Müsahibə
6-07-2018, 09:42
Teleqraf.com professor Əli Abbasovla müsahibəni təqdim edir:
- Əli müəllim, Ermənistanda gedən prosesləri yaxından izləyən mütəxəssis kimi bu ölkədə baş verənləri necə qiymətləndirirsiniz?
- Ermənistanda hakimiyyət faktiki dəyişib. İndi orada gedən proseslər bir növ bizdə 1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyətə gəldiyi dövrə bənzəyir. Paşinyan özü ağıllı adamdır, amma onun dövlət idarəetmə təcrübəsi yoxdur. Problemləri də budur. Bir var ona köməklik edirlər, bir də var onun əleyhinə işləyirlər. İndi Nikol Paşinyana kömək edən yoxdur, əksinə, daxildə çalışırlar ki, Paşinyan verdiyi vədlərə əməl edə bilməsin. Beləcə ölkə daxilində nüfuzdan düşsün. Əgər Paşinyan ağıllı hərəkət etsə, inkişaf edə bilər. Əks təqdirdə, faydalı bir iş görə bilməyəcək. İndi Ermənistanın keçmiş hökumətinin birinci şəxslərinə olmasa da, onların yaxın adamlarına cinayət işi açıblar. Əgər, bu işləri sona qədər aparmasa, Paşinyanın vəziyyəti pis olacaq, ona iş görməyə imkan verilməyəcək.
- Siz Paşinyanı Elçibəylə müqayisə edirsiniz?
- Yox, belə bir müqayisə aparmıram, amma ümumən Ermənistanda vəziyyət bizdə Xalq Cəbhəsinin hakimiyyətə gəlməsindən sonra gedən prosesə bənzəyir. Şübhəsiz ki, tarixdə oxşarlıqlar olmur, amma bu məsələdə oxşarlıq var. Yəni hakimiyyətə gələn qüvvə faydalı işlər görmək istəyir, amma bunu etməyin yolları, onun metodikasını bilmir. Başqa sözlə, dövlət təcrübəsi yoxdur. Digər tərəfdən, niyə bir şəxsə iki dəfə hakimiyyətdə olmaq şansı verilir? Çünki birinci müddətdə işə başlayır, praktika toplayır, ikinci müddətdə isə ortaya nəticə qoymalıdır. Amma çoxları birinci müddətdə praktika toplayır, ikinci müddətdə isə hər şeyi unudub korrupsiya ilə məşğul olur. Paşinyanın bu yollardan hansını seçəcəyini gələcək göstərəcək.
- Yeni erməni hökumətinin Rusiya ilə münasibətlərini necə qiymətləndirirsiz?
- Rusiya ilə münasibətlər mürəkkəbdir. Paşinyan daxilən istəyir ki, Rusiyadan tam azad olsun, amma gözəl anlayır ki, bu, qeyri-mümkündür. Odur ki, çalışıb balansı gözləyir. İndi bunu bacarsa başqa, bacara bilməsə, vəziyyəti pis olacaq. Hər halda ruslar da Paşinyana nəzarət edir. Məsələn, yeni erməni hökuməti deyir ki, bizi nə qədər tez Avropa Birliyinə qəbul etsələr, bir o qədər yaxşıdır. Şübhəsiz ki, belə açıq mövqe Kremlini qıcıqlandırır.
- Rusiya Ermənistana qarşı hansı tədbirlər görə bilər?
-Əgər bir ölkənin iqtisadiyyatı başqa dövlətin əlindədirsə, onun ərazisində hərbi hissələri varsa, deməli, istədiyini edə bilər. Ermənistan iqtisadiyyatı Rusiyanın əlindədir.
- Deməli, ruslar Ermənistanda hakimiyyət dəyişikliyi edə bilər...
- Sözsüz. Ancaq ruslar bunu öz əli ilə etməyəcək, bu, baş versə, sadəcə susacaq. Ruslar bilir ki, Paşinyan qərbpərəstdir. Düzdür, Paşinyan Putinlə görüşdü, görüş mehribanlıq konteksində mətbuata təqdim edildi. Unutmayaq ki, bütün bunlar oyundur. Konkret olaraq bütün ölkələr Rusiyadan məsafə saxlamaq istəyir. Azərbaycan hazırda Rusiya ilə dostluq edir. Duqin və Dövlət Dumasının deputatları Bakıya səfər edib, burada konfrans keçirildi.
- Yeri gəlmişkən, rus deputatların Bakı səfərindən sonra açıq bəyanat verərək, Azərbaycanı müdafiə edən deputat Dmitri Savelyev sonradan Rusiyada ciddi təzyiqlə üzləşdi. Erməni əsilli politoloq Semyon Baqdasarov deputatı məhv etməyə çağırdı…
- Təbii. Moskvada müəyyən qruplar var ki, onlar Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşması, deputatların Bakıda Azərbaycanı müdafiə edən bəyanatlar səsləndirməsini həzm edə bilmirlər. Üstəlik nəzərə almaq lazımdır ki, onlar özbaşına danışmırlar. Bakıya gələnlər siyasətçidirlər və nə dediklərini yaxşı bilirlər. Onların Moskvada belə təzyiqlə üzləşməsi anlaşılandır. Fikrimcə, Moskvada ermipərəst qüvvələr çoxdur, amma artıq onlar güclərini itirir.
- Niyə belə düşünürsünüz?
- Əgər Rusiyada ermənipərəst qüvvələr belə güclü və təsirli olsaydı, Paşinyan hakimiyyətə gələ bilməzdi. Əgər Paşinyan hakimiyyətə gələ bildisə, deməli Rusiyada ermənipərəst qüvvələr əvvəlki qədər güclü deyil.
- Paşinyan-Moskva münasibətləri pisləşsə, bunun Azərbaycana hansı xeyri ola bilər?
- Elə rusiyalı deputatların Bakı səfəri, burada konfransın keçirilməsi, Azərbaycanın Rusiyanın yaxın müttəfiqi olması haqda fikirləri, Qarabağın tarixi Azərbaycan torpağı olduğu barədə açıqlama bizim üçün dividentdir. Əvvəlki illərdə belə hallar müşahidə olunmayıb. Hesab edirəm ki, bütün bunlar Rusiyanın Azərbaycanla bağlı siyasətində dəyişikliklərə gətirib çıxara bilər. Üstəlik aprel hadisələri təkrar oluna, ermənilər cəzalandırıla bilər. İndi MDB-də ən böyük ticarət dövriyyəsi Azərbaycanla Rusiya arasındadır. Azərbaycan Rusiyadan silahlar alır, əvəzində nəğd pul verir. Ermənistan isə Rusiya üçün yükdür. Əlbəttə, bütün bunlar Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər. Amma söhbət ptoblemin birdəfəlik həllindən getmir. Rusiya hesab edir ki, Qarabağ probleminin birdəfəlik həlli Ermənistan və Azərbaycanın itirilməsi deməkdir.
- Ermənistanın Rusiya üçün əhəmiyyəti tədricən gündəmdən çıxırmı?
- Ümumiyyətlə, Ermənistanın Rusiya üçün ciddi əhəmiyyəti yoxdur. Amma Azərbaycan Rusiyadan fərqli siyasət aparırdı, Gürcüstan tam sürətlə Qərbə doğru gedirdi, Türkiyə faktoru mövcud idi. O zaman Ermənistan Rusiya üçün cəlbedici hesab olunurdu. Məncə, indi Ermənistanın əhəmiyyəti yoxdur.
İkincisi, indi Azərbaycanın ideyası və maliyyə dəstəyi ilə Şimal-Cənub dəhlizi yaradılır. Məncə, bu ideya Ermənistanı tamamilə prosesdən kənarda saxlayır. Hazırda bu layihənin həyata keçirilməsinə çox az vaxt qalıb. Ermənistan bununla tam kənarda saxlanılır, bir növ mənasını itirir.
- Paşinyanın Qarabağla bağlı aqressiv, radikal və bir qədər də populist bəyanatları haqda nə demək olar?
- Mən bu fikirlə razı deyiləm. Əksinə, Paşinyan deyir ki, Qarabağ öz problemini həll etsin, Ermənistan artıq silah almayacaq, müharibə olmamalıdır və s. Gedin, danışın. Ümumiyyətlə, Ermənistanda yaşayan əhalinin mövqeyi də bundan ibarətdir. Artıq bu problemdən, ümumiyyətlə, Qarabağdan beziblər. Əgər sabah Qarabağdakı ermənilər desə ki, Azərbaycanın tərkibinə qayıtmaq istəyirəm, inanın ki, Ermənistan erməniləri buna müqavimət göstərməyəcək. Əlbəttə, mən Ermənistanın radikal qüvvələrini nəzərdə tutmuram. 30 ildir ki, bu problemin girdabında yaşayırlar. Bir qrup radikal erməni isə nə özü yaşayır, nə də digərlərini adam kimi yaşamağa imkan verir.
- Paşinyan Ermənistanı irəli apara bilərmi?
- Mən buna qəti inanmıram. Çünki onun resursu azdır. Olan resurslara qarşı isə təxribatlar edirlər. Paşinyana ABŞ və ya Avropa Birliyi səviyyəsində güc dəstəyi lazımdır.
- ABŞ və ya Avropa Birliyi yeni erməni hökumətinə lazımı dəstək verirmi?
- Hələlik belə dəstək verilmir. Yəqin gözləmə mövqeyindədirlər. Bunun üçün Paşinyanı ABŞ prezidenti və ya Avropa Birliyinin rəhbəri qəbul etməli, ona dəstəyini göstərməlidir. Belə proses çox maraqlı olardı. Paşinyan hələ hökumətini yeni formalaşdırıb. Qərb də tələsmək istəmir. Üstəlik indi bir nömrəli məsələ Putin-Tramp görüşüdür.
- İyulun 16-da keçiriləcək bu görüşdən nə gözləyirsiniz?
- Hesab edirəm ki, Putin-Tramp görüşü zamanı ciddi məsələlər müzakirə olunacaq. Amma Tramp xahiş edib ki, görüş bir qədər məxfi formada olsun. Yəni görüş, müzakirə edilən məsələlər haqqında zəngin informasiya olmayacaq. Amma şübhəsiz ki, bu şəxslərin müzakirə edəcəyi çox ciddi məsələlər var.