`Bıçağımı saqqallının boğazına soxdum` - KQB-nin azərbaycanlı polkovnikinin şok xatirələri

18-09-2015, 17:13           
`Bıçağımı saqqallının boğazına soxdum` - KQB-nin azərbaycanlı polkovnikinin şok xatirələri
AzVision.az-ın müsahibi 1980-ci illərdə SSRİ-Əfqanıstan müharibəsində iştirak edən və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin fəxri əməkdaşı adına layiq görülən yeganə azərbaycanlı Şabanov Elşad Yusif oğludur. O, xidməti dövründə üzləşdiyi bir çox maraqlı məqamlardan söhbət açıb.

- Moskvada əks-kəsfiyyat məktəbini bitirdikdən sonra Qəbələyə gəldim. Orada xüsusi rejimli obyekt tikilirdi. Ağdaş, Qəbələ və İsmayıllı rayonlarına da həmçinin bizim xidmət nəzarət edirdi. Xidmətin mərkəzi ofisi isə Qəbələdə yerləşirdi. Hərbi yükün hamısı Ağdaş rayonundakı Ləki stansiyasına göndərilirdi. Biz obyektlə bağlı məlumatların düşmənin əlinə keçməməsi üçün çalışırdıq.

Mən orada 5 il işlədim. Əməliyyat müvəkkili vəzifəsindən başladım, baş əməliyyat müvəkkilinə qədər yüksəldim. Yaxşı nəticələrim oldu.

1982-83-cü illərdə məni Azərbaycan SSRİ Dövlət Təhlükəsizlik İdarəsinin Kadrlar Şöbəsinə çağırdılar. Məndən başqa 15 nəfəri də ora çağırmışdılar. Kadrlar İdarəsinin rəisi general-mayor Xalkov məni şəxsən qəbul elədi. O, işimin uğurlu nəticələrinə görə təşəkkürünü bildirdi. Dedi ki, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Baş Kəşfiyyat İdarəsinin nəzdindəki iki illik ali xüsusi kurslara mənim də namizədliyimi irəli sürüblər. Beləliklə, mənim və başqalarının sənədlərini Moskvaya - həmin Komitəyə göndərdilər.

3 aydan sonra məni yenidən çağırdılar. Bildirdilər ki, yalnız mənim sənədlərim həmin komitə tərəfindən bəyənilib. Kurslar Daşkənd şəhərində təşkil olunmuşdu. Daşkəndin iqlim şəraiti Əfqanıstana uyğun gəlirdi. Əfqanıstan Dövlət Təhlükəsizlik orqanının Mərkəzi də orda yerləşirdi. Biz orada əfqan dilini də öyrənirdik. Kurslarda keçmiş SSRİ-nin müxtəlif bölgələrindən gəlmiş 70-ə yaxın gənc var idi. İmtahan verdik. 30 nəfər imtahandan keçdi. Onlardan biri də mən oldum. Qafqaz, Orta Asiyadan o kursu qazanan ancaq mən idim. Qalanlarının hamısı Ukrayna, Rusiya və Pribaltikadan idi. İki il həmin kusrlarda oxudum. Sonradan məlum oldu ki, bizi Əfqanıstana hazılayırlar.

1985-ci ilin avqust ayının axırlarında Moskvadakı Baş Kəşfiyyat idarəsində bizə sənədlər verdilər. Sentyabrın 2-də biz sərhədi keçdik və Kabul şəhərinə gəldik. Sonra bizi başqa-başqa yerlərə bölüşdürdülər. İxtisasımıza uyğun olaraq qruplaşdırdılar. Mən əvvəlcə Əfqanıstanın şimalına – Qədəfşan əyalətinə göndərildim. Ora SSRİ ilə sərhəd idi. Mən 5-ci xətt, yəni Terrorizm və Banditizmlə Mübarizə bölməsinə rəhbərlik elədim.

Müsahibimiz bilavasitə onun rəhbərliyilə həyata keçirilən ağır döyüş əməliyyatlarından da söhbət açdı:

- Biz mərkəzə xəbərlər verirdik ki, mücahidlər yeni silahlar alırlar. Aldığım kəşfiyyat məlumatlarını Əməliyyat Qrupunu rəhbəri Boris Konstantinoviç Ratnikov mərkəzə - Qəndahara göndərirdi. Həmin silahlar müasir silahlar idi. O vaxt bizim əməliyyat qrupumuzun mərkəzi Zabul əyalətində yerləşir və puştun dilində “Kalate Gilzəyi” adlanırdı. Bizim yaxınlığımızda mücahidlərin hazılıq mərkəzləri, düşərgələri yerləşirdi. Mücahidləri orada hazırlayır və Əfqanıstan ərazisinə göndərirdilər. Orada SSRİ-yə düşmən ölkələrin müşavirləri işləyirdilər. Bizim aldığımız həmin məlumat SSRİ-nin Pakistanda olan rezidenturası tərəfindən yoxlanılırdı.

Bir dəfə mənə məlumat daxil oldu ki, mücahidlər yeni raket kompleksi alıblar. Həmin komplekslə təyyarələri vuracaqlar. Bir müddət sonra bizim əyalətin hava məkanında Qəndahar-Kabul reysilə uçan “AN” markalı sərnişin təyyarəsi həmin raketlə vuruldu. Sonra məlum oldu ki, həmin raket “Stinger” imiş.

Bir neçə gün sonra bizə belə bir göstəriş verildi ki, nəyin bahasına olursa-olsun, həmin silah ələ keçirilməlidir. 1987-ci il mayında məlumat aldıq ki, həmin əyalətdən keçən yolla mücahidlər “Simurq” adlı iri tutumlu maşınlarla şimala silahlar daşıyırlar. Mənə məlumat daxil oldu ki, raket komplekslərindən biri həmin maşınların içərisində aparılır.

O vaxtlar bizim Təhlükəsizlik Orqanının Xüsusi Batalyonu var idi. O batalyona mən rəhbərlik edirdim. Keçmiş mücahidlər də orada xidmət edirdilər. O vaxt yaşım az idi, xüsusi əməliyyatlarda təcrübəm o qədər də yox idi. Çox şeyləri həmin mücahidlərdən öyrənirdim. Onların döyüş təcrübələri çox idi. Bir gün biz gecə saat 3-də həmin maşın karvanl üçün pusqu qurduq. Hücum etdik. Döyüş gündüz ikiyə qədər davam etdi. Mücahidlər çoxlu itki verdilər və geri çəkildilər. Beləliklə, biz iki maşın ələ keçirdik. Maşında avtomatdan tutmuş, ağır silahlara qədər hər şey var idi. Həmçinin narkotik maddələr də çıxdı. Qutulardan birində “Stinger” raket kompleksi var idi. Həmin əməliyyatdan sonra məlum oldu ki, həmişə özünü neytral kimi göstərən Çin də mücahidlərə silah satırmış.

Mən xüsusi əməliyyatların təşkilatçısı olmuşam. Bura kəşfiyyat və təxribat daxil idi. Müharibənin başa çatmasına az qalmış biz yemək, su tapa bilmidik. Şəraitimiz çox pis idi. Mərkəzdən bildirdilər ki, hər şeyə dözməliyik. Məlumat almışdıq ki, mücahidlər heç vaxt silahı yerə qoymayacaqlar. Xalq artıq yerli dövlətə inanmırdı. Güc mücahidlərin əlində idi. Mən bütün məlumataları mərkəzə ötürmüşdüm. Bizim orada olmağımız artıq əbəs idi. Sovet mütəxəssiləri, milli təhlükəsizlik orqanları müharibəni uduzmamışdılar, sadəcə, əfqanıstan beynəlxalq paliqona çevirilmişdi.

Bir hadisə heç vaxt yadımdan çıxmaz. Bizim əməliyyat qrupunun mərkəzindən bazar görünürdü. Bazarın önündə isə uşaqlar oynayırdılar. Uşaqların səs-küyü hər yerə yayılardı. Bir gün mücahidlər düz uşaqların oynadıqları yerə raket atdılar. Uşaqların səsi elə bil birdəfəlik kəsildi. Əfqanıstana gəlməmişdən öncə evlənmişdim. Bir oğlum və bir qızım var idi. Həmişə onların şəkillərini cibimdə gəzdirirdim.

Orada Molla Mədət adlı bir mücahid var idi, çox qəddar idi. Köçəri tayfalarından idi. Biz onu cismanı məhv etdik. “Stinger” əməliyyatından sonra biz əyalətin və ordunun müəyyən hissəsini yığdıq və ələ keçirdiyimiz həmin silahları xalqa nümayiş etdirdik. Onların qarşısında çıxış edərək, mücahidlərin amansız hərəkətlərindən danışdıq. Bildirdik ki, biz Əfqansıtanda sülhün olmasını istəyirik. Sülh olarsa, Sovet ordusu oradan çıxacaq. Həmin yığıncaq zamanı da mücahidlər bizi atəşə tutdular. Xeyli sayda insan məhv oldu.

Mücahidlər bu hadisədən sonra daha da əzazilləşdilər. Mənə məlumat daxil oldu ki, həmin əməliyyatın heyfini bizdən çıxacaqlar. Çünki onlar çoxlu itki vermişdilər, “stinger” raketləri ələ keçirilmişdi. Bizdən sonra xüsusi təyinatlılar da əməliyyat apardılar və yenə də mücahidlərin raketləri ələ keçirildi.

Bizim əməliyyat qrupumuzun mərkəzinin yerləşdiyi əyalətdə bir çay axırdı. Çayın o biri tərəfində mücahidlərin postları var idi. Onlar çox həyasızlaşmışdılar, atəş açırdılar. Bir gün xeyli itki vermişdik. Mən və 20-yə yaxın döyüşçü iki maşına minib, meytləri gətirməyə getdik. İndiki kimi yadımdadır. Mən əfqan paltarı geyinmişdim, gözlərimə də sürmə çəkmişdim. Həddindən çox isti hava vardı, su da yox idi. Kəndə yaxınlaşırdıq. Birdən mən heç nə hiss etmədim. Bir dənə onu bildim ki, havada uçuram. Qulaqlarıma gurultu gəlirdi. Maşınımız minaya düşmüşdü. Bir də gözümü açdım ki, hər tərəfim qandır. Qulaqlarım eşitmirdi, hissiyatım da itmişdi. Heç bilmədim hara gəlmişəm. Elə bildim ki, yuxu görürəm. Fikirləşdim ki, qan itirdiyim üçün yəqin ölürəm.

Gördüm ki, qarşımda bir göl var, içərisində ördəklər üzür. Avtomatı kənara qoyub, özümü suya atım. Həmin təmiz olmayan lilli sudan içməyə başladım. Suyun içindən güclə qalxdım. Bildim ki, artıq yuxuda deyiləm. O vaxtlar barmağıma mücahidlərin üzüyünü taxırdım ki, məni onlardan biri sansınlar. Sürünə-sürünə oradakı kəndə gəlib çatdım. Sən demə, həmin kənddə mücahidlərin bir qrupu da var imiş. Mina partlayan əraziyə daha sonra bizim başqa əməkdaşlarımız gəlib və meyitləri yığıblar. Bu zaman məni tapa bilməyiblər və axtarışma başlayıblar.

Mən isə qan içində kənddə olan kərpic divarlardan birinə söykəndim. Balaca uşaqlar başıma toplaşdılar. İki saqqalı da mənə yaxınlaşdı. Onların çiyinlərində avtomatları var idi. Onlar mənim barmağımdakı üzüyü gördülər . Məni isə qan aparırdı. Birdən necə oldusa, şübhələndilər. Uşaqlara “boro-boro” dedilər. Yəni “qaçın gedin”. Mənə hücum etmək istədilər. Mən avtomata əl ata bilmədim. Əlimdə olan bıçağı həmin saqqallılardan birinin boğazına soxdum. O biri saqqallı məni avtomatılə nişan aldı. Fikirləşdim ki, artıq sonumdur. Elə həmin vaxt saqqallını arxadan güllələdilər. Bir də baxdım ki, bizim qrupumuzun adamları kəndə gəlib və o saqqalını da vurublar. Sonra kənddə çox dəhşətli atışma baş verdi.

İndiyə qədər də həmin mina partlamasının əziyyətini çəkirəm. Bədənimin müxatəlif yerlərində hələ də ağrılarım olur. Nə qədər müalicə olunsam da, sağala bilmirəm.

Bizə atılan mərmilərdən bəzilərinin içində kimyəvi maddə olurdu. Həmin maddə düşən yer yanırdı. Həmin kimyəvi maddə mənim qıçıma da düşmüşdü. Sonra həmin maddə qanıma keçdi və böyrəklərimi zədələdi. Böyrək çatışazlığınadan əziyyət çəkməyə başladım.

Sonralar Yeltsinin yaxın adamlarından olan Boris Konstantinoviç Ratnikovla çox yaxşı münasibətimiz var idi. Mən operativ əməliyyat qrupuna gəldikdən sonra biz xeyli müddət bir yerdə çalışdıq. Ratnikov Əfqanıstanda Kabul aeroportunun təhlükəsizlik xidmətinin rəisi olub. O, çox yaxşı qarmon ifa edirdi, yaxşı şeirlər yazırdı. Xətrimi çox istəyirdi. Bir dəfə mən SSSR-dən təzə qayıtmışdım. Noyabr ayı idi, möhkəm xəstələnmişdim.Ratnikov məni çoxlu tərlətdi ki tez sağalım.

Ratnikov Moskvaya qayıtmazdan qabaq mənə dedi ki, hər şeyi sənə etibar edirəm, təhlükəli işlər sizi gözləyir. Və balaca bir parçaya bükülmüş nəsə verdi. Dedim ki, Boris, bu nədir? Qayıtdı ki, bu, duadır: “Anam mən Əfqanıstana gəlməmişdən öncə kənddə olan xristian kilsəsinin keşişinə bu duanı yazdırmışdı ki, Tanrı həmişə məni qorusun. Şabanov, bu dua indiyə kimi məni qoruyub. Mən Moskavaya qayıdıram. İstəyirəm ki, bu dua indi də səni qorusun. Çünki bütün ağır işləri hər zaman sən görmüsən. Mən sadəcə yazmışam, sən isə ən ağır əməliyyatlarda iştirak etmisən”.

Çox dəhşətli bir hadisəni danışım. Bir dəfə əfqanlardan biri kustar üsulla uşaq arabası düzəltmişdi. Uşaqları ona mindirib qəsəbəni gəzdirirdi. Bu vaxt da Ratnikov təyyarəyə minib Moskavaya uçurdu. Qəfildən bir partlayış səsi eşitdik. Tez səmaya baxdıq ki, Ratnikovun təyyarəsi vurulubmu? Gördük, təyyarə uçur. Sonra məlum oldu ki, uşaqların olduğu araba minaya düşüb...

Ümumilikidə, mənim Əfqanıstanda keçirdiyim əməliyyatlar zamanı rəsmi rəqəmlərə görə, 300-dən çox mücahid həyatını itirib.

Ratnikovdan sonra mən də Moskvaya qayıtdım, orada görüşdük. Həmin vaxt mən “Qırmızı ulduz” medalına layiq görülmüşdüm. SSRİ Dövlət Təhlükəsizlik Komistəsinin fəxri əməkdaşı oldum.

Kabulda təhlükəsizlik xidmətinin rəisi Korjakov sonralar Boris Yeltsinin Təhlükəsizlik Xidmətinin rəisi olur və Ratnikova təklif edir ki, müavini olsun. Korjakovun dövründə Prezidentin yanında xüsusi xidmət orqanı yaradılmışdı, çox güclü bir idarə idi.

Elşad Şabanov həmçinin Rusiyanın keçmiş prezidenti Boris Yeltsinlə əlaqələrindən də söhbət açdı:

- 1991-ci illin əvvələrində vəziyyət gərginləşmişdi. Ayaz Mütəllibov prezident idi. Müharibə şəraiti hökm sürürdü. Həmin vaxt Boris Yeltsin və Nazarbayev Bakıya gəldilər. Bu zaman Ratnikov məni Bakıda çox axtarıb. Ona bəzin adamlar deyiblər ki,mən burada yoxam. O vaxtlar mən Əzizbəyov rayonunda Təhlükəsizlik Xidmətində rəis işləyirdim. Moskvaya zəng vurdum. Oradan dedilər ki, qonaqlar Bakıdakı `Moskva` mehmanxanasında qalırlar. Gecə saat 12-də mən həmin mehmanxanaya gəldim. Gördüm ki, Mütəllibov mühafizəçiləri ilə oradan çıxır. Sonra içəri daxil oldum. Ratnikovun özü aşağı düşdü və mənimlə görüşdü. Mənə dedi ki, “yuxarı qalxaq, səni Korjakovla tanış edəcəyəm”.

İndiki kimi yadımdadır, Korjakov stolun arxasında oturmuşdu. Üstündə silahı da var idi. Ətrafı mühafizəçilərlə dolu idi. Ratnikov məni Korjakova təqdim etdi və haqqımda məlumatlar verdi. Korjakov isə mənə təklif etdi ki, Moskavada Əməliyyat Məlumat idarəsində çalışım.

Görüşdən çıxandan sonra Ratnikova dedim ki, “Konstantinoviç, evdə yaxşı kotlet bişiriblər, gedək, qonağım olun”. Mən o vaxtlar bağda yaşayırdım, evim yox idi. Mənim maşınımla gecə saat 2-yə qalmış bağa gəldik. O, mənim yoldaşıma dedi ki, “Biz Ediki, yəni məni Moskavaya aparmaq istəyirik”.
Məni Mərkəzi Komitənin bağında Yelstsinlə də görüşdürdülər. Həmin vaxt Yeltsin hovuzda çimirdi. Nazarbayevə də təklif etdi, amma o, çimmədi. Yeltsin hovuzdan çıxdı və bir kənara çəkildi. Mənə dedi ki, gedirik Moskvaya. Mən isə ona dedim ki, fikirləşərəm. Yeltsin heç bir cavab vermədi.

Fikirləşdim ki, Yeltsinin təkilifinə “hə” deyim. Amma Azərbaycanda müharibə qızışırdı və mən fikrimdən döndüm. Moskvaya getməyi vicdanım qəbul eləmədi. Məni Mərkəzi Aparata gətirdilər.

(Ardı var)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.