Yanacağın bahalaşması realdırmı? –Deputat Aydın Hüseynov qiymət artımının əhalinin mənafeyinə uyğun olduğunu deyir
1-08-2018, 00:44
Tarif Şurası bazar ertəsi axşam saatlarında yaydığı bəyanatında qiymət artımını ictimai nəqliyyatda sərnişindaşıma xərclərinin artması ilə əlaqələndirir.
Tarif Şurası bildirib ki, bu qərarı vermək üçün onlara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər müraciət edib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov da müraciət etmələrinin əsas səbəbi kimi xərclərin azaldılmasını göstərir.
O, “BBC News Azərbaycanca”ya deyib ki, metroda bir sərnişindaşımanın istismar xərcləri 47 qəpiyə bərabərdir. Bu tarif dəyişikliyindən sonra da arada 17 qəpiklik bir fərq olacaq.
İstismar xərcləri dedikdə metro tikintisi – stansiyaların, tunellərin tikintisi, xətlərin inşası nəzərdə tutulur.
“Yeni qatarların alınması, qatarların əsaslı təmiri, modernləşdirilməsi, mövcud stansiyaların və infrastrukturun yenidən qurulması və təmiri 47 qəpiyə daxil deyil”, deyə Məmmədov deyib.
Bəxtiyar Məmmədov Azərbaycanda, metroda gediş haqqının postsovet ölkələri ilə müqayisədə aşağı olduğunu deyir və qiymətlərin yenidən artması ehtimalını rədd edir. O əlavə edib ki, metroda sonuncu dəfə sərnişindaşıma xidmətinin tarifi 2011-ci il dekabrın 1-də dəyişdirilib.
Ancaq iqtisadi təhlilçi Samir Əliyevin fikrincə, hökumət orqanlarının qiymətləri başqa ölkələrlə müqayisə etməsi doğru addım deyil: “O ölkələrdə əhalinin gəlirləri daha yüksəkdir. Hökumət nəqliyyat və kommunal sektora hər il 100 milyonlarla vəsait xərcləyir. Avtobuslar, metro üçün qatarları dövlət alır. Onlar üçün infrostruktur yaradır, obyektlər tikir. Buna görə kommunal və nəqliyyat kimi sektorlar özəl sektorun idarəsinə verilməlidir”.
Bakı Nəqliyyat Agentliyinin (BNA) isə bildirib ki, yeni tariflər ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə artan xərclərin qarşılanmasına, avtobus parkının yenilənməsinə, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasına və son nəticədə isə bu sahədə xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti bildirir ki, sonuncu dəfə avtobus marşrutları ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 2007-ci ildə müəyyən olunub və bundan sonra nəqliyyat parklarının istismar və daşıma xərcləri artıb.
Qurum bildirir ki, sərnişindaşıma tariflərinin aşağı olması daşıyıcılara avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan verməyib və daşıyıcılar bununla bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edib.
Bu müraciətlər əsasında xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılması məqsədə müvafiq hesab olunaraq Tarif Şurasına müraciət edilib, qurumun bəyanatında deyilir.
“Tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq”, Xidmət bildirib.
İqtisadi təhlilçi Samir Əliyev ictimai nəqliyyatda gediş haqqının artırılmasını 2015-ci ildə baş vermiş devalvasiyanın təsiri kimi qiymətləndirir. O deyir ki, həmin dövrdə hökumət qiymət artımına imkan verməyib:
“İnzibati yolla tənzimləmə ilə qiymət artımının dayandırılması müvəqqəti idi. Zaman keçdikcə bazar öz dəyərini almalı idi və indi bunu müşayiət edirik”. Onun sözlərinə görə, qiymət artımının davamı olacaq. O, növbədə kommunal və yanacaq sahələrinin olduğunu ehtimal edir: “Çünki sərnişindaşıma kimi, kommunal sektor da dövlət tərəfindən tənzimlənir”. Bundan başqa kənd təsərrüfatı məhsulları ilə ticarət edənlər də qiyməti artıra bilər: “İnsanların xərci artdığı üçün göstərdiyi xidmətlər və satdıqları malların da qiyməti artacaq”.
Siyasi məsələlər üzrə təhlilçi Azər Rəşidoğlu deyir ki, ölkədə sosial problemlərin gərgin olduğu vaxtda qiymət artımı əhali arasında gərginliyə səbəb olacaq:
“Azərbaycanda istehsalat sahəsi yoxdursa, zavod, fabrik işləmirsə, insanlar kütləvi şəkildə işsizdirsə, qiymət artımı insanların son qəpiyinin əlindən alınmasıdır”, o deyib. Təhlilçi “heç bir təbliğat aparılmadan qiymət artımı təqdir oluna bilməz” deyib.
İqtisadiyyat məsələləri üzrə ekspert Azər Mehdiyev deyir ki, ictimai nəqliyyatda qiymət artımının həyata keçirilməsi üçün hökumət kifayət qədər ciddi əsas ortaya qoymalı idi:
“Müvafiq qurumlar açıqlamalı idi ki, qiymət artımı nə ilə bağlıdır. Onlar öz xərclərinin strukturunu açıqlamalıdırlar ki, gəlirləri nədən ibarətdir və həqiqətən də sübut olunmalı idi ki, mövcud qiymətlər onların ziyanla işləməsinə gətirib çıxarır”.
A. Mehtdyev deyir ki, metropoliten dövlət tərəfindən maliyyələşdiyi, avtobuslar isə daha çox sahibkarların ixtiyarına verildiyi üçün burda fərqli yanaşmalar olmalı idi. Azər Mehdiyevin sözlərinə görə, ictimai nəqliyyatda qiymət artımı digər sferalara da təsir göstərə bilər:
“Əgər bu gün ictimai nəqliyyatda qiymət artırılırsa, sabah benzin və ya dizelin qiymətinin qaldırılmayacağını demək çətindir. Bu məsələdə iqtisadi qanunauyğunluq görmürük. Bu, daha çox hökumətin inzibati addımlarıdır”.
Təhlilçi deyir ki, metrodan daha çox əhalinin azgəlirli təbəqəsi istifadə etdiyinə görə qiymət artımı bilavasitə onların büdcəsinə təsir edəcək. Azər Mehdiyevin qənaətincə, Azərbaycan hökumətinin özünün qiymətlərin tənzimlənməsi ilə bağlı uzunmuddətli siyasəti yoxdur: “Cəmiyyətə bəyan olunmayıb ki, qiymət artımı hansı zərurətdən həyata keçiriləcək və bunun təsirləri nədən ibarət olacaq. Eləcə də, bu təsirlərin aradan qaldırılması üçün atılacaq addımlar da bildirilməyib”. O deyir ki, qurumların fəaliyyətində şəffaflıq olmadığı üçün insanlar baş verən prosesləri görərək əvvəlcədən qiymətləndirə bilmir.
Millət vəkili Aydın Hüseynov qiymət artımının vətəndaşların rahatlığının təmin olunmasına yönəldiyini deyir.
Onun sözlərinə görə, MDB məkanın ən aşağı nəqliyyat qiymətləri Azərbaycandadır. Hətta qiymət artırıldıqdan sonra da bu aşağı olaraq qalır:
“10 il idi gediş haqlarında dəyişiklik olunmurdu. İctimai nəqliyyatdan istifadə edənlərin sayı artır. Təsərrüfatın yenilənməsi lazımdır. Eyni zamanda bakı daha çox turistin gəldiyi şəhərdir. Ona görə də ictimai nəqliyyatın komfortlu olması vacib məsələdir”.
Millət vəkilinin sözlərinə görə, nəqliyyat həmişə dotasiya ilə işləyən sahədir və bu sahənin gəliri borcunu ödəmir. Nəticədə qalan xərc fərqini dövlət ödəyir:
“İndi biz dövlətin yükünü azaldıb bölüşmüş olduq. Dövlət də o sahəyə yönəldəcəyi vəsaiti digər sahələrə yönəldəcək”.
Millət vəkili hesab edir ki, bu vəsait vətəndaşların sosial rifahının yüksəldilməsi, əmək haqlarının və təqaüdlərin artırılması kimi məsələlərə yönəldiləcək:
“Tıxaclardan gileylənir vətəndaşlarınmız. Əgər ictimai nəqliyyatda komfort yaranarsa, ictimai nəqliyyatın işləmə intensivliyi artarsa, vətəndaş da şəxsi nəqliyyat vasitələrindən yox, ictimai nəqliyyat vasitələrindən istifadə edəcək. Bu isə vətəndaşlarımızın həm büdcəsin müsbət təsir edəcək, həm tıxacların azaldılmasına yardım edəcək. Yəni burda vətəndaş qazanacaq”.
(BBC Azərbaycanca)