“Atamın sayəsində əli çörək tutan psixoloqlar bizimlə maraqlanmadılar” – MÜSAHİBƏ

4-08-2018, 11:22           
“Atamın sayəsində əli çörək tutan psixoloqlar bizimlə maraqlanmadılar” – MÜSAHİBƏ
Psixoloq Dəyanət Rzayev hadisələrə savadlı, səmimi və obyektiv yanaşmasına görə ən tələb olunan psixoloqlardan biri idi. Yerli mediada tez-tez intiharlara dair ekspert rəyləri ilə çıxış edib, insanları intihardan çəkindirirdi.

3 avqust onun doğum günü idi. Dəyanət Rzayevin ilk ali təhsili pedoqoji psixologiya, ikinci ali təhsili isə Bədən Tərbiyəsi İnstitutunda bakalavr və idman psixologiyası üzrə magistr dərəcəsi olub. 1990-cı illərdə futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub və futbolçularla çalışıb. Sonradan Azərbaycanda ən böyük psixoloji mərkəzlərdən biri "Psixoterapiya Mərkəzi"ni yaradıb. Amerika və Avropa Psixoloji Müşavirə Assosiasiyasının üzvü idi.

Dəyanət Rzayevin cəsədi 2017-ci il yanvarın 25-də yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb. Anası Şəfiqə Rzayeva oğlunun telefon zənglərinə cavab vermədiyindən narahat olaraq onun evinə gedib. Özündə olan açarla evə daxil olub və oğlunu boynunda kəmərlə boğulmuş şəkildə aşkarlayıb. Rəsmi versiyada D.Rzayevin intihar etdiyi bildirilir. D.Rzayev ölümündən əvvəl yazdığı məktubda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.

Modern.az saytı mərhum psixoloqu yada salmaq üçün oğlu Dilqəm Rzayev ilə həmsöhbət olub.

- Dilqəm bəy, artıq 1 ildən çoxdur, Dəyanət Rzayev təəssüf ki, aramızda yoxdu. Atanızla bağlı heç unutmadığınız xatirəniz varmı? Onun yeri ən çox nə zaman görünür?

- Düşünürəm ki, yaxşı atanı heç bir övlad unutmaz. Mən də unutmuram. Çünki o, hər kəsin sözlərinə sığdırmadığı qədər yaxşı insan olmaqla yanaşı, həm də yaxşı ata idi. Əlbəttə ki, onunla bağlı çox xatirəm var. O mənim üçün hər an yaşayır və yanımdadır. Sağ olduğum müddətdə də mənimlə bərabər yaşayacaq. Ən çox birlikdə etdiyimiz zarafatlarımızdan istifadə edirəm. Məsələn: saçlarıma lağlağı edərək mənə" kirpi" deməsi indi də üzümü güldürən xatirələrimdəndir. Dediyim kimi övlad üçün yaxşı atanın yeri hər zaman var. Mənim də həyatımda, hər anımda, hər dəqiqəmdə onun yeri görünür. Həmişə də görünəcək.

- Dəyanət müəllim, necə bir valideyn, ailə başçısı idi?

- O varkən mən çox xoşbəxt idim. İndiki ilə müqayisəyə gəlməyəcək qədər xoşbəxt. Darıxıram onlu günlərim üçün. Əgər bir övlad bir ata üçün darıxır, onunla yaşadığı həyatda xoşbəxt olubsa demək ki, o yaxşı ata olub. Mənim atam da çox yaxşı ata idi. Sevgi dolu idi. Sevgisini paylaşmağı sevirdi. Həm mənimlə, həm başqa insanlarla. Əgər nə zamansa ata olsam, onun kimi ata olmağı çox istərdim.

- Dəyanət Rzayevin ölümü həqiqətən də gözlənilməz idi. Əslində bu haqda çox söz-söhbətlər oldu. Hər halda sizin fikriniz də önəmlidir. Atanızı ölümə aparan səbəb nə ola bilərdi?

- Atamı ölümə aparan tək səbəb yaxşılıq etdiyi, sevdiyi, qayğı göstərdiyi insanların nankorcasına yırtıcılaşması idi. O belə bir cəmiyyətdən çox yorğun idi. Doğrudur, psixoloq idi. Amma hər şeydən əvvəl insan idi və insanların bütün çirkinliklərini görürdü. Düşünün, bu gün psixoloq kimi tanınan bir çox psixoloqlar belə onun yaxşılığını fürsətçiliyə çevirir, onun sayəsində əli çörək tutan bu dırnaqarası insanlar, psixoloqlar ondan sonra onun ailəsi ilə heç maraqlanmadılar. Təkcə dostu, psixoloq Elmir Əkbərdən başqa..

- Sizə hansısa arzularından danışıbmı? Ya da nədənsə şikayətləndiyi zaman olubmu?

- Onun tək arzusu yaradılmış olan hər kəsə sevgi və qayğı göstərmək idi. İnsanlarla yanaşı, sahibsiz heyvanlara da sahiblənirdi. Qismət olarsa, bu yolu onun üçün davam etdirəcəm. O şikayət etməyi sevməzdi. Heç şikayət etməzdi. Mən bütün bunları ondan sonra anladım. Təəssüf...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.