Azərbaycanda icra başçıları nə üçün həbs olunmur? - Cavablar
27-09-2015, 17:30
"Azərbaycanda nəinki merlər, hətta nazirlər də həbs olunub"
"Mövcud sistemi nəzərə alsaq, həbs olunası adamlar çoxdur"
Rusiyada merin həbs edilməsi Vladimir Putinin hakimiyyətdaxili korrupsiya ilə mübarizəsi kimi dəyərləndirilir.
Diqqət etsək, Azərbaycanda da vətəndaşlarda ən çox narazılıq yaradan dövlət qurumlarından biri məhz, elə yerli icra hakimiyyətləridir. İctimaiyyətdə belə bir fikir dolaşır ki, noyabr ayında keçiriləcək beşinci parlament seçkilərindən sonra ölkədə icra başçıları ilə bağlı müəyyən cəza tədbirləri görüləcək. Ekspertlər hesab edirlər ki, neftin qiymətinin ucuzlaşması və bunun nəticəsində dövlət büdcəsində yaranan kəsirlər hakimiyyətin korrupsiyaya qarşı daha sərt mövqe nümayiş etdirəcəyini istisna etmir. Bu aspektdən də yanaşdıqda yenə icra başçılarının “sınaq” qarşısında qalacaqları ehtimal olunur.
Azərbaycan hökuməti Putinin təcrübəsini təkrarlayacaqmı?
Məsələ ilə bağlı musavat.com-a ADP sədri Sərdar Cəlaloğlu danışıb. O bildirib ki, Azərbaycan bu baxımdan Rusiyadan irəlidədir:
“Əgər keçmişə nəzər salsaq görərik ki, Azərbaycanda nəinki merlər, hətta nazirlər də həbs olunub. Sabiq səhiyyə naziri Əli İnsanov hələ də həbsdədir. Müxtəlif zamanlarda icra başçıları ilə bağlı müəyyən cinayət işləri qaldırılıb. Bu baxımdan biz Rusiyadan çox irəlidəyik. Ancaq hesab edirəm ki, Rusiyada bir merin həbs edilməsi o demək deyil ki, onlar korrupsiyaya qarşı mübarizə aparırlar. Əslinə baxsaq, orada da ayrı-ayrı qruplar arasında konfliktlərin nəticəsində bu kimi hallar ortaya çıxır. Bütünlüklə Rusiya hakimiyyəti korrupsiyaya uğramış bir cəmiyyətdir. Bu gün Putinin 200 milyarddan artıq vəsaiti var. Haradan alıb bunları? Bu kimi hallar korrupsiyanın hökm sürdüyü ölkələrdə mümkündür”.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə hesab edir ki, korrupsiya ilə mübarizə başlayarsa, merlərlə birlikdə çox məmurlar həbs olunmalıdır: “Azərbaycandakı mövcud sistemi nəzərə alsaq, həbs olunası adamlar çoxdur. Azərbaycanda ümumiyyətlə, mer sistemi yoxdur. Ölkədə bütövlükdə sistem dəyişikliyi olmasa siyasi, iqtisadi, hüquqi, hərbi, demokratik islahatlar aparılmasa kimlərinsə ayrılıqda həbsi vəziyyəti düzəltməyəcək. Tək-tək kimlərsə həbs olunarsa sistem onu əvəzləyən yeniləri ilə davam edəcək”.
Qeyd edək ki, Rusiya Federasiyası Komi Respublikasının paytaxtı Sıktıkvar şəhərinin meri İvan Pozdeyev saxlanılıb. Məlumata görə, İ. Pozdeyevə qarşı qeyri-qanuni torpaq alqı-satqısı ilə bağlı cinayət işi açılıb. Ekspertlər hesab edirlər ki, Rusiyada merin həbs edilməsi, ölkə başçısı Vladimir Putinin hakimiyyətdaxili korrupsiyanın qarşısını almaq üçün başladığı sistemli planın başlanğıcıdır.