ABŞ səfirinin İrəvanda Qarabağ mesajı: Məqsəd nədir?

17-10-2018, 08:03           
ABŞ səfirinin İrəvanda Qarabağ mesajı: Məqsəd nədir?
ABŞ Qarabağ probleminin həllində maraqlıdır. Çünki bu problem həll olunarsa, Rusiyanın Cənubi Qafqaza təsiri minimuma düşəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, ABŞ kimi dövlətlər çoxşaxəli, çoxstrukturlu idarəetməyə malikdir:

“Erməni lobbisinə yaxın olan qüvvələr Ermənistanın xeyrinə, yəhudi lobbisinə yaxın olan hansısa qüvvələr isə Azərbaycanın xeyrinə Qarabağ probleminin həll edilməsini istəyir. ABŞ özü maraqlıdır ki, bu problem çözülsün”.

Politoloq bildirib ki, ABŞ-ın İrəvandakı səfirinin dünənki açıqlaması təsadüfü deyildi:

“ABŞ-ın Ermənistandakı səfirinin Qarabağ münaqişəsi ilə bağlı son çıxışı isə ermənilərə mesajdır ki, status-kvo sona qədər qala bilməz, hansısa güzəştlərə getməlisiniz. Ermənilər bunu etməsələr, bir gün hər şeylərini itirəcəklər. Amerikalı səfirin ermənilərə verdiyi mesaj məhz bundan ibarətdir”.

Politoloq vurğulayıb ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton da Ermənistanın yeni hakimiyyətinə lazımi mesajlar verəcək:

“Əslində, Ermənistanda da bunu anlayanlar var. İlk anlayanlardan da biri sabiq prezident Levon Ter-Petrosyan idi, ona görə də onu istefaya getməyə məcbur etdilər. Paşinyan da anlayır ki, bu cür vəziyyət sonsuza qədər davam etməyəcək. Lakin nə qədər ki Ermənistan Rusiyadan asılıdır, nə vaxta qədər ki Qarabağ klanı güclüdür, o vaxta qədər bu proses uzanacaq”.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills dünən İrəvanda jurnalistlərə verdiyi açıqlamada işğal edilmiş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmadan Dağlıq Qarabağ münaqişəsini həll etməyin mümkün olmayacağını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.