"Əgər deputatlar dəyişiklikləri olduğu kimi qəbul etsələr, deməli, buna haqq edirlər"
31-10-2018, 22:10
Keçmiş millət vəkili, tanınmış politoloq Cümşüd Nuriyev dünən parlament iclasında "Milli Məclis deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatların narazılığını müdafiə edib.
Moderator.az əməkdaşının "Deputatları bu cür gözümçıxdıya salmaq nə dərəcədə qanunauyğun və məntiqlidir" sualına cavabında C. Nuriyev maraqlı fikirlər səsləndirib:
"Deputatların statusunun bu cür uğursuz dəyişikliyə uğratmaq cəhdi ciddi provakasiyadır. Kimlərin onlara münasibətinin necə olmasından asılı olmayaraq, millət vəkili dövlətlə xalq arasında "siyasi körpü" olmaqla bərabər, ölkə prezidentindən sonra millətin və dövlətin beynəlxalq arenada təmsilçiləridir.
Qanuna dəyişiklikləri hazırlayanlar əgər deputatlardırsa, bu çox təhlükəli bir tendensiyanın "qaranquşudur". Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti, Möhtərəm İlham Əliyev tərəfindən uğurla həyata keçirilən "milli dəyərlərə hörmət və onların qorunub saxlanılması" prinsipinə ziddiyyət təşkil edir. Əgər bu hüquqşünaslar tərəfindən hazırlanıbsa, burada məkrli siyasət gizlənir. Nə vaxtdan Milli Məclisin hüquqşünasları deputatlar üçün hüquqi çərçivə müəyyənləşdirmək səlahiyyətinə sahib olublar? Dəyişikliklərdə nəzərdə tutulan "üç iclası üzrsüz səbəbdən buraxan millət vəkilləri İntizam komissiyasının qərarı ilə mandatdan məhrum edilə bilər" iddiası isə hüquqi nihilizmdir. Deməli, deputat iki iclası buraxıb üçüncüyə gələrsə və yenidən bu prosesi ardıcıl həyata keçirərsə bu qanunauyğun hərəkət sayılır. Düzü, mən bizim hüquqşünaslardan belə bir konstatasiya gözləmirdim. Kimsənin ixtiyarı yoxdur ki, Ümummilli liderin irsinə bu cür yanaşsın. Mən inanıram ki, bu düzəlişlər daha ağıllı hüquqi müstəviyə keçiriləcək. Əgər Milli Məclisin deputatları bu dəyişiklikləri olduğu kimi qəbul etsələr, deməli, onlara olan bu münasibəti haqq edirlər.