Fəzail Ağamalının seçicilərlə görüşündə rəqibi namizədliyindən imtina etdi – FOTOLAR

10-10-2015, 18:38           

Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd olan hazırkı millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı həmin dairədən olan seçkilərlə görüşüb.


Publika.az-ın məlumatına görə, bu il noyabrın 1-nə təyin olunan Milli Məclisə seçkilərlə bağlı təşkil olunan ilk görüş Salyanın Yolüstü ərazi nümayəndəliyinin Yeni Uluxanlı kəndində baş tutub.

Görüşdə deputat Fəzail Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfəz Bədəlov və vəkili Qulu Novruzovla yanaşı, yüzlərlə seçici, o cümlədən Salyanın bir neçə kəndinin tanınmış ziyalıları və müəllimləri, ağsaqqalları da iştirak edib.

Səlahiyyətli nümayəndə Əbülfəz Bədəlov dedi ki, F.Ağamalının namizədliyini irəli sürdüyü dairədən olan seçicilər hər zaman onun namizədliyini dəstəkləyiblər. O, seçiciləri bu dəfə də həmin ənənəyə sadiq olmağa çağırıb: “Azərbaycanda ən böyük partiya olan hakim Yeni Azərbaycan Partiyası (YAP) 60 saylı Salyan-Neftçala seçki dairəsindən Fəzail Ağamalıya görə namizəd irəli sürməyib. Bu, bir daha Fəzail Ağamalıya olan böyük etimadın göstəricisidir”.

Seçicilər qarşısında çıxış edən millət vəkili Fəzail Ağamalı isə ona göstərilən etimada görə kənd sakinlərinə təşəkkürünü bildirib. F.Ağamalı öz seçicilərindən bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə də böyük etimad gözlədiyini söyləyib. Deputat görüş iştirakçılarına müraciət edərək deyib: “Əziz seçicilərim, mən bu gün sizinlə bir yerdə olduğuma görə qürur hissi keçirirəm, işinizin çox olduğu bir zamanda əziyyət çəkib mənimlə görüşə gəlmisiniz. Mən buna görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Gələn ayaqlarınız var olsun!”

F.Ağamalı artıq 3-cü dəfədir, xalqın dəstəyi ilə parlament seçkilərinə qatıldığını diqqətə çatdırıb: “Hər biriniz çox sağ olun ki, mənim bu niyyətimi ilk vaxtlardan dəstəklədiniz və mənə imza verdiniz. Bununla da mənə bu seçki marafonuna qoşulmaq şansı nəsib etdiniz. Buna görə sizə böyük təşəkkür edirəm. Yaxşı yadıma gəlir ki, mən 2000-ci ildə bu əraziyə gələndə bu gün görüş keçirdiyimiz bu məktəb çox yararsız və uçuq vəziyyətdə idi. O zaman bu kəndin adı da başqa idi. O zaman mən sizlərə söz verdim ki, bu binanın yerində yeni və müasir tipli məktəbin tikintisinə bütün gücümlə çalışacam. Bu məqsədlə Təhsil Nazirliyi ilə intensiv danışıqlar oldu və ən müasir məktəb tikildi. İndi biz onun içərisində sizinlə görüş keçiririk. Yolüstü və Düzənlik məktəbləri də eyni dərəcədə dözülməz idi. O kəndlərdə yeni və müasir məktəblər tikildi. Əlbəttə ki bütün bunlar ölkə prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın xüsusi qayğısı ilə reallaşa bildi. Sadəcə olaraq, sizin deputatınız kimi mən bu məktəbləri ümumrespublika proqramları içərisinə salmaqda üzərimə düşən vəzifəni yerinə yetirdim. Yeni Uluxanlı-Kürsəngi avtomobil yolunun müasir tələblərə uyğun qurulması, sizin yaşadığınız Yolüstü, Yeni Uluxanlı və Düzənlik kəndlərinin qazlaşdırılması son illərdə həyata keçirilən ən ciddi hadisə kimi sizinlə bərabər məni də çox sevindirir”.

Hazırda dünyada gedən siyasi proseslərə də toxunan F.Ağamalı Azərbaycanda sabitliyin hökm sürdüyünü və buna görə hər kəsin prezident İlham Əliyevə minnətdar olduğunu önə çəkdi. Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi geosiyasi məkan bütün güc dövlətlərin maraq dairəsinə çevrilib: “Bu gün dünyada müharibələr gedir, hər yer dağılır, ancaq Azərbaycanda şükürlər olsun ki, sabitlikdir, dinamik inkişaf göz qabağındadır”.

Görüşdə iştirak edən seçicilər Fəzail Ağamalının son 5 illik deputat fəaliyyətindən razılıqlarını bildirdilər. Yeni Uluxanlı kəndinin sakini olan şəhid anası Şükufə Qurbanova, həmin kənddən olan Azərbaycanın Milli Qəhrəmanının anası Laçın Babayeva, Yolüstü kənd orta məktəbinin müəllimi Feruz Məmmədov, Düzənlik kənd orta məktəbinin müəllimi Əli Dadaşov, kənd sakinləri Rövşən Qəmbərov, Əkbər Bayramov və digər şəxslər çıxış edərək deputat Fəzail Ağamalıya budəfəki seçkilərdə də dəstək verəcəklərini bildirdilər. Seçicilər qeyd edib ki, F.Ağamalı deputat olduğu dairənin problemlərini daim diqqətdə saxlayıb, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıb, mövcud olan problemlərin həllinə nail olub.

Görüş zamanı maraqlı hadisə də yaşandı. Belə ki noyabrın 1-nə təyin olunan Milli Məclisə seçkilərdə 60 saylı Salyan-Neftçala seçki dairəsindən digər namizəd Məhəmməd Mehdiyev görüşdə çıxış edərək öz namizədliyini millət vəkili Fəzail Ağamalının xeyrinə geri götürdüyünü bəyan etdi. Onun bu addımı görüşdə iştirak edən seçicilər tərəfindən alqışlandı. M.Mehdiyev namizədliyini geri götürməklə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcəyini söylədi.

Millət vəkili F.Ağamalı isə M.Mehdiyevin bu addımının gözlənilməz olduğunu bildirdi: “Sizin bu addımınız məni çox təəccübləndirdi. Doğrusu, mən bunu gözləmirdim. Belə çıxır ki, biz bu görüşə rəqib kimi gəlib, dost kimi ayrılırıq”.

Daha sonra F.Ağamalı seçicilərini noyabrın 1-də keçiriləcək seçkilərdə fəal olmağa çağırdı. Qeyd edək ki, millət vəkili Fəzail Ağamalının seçicilərlə növbəti görüşü oktyabrın 12-də keçiriləcək.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.