Meydan hərəkatı liderləri 30 il sonra bir yerə toplanır

13-11-2018, 08:36           
Meydan hərəkatı liderləri 30 il sonra bir yerə toplanır
Sabir Rüstəmxanlı: “Birliyimizə böyük ehtiyac var”
Azərbaycanda milli azadlıq hərəkatının başlanmasının 30 ili yaxınlaşır. Milli Dirçəliş Günü kimi qeyd olunan 17 noyabr ərəfəsində bu günün bayramlar sırasından çıxarılması və digər məsələlər müzakirə mövzusuna çevrilir. Eyni zamanda sonunda müstəqilliklə nəticələnən milli azadlıq hərəkatı olmasaydı, Dağlıq Qarabağı itirməzdik kimi məsələlər də aktuallaşır və bununla bağlı geniş müzakirələr açılır.

Bu önəmli tarixlə bağlı bu il də bir sıra tədbirlər keçiriləcək. Bununla bağlı “Yeni Müsavat”a azadlıq hərəkatının öncül isimlərindən sayılan VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı məlumat verdi: “17 noyabrda Beynəlxalq Mətbuat Mərkəzində meydan hərəkatının 30 illiyini qeyd edəcəyik. Bu bir yubiley tədbiri olacaq. Bu azadlıq hərəkatı bir ümumxalq hərəkatı olduğu üçün hər kəsi dəvət edəcəyik. Önəmli tarixi kiminsə ayağına, yaxud bir partiyanın adına çıxmaq doğru deyil. Amma şübhəsiz ki, meydanı 17-18 gün idarə edən adamlar var idi. Biri Nemət Pənahlı idi, biri də mən. İlk günlərdə Məhəmməd Hatəmi də olmuşdu. Lakin sonradan o ayrıldı. Bu, bizlər üçün parlaq bir səhifədir. O, meydan hərəkatı bütün dünyada xalqımıza hörmət qazandıran, xalqımızın adını dünya mətbuatına gen-bol çıxaran bir proses idi. Eyni zamanda dövlət atributlarımızı bizə xatırladırdı. Onun əziyyətini kiçiltmək olmaz. Bu gün ölkəmizin tanınmış günləri sırasında Milli Dirçəliş Günü də var. Bu da milli azadlıq hərəkatı nəticəsində yaranıb. Məhz o hərəkatın sonunda ölkəmiz müstəqilliyini bərpa edib. Həm də o hərəkat SSRİ-nin dağılmasına da təkan verib. Bu parlaq tarixi yaddan çıxarmaq, unutmaq olmaz. Keçirəcəyimiz tədbir barədə məlumat vermişik, bildirişlər paylamışıq. Bu tədbir mətbuat üçün də açıqdır. Çalışacağıq ki, həmin günə layiq bir tədbir keçirək”.

S.Rüstəmxanlı keçən 30 ili də dəyərləndirdi: “Keçən bu 30 ilə hansı tərəfdən baxmaq, hansı yöndən yanaşmaq əsasdır. Bir yazı da bu barədə yazmışam, mənə elə gəlir ki, min ildir yaşayıram. Çünki o qədər hadisələrin şahidi olmuşam ki, həmin hadisələri qəlbimlə yaşamışam. Qısa bir ömürdə neçə min ili yaşayırsansa, o ömür əslində çox uzun görünür. Müstəqilliyin ilk illərində başımız çox işlərə qarışdı, torpaqlarımızı itirdik, çoxsaylı ciddi problemlər yaşadıq, milli birlik və həmrəylik yolunda atılan addımlar hər zaman çətinliklərlə qarşılandı. Bütün bunlar elə bir vəziyyət yaratdı ki, heç bilmədik bu illər necə gəlib keçdi. Elə bilirəm ki, meydan hərəkatı dünən və ya srağagün olub. Amma fikirləşəndə görürük ki, çox uzun bir zaman keçib. Bu illər ərzində çoxsaylı insanlar, yaxın adamlar itirmişik.

Xalq şairi müstəqillik qazanmağımızla bağlı səslənən müxtəlif fikirlərə də mövqe sərgilədi: “Tərəddüdlər ola bilər. Kimlərinsə başqa cür düşünməsi də normaldır. Amma unutmaq olmaz ki, Qarabağ SSRİ-nin vaxtında verilmişdi. Mixail Qorbaçovun əməllərini niyə unudublar? Kamran Bağırovun vaxtında Qarabağa getmişdim, 1988-ci il idi. Orada ermənilər yığışıb mitinq keçirirdilər. O zaman Azərbaycan hökuməti cəsarətli tərpənsəydi, bəlkə də bu hərəkatı boğa bilərdi. Çünki ermənilər yürüşə qorxa-qorxa çıxmışdılar. Təbii ki, Moskva onlara az şərait yaratmışdı, həm də ermənilərə şirnikləndirici vədlər vermişdi. Nəticədə ermənilər də o cür qol-qanad açmışdılar. Bu separatizm, yəni Dağlıq Qarabağın verilməsi prosesi SSRİ dövründə başlamışdı. O dövrdə məhz Qarabağ üçün xüsusi idarə yaradılmışdı. Qarabağı mümkün qədər Ermənistana yaxınlaşdırmışdılar. Onu da unutmayaq ki, sovet dövründə Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi haqqında qərar çıxarılmışdı. Ona görə müstəqil olmasaydıq, Qarabağı itirməzdik kimi düşüncələr sadəlövhlükdür. O başqa bir söhbətdir ki, müstəqillik dövründə müəyyən səhvlərimiz olub. Müstəqilliyin ilk illərində ölkə rəhbərliyinin çoxlu səhvləri oldu. Milli azadlıq hərəkatı nəticəsində hakimiyyətə gələn yeni iqtidar, demokratik düşərgənin adamları da çoxlu səhvlər etdilər. Onun nəticəsində Qarabağın işğalı prosesi dərinləşdi. Amma istənilən halda Qarabağın verilməsini müstəqil dövlətin adına yazmaq doğru deyil”.

Müsahibimiz Milli Dirçəliş Gününün bayramlar sırasından çıxarılmasına bu cür mövqe bildirdi: “30 il ərzində iqtidar-müxalifət münasibətləri, milli azadlıq hərəkatına laqeyd münasibət bəzi dəyərlərimizin gözdən salınmasına səbəb olub. Amma bunlar o önəmli tarixi unutdura bilməz. Hər şey bir kənara, bir milyon yarım insan o meydanda 18 gün qalıb. Meydan hərəkatı və onun nəticələrindən asılı olmayaraq o xalqa sayğı göstərmək lazımdır. İqtidar-müxalifətin bir araya gəlməsinə, yaxud gətirilməsinə gərək bir həvəs olsun. Buna dəfələrlə çalışmışıq. Qarabağ problemi millidir. Qarabağ forumu keçirdik və iqtidarı dəvət etmişdik. Ən azından orada nələrin deyildiyini dinləmək üçün gəlmək lazım idi. Amma gələn olmadı. Əvvəllər dialoqlar təşkil olunurdu. İndi onlar da dayandırılıb. Azərbaycanda müxalifətin olmaması barədə təsəvvür yaratmaq çox yanlışdır. Torpaqlarımızın azad edilməsi, milli iradənin bir yerdə olması baxımından birliyimizə böyük ehtiyac var. Birlik daha çox hakimiyyət düşərgəsinin istəyi ilə olmalıdır. Əslində bu daha çox onların xeyrinədir. İstək birtərəfli olanda nəticəsiz qalır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.