“Norveç Azərbaycanda səfirliyi neft layihələrinə görə açmışdı” iddiasına iki rəy

14-11-2018, 09:27           
“Norveç Azərbaycanda səfirliyi neft layihələrinə görə açmışdı” iddiasına iki rəy
Mirvari Qəhrəmanlı: “Norveç bizdən daha böyük neft ölkəsidir”; İlham Şaban: “Hazırda neft sahəsində əlaqələr yüksələn xətt üzrə inkişaf edir”

Norveç Krallığının Azərbaycandakı səfirliyini bağlayaraq, Gürcüstanda regional səlahiyyətlərlə səfirlik açmaq qərarı Azərbaycanda birmənalı qarşılanmayıb. Bir çoxları bu qərarın Norveçin Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətdən narazılığının nəticəsi olduğunu bildirir. Hökumət mənbələri isə bildirirlər ki, Norveçin Azərbaycana marağı, ölkəmizlə əlaqələri neft amilinə görə yaranıb. Qeyd olunur ki, Krallıq ölkəmizdəki səfirliyini bu ölkənin və dünyanın neft nəhəngi olan “Equinor”(keçmiş “Statoil”) şirkətinin maraqlarını təmin etmək üçün açıb.

Hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı bildirir ki, Norveçin məhz neft amilinə görə Azərbaycanla əlaqələri inkişaf etdirməsi barədə deyilənlər reallığı əks etdirmir: “Norveç bizdən daha böyük neft ölkəsidir. Onlarda neft insan hüquqlarından önə keçməyib heç zaman. Bizdə isə Avropanın enerji təhlükəsizliyi ortaya gələn kimi insan hüquqları arxa plana keçirilib”.

M.Qəhrəmanlı Norveç səfirliyinin Azərbaycanda insan və siyasi hüquqlarla bağlı yaxından maraqlanan, prosesləri izləyən bir nümayəndəlik olduğunu deyir: “Onlar daim vətəndaş cəmiyyəti ilə aktiv işləyiblər, vətəndaş cəmiyyətinə dəstək veriblər. 2014-cü ildən bəri Azərbaycanda vətəndaş cəmiyyətinin düşdüyü ağır vəziyyət göz önündədir. Belə vəziyyətdə Norveç burada səfirlik səviyyəsində fəaliyyətinə lüzum görmür, ona görə də səfirliyini Tiflisə köçürür”.

“Norveç bu gün Azərbaycanda siyasi təmaslar üçün müstəvi görmür, bu müstəvini Gürcüstanda görür. İqtisadi təmaslar üçünsə Azərbaycanda daha yaxşı müstəvi görür”
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə bildirir ki, Norveçin “Statoil” şirkəti Azərbaycanda 1992-ci ildən bp ilə alyans quraraq fəaliyyətə başlayıb: “bp-Statoil alyansı Azərbaycanda imzalanan iki böyük müqavilədə təmsil olunub. Bunlar ”Azəri-Çıraq-Günəşli" və “Şahdəniz” yataqlarının işlənməsi layihələridir. 90-cı illərin sonunda bu alyans dağılıb, hər şirkət özü müstəqil fəaliyyətə başlayıb. Norveçin Azərbaycanda səfirliyi böyük müqavilələr imzalanandan neçə il sonra açılıb.

“Statoil” Azərbaycanın Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi neft-qaz boru kəmərləri layihələrində də iştirak edib. 2013-cü ildə şirkət “Şahdəniz” layihəsindəki payını 2,25 milyard dollar Malaziyanın “Petronas” şirkətinə satıb. Daha sonra Cənub Qaz Dəhlizi layihəsinin TANAP hissəsində iştirakdan imtina etdilər".

İ.Şaban deyir ki, bir neçə ildən sonra “Equinor”un Azərbaycanın neft-qaz sektorunda iştirakı yenidən aktivləşib: “Ötən il ”Azəri-Çıraq-Günəşli" üzrə yeni müqavilədə iştirakçı oldular. Bundan əlavə, bu ilin mayında “Qarabağ” yatağının işlənməsi üzrə SOCAR-la hasilatın pay bölgüsü sazişi imzaladılar. Beləliklə, hazırda “Statoil” Azərbaycanda 3 böyük layihədə iştirakçıdır. Gedişat göstərir ki, şirkətin neft-qaz sektorumuza marağı getdikcə daha da artır. Yəni səfirliyin bağlanması bu proseslə bağlı ola bilməz".

Ekspert deyir ki, Norveç iki il əvvəl Qazaxıstandakı səfirliyini bağlayıb: “Ermənistanda, ümumiyyətlə, səfirliyi yoxdur. Norveç siyasi əlaqələrini biznes maraqları ilə quran dövlət deyil. Bu gün Azərbaycanda siyasi təmaslar üçün müstəvi görmür, bu müstəvini Gürcüstanda görür. İqtisadi təmaslar üçünsə Azərbaycanda daha yaxşı müstəvi görür. Bu müstəvidə əlaqələrimiz son illərdə artan xətlə inkişaf edir”.

Xatırladaq ki, Azərbaycan və Norveç arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulub. Norveç Krallığının Azərbaycandakı səfirliyi 1998-ci ildə fəaliyyətə başlayıb. Norveç həmişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.