"Məndən sonra Azay Quliyevə heç bir rəqib qalmadı" - Professor müraciət etdi
16-10-2015, 12:02
Deputatlığa namizədliyimi geri götürdüm! Məni bağışlayın!
Əziz seçicilər!
Əziz və hörmətli 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində yaşayan insanlar!
İmzatoplama kampaniyasında mənə böyük məmnuniyyətlə imza verdiyinizə görə, mənzillərinizdə çaya qonaq etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm!
Dərdlərinizi və problemlərinizi mənimlə bölüşdürdünüz, parlament seçkilərinin şəffaf olub, olmayacağı ilə bağlı mənimlə söhbətlər etdiniz.
Bizə alim deputat lazımdır. Biz sizə səs verəcəyik, bizə alim lazımdır, deputat alim olmalıdır, dediniz.
Bəziləriniz deputatlığa namizəd sözünü eşidib qapını açmadınız. Bəziləriniz qapını açıb örtdünüz, imza vermədiniz. Bir çoxlarınız dediniz ki, bizə nə parlament lazımdı, nə də deputat. Mən sizə deyəndə ki, mən özüm gəlmişəm, sizinlə mən professor, deputatlığa namizəd özüm görüşməyə gəlmişəm, özüm imza toplayıram deyəndə qapını bağlamadınız və hətta məni çay süfrəsinə dəvət etdiniz.
Mən hamınıza, mənimlə çox böyük ehtiramla davrananlara, problemlərin ağırlığından şikayət edib seçkiyə getməyəcəyik deyənlərə, bir sözlə hamınıza təşəkkür və minnətdarlığımı bildirirəm!
İnternetdə, Facebook səhifələrində və 100-lərlə profillərdə mənə dəstək olan 10 minlərlə insanlar, mənə kömək etmək istəyən, köməyini təklif edən insanlar
məni bağışlayın, mən sizin hər birinizə minnətdarlığımı bildirirəm!
Mən necə deputat olmaq istədim?
Həftədə 2 gün Milli Məclisin iclasları olan günlərdən başqa mən hər gün sizinlə olacaqdım. Mən hər gün sizin məhəllələrinizdə olacaqdım. Mən hər gün sizin evlərinizin qabağından keçib sizinlə görüşəcəkdim. Mən sizin heç bir probleminizə biganə qalmayacaqdım. Gücüm çatan problemləri dərhal həll edəcəkdim! Deputat səlahiyyətlərimdən yüksəkdə olan problemləriniz haqqında səlahiyyətli insanlar və təşkilatlar qarşısında daima məsələlər qaldıracaqdım.
10 gün sizinlə fasiləsiz görüşlərimdən, imza toplama kampaniyamdan başa düşdüm ki, Azərbaycanda deputatlığın məzmunu və mahiyyəti tamamilə dəyişməlidir. Bütün deputatlar Prezidentimiz İlham Əliyevdən nümunə götürməlidilər. Deputatların hamısı millət vəkili və xalqın xidmətçisi olmalıdılar.
Milli Məclicdə bir neçə deputat millət vəkilidir
Milli Məclisdə ən böyük deputat- millət vəkili, Azərbaycanın imicini dünyada yüksəldən Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır!
Milli Məclisdə millət vəkili kimi çıxış edən deputatlardan biri Zeynəb Xanlarovadır.
Milli Məclisdə millət vəkili kimi çıxış edən deputatlardan biri Azərbaycan Ağsaqqallar Şurasının sədri ağsaqqal deputatımız Fəttah Heydərovdur.
Mən bu deputatların millət vəkili olduqlarını görürəm.
Mən Milli Məclisin deputatı olsaydım gələn seçkidə heç bir iş görmək istəməyən deputatların çoxu bir daha deputatlığa namizəd olmaq istəməyəcəkdilər. Onlar görəcəkdilər ki, deputat olmaq kef deyilmiş, deputat olmaq ağır bir iş imiş. Başa düşəcəkdilər ki, xalqın dərdini çəkmək, problemlərini həll etmək nə çətin, nə böyük bir yük imiş.
Seçki resurslarının hamısı Azay Quliyevin tərəfindədir
Azay Quliyevi 15 ildir ki, tanıyıram. Haqq-salamımız və qarşılıqlı hörmətimiz var. Mənim namizədliyimi götürməyimlə Azay Quliyevə heç bir rəqib qalmadı. 8 saylı Binəqədi birinci seçki dairəsində Azay Quliyev şəriksiz deputat seçiləcək. YAP öz namizədlərini açıqlayandan dərhal sonra mən namizədliyimi verdim. Mənim fikrimcə, Azay Quliyev Şirvandan namizədliyini verməli idi. Amma belə oldu ki, o mənimlə eyni gündə mən verən dairədən namizədliyini irəli sürdü.
Fikrimcə, Azay Quliyev deputatların çoxu ilə müqayisədə millət vəkili adını daşımağa daha layiqdir.
Əziz seçicilər!
Mənim qarşımda qaldırdığınız tələblərin hamısını bu seçkidə sizin deputatınız olacaq Azay Quliyevə ünvanlayın. Onunla daima görüşün, onunla birgə problemlərinizi həll edin!
Dərin hörmət və ehtiramla,
Prof.Dr. Qüdrət İsaqov