Ermənistan hökuməti üçün qaz sürprizi-Rusiya qiymətdə “qaz”ı basır
21-12-2018, 08:40
2019-cu ildən Moskva İrəvana mavi yanacağı 150 dollardan yox, 215 dollardan sata bilər
Onsuz da acınacaqlı durumda yaşayan Ermənistan əhalisi üçün şok effekti yaradacaq xəbər yayılıb. Məlumatlara görə, Rusiya 2019-cu ilin 1 yanvarından etibarən Ermənistana satdığı qazın qiymətini hər 1000 kubmetr üçün 215 dollara qaldıracaq.
Musavat.com erməni mediasına istinadən bu barədə xəbər verir. Baş nazirin müavini səlahiyyətlərini icra edən Tiqran Avinyanın müavini Varaq Siseryan isə yalnız bunu deyib ki, hazırda qazın qiyməti ilə bağlı hər hansı qərar yoxdur.
O deyib ki, Ermənistan hökuməti Rusiya hökumət başçısının müavini Dmitri Kozakovdan qazın qiyməti ilə bağlı hər hansı məktub almayıb və belə bir məktub mövcud deyil. Ancaq vurğulanıb ki, Kozak və Avinyan telefonla danışıblar. Onlar danışıqlar prosesinin formatı və növbəti mərhələlər barədə bəhs ediblər. Ermənistan rəsmisi qeyd edib ki, onlar Rusiyadakı həmkarları ilə bu kimi məsələləri qarşılıqlı anlaşma və etimad şəraitində müzakirə edirlər. Odur ki, bu zaman ultimatum olmayıb və ola bilməz.
Qeyd edək ki, “168 Jam” qəzeti D.Kozakın T.Avinyana məktub göndərdiyini yazıb. Bildirilir ki, məktubda Rusiya qazının 215 dollara satılacağı barədə xəbərdar edib və bu məsələnin müzakirə mövzusu olmayacağını deyib.
Xatırladaq ki, cari ilin 31 dekabrında Ermənistanın Rusiya qazı ilə təchiz edilməsi ilə bağlı imzalanmış müqavilənin vaxtı bitir. Hazırda İrəvan qazı 150 dollara alır. Odur ki, yeni qiymət Ermənistan hökuməti üçün əsl sürprizdir.
Cavid TURAN,
Musavat.com