Ukrayna kəşfiyyatı Afrikada Orxan Camal və onun jurnalist qrupunu qətlə yetirən rus muzdluların adlarını açıqladı
21-12-2018, 16:46
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) bu ilin yayında Mərkəzi Afrika Respublikasında (MAR) 3 rusiyalı jurnalistin - Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenkonun qətlində iştirak edən Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 10 muzdlusunun adlarını açıqlayıb.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna kəşfiyyatı terrorçuların “M-Finans” kommersiya firması adı altında fəaliyyət göstərdiyini xəbər verib. Həmin firmanın mətbuatda “Putinin aşpazı” olaraq bilinən biznesmen Yevgeni Priqojinə bağlı olduğu deyilir.
“M-Finans” Açıq Səhmdar Cəmiyyətinin funksiyası Mərkəzi Afrika Respublikasında yerli hərbiləşdirilmiş birliklərin təlimi, habelə ölkədəki qiymətli daş-qaşların Rusiyanın yuxarı dariələrində oturan şəxslərin maraqları üçün daşınmasından ibarət olub.
UTX Rusiya Federasiyasının MAR-da çirkli işlərə cəlb olunan və “M-Finans” firmasının tərkibindəki 37 Rusiya vətəndaşının kimliyini müəyyən edib. Onlardan 10 nəfəri birbaşa jurnalistlərin öldürülməsi prosesində iştirak eidblər. Məlumatda bu əsgərlərin Suriya və Ukraynadakı terrorçu fəaliyyətlərinə görə orden və medallara layiq görüldüyü qeyd edilir.
Həmin əsgərlər aşıdakılardır (mötərizədə doğum tarixləri göstərilib):
Zaliçev B.A (1984)
Qruzdenyuk R.V. (1976)
Yudov S. M. (1968)
Farafonov A.E.(1975)
Kirakosyan A.A.(1976)
Sotov A.A. (1976)
Bubnov A. (1971)
Vildyayev V. V. (1977)
Minibayev İ. R. (1988)
Zavadski S.Y. (1975)
UTX-nin materiallarından göründüyü kimi, jurnalistlərin MAR-a gəldiyindən xəbər tutan Rusiya xüsusi xidmət orqanları “M-Finans”ın təhlükəsizlik xidmətinin rəhbəri Zaxarova “Rusiya muzdlularının Afrikadakı fəaliyyəti barədə informasiyaların sızmasının qarşısını almaq üçün bütün tədbirləri görmək” əmrini verib.
“Bloomberg” agentliyinin məlumatına görə Yevgeni Priqojinə məxsus hərbiləşdirilmiş dəstələr 10-a yaxın Afrika ölkəsində artıq kök salıb.
“Putinin aşpazı” həmin ölkənin rəhbərliyinə təhlükəsizlik, təlim-tədris və hətta seçkiqabağı kampaniyanın təşkil edilməsi sahəsində “xidmətlər”ini təklif edir. Bunun əvəzində isə “qara qitə”dəki faydalı qazıntıların çıxarılması və biznesin digər gəlirli sahələrində eksklüziv hüquqlar qazanır.