Rus səfirin Qarabağla bağlı “ehtiyatlı nikbinliyi”...
25-12-2018, 09:14
Önəmli olan Ermənistanın yeni hakimiyyətinin mövqeyinin münaqişəyə baxışının dəyişməsidir. Bu olarsa, əlbəttə, Qarabağ probleminin həlli yaxınlaşa bilər.
Bu sözləri Axar.az-a Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun Qarabağla bağlı “ehtiyatlı nikbinlik” fikrini şərh edən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, rus səfir yeni heç nə deməyib:
“Hər ilin sonunda hansısa həmsədr, diplomat nikbin ifadələr səsləndirir. İndi də Ermənistanda hakimiyyət dəyişikliyi baş verib. Müəyyən nikbin ifadələr səslənir. Boçarnikov da bu ifadə ilə gələn il münaqişənin həllində ümidverici nələrinsə baş verə biləcəyinə işarə vurub”.
Politoloq Əhəd Məmmədli isə bildirib ki, Rusiya Dağlıq Qarabağ ətrafı 5 rayonun Azərbaycana qaytarılmasını istəyir:
“Bundan sonra Rusiya öz ordusunu sülhməramlı qüvvələr kimi Dağlıq Qarabağa yerləşdirmək və referendum yolu ilə Dağlıq Qarabağın müqəddəratını həll etmək niyyətindədir. Bu yaxınlarda Lukaşenko da bu haqda demişdi. Ermənistan tərəfi bundan imtina edir. Rusiyanın bu istəyi Azərbaycanın milli maraqlarına uyğun deyil. “Ehtiyatlı nikbinlik” deyəndə rus səfir bunu nəzərdə tutur. Rəsmi Bakı buna razı olmayacaq. 180 ildən sonra rus ordusunu torpaqlarımızdan ona görə çıxartmamışıq ki, bir daha onları bura dəvət edək”.